Ləyaqət borcu
Tarix
bu gün üçün ən
kamil və ən etibarlı ibrət
nümunəsi olmaqla həm də gələcəyə
istiqamətlənmiş ən
müdrik məsləhətçidir. Mədəniyyətimizin və elmimizin təkamül
tarixində ən ağır faciə mərhələsi olan
otuzuncu illərin siyasi repressiyaları isə eyni zamanda mənəviyyatlarda,
psixologiyalarda sağalmaz izlər
buraxdı; mürəkkəb sınaqlardakı
dözümsüzlük, hətta satqınlıq faciələrinin
də əyani nümayişinə
çevrildi…
Ədəbiyyatımızda
və incəsənətimizdə o vaxta qədər
görünməmiş vüsətli inkişafa amansızcasına son
qoyuldu. Ən dəhşətli imtahan isə mənəviyyat
və şəxsiyyət anlayışlarındakı ciddi sarsıntılarda və ümidsizliklərdə
baş verdi. Bu illər əsl şəxsiyyət və ləyaqət
imtahanına çevrildi…
Bir dəfə
böyük ədibimiz Mir Cəlal müəllimlə filarmoniyanın
qarşısından keçirdik. Birdən Mir Cəlal
müəllim ayaq saxladı və o biri səkidəki
yaraşıqlı, şəbəkə eyvanlı binanı göstərib dedi ki,
otuzuncu illərdə Mərkəzi Komitə orada yerləşirmiş və gecələr bir sıra
tanınmış ziyalıları da buraya siyasi mühakiməyə
çağırarmışlar. Ora gedənlərin də çoxu bir daha
evinə qayıtmazmış. Ertəsi
günü də ziyalılar arasında nigaran söhbətlər
davam edərmiş ki, görəsən bu dəfə oraya daha
kimlər çağırılacaqdır. Axşamlar,
gecələr də yaxında maşınlar dayananda həyəcan
yaranarmış ki, kimin üçün gəliblər? Mir Cəlal müəllim söhbətini belə
yekunlaşdırdı: "Qardaş, otuz yeddini görənlərdən
igidlik, qoçaqlıq gözləməyin. Bizim
gözümüzü elə qorxutmayıblar"…
Xalq
yazıçısı Elçinin "Cəhənnəm
sakinləri" adlı yeni pyesindəki müəyyən məqamlar, xüsusilə həmin illərin dəhşətli
sarsıntılarını
yaşayan günahsız insanların qonşuluqda dayanan
maşının səsindən, yaxında eşidilən
vahiməli ayaq səslərindən xoflanmasına baxarkən
Mir Cəlal müəllimin həmin
sözlərini bir daha xatırlamalı oldum. Bu illər həm də əsl
şəxsiyyət və ləyaqət imtahanına çevrilmiş oldu.
Xalq yazıçısı Elçinin "Cəhənnəm
sakinləri" adlı pyesi də otuz yeddinci il
repressiyalarının görünməmiş fəlakətlərinə
psixoloji sınaqlar məngənəsində çapalayan
insanların mənəvi faciəsinin təqdiminə aiddir.
Cəsarət
və səmimiyyət Elçin yaradıcılığının ən səciyyəvi və
qüvvətli cəhətləridir. Elçin ümumən zəmanənin gərdişi
ilə, yaxud taleyin hökmü ilə dəhşətli
imtahanlara çəkilmiş insanların ölüm-dirim məqamındakı
psixoloji təlatümlərini, nicat
çırpıntılarını
dəqiq, sərrast təhlildən keçirməyi bacarır. O, hər
vaxt tarixin, zəmanənin ən
imtahanlı dönəmlərini, qorxulu məqamlarını səbəb
və nəticələri ilə dərin vətəndaş
qayğısı və cəsarəti ilə təşrih və təhlil etməyi
bacardığı kimi, ən ciddi mətləblər barədə oxucuları və
tamaşaçıları ilə səmimi, mərhəmanə dərdləşməyi,
həmsöhbət
olmağı da bacarır. Və bütün hallarda ədib
insan ləyaqətini, mənəviyyat və şəxsiyyət
problemlərini ən uca məqamda tutur, yaşamağın,
insan adlanmağın ləyaqət zirvəsi olduğunu
xüsusi vurğulayır, təlqin edir!
Ədibin
xüsusən son
illərdəki əsərlərində süjet və
konfliktin xarakteri, məhvəri də daha çox emosional
sarsıntılara, mənəvi-psixoloji yaşantılara əsaslanır,
onlardan qidalanır. İstər maraqlı psixoloji dram olan
"Teleskop", istərsə də Azərbaycan
romanının dünya miqyaslı nailiyyəti, abidəsi
"Baş" romanı məhz mənəvi problemin dərinliyi
və bədii kamilliyi etibarilə böyük maraq doğurur.
Elçinin bu son əsəri də nəticə etibarilə çox köklü
və vacib mənəvi-psixoloji suallarla müasir
tamaşaçıya müraciət
etmiş olur, onu bir növ ibrət, cəsarət və ləyaqət
imtahanına çəkir, şərəfli ömrə
çağırır… "Cəhənnəm sakinləri"
pyesində 1937-ci
ilin repressiya qurbanlarının
tarixi faciəsi kifayət qədər reallıqlar əsasında
müfəssəl
canlandırılmışdır.
Yazıçı
bu tarixi faciəni
ibrət nümunəsi kimi yada salır və eyni
zamanda (bəlkə daha
çox!) həyatın ağır imtahanlarından ləyaqətlə
çıxmağa, şərəflə yaşamağa
çağırır.
Bu mürəkkəb
psixoloji materiala səhnə nəfəsi verən, onu cazibədar
tamaşa kimi gerçəkləşdirən Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının yaradıcı
kollektivinin və xüsusən proqramda göstərildiyi kimi,
"tamaşanın müəllifi, rejissoru və rəssamı"
xalq artisti Azər Paşa Nemətovun yaradıcı əməyi tam təqdirə,
tərifə layiqdir! Tamaşa əvvəldən axıra kimi
dərin psixoloji sarsıntı, əsəbi təlaş içərisində
həmin illərin faciəvi atmosferini,
canlandırır, düşündürür.
Son illərdə
monumentallığı və psixoloji dərinliyi ilə
seçilən bir sıra uğurlu tamaşanın
quruluşçu rejissoru olan Azər
Paşa Nemətov "Cəhənnəm sakinləri"
pyesinin siyasi-psixoloji pafosunu son dərəcə qüvvətli
və aydın istiqamətli nəzərə
çatdırmış, humanizm və insan ləyaqəti
mövqeyindən dramaturji traktovka aparmışdır.
"Cəhənnəm
sakinləri"ində dramatik konfliktin və süjetin səhnə müddəti
qısadır, surətlər də azdır. Belə
məqamlarda səhnə tərtibatının "köməyinə"
daha böyük ehtiyac olur. Səhnədə isə iki məkan
yaradılmışdır: təxminən eyni taleli
adamların zahirən bir-birinin eyni olan altı qapısı…
İlk səhnədə məhz
yeni il bayramının yaratdığı şən əhval-ruhiyyəli
məqamların gözlənilmədən tam faciəli
dönüşü və bu günahsız adamların salamat
qalmaq uğrundakı
çırpıntıları, faciəli aqibətləri
dəhşətli mənəvi vəlvələyə
çevrilir, onların yaşamaq uğrunda
ölüm-dirim mübarizəsi
və o dövrün qanun məmurlarının vəhşi pəncəsində
çabalamaları göstərilən
sarsıdıcı səhnələr
yaradıcı heyətin böyük bacarığı sayəsində
lazımi teatr kamilliyində canlandırılmışdır.
Əsas odur ki, rejissor otuz yeddinci ilin psixoloji xaosunu, təzyiq
xofunun sadə, günahsız
insanları necə dəhşətli məqamlara
düçar etmiş
olduğunu səhnədə bir növ əyaniləşdirə bilmişdir…
Dekorasiyalar
da, geyimlər də tutqundur, bədbin ruhludur, nitqlərdə
isə həyəcan və fəryad hakimdir! Lakin o
dövrün,
mühitin xarakterinə uyğun, bir az da
"retro" tipli musiqi parçalarından istifadə
olunsaydı, zaman koloriti daha dəqiq təsəvvür
yaradardı.
"Cəhənnəm
sakinləri"
konkret zamanın faciəli tarixindən ibrətli
lövhələrdir. Eyni zamanda oradakı hər şey
ümumilikdə sanki müasir oxucuya istiqamətlənmişdir: bəs
sən necə, öz ömür yolunda qorxu və ya tamah
ucundan məsləkinə, ideallarına xəyanət,
satqınlıq yoluna düşməmisən ki? Hamımız belə halları ittiham və ifşa
edirik. Bəs onda həyatda rast gəldiyimiz dönüklüyün
müəllifləri kimdir?!
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
inkişaf tarixinin böyük hissəsi müqtədir
aktyorların fəaliyyəti ilə zəngin olmuşdur. Təəssüf ki, bu
gün heç bir teatrımız aktyor
heyəti etibarilə təxminən 70-80-ci illər səviyyəsində
deyildir. Klassik dramaturgiyamızın
repertuarlardakı mövqeyi də xeyli mübahisəli
görünür.
Lakin bu gün Azərbaycan aktyorluq məktəbinin
böyük ənənələrini istedadla davam və
inkişaf etdirən sənətkarlarımız da vardır. Bu cəhətdən zəngin və
orijinal yaradıcılığa malik olan xalq artisti Nurəddin
Mehdixanlı xüsusi qeyd olunmalıdır.
"Cəhənnəm sakinləri"ndə Qonaq rolu
N.Mehdixanlının son illərdəki yeni böyük
uğurudur.
30-cu illərin "qanun keşikçilərinin" tipik nümayəndəsi
kimi təqdim olunan Qonaq -
N.Mehdixanlı o zamankı ictimai
mühitin repressiya dəhşətlərinin tipik
nümayəndəsi kimi çox canlıdır, vahiməli və
dəhşətlidir. Aktyorun zahiri görkəmi, zəhmli və
çoxçalarlı səs diapazonu, kamil psixoloji ifa tərzi
müəllif məqsədinin dramaturji həllinə tam
uyğundur. Qonaq - əsər boyu otuzuncu illər
repressiya rejiminin vahiməli və qəddar simvolu kimi həmin
zamanın əsl faciəsini bütün dəhşətləri
ilə təsəvvürlərdə canlandıra bilir.
Xalq
artisti Məleykə Əsədova (Qadın) və əməkdar
artist Elşən Rüstəmov (Kişi) rollarında məharətli
ifaları ilə həmin zəmanənin günahsız qurbanlarının mənəvi
faciəsini kamil yaradırlar. Xüsusilə onların hər ikisinin qorxuya,
vahiməyə davam gətirməyərək satqınlıq
hallarına yol vermələrini öz aralarında bir-birinin qarşısında etiraf
etmələri və özlərini də bəraətli
hesab etmələri
epizodları, əsəbi
sarsıntıları, psixoloji təlatümləri
inandırıcıdır, hər iki aktyorun sənət məharətini
nümayiş etdirir.
Lakin əsas
sualı açıq qalır… Və sanki
tamaşaçıya sual olunur ki, bu məqamda, belə
sınaqlarda bəs siz necə hərəkət edərdiniz? Çünki
satqınlığın, xəyanətin həyatda heç
bir bəraəti ola bilməz! Burada əsas
ittiham hədəfi şəxsiyyətin naqisliyidir, mənəviyyatın
süqutudur…
Vacib deyil
ki, 37-nin faciələri olsun; mənəviyyatı şikəst
olanlar varlı həyat üçün də, vəzifə,
rütbə şöhrət üçün də
"könüllü" satqınlığa gedə bilərlər…
Yazıçı bu tarixi faciəni ibrət nümunəsi
kimi unutmamağa çağırır və eyni zamanda, (bəlkə
daha çox) həyatın ağır imtahanlarından ləyaqətlə
çıxmağa, şərəflə yaşamağa
çağırır.
Vətəndaşlıq problemləri, şərəf və
ləyaqət borcu kimi mənəviyyat məsələləri
bu gün bəlkə ən vacib, müqəddəs
qayğımızdır. Buna görə Elçinin "Cəhənnəm sakinləri"
yalnız otuz yeddinci ilin
problemi deyildir…
Əlbəttə, bir məqalədə
belə monumental tamaşanı müfəssəl təhlil etmək
çox müşküldür. Lakin hər hansı bir teatr
tamaşasının səhnə tərtibatı, rejissor
işi, yaxud geyim eskizləri, işıq effekti, ya da bir
aktyorun konkret bir rolu barədə ayrılıqda müfəssəl
professional təhlillərə necə də böyük
ehtiyac vardır!
Təhsin Mütəllimov
Ədəbiyyat qəzeti.- 2017.- 25
noyabr.- S.15.