Kölgələr şahiddir
Hekayə
Çay ləpədöyəndə köksünü
ötürüb müdrik
susqunluğa qapılmışdı. Onlar Volqa çayının ayparaya bənzəyən sahili boyu uzanıb
gedən yaşıllıqda
gəzib-dolaşırdılar.Havanın nə vaxt qaraldığını
da hiss etməmişdilər.
Çaydan buğ qalxırdı, bu buğ çaydan çıxan insan kölgələrinə bənzəyirdi.
Gecə öz sirrini açırdı nəydi.
Qız deyəsən oğlana əməlli-başlı vurulmuşdu.
Çayın üzərində
insanabənzər iki kölgəni görüb
oğlana sığındı,
oğlan qızın zərif çiynini qucaqlayıb onu bir az da özünə sıxdı. Kölgələr getdikcə yaxınlaşırdı.
-Mən boğulanda heç əzab çəkmədim.
-Mən də. Çünki ikimiz də
günaha batmışdıq.
Cənnətə yolumuz həmişəlik
bağlanıb.
Sahildəki cütlük həyəcandan
tir-tir əsirdi. Oğlan özünü
nə qədər tox tutmağa çalışsa da, kürəyindən soyuq tər axırdı və qorxusunu heç cür qızdan gizlədə bilmirdi. Ağaclar, böcəklər, çiçəklər, bütün
kainat susmuşdu.
Oğlanla qız araya
çökmüş vahiməli
sükutu pozmaq istəsələr də,
sanki bir anın içində ikisinin də dili tutulmuşdu.
-Mən bir gün
əvvəl siçovulların
gəmidən atıldığını
görmüşdüm.
-Mən o gecə qəribə yuxu görmüşdüm. Gördüm ki, şəhərdə qorxulu xəbər dolaşır, insanlar təşviş içində
bir-birinə yenidən
dünyanı su basacağını deyirlər.
Amma heç kim deyə
bilmirdi ki, bu xəbəri kim yayıb. Sonra gördüm ki, həmin insanlar vəhşicəsinə
limanda lövbər salmış gəmiyə
doluşurlar, gəminin
də bir tərəfi ağırlıqdan
əyilib.Göyərtədə isə uzun saqqalı,
başında külah,
əynində əba olan bir yaşlı
kişi ucadan, amma təmkinli
səsiylə camaata səslənir:
-Özünüzü yormayın,
günahı olanlar bu gəmiyə minə bilməyəcək.
Qocanın üzündəki ifadə sanki qranitdən tökülmüşdü,
heç bir qüvvə bu ifadəni dəyişmək
gücündə deyildi.
-Dinamit partlada bilər.
-Mənə lağ
eləmə. Bax, sahildəki
gəncləri görürsən?
Yazıqlar, onlar da lənətləniblər.
-Görürəm. Onları
da...
-Sus! Heç nə demə.
Mən bilirəm.
Gecənin soyuğu iliklərinəcən
işləmişdi. Amma yerlərindən
tərpənə bilmirdilər.
Qəfildən qızın
dili açıldı:
-Tez gedək burdan. Mən qorxuram.
Oğlan qorxusunu büruzə vermək istəmədi, özünü tox tutmağa çalışdı.
-Qorxma, mən yanındayam. Bunlar nə qəribə
kölgələrdir. Öz aralarında nəsə danışırlar deyəsən.
Danışan kölgə görmüşdün
indiyəcən? - Oğlan
qıza baxıb hətta gülümsədi
də.
Qız bir az çiyinlərini qısıb
büzüşdü:
-Mən qorxuram!
-Bizim yazıçılardan
biri danışan və yeriyən kölgələr haqqında
bir roman da yazmışdı. Sonra həmin yazıçı
nə üçünsə
intihar etdi...
-Gedək burdan, nolar...
Onlar iki kölgənin sözünü
ağzında qoyub əl-ələ tutaraq hündür şam ağaclarının arasında
gözdən itdilər. Xəfif-xəfif əsən külək ağacların başında
yasəmən rəngli
xətlər cızırdı.
Bu yolun onları
hara çıxaracağını
bilmirdilər, yeyin addımlarla meşənin
içinə doğru
irəliləyirdilər. Oğlan düşünürdü ki,
qızı mütləq
Bakıya aparacaq və orda evlənəcəklər.
Bu sözü ilk dəfə
qıza deyəndə
qız onun səmimiyyətinə ilk andaca
inandı, amma oğlanın vətəninə
getmək istəmədiyini
də dedi. O da vətənindən, bircə anasından ayrı düşmək istəmirdi. Anası onsuz dözə
bilməyəcəkdi. Qız oğlana atasının avtomobil qəzasında dünyasını dəyişdiyini
demişdi. Qızın atası
da oğlanın vətənindən idi.
Oğlan
buralara atasını axtarmağa gələndə
heç ağlına
gəlməzdi ki, atasının əvəzinə
bu qəşəng qızı tapacaq. İndi oğlanın da anası bircə oğlunun yolunu gözləyirdi. Bilmirdi ki,
neyləsin. Qızı gözü
yaşlı buraxıb
gedə bilməyəcəkdi.
Hansısa şair yazmışdı
ki, güman minə qalanda ümid birə işləyir. Onun ümidi
bir istəyə, bir arzuya işləyirdi;
titrək kəpənək
kimi ona sığınmış bu
zərif qızı vətəninə aparmaq.
O qədər gəlib
burda qızları aldadıb çıxıb
gedənlər olmuşdu
ki. O, heç vaxt onlardan olmayacaqdı,
bu şirin, sevimli, məsum qızı aldatmayacaqdı.
Düşdükləri cığır onları kimsəsiz bir yolun kənarına gətirib çıxardı,
yoldan əlli-altmış
metr aralıda bir koma gözə
dəyirdi. Komanın ətrafı kol-kos
idi, hiss olunurdu ki, uzun müddətdir
buralara gəlib-gedən
olmayıb. Hər şey
lap nağıllardakı kimi
idi. Xəfif, şəffaf dumanın
arxasından Ay boylanırdı.
Ay məxməri şölələr
saçırdı. Oğlan qıza
baxıb gülümsədi,
qızın gözlərində
bayaqkı həyəcandan
əsər-əlamət qalmamışdı.
Qızın üzündə qədim və hiyləgər təbəssüm
çiçəklədi. Komaya yaxınlaşdılar. Meşə susmuşdu.
Komanın ağır taxta
qapısı cırıltıyla
açıldı, içəri
keçdilər. Komanın küncündə
dəmir soba qaralırdı,
sobanın üstündə
döymə dəmir şamdan qoyulmuşdu.
Oğlan
kibrit çəkdi və şamdanı yandırdı. İçəri zəif işıq şüası yayıldı.
Qız oğlana yaxınlaşdı.
Əvvəl əlləri
birləşdi, sonra dodaqları...
***
Geniş asfalt yola çıxmışdılar. Qız oğlanı evlərinə,
anasıyla tanış
etməyə aparırdı.
Anası
onun azərbaycanlı
bir oğlanı sevdiyini bilirdi. Dəfələrlə evdə ana-bala
mübahisə etmişdilər.
Qadın
nədənsə aman-zaman
övladının başqa
bir millətdən olan bir oğlanla
evlənməsinə razı
deyildi. Qızsa anasını atasıyla tərksilah edirdi:
-Ana, özün də azərbaycanlıya ərə
getmisən də. İndi noldu?
-Mən başqa, sən başqa, - ana deyirdi.
-Mənə başa sal da, nə
mənada başqa?
Anası bu sözlərin qarşısında nə
deyəcəyini bilmirdi
və tərs-tərs
qızını süzüb
söhbəti başqa
səmtə yönəltməyə
çalışırdı. İndi eşidəndə
ki, qızı azərbaycanlı oğlana
bənd olub, içində narahatlıq
baş qaldırmışdı.
Altıncı hissi ona bu sövdanın pis bir sonluqla
bitəcəyini xəbər
verirdi. Rəhmətlik əri Volqoqrad
bazarında ilk dəfə
onu görəndə vur-tut, on altı yaşı vardı.
Kişi onda bazarda gül
satırdı, qız
o gündən tez-tez yolunu bu bazardan
salmağa başladı.
Gülsatan hər dəfə
ona bir qırmızı
qərənfil verirdi və bu qərənfil
qızı xoşbəxt
edirdi. Sevənlər
üçün beş qərənfilin
dəbdə olduğu
vaxtlar idi, lap bir güllə də qızların ürəyini fəth etmək olurdu.
Evləri
çox uzaqda deyilmiş, on beş
dəqiqədən sonra
artıq qızgilin qapısı önündəydilər.
Qız dəmir darvazasını aralayıb əvvəl özü içəri girdi, sonra da
gülümsəyib oğlanı
içəri dəvət
etdi. Amma bu təbəssüm bayaq komada üzündə
peyda olan hiyləgər təbəssüm
deyildi, xoşbəxt,
bir az
hürkək təbəssüm
idi. Qız tez qaçıb
üç pilləkənı
çıxdı və
evin qapısını
açıb anasını
çağırdı. Oğlanı
içəri dəvət
etdilər. Ev sadə
quruluşlu idi, lap kənd evləri kimiydi. Aynabənddə pəncərələrin qırağına dibçəklər
düzülmüşdü. Mebel də sovet dövründən
qalma idi. Oğlana köhnə divanda yer göstərdilər.
Qadın
oğlana diqqətlə
baxırdı. Hiss olunurdu
ki, oğlanın gəlişi onun ürəyincə deyil. Oğlan özünü
son dərəcə naqolay
hiss edirdi. Qız da anasının
narazı görkəmindən
pərt olmuşdu.
Bilmirdi neyləsin. Qadın mətbəxə keçdi
və oğlan başını qaldıranda
gözü divardakı
şəklə sataşdı...
Alnına soyuq tər
gəldi. Divardakı şəkildən
ona öz atası baxırdı.
O, atasının üzünü
görməmişdi, onu
şəkillərdən tanıyırdı.
Atası
Urusetə çıxıb
gedəndə o, hələ
dünyaya gəlməmişdi.
Bu şəkildə atasının alnına qırışlar düşmüşdü,
saçları azca ağarmışdı, gözlərisə
həminkiydi.
Tez divandan qalxıb qızın qolundan tutdu və onu
çölə çıxartdı:
-Gəl çıxaq, yolda sənə söz deyəcəm.
Qız özünü itirdi:
-Sənə noldu birdən-birə? Nə deyəcəksən? Dayan, anam yemək hazırlayır.
Oğlan isə qızın qolundan tutub onu həyətə, ordan da küçəyə çıxartdı. Qadın oğlanın bu gözlənilməz hərəkətindən möhkəm qorxuya düşdü, nə baş verdiyini anlaya bilmədi. Küçə qapısına yüyürüb onları səslədi, nə qızı, nə də oğlan çevrilib cavab vermədilər. Ananın ağlına ilk gələn bu oldu ki, oğlan deyəsən qızı qaçırır. Yaramaz qızın ağlını əməlli-başlı oğurlayıb. Tez polis idarəsinə xəbər vermək lazım idi.
Onları iki gündən sonra tapdılar. Hər ikisi
çayda boğulmuşdu.
Kölgələrdən başqa
heç kim
bilmədi ki, onlar çaya necə düşüblər...
Kölgələr əbədilik susmuşdu.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2017.-
25 noyabr.- S.9.