O, mənə deyirdi ki, sən göz yaşı

ilə zarafat etməyi bacaran aktyorsan...

 

Böyük bir nəsil, Sovet dövrünün uşaqlığı onun "Yaşıl eynəkli adam" tamaşasında yaratdığı komik obrazın təbəssümü ilə böyüdü. Sonralar biz onu irili-xırdalı bir çox fərqli rollarda gördük. Amma xəyalımızda həmişə diri, canlı qalan Qərib müəllimi heç bir vaxt unutmadıq. Çünki həmin obraz bizə uşaqlığımızın yadigarı idi... Onunla Səməd Vurğun adına Rus Dram Teatrında çiskinli payız günündə görüşdük. İllər keçsə də, bizim Qərib müəllim yaşa dolsa da, gözlərindəki işıq, xasiyyətindəki səmimiyyət hələ də canlı və təravətli idi. Beləliklə, "Dördüncü divar" layihəsinin bugünkü qonağı Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru, xalq artisti Məbud Məhərrəmovdur.

 

- Məbud bəy, bu yaxınlarda Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası ilə Rusiyada qastrol səfərində oldunuz. Hansı təəssüratlarla qayıtmısınız? Mirzə Fətəli Axundov dramaturgiyasına maraq necə oldu?

- Rusiya prezidenti Vladimr Putinin sərəncamı ilə təşkil olunmuş "Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Federal Mərkəzinin qastrol fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində" biz qastrol səfərinə dəvət olunmuşduq. Qastrol zamanı Rusiyanın Smolensk, Velikiye Luki və Pskov şəhərlərində olduq. Mirzə Fətəli Axundovun "Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" və müasir rusiyalı dramaturq Pyotr Qladilinin "Afina axşamları" tamaşaları ilə səhnəyə çıxdıq. Onu da qeyd edim ki, biz "Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" tamaşası ilə Sankt-Peterburqda, Tiflisdə, Odessada, Belarusiyada da qastrol səfərlərində olmuşuq.

Bu dəfə isə tamaşaya ruslarla yanaşı, azərbaycanlılar da gəlmişdilər. Və demək olar ki, zalda bir boş yer qalmamışdı. Tamaşadan sonra orada uzun illərdən bəri yaşayan həmyerlilərimiz bizə yaxınlaşıb deyirdilər ki, - sizin ifalarınız bizi fərəhləndirdi, tamaşanı birnəfəsə izlədik. Onların "Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" tamaşasını izləyən dostları, iş yoldaşları da sonradan bildirirdilər ki, Bakıda belə bir teatrın olması onların təsəvvürlərinə belə gəlməyib. Ümumilikdə isə sizə deyim ki, ordakı tamaşaçı Bakı tamaşaçısından nisbətən fərqlidir.

- Nə mənada fərqlidirlər?

- Onlar tamaşaya çox diqqətlə baxırlar. Amma bir az soyuqqanlıdırlar. Yəni Bakı tamaşaçısı qədər emosional, həyəcanlı deyillər. Biz tamaşanı ifa edən zaman müəyyən yerlər vardı ki, orada tamaşaçı reaksiyası olmalı idi. Biz bu reaksiyanı görürdük, amma o qədər də güclü deyildi. Ancaq tamaşadan sonra inanın ki, onlar bizi on beş, iyirmi dəqiqə səhnədən buraxmayıb ayaq üstə alqışladılar.

- Ümumiyyətlə, Rus Dram Teatrında öz dramaturqlarımızın əsərlərinin səhnəyə qoyulması sevindirici haldır...

- Əlbəttə. Bizim teatrda Qurban Səidin "Əli və Nino", İlyas Əfəndiyevin "Büllur sarayda", Elçinin bir çox əsərləri səhnələşidirilib. Mən Elçinin "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim" və s. pyeslərində baş rollarda iştirak etmişəm.

Bilirsinizmi, məndən tez-tez soruşurlar ki, Azərbaycanda indiki zamanda rus dilində teatr, tamaşa lazımdırmı? Mənə belə gəlir ki, rus dilində teatrımızın olması həm də böyük siyasətdir. Mən Rusiya səfiri ilə görüşərkən də o, mənə deyirdi ki, - bir tamaşanın nümayişi on diplomatın birlikdə edə biəcəyi işi görə bilər. Yəni sənətin də gücü bundadır...

Digər tərəfdən isə tutaq ki, Amerikaya və yaxud da Avropa ölkələrinə gedərkən həmin ölkənin dilini bilməsən, ingilis dili köməyə çatar. Yəni ingilis dili beynəlxalq dil hesab olunur. Amma dünyanın o tayında ingilis dili aparıcıdırsa, bu tayında da rus dili eyni qüvvəyə malikidr. Fərz edək ki, Moldovaya, Gürcüstana, Qazaxıstana, Ukraynaya qastrola gedərkən, orada ingilis dilində danışmaq axı bir az gülməli çıxar. Eləcə də Azərbaycana gələn turistlərin də teatrla, sənətlə ilk tanışlığı məhz Rus Dram Teatrından başlanır.

Nərgiz Paşayevanın rəhbərlik etdiyi Lomonosov adına Universitetə Rusiyadan müəllimlər dəvət olunur. Universitetdə bir müddət dərs deyən müəllimlər daha sonra bizim teatra da gəlirlər. Onlar bizim  tamaşalarımızı izləyərkən Azərbaycanda belə bir teatrın, onun emosional, temperamentli aktyor heyətinin olmasına məəttəl qalırlar.

Bizim teatrın repertuarı zəngin olduğundan onların Azərbaycan teatrı ilə ilk tanışlığı bizdən başlanır və dil baxımından heç bir narahatlıq doğurmur.

- Məbud müəllim, rus dilində təhsil alsanız da, milli dəyərləri zəngin olan ailədə böyümüsünüz. Səməd Vurğun adına Rus Dram Teatrını seçməyinizə səbəb nə oldu?

- Mən dram-kino fakültəsində təhsil almışam. Bir il yarım müddətində bizim kurs rəhbərimiz Rza Təhmasib olub. Sonradan o xəstələndi və onu müxtəlif müəllimlər əvəz etdi. İkinci kursda isə artıq Cənnət Səlimova bizim kurs rəhbərimiz oldu.

Mən əlaçı tələbə idim. Universiteti də fərqlənmə diplomu ilə bitirdim. Dördüncü kursun sonunda Rza Təhmasib mənə yaxınlaşıb dedi ki, "səni böyük aktyor və rejissor görmək istərdim". Universiteti bitirəndə isə mənim müəllimim rejissor Tofiq İsmayılov mənim Rus Dram Teatrını seçməyimə təxminən belə münasibət bildirdi ki, Akedemik Milli Dram Teatrına getsəm, daha rahat və tez məşhurlaşa bilərəm.

Əlbəttə, o zaman mənə teatr seçimimlə bağlı çox söz deyib, müxtəlif məsləhətlər verirdilər. Düzdür aksentimlə bağlı heç bir nöqsan tuta bilmirdilər. Amma ümumi görünüşümdə şərqlilərə məxsus cizgilər olmasını qeyd edirdilər. Mən isə belə hesab etmirəm. Çünki istənilən vaxtı, istənilən obraza girə bilirəm.

Rus Dram Teatrını seçməyim isə bununla bağlı idi ki, o vaxtı bizim teatrda xalis azərbacanlı olan bir nəfər də olsun aktyor yox idi. Çoxmillətli truppa idi. Bu səbəbdən də mən azərbacanlı kimi özüm Rus Dram Teatrını seçdim.

- Yadıma gəlir o vaxtı "Kinoklub" verilişi vardı və siz, eləcə də Rus Dram Teatrının bir neçə aktyoru həmin verilişdə iştirak edirdiniz. Bununla da bir növ Azərbaycan dilli tamaşaçı ilə əlaqəniz olurdu. İndi həmin verilişlər yoxdur. Azərbaycan dilli tamaşaçılarla necə ünsiyyətdə olursunuz?

- Onlar bizim tamaşalarımıza gəlirlər. Mən özüm də tez-tez Akademik Milli Dram Teatrının tamaşalarına, premyeralarına gedirəm. Həmin tamaşaçılar mənə orada yaxınlaşırlar. Mən onların danışıqlarından hiss edirəm ki, onların bəziləri bizim teatrın tamaşalarına gəlib baxıblar, bəziləri isə bu haqda maraqlanırlar. Belə olanda mən onları tamaşalarımıza dəvət edirəm. Sizə deyim ki, həm yaşlı, həm də gənc nəsil bizi izləyir. Yəni bu tendensiya var. Xüsusən də uşaq tamaşalarında daha çox hiss olunur. Əlbəttə uşaqların marağını erkən yaşdan teatra cəlb etmək çox yaxşı haldır. Amma mən valideynlərlə rastlaşanda onları bizim axşam tamaşalarına da dəvət edirəm.

Ümumiyyətlə, tamaşaçı haqqında danışanda qeyd etmək lazımdır ki, 90-cı illərin əvvəllərində elə bir vəziyyət yarandı ki, bir nəsil tamamilə teatrsız böyüdü. Təbii ki, bunun da öz səbəbləri var... Böyük bir imperiya dağıldı. Dünyada nə qədər müharibələr oldu. Hər şey bərbad vəziyyətə düşdü.

Axı Stanislavski də deyirdi ki, "teatr asılqandan başlayır". Biz həmin dövrlər, teatr təmir olunmamışdan əvvəl səhnədə məşq edə bilmirdik. Soyuq olurdu. Evdən isidici sobalar gətirib qrim otaqlarında istifadə edirdik ki, üşüməyək. Bəzən kör-köhnə elektrik naqilləri sıradan çıxırdı, işıqlar keçirdi. Biz isə qaranlıqda qalırdıq. Amma bütün bu çətinliklərə baxmayaraq məşqlərimizi edib səhnəyə çıxırdıq.

Bu baxımdan hörmətli Prezidentimizə  minnətdarlığımı bildirmək istərdim. Elə həmin çətin dövrlərdə teatrların, ilk növbədə də Səməd Vurğun adına Rus Dram Teatrının təmir olunması, yeni avadanlıqlarla təchiz edilməsi barədə fərman verdi. İndi şükür Allaha hər bir şəraitimiz var və rahat işləyirik.

- Məbud müəllim, bu yaşda aktyor həyatının nə kimi çətinlikləri var?

- Aktyor həyatı çətindir. Adicə bir neçə misal çəkim. Avtomobildə gedərkən əgər nəsə yemək istəyirəmsə və ya yeyirəmsə, həyat yoldaşım deyir ki, "olmaz, sən aktyorsan, səni tanıyırlar". Bu məsələnin məişət tərəfidir. Digər tərəfdən aktyor təkcə bir gündə dəfələrlə paltar geyinib, soyunmalı olur. Bəzən biz bir tamaşada dörd, beş paltar dəyişirik. Üstəlik də bu aktyordan çox az vaxt və cəldlik tələb edir.

Deyirlər ki, tamaşa aktyorun canını alır. Amma mən sizə deyim ki, məşqlər daha çətindir. Bəzən məşq zamanı hiss edirsən ki, ifa edəcəyin obrazın hansısa hissəsi alınmır. Əvəlla, həmin hissənin və ya pərdənin necə olacağını başa düşmürsən. Sonra davamlı məşq edərək axtardığını tapırsan. Lakin bu hələ sevinməyə rəvac vermir. Ola bilər ki, səhnədə həmin hissə yenə də alınmasın... Bu zaman yenidən dəfələrlə məşq etməli olursan. Daha sonra isə növbəti mərhələ gəlir. Rejissor səndən öz istədiklərini tələb edir ki, sən daha çox açılasan. Yəni bir tamaşanın hazırlıq prosesi bu qədər uzun, yorucu və ağır olur. Bu isə təbii ki, aktyordan fiziki güc, emosiya tələb edir ki, aktyor ona lazım olan formaya düşə bilsin.

Bəzən mənə deyirlər ki, bu qədər sözü necə yadında saxlayırsan? Ancaq bu sualı verən yoldaşlar başa düşmürlər ki, aktyorun işi tək sözləri əzbərləməkdən ibarət deyil. Bunun səhnə mizanları, hərəkətləri, tərəf müqabili ilə münasibəti də var.

Mənim elə tamaşalarım var ki, tamaşadan bir gün əvvəl evdəkilər bilirlər ki, mənə toxunmaq olmaz. Səhər yuxudan qalxanda artıq başqa adama çevrilirəm. Həyəcanlı, emosional əhval-ruhiyyədə oluram. Bütün fikrim-zikrim axşam ifa edəcəyim rolda olur. Bəzən dostlar deyirlər ki, gedək hardasa oturub çörək yeyək, söhbət edək. Mən isə tamaşaya görə etiraz edirəm.

- Bioqrafiyanızda komik obrazlar çoxluq təşkil edir. Amma "Karamazov qardaşları" tamaşasındakı Fyodor Karamazov obrazı xeyli dramatik obrazdı. Bunu yaradıcılığınızda yeni bir cığır hesab etmək olar?

- Aleksandr Şarovski mənə ilk dəfə Con Patrikin "Mənim əziz Pamelam" pyesi əsasında hazırlanmış "Qarını necə öldürməli" tamaşasında Co Yanki rolunu həvalə etmişdi. Aleksandr Şarovski lap çoxdan hiss edirdi ki, məndə tragikomediyaya, dramatizmə xas cəhətlər var. Bu səbəbdən də o, məndə olan bu xüsusiyyətləri yavaş-yavaş inkişaf etdirirdi. O, mənə deyirdi ki, "sən göz yaşı ilə zarafat etməyi bacaran aktyorsan." Ondan sonra Şarovski mənə "Kral Lir" tamaşasında Təlxək rolunu həvalə etdi. Təlxək rolu isə bir çoxlarının düşündüyü kimi komik obraz deyil!

Siz qeyd etdiyiniz tamaşada da rejissor İnarə Tağızadə mənə ata rolunu həvalə edəndə bir çoxları ona yaxınlaşıb maraqlanmışdı ki, niyə məhz Məbud Məhərrəmov? O, isə cavab vermişdi ki, mən onu bu rolda görürəm. Və sizə deyim ki, həmin obraz da çox sanballı alındı.

Düzdür, məndən daha çox komik aktyor kimi istifadə edirlər. Amma mənim özümün dramatizmə, tragediyaya da meylim var.

- Verilişlərin birində Nikolay Qoqolun "Müfəttiş" əsərindəki Xlestakov obrazını ifa etmək istədiyinizi dilə gətirirsiniz. Maraqlıdır, niyə məhz Xlestakov?

- Bilirsiniz, bu bir az da mənim təbiətimdən irəli gəlir. Mənə elə gəlir ki, mən həmin rolu və yaxud da Don Kixot obrazını çox yaxşı ifa edərəm. İş orasındadır ki, yaş da keçir. Amma baxın, Kalyagin - (Aleksandr Kalyagin - S.Ə.) bu yaşda çıxıb Xlestakov obrazını ifa edir. Deməli, bu rejissordan asılıdır, aktyorun yaşından yox.

- Məbud müəllim, aktyor kimi obraza özünüzdən nələr qatırsınız və yaxud da obrazla öz aranızda nə kimi sirlər olur ki, bunu yalnız siz bilirsiniz?

- Ümumiyyətlə, istənilən obrazla tanışlıq çox dəhşətli və ağır prosesdir. Hər dəfə yeni qəhrəman yaratmaq çox çətindir. Fikir vermisinizsə, mənim bütün rollarım bir-birindən fərqlidir. Çünki daima axtarışdayam. Bizim ədəbiyyat və dram şöbəsinin direktor müavini Valentina Rezinkova mənim haqqımda "Moskva" jurnalına yazdığı məqalədə qeyd etmişdi ki, Məbud Məhərrəmov detallara qarşı çox dəqiqdir. Mənim üçün səhnədə geyinəcəyim corabın rəngi belə çox vacibdir. Ola bilər ki, məndə tamaşa zamanı hansısa detal olsun. Amma mən yenə də həmin detalın üzərinə də nəsə əlavə etməyə çalışıram. Ümumiyyətlə məşq prosesi daim axtarış, gərginlik tələb edən çox yorucu və uzun prosesdir. Çünki premyeradan sonra rejissor üçün tamaşa üzərində iş bitir. Amma tamaşa beş-altı il də repertuarda olsa, mənim üçün rol üzərində axtarışlar davam edir. Bir də görürsən ki, beş ildən sonra rola hansısa elementi tapıb əlavə etdim. Misal üçün, Müsyö Jordan tamaşasında müəllifin də yazdığı kimi, Müsyö Jordan siqaret çəkir. Rolu ifa edəndən sonra birdən mənim ağlıma gəldi ki, siqaretlə yanaşı axı ətriyyat da ilk dəfə Fransada yaranıb. Və o zaman yoldaşımdan xahiş etdim ki, mənim üçün qədim və yığcam bir ətirqabı tapsın. O, sağ olsun da, köməklik etdi. Növbəti tamaşada mən Müsyö Jordanın monoloqunu deyərkən həmin ətirqabından istifadə edərək ətirdən özümə, hətta Şahbaza da vurdum. Amma əsərdə belə bir şey yox idi. Bu anı mən özüm tapdım və öz yaratdığım obraza əlavə etdim.

- Mütaliə edən aktyorlarımızdansınız. Müasir yazıçılarımızdan kimləri oxuyursunuz?

- Mən internetlə kitab oxuya bilmirəm. Xoşlayıram ki, kağızın qoxusu gəlsin, vərəqlərin səsi eşidilsin. Biz Moskvada Kalyagin teatrında "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşasını göstərəndən sonra mənim qrim otağıma bizim məşhur yazıçımız Çingiz Hüseynov gəldi. Və o, mənə özünün "Fətəli Fəthi" kitabını təqdim etdi. Həmin romanı oxudum. Mütəmadi olaraq "Azərbaycan" jurnalını oxuyuram. Bu yaxınlarda Seymur Baycanın "Quqark" romanını oxuyub bitirdim.

- Xoşunuza gəldi Seymurun romanı?

- Bəli, xoşuma gəldi. Bir də Elçin Səfərlinin bir romanını oxumuşdum. Adını unutmuşam...

- Məbud müəllim bu gün "Yaşıl eynəkli adam" tamaşasına çəkilsəydiniz, uşaqlar üçün nə düzəldərdiniz?

- İndiki uşaqlar da bir az qəribədir. Bütün günü telefonla, komüterlə oynayırlar (Fikirləşir). Bilmirəm... Yəqin ki, tabutun içərisinə mobil telefon yerləşdirərdim... (gülür).

 

Söhbətləşdi: Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2017.- 25 noyabr.- S.8-9.