Mübariz Örən: Ruhən Bulqakovu, Platonovu,

Selinceri özümə doğma sayıram...

 

"Açıq müstəvidə" layihəsində bir yazar ayrı-ayrı ədəbiyyat adamlarının ona ünvanlanmış suallarını cavablandırır. Bu dəfə suallara Mübariz Örən cavab verir.

 

1. Məti Osmanoğlu: - Bir vaxtlar İsa Hüseynovun Mehdi Hüseynlə dialoqu ədəbi aforizmə çevrilmişdi: ilk mətbu oçerkini atasından yazan İsa Hüseynov bunun üstündə onu tənbeh edən Mehdi Hüseynə demişdi: "Ona görə atamdan yazmışam ki, onu yaxından tanıyıram". Bəs siz əsərlərinizin qəhrəmanlarını və personajlarını necə müəyyənləşdirirsiniz? Onları yaxından tanıyırsınızmı?

- Ən ağlasığmaz təsvirlər də, mifik, mistik obrazlar da, hadisələr də müəllifin canından - etibarlılıq, güvənlik süzgəcindən keçir, onun ağlında, yaddaşında olan materiallardan hazırlanır, əmələ gəlir. Bəzən yaddaşın ən dərin, qaranlıq qatlarında - əndərunda ilişib qalmış tək bir söz, silinmiş bir xatiratın, hadisənin üzərinə işıq salır, onu vərəq-vərəq açır, tanışlandırır, təhkiyəlik edir. Şüuru, təhtəlşüuru sanki "onlayn" rejimə gətirir; baxırsan hər yer, hər kəs sənə doğmadı, yaxud yaddı, fərqi yoxdu, amma aydındı, tanıdığındı, bildiyindi... Hə, bildiyindir! Əks halda yazın qəlp olacaq, inandırmayacaq, Kentavr kimi bədheybət görünəcək...

2. Qan Turalı: - Mübariz, səndə məni maraqlandıran yazmaq və yazmamaq məsələsidir. İlk hekayəni 42 yaşında yazmısan. O zamana qədər isə çox güman ki, intizamlı, səliqəli oxucu və yaxşı müşahidəçi olmusan. Sualım budur: Yazmaqla həyatında, daxili dünyanda nə dəyişdi? Yazmadığın günlər üçün darıxırsanmı? Yoxsa yazmaqla yaşamaq daha gözəldir?

- Əvvəla onu deyim ki, heç vaxt "intizamlı", "səliqəli" oxucu olmamışam. Düzdür, yeniyetməlikdən kitab xəstəsi idim, harda bir kitab dükanı gördüm özümü verirdim ora. Ən axırıncı qəpiyimi belə kitaba xərcləməyə hazır olmuşam, "uf" da demədən. Əlimə nə keçdi oxumuşam. O ki qaldı daxili dünyam yazmaqla dəyişibmi sualınıza… Deyəsən, dəyişib, hə, - rahatsız olub. Hüzuru, ritmi pozulub. Nə qədər ki, mətn bətndədir, yazılmayıb, zənginsən; daxili "yük" səni müvazinətli, taraz saxlayır. Elə ki, o "yük"ü boşaltdın, - mətn o vaxt uğurlu, bütöv olur ki, o mövzuyla bağlı deyəcəyin, bölüşəcəyin heç nə qalmır, - bir müddət için nağara kimi boş olur, danqıltı salır. Sonra hər şey təzədən başlayır, hə. Yazmaqla yaşamağın əsas gözəlliyi də bundadır; daimi daxili təlatüm...

Yazmadığım günlər üçün darıxırammı? Əsla! Yazmadığım günlərə olan etibarsızlığım, - satqınlıqdır! Bir də var, yazmadığım günlərin, o vaxtın adamlarının, tanışlarının sənə qarşı inamsızlığı, - bu, daha dəhşətlidi; illərdi səni yaxından tanıyan adam hətta ehtiyat da eləməyə başlayır: bu qədər sözü içində məharətlə gizlədə bilən adam görəsən bizdən daha nələri gizlədib!..

3. Kənan Hacı: - Hansı yazıçını ədəbi əcdadınız hesab edirsiniz? Azərbaycan və dünya ədəbiyyatında hansı yazıçılar ruhən sizə doğmadır?

- Ruhən Bulqakovu, Platonovu, Selinceri özümə doğma sayıram...

4. Cəlil Cavanşir: - Nəsri musiqi kimi bəstələməyi bacaran bir adam, niyə postmodern nəsrin imkanlarını sınaqdan çıxarmaq istəmir? Klassik üslubda özünü təsdiq etmiş bir yazıçı gərək müasir tendensiyaya uyğun nə isə yazsın. Mübariz postmodern nəsrin imkanlarını gözdən keçirmək istərdimi?

- Hamı hər şeyi yaza bilməz. Hərənin öz mətni var. Mənə hətta elə gəlir ki, müəllif mətni yazmır, tapır; mətn əvvəldən hardasa mövcuddur, var - yerdə, göydə, fərqi yoxdur, - müəllifin işi yalnız o "əmanəti" bütöv şəkildə necə var tapıb üzə çıxarmaqdı. Söz yox ki, bu "tapıntı" arxeoloji tapıntı deyil, hansısa qanunauyğunluq, mərhələlilik var bu prosesdə. Necə ki, ədəbi cərəyanlar quru yerdən yaranmır, biri o birindən doğub özündən əvvəlkini ya inkişaf, ya da inkar edir (bəzən bu iki təzadlı proses paralel baş verir), burda da elə. Hər yazıçının yaradıcılıq yolu tarixi ədəbi cərəyanların mərhələli inkişafını sanki təkrarən keçir, avtonom olaraq. Postmodernizm öz həqiqi, düzgün məqamına - xaosa! - yalnız o vaxt çatır ki, dağıtmağa bir şey olsun. Əks halda... topla usta davrana bilməyən futbolçunun etdiyi "fintlər" - fəndlər qeyri-ciddi, gülməli görünəcək.

"Oğru"dan başlayaraq hekayələrimə postmodern elementləri ara-sıra daxil olmağa başlayıb, zənnimcə, "Ağ buludlar"da isə bu hal ciddiləşib.

5. Samirə Əşrəf: - Uzun muddət Rusiyada yaşamısınız. Rus ədəbiyyatının və mühitinin  təsiri hiss olunur. Mübariz Örən kənar gözlə bugünkü çağdaş yazıçılara, lap elə öz müasirlərinə nəzər saldıqda onlarda nəyin çatışmadığını hiss edir?

- Çox gəzmək, başqa xalqların, millətlərin mədəniyyətini, məişətini, mətbəxini bilmək yazıçının ələdüşməz lüksüdür.. Ömrümün barlı-bəhərli on beş ilini Rusiyada yaşamışam. Xantların və mansilərin ölkəsində! Neftdə işləmişəm, bizneslə məşğul olmuşam. Çox yerlər gəzmişəm, bərkə-boşa düşmüşəm, çətinliklər, macəralar görmüşəm... Nəyi pisdi ki: bir də gördün, cümlənin ən çətin, keçilməz, dolaşıq yerində hansısa bir detal - heç vaxt fərqində olmadığın - aralıdan sənə qımışır, göz vurur, əl edir, yol göstərir. Ariadna sapını uzadır, hə. Özümə də, dostlarıma da çox ölkələr gəzmək imkanı, şansı arzulayıram.

Samirə Əşrəf: - Ədəbiyyata yaş etibarı baxımından gec gəlsəniz də, dərhal parlayan yazıçılardan biri oldunuz. Ümumiyyətlə, ədəbiyyat və yaş məsələsinə münasibətiniz mənə maraqlıdır.

- Əsas odur, sözün təzə olsun!

 

Ədəbiyyat qəzeti.- 2017.- 25 noyabr.- S.13.