Mirzə İbrahimov və Qaysın Quliyev
Böyük
balkar şairi Qaysın Quliyevin anadan olmasının 100
illik yubiley tədbirləri
haqqında "Milyonların ürəyinə uzanan yol və
yüz addım" adlı qeydlərimdə onun Azərbaycanla
bağlılığı, yazıçılarımızla,
o cümlədən Səməd Vurğun və Mirzə
İbrahimovla dostluğundan və bu barədə şairin
oğlu Əhməd Quliyevin
xatirələrindən də söz
açmışdım. Nalçıkdə Əhməddən bu əlaqələri əks etdirən
şəkil və bəlgələri mənə göndərməsini
xahiş etmişdim. Bu günlərdə Əhməd Quliyev mənə
iki fotoşəkil və Mirzə İbrahimovun Qaysın Quliyev ailəsinə
məktublarını göndərmişdir.
Şəkillərin biri Bakıda Mirzə
İbrahimovun evində, digəri noyabr ayının 1-də,
Nalçikdə, Qaysın Quliyevin yubiley gecəsində
çəkilmişdir.
Türk dünyasının iki böyük şəxsiyyəti
arasındakı dostluq və səmimiyyətin parlaq ifadəsi
olan bu məktublar oxucular üçün də maraqlı ola bilər. Məktubların tərcümələrini
və şəkilləri təqdim edirəm.
Sabir
Rüstəmxanlı
Əhməd
Quliyevin məktubu:
"Salam əleyküm, hörmətli Sabir!
Bir daha sizə və Bakıdan sizinlə gələn
dostunuza, mənim atamın xatirəsinə göstərdiyiniz
sayğıya görə təşəkkürümü
bildirirəm. Qoy Allah sizi hifz eləsin.
Söz verdiyim kimi sizə, atamın unudulmaz Mirzə
Əjdər oğlu İbrahimovun evində olduğu anları əks
etdirən şəkli göndərirəm. Şəkildə
atam Mirzə İbrahimovla yanaşı, onun sağ tərəfində,
anam isə ondan
sol tərəfdə, mərkəzdə oturub, qucağında
uşaq var. Şəkildə həmçinin Aleksandr
Sergeyeviç Dzasoxovu (Mirzə İbrahimovun sağ tərəfində,
ayaq üstdə birinci) görürük. Bundan əlavə,
Mirzə Əjdər oğlunun anama və atama
yazdığı məktubların orijinalını və
sizin oxumağınızı, dərc etməyinizi
asanlaşdırmaq üçün anamın öz əli ilə
köcürtdüyü variantı göndərirəm. Sizin torpağınıza və millətinizə
böyük sevgiylə baş əyirəm. Tezliklə
görüşənədək!
Görüşümüzə həmişə
şad olacağam.
Hörmətlə,
Əhməd Quliyev"
Mirzə İbrahimovun Qaysın Quliyevə
və
onun həyat yoldaşı Elizat
xanıma məktubları
1
"20
fevral, 1983
Mənim əziz
dostum, dəyərli qardaşım və sevimli şairim
Qaysın!
Sənin məktubun Bakıya çatanda mən Suriyada
idim. Dəməşq, Əl-Quaryatayn, Palmira, Hələb
şəhərlərini gəzirdim. Bakıya
dönəndə Sara xanımı ağır xəstələnmiş,
yorğun vəziyyətdə gördüm. Özüm də kefsizləmişdim. Indi ikimiz də xəstəxanada yatırıq.
Əziz
dost! Məni sənin sağlamlığın
çox narahat edir; Sara xanımı da o cümlədən.
Xahiş edirəm, yaz görüm sənə nə
olub, hansı əməliyyatı keçirmisən? Mən Qaysını xəstə halda təsəvvür
edə bilmirəm. Ümid edirəm ki,
dağların mərd oğlu və zəmanəmizin yüksək
insanı hisslər və müdrikliklə dolu olan
böyük poeziyasının görkəmli
yaradıcısı, dostum bu xəstəliyi və
uğursuzluğu adlayıb keçəcək. Onunla bir yerdə
duz-çörək bölmək səadəti, xöşbəxtliyi
uzun illər davam edəcək,
onun gümrah, həyat eşqi ilə dolu, xeyirxah, xoş
səsini daim eşidəcəyik.
Sizləri qucaqlayır, öpürəm, mənim əziz
dostum və qardaşım. Sara xanımın da
xeyir-duasını qəbul et, o da, sənin
sağlamlıgını və yeni poetik şedevrlər
yaratmağını arzu edir.
Bizim qardaşlıq duyğularımızı mehriban
Elizata da çatdır.
Sənin
Mirzə İbrahimovun"
2
"Əziz və sevimli Elizat!
Sizin məktubunuz Bakıya çatanda Sara xanım
ağır vəziyyətdə xəstəxanada
yatırdı.
Və əlbəttə, mən gecə-gündüz
onun yanında, onunla bir palatadaydım. O, çox
ağır bir xəstəliyə - mədə xərçənginə
tutulmuşdu. Bədbəxtçilikdən biz
bunu çox gec bildik, artıq bütün daxili orqanları
sıradan çıxmışdı. Mən
dəli vəziyyətinə düşmüşdüm.
Həkim komissiyalarının, konsiliumların, ittiffaqın onkologiya institutlarının
yüksək səviyyəli mütəxəssislərinin
heç bir yardım imkanları yox idi. Mənim əziz, sonsuz dərəcədə
sadiq və etibarlı Sara xanımımın
ağrılarını mümkün qədər azaltmaq
üçün heç nə edə bilmədilər. Sizin ağıllı, xeyirxah, ürəkdən
yazılmış məktubunuzu belə bir vəziyyətdə
aldım və bilmədim sizə nə yazım, bu qəddar və
amansız xəstəlik haqqında sizə necə məlumat
verim. Elə bir xəstəlik ki, damla-damla
mənim Saramın qanını sordu və o, mayın 8-də
bir şam kimi söndü. Əlbəttə,
mən sizin məktubunuzu ona oxudum. O, son dərəcə
şad oldu və sizin sevginizə, diqqətinizə minnətdarlığını
bildirdi. Xahiş etdi ki, cavab verim və sizə təşəkkürümüzü
bildirim. Təsəvvür
edə bilməzsiz o sizi necə sevirdi. Sizin xeyirxah ürəyinizi,
diqqətinizi, ruhunuzun təmizliyini və mənim böyük
dostum, görkəmli şair Qaysın Quliyevə
sevginizi yüksək qiymətləndirirdi.
Lakin mən masa arxasına keçib, əlimə qələm
ala bilmirdim. Buna görə də cavab yazmağı gündən-günə
yubadırdım. Və bu gün sizin məktubunuza
baxıram: aman Allah, düz 55
gün keçib. Qorxulu bir yuxu kimi. Mən
bunu heç hiss eləməmişəm.
Bax belə, mehriban, əziz Elizat. Mən həmişə həm
əziz dostum və qardaşım Qaysın və həm də
sizin haqqınızda düşünürəm, onun Ukrayna
şairləri haqqında şeirlərini oxuyanda bir az sakitləşdim. Necə yaxşı, insani
şeirlərdir! Ümid edirəm
ki, sizin bütün işləriniz yaxşıdır və
Qaysın da xəstəxanadan çıxıb,
sağlamlığı, ilhamı və həyatda ən
yüksək ehtirama layiq olan sevgisi yerindədir.
Xahiş edirəm mənə, özünüz və
Qaysının vəziyyəti haqqında yazasız.
Bütün qəlbimlə sizə
xöşbəxtlik arzulayıram. Xahiş
edirəm mənim əvəzimdən Qaysını
qucaqlıyasız.
İndi ,
yalnız dostlar haqqındakı xatirələrlə, həyat
yollarında rastlaşdığım yaxşı
insanların firavanlığı və səadəti
haqqında düşüncələrlə yaşayıram...
Sizin Mirzə
İbrahimov"
3
"Əziz Elizat xanım!
Sizin səmimi və çox təsirli məktubunuzu
aldım. Bu məktub məni bir daha Sara xanımın sağ
olduğu günlərə qaytardı.
Bəli, tale öz
sözünü dedi. Sara xanım bizi həmişəlik
tərk etdi. Fəqət, hələ də
bu acı həqiqətə inanmaq olmur, düşünürsən
ki, bütün bunlar yuxuda baş verir. Lakin onun
yoxluğu zaman keçdikcə mənim həyatımda daha kəskin
və daha ağrılı bir şəkildə
özünü hiss etdirir.
Əziz
Elizat xanım! Sizin teleqramı həmin günlərdə
aldım və sizi Qaysınla bir yerdə, öz yanımda hiss
etdim. Hiss etdim ki,
bizim bir yerdə olduğumuz vaxtların
böyük sevinci də bu
günlərdə sonsuz bir kədərə
çevrilmişdir. Çünki artıq Sara
xanım yoxdur.
Məktubunuza cavabı gecikdirdim. Qaysın, yəqin ki
siz də yaxşı bilirsiz ki, mən tez-tez səfərlərdə
oluram. Gah Moskvada, gah da xaricdə. Amma məktubunuzu alan kimi cavabı gecikdirmirəm. Çünki
mənə elə gəlir ki, dostlarla bölüşmək hər
zaman insanın ürəyini yüngülləşdirir; onun qəlbini
xoş duyğularla və təskinliklə doldurur.
Mənim əzizlərim
- Elizat xanım və Qaysın! Yas günlərində
sizin Bakıya gəlmək imkanınız
olmamışdı. Lakin bütün gözəl günlərimizin xətrinə,
yenə də əvvəlki tək, sadəcə heç bir bəhanə
gözləmədən gəlin, bir dostun başqa bir dostun
evinə getdiyi kimi. Mən sizi daim sağlam və
xöşbəxt görmək istəyirəm. Həmişə
olduğunuz kimi!
Bir daha bu
böyük dostluğa , diqqətə və
kədərimi bölüşdüyünüzə görə
sizə ürəkdən təşəkkürümü
bildirirəm. Sizə, Elizat xanım və dostum Qaysına
möhkəm cansağlığı və xöşbəxtlik
arzulayıram. Sizləri bağrıma
basıram.
Sizin Mirzə
İbrahimov"
4
"Əziz, mehriban Elizat!
Ümumi dostumuz, görkəmli şair Qaysın Quliyev
haqqında məhəbbət və kədərlə dolu olan
təsirli məktubunuzu aldım. Sizin
ülvi duyğularınızı başa düşürəm,
lakin əziz Elizabet, nə etməli ? Taledən qaçmaq mümkün deyil. Əziz insanı, sadiq ömür-gün
yoldaşını itirmək böyük faciədir. Mən bu hisslərin,
bu duyğuların nə demək olduğunu yaxşı bilirəm.
Tez-tez Sara xanım dipdiri bir şəkildə
gözümün qabağına gəlir. Tez-tez
yuxuma girir. Tez-tez onun səsini eşidirəm.
Həyatda o, daim məni yaradıcılıq
işinə ilhamlandırardı və indi də həmin
işi görür. Mənim borcum budur ki,
öz hisslərimin əsiri olmayım, gecə-gündüz
işləyim. Təsəlli ancaq
bundadır.
Bilirəm ki, sizin üçün Qaysının
olmaması nə deməkdir. Yox, mən fikrimi düz ifadə eləmədim:
axı o ölməyib. O, özünün gözəl
şeirlərində yaşayır!
Ürəkli, isti, həyata və vətənə
bağlı, ölməz şeirlərində !
O, sizə əbədi, canlı olan bir təsəlli mənbəyi
bağışlayıb.
Sizə dərin
hörmət nişanəsi və yadigar olaraq öz povest və
hekayələrdən ibarət kitabçamı göndərirəm.
Sağlam olun, əziz Elizat.
Mirzə İbrahimov
Ədəbiyyat qəzeti.- 2017.- 25
noyabr.- S.14.