Qadın darıxanda daha səmimi olur
Darıxmağın adı-sanı, rəngi, dadı olmur, əvəzolunmazım. Ancaq darıxmağın
qüruru olur, bax bunu dəqiq
bilirəm. Onu deyim
ki, bu qüruru
kibirlə qarışdırmaq
olmaz ha. Qürurlu olaraq
darıxmaq tamam başqa şeydir, əzizim. Bu kibir kimi, eqoizm
kimi kortəbii şəkildə gerçəkləşmir.
Qürurlu darıxmaq baş
verəndə ürəklə
beyin eyni fikirdə ortaqlaşa qərar verirlər. Həmin an bəlkə
də ilk dəfə bu iki ekstrafərqli
orqan arasında saziş imzalanır. Düşünür, düşünür,
düşünür qadın...
Elə ki beyinlə ürək arasında saziş bağlanır, o zaman artıq qadın anlayır ki, atılacaq bütün addımlar mənasızdır. Bütün cəhdlərin
sonu çıxmaz və soyuq sokaklardır.
Çıxmaz sokakların çıxmazlarından
daha çox tənha olacağı düşüncəsi qorxudur
qadını. Həmin
an qasırğalarına
təslim olur göz yaşları. Dil ömürlük susmaq cəzasına məhkum edilir. Gözlər heç vaxt
əvvəlki kimi parlamır. Qürurlu darıxmaqların sonu yaxşı olmur, əzizim. Hər qürurlu darıxmağın
sonunda bir eşq ölüm cəzasına məhkum edilir.
Darıxmaq həsrətdən daha ağlasığmaz, daha ağrıdıcı olur. Ancaq məhz
belə darıxmaqlar sevgidən də, eşqdən də səmimi olur. Eşq kimi dəlisov olmur darıxmaqlar. Darıxmaqlar
oturuşmuş, ağır
hisslərdir, əzizim.
Məsələn, qadın darıxanda bütün çəhrayılarını
qaranlıq rənginə
boyayır. Sevinclərini qaldırıb kitab
rəfindəki ən
qalın kitabın vərəqləri arasında
gizlədir.
Bəli, qadın darıxanda, barmaqları klaviaturada, gözləri pəncərədən
uzaqlara zillənir. Qadın darıxanda
bütün indiki sevincləri keçmişin
bircə nöqtəsinə
ilişib küllənir.
Amma qadın
bu cür darıxanda daha səmimi olur, bəlkə də elə həmin an ilk dəfə qadın qadın kimi qadın olur. Həmin
an qadın qadın olmağın mahiyyətini kəşf edir... Bütün zəifliklərini həyatının arxa bağçasında dəfn
edir.
NARGİS
Ədəbiyyat qəzeti.- 2017.-
25 noyabr.- S.11.