Tanıdığımız adamın naməlum dünyası

 

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə yazıçı-publisist Xeyrəddin Qoca Azərbaycan Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Təbrik edirik.

Ustad Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin, Sabirin, Üzeyir bəyin hər cür avamlığa, zorakılığa, zalımlığa, geriliyə dov gələn gülüş məktəbinin çeşməsindən su içən daha bir sənətkarımız var; o mənalı gülüşü, o saf gülüşü,  o oyadıcı, tərbiyəedici, "insanda insan oyadan" gülüşü çağdaş ədəbiyyatımıza özünəməxsus lətafət və zərifliklə daşıyan Xeyrəddin Qocadı bu…

Onun  şəfaverici, zərif gülüşünün hədəfi olan çoxsaylı (və fərqli) obrazlar aləminin tünlüyündən kənarda dayanan, eyni zamanda nüfuzedici nəzərlərlə bu aləmin iç dünyasına, gerçək üzünə çox həssaslıqla diqqət yetirən daha bir obraz da var ki, bu, Xeyrəddin Qocanın öz obrazıdı. Bu obraz bütün halı ilə Sabiranədi, Mirzə Cəlilin, Haqverdiyevin, Üzeyir bəyin ruh daşıyıcısıdı. Onların vətəndaş mövqeyi ilə həmahəngdi. Və bu mövqeyin ifadəçisi ilk növbədə Xeyrəddin Qocanın özünəməxsus (eyni zamanda gözlənilməz) cəsarəti, mərdliyi, ləyaqətidi. "Xeyrəddin hədsiz dərəcədə zəhmətsevər, işgüzardı" (İntiqam Mehdizadə). Eyni zamanda həssas və duyğuludu. Elə o qədər də səmimidi. Və bu deyilənlər ilk növbədə vətəndaş məsuliyyətinin çeşməsindən su içir. O, fitrətən narahat, təbiətin özü qədər zəngin bir söz adamıdı. Hər cür qələbəlik və tünlük əhatəsində darıxdığı hallar əslində bezginlik, tənhalıq, tərkidünyalıq əhvalı, haləti deyil, ilk növbədə sənətkar fərdiyyətinin, müşahidəçilik "azarının" gəlişmələridi. Hal-əlbət, belə olmasaydı türkiyəli ədəbiyyatşünas Camal Anadol X.Qocadan "Azərbaycanın Əziz Nesini", İrfan Ülkü "Azərbaycanın Zoşşenkosu" - deyə bəhs etməzdilər. Türkiyədə çıxan "Hürriyyət" qəzetinin əməkdaşı Dursun Özdən yazmazdı ki, Xeyrəddin bəy həyata baxışı, yumor hissi və ironiyaları ilə Nəsrəddin Xocaya bənzəyir. "Əlbəttə, bütün bu müqayisələr Xeyrəddin Qoca yaradıcılığının yalnız formal-zahiri tərəfi, yazı üsulu, yaxud üslubu ilə bağlı deyil, eyni zamanda oxucuları onu məzmunu, mündəricəsi, yazıçının yaradıcılıq məqsədi, ideya-fikir dünyası ilə tanış etmək zərurətindən irəli gəlir (Nizami Cəfərov). Və birmənalı şəkildə qəbul edilir ki, Xeyrəddin Qoca gülüşü hadisələrin, vəziyyətin mahiyyətindən qaynaqlanır. Onun Sabirə, Haqverdiyevə, Üzeyir bəyə, Əziz Nesinə bir köynək daha yaxınlığı da bu məziyyətdən irəli gəlir. Eyni zamanda sevərək yaza bilməsindən… Bizləri sevib də qələmə əl uzatmasından. O, yaşının hər çağında da vaxtilə nəşr olunan  "Millət vəkili" bülleteninin aynasından görünən kimidi: "Dolça bürcündə anadan olub. Daim narahat həyat tərzi keçirir. Son dərəcə demokratdır… Heç kəsin paxıllığını çəkməz. Həmişə cavan göründüyünü ona xatırladanda deyir ki, çünki ürəyim təmizdir, xəbis deyiləm, xəbislər vaxtından tez qocalırlar. Yaltaqlığı görməyə gözü yoxdu, son dərəcə kövrək qəlbi var. Gözəllik vurğunudu. Şəxsi işi üçün heç kəsə cüzi də olsa əziyyət verməz. Bir sözlə, müsbət adamdı, lakin özünə qarşı amansız dərəcədə tənqidi yanaşmağı bacarır".

Çoxsaylı qələm dostlarının dönə-dönə vurğuladıqları kimi, X.Qoca sözsüz ki, Azərbaycan ədəbi və ictimai fikrində özünəməxsus yeri olan (özünü təsdiqləmiş) bir şəxsiyyətdir. Onun tənqidi mövqeyi, baxışı, yaradıcı missiyası fəaliyyətinin bütün dövrlərində dəyişməz olaraq qalıb. Ən əsası, bəsirət gözü həmişə açıq olub, haqqı yazıb, tərəzinin doğrunu çəkən gözündə dayanıb. Ulu öndər Heydər Əliyev X.Qocanın bu dəyişməz, ilkinliyindən sadiq obrazını Milli mətbuatımızın 125 illiyi münasibətilə söylədiyi nitqində belə dəyərləndirib: "Vaxt var idi ki, məsələn, mən Moskvada yaşayanda əleyhimə təbliğat gedirdi. Mən o qəzetlərlə nəinki əməkdaşlıq etmişdim, onlar məni yaxşı tanıyırdılar, onların redaktorları mənimlə uzun müddət dostluq əlaqələrində olmuşdular. Onda sistem belə idi. Mənim əleyhimə müddəalar yazmağa başladılar. Buna zəng edirdim ki, mənim məqaləmi, müsahibəmi qəbul elə, qəbul etmirdi. Ondan xahiş edirəm, bundan xahiş edirəm, - qəbul eləmir. Mən sonra Azərbaycana gələndə də. Mən bura gəldim, 1990-cı ildə deputat seçildim. Buraya, sessiyaya Naxçıvandan gəldim. Mən çıxış etdim. Bir qəzetə müraciət etdim ki, bunu dərc elə, - eləmədi. İkincisinə müraciət etdim, bunu dərc elə eləmədi. Üçüncüsünə müraciət etdim, bunu dərc elə, - eləmədi. Sonra burada Xeyrəddin Qocanın "Dan ulduzu" qəzeti var idi, Korlar Cəmiyyətinin qəzeti idi, o götürdü, bunu dərc elədi…"

Bu, o zaman idi ki, Heydər Əliyev haqqında mətbuatda söz demək əsl kişilik tələb edirdi. Ulu öndər hələ Yeni Azərbaycan Partiyası yaratmamışdı, sistemin inkaredici, dağıdıcı və hər şeydən əvvəl dönük siması ilə üzbəüz idi. Milli liderin Kommunist Partiyasının sıralarını tərk edərkən qeydiyyatda durduğu SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına məktub-bəyanatında deyildiyi kimi, Azərbaycanda onun çıxışlarını dərc edən qəzet redaktorları, jurnalistlər işdən çıxarılır, təqiblərə məruz qalırdılar. Bax, həmin təlatümlü, xaosla dolu günlərdə X.Qoca dahi siyasətçi Heydər Əliyevin parlaq şəxsiyyəti, onun hakimiyyətə gəlməsi zərurəti barədə fövqəladə cəsarətlə yazırdı. Onun vacib olanı yazmaq cəsarəti barədə xalq yazıçısı Anar belə dəyərləndirdi: "Satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır. Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Xeyrəddin Qoca heç nədən və heç kimdən qorxmur".

Bu deyilənləri xalq şairi Cabir Novruzun yazdıqları tamamlayır: "Beş il deputat olduğum Milli Məclisdə qazandıqlarımdan biri (şübhəsiz ki, mənəvi dəyərlər mənasında) X.Qoca ilə dostluğum olub. Əvvəllər mən onun adını eşitməmişdim, imzasını tanıyırdım, xalqımızın böyük oğlu Heydər Əliyevin ağır günlərində, bəlkə də az-az jurnalistlərdən biri kimi cəsarətlə, qorxmadan öz publisist  yazıları ilə müdafiəsinə qalxdığını bilirdim…"

Bu bilinən məqamlar barədə xalq şairi Sabir Rüstəmxanlının yazdıqları var: "Xeyrəddin bəy Azərbaycanın taleyini düşünən adamdı…. O, nə qazanıbsa - haqqı ilə qazanıb, nə qazanıbsa - qəlbi ilə, sözü ilə, zəhməti ilə qazanıb. Xeyrəddin Qoca hansı mübarizələrdən keçib mən bilirəm…"

Bu mübarizə sınaqlarında o, səsinə səs verdiyi milli liderin "Zamanı biz yazırıq" əminliyinə tapınırdı. Bilirdi ki, böyük ideallarını ürəklə, qorxmadan dəstəklədiyi milli lider elə bir şəxsiyyət ucalığından qərar tutur ki, bu zirvə bütün dövrlərdə ona məxsus olacaq, o, öz fəaliyyətini, həmçinin, ölkəsinin və xalqının yaşayışını zamanın tələbləri ilə uyğunlaşdırmırdı, əksinə, zamanı millətinin və dövlətinin maraqlarına tabe etdirirdi. Bilirdi ki, tarix belə fövqəlinsanların yaratdığı kimi, onlara qənim kəsilmiş nakəsləri də unutmur. Onlar öz dönük əməlləri, qarayaxmaları ilə həm də tarixi ləkələyirlər. X.Qoca o tarixi dönəmlərdə "Əliyev, siz erməni xalqı tərəfindən ittiham edilirsiniz" başlıqlı sərsəm məqalənin müəllifi İqor Muradyan kimi başabəla dedi-qoduçuların dəyirmanına su tökən "sapı özümüzdən olan baltalar"a qarşı savaş açmışdı. Ən ağrılı məqam o idi ki, İ.Muradyana yarınanlar milli lideri ilk növbədə Azərbaycana xidmətdə, əsl milli ziyalı təbəqəsini formalaşdırmaqda, türk olduğunu dərk etdiyinə, gerçək tariximizi yazan alimləri himayə etdiyinə görə hədəfə götürmüşdülər. Bu hücumların arxasında Kreml-Yerevan ittifaqı dayanmışdı və X.Qoca həmin dönəmdə bu "ittifaqın" milli liderə qarşı yürütdüyü siyasətin iç üzünü açmaq üçün mümkün fədakarlığı gerçəkləşdirə bilmişdi. Daha doğrusu, tarana getmişdi. Bu barədə X.Qocanın özünün qeydləri var: "O dövrdə bir qrup ziyalı ilə bərabər Azərbaycanda Heydər Əliyevin hüquqlarının müdafiəsi ilə məşğul idik. Mən bu işin həm də mətbuat üzrə əlaqələndiricisi sayılırdım. Milli liderin işığına toplaşanlar, onun böyüklüyünü çəkinmədən, qorxmadan etiraf edənlər daha çox sadə vətədaşlar idi. Biz o zaman milli lideri haqsız hücumlardan müdafiə etməkdən qürur duyurduq… Sonra 20 Yanvar hadisələri baş verdi. Böyük siyasətçi canı qədər sevdiyi xalqına qarşı edilən qəsdə dözmədi. Heç nədən, heç kimdən qorxmadan Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin bu qətliamını pislədi, xalqımıza başsağlığı teleqramı vurdu. Təəssüf ki, bu teleqramın Azərbaycanın heç bir mətbuat orqanında dərc olunmasına və efirdə səslənməsinə imkan verilmədi. Həmin teleqramı ilk dəfə mən baş redaktoru olduğum "Dan ulduzu" qəzetində dərc etdim… Hadisələrin sonrakı gedişi hər kəsə məlumdu… Dahi siyasətçi bütün təzyiqlərə məhəl qoymadan qətiyyətlə öz missiyasını yerinə yetirdi, Bakıya gəldi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçildi. Belə bir ziddiyyətli icttimai-siyasi proseslərin gərdişində Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildi və bu partiya ölkəmizdə ilk dəfə olaraq sağlam əsaslarla, xalqın mənafeyinə uyğun fəaliyyət göstərən təşkilata çevrildi… Növbədə isə bütün Azərbaycanın xilası dayanırdı. 1993-cü ilin 15 iyunundan etibarən tariximizin Heydər Əliyevin müəllifliyi ilə qurtuluş mərhələsi başlandı. Aradan ötən illər sübut etdi ki, xalq öz böyük oğluna, əbədiyaşar liderinə inamında səhv etməyib. O, tezliklə Azərbaycanın bütün sahələrdə inkişaf etməsinə şərait yaratdı, sivil dünyanın ayrılmaz parçasına çevirdi… Zaman keçir, biz Heydər Əliyevi hər gün yenidən dərk edir, yenidən öyrənir və fəxarət duyuruq. Bir qələm, söz adamı kimi deyə bilərəm ki, o, Azərbaycan ədəbiyyatını "sovet şineli"ndən çıxardı! O, ədəbiyyatımıza Azərbaycan insanının obrazını gətirməyi tövsiyə etdi və buna nail oldu. O, ədəbiyyatımıza milli hisslərlə yanaşı, həm də tarixi ədalətsizliyin ən bariz nümunəsi olan, milli duyğumuzun ən canlı faciəsi kimi yaşanan Cənub mövzusunun gətirilməsinə müvəffəq oldu. Heydər Əliyevin ədəbiyyat xadimlərinə sətiraltı ifadələrlə nəyi yazmaq lazım olduğunu başa saldı; problemləri, milli ruhun yaşadılmasını, şüarçılıqdan uzaq durmağı… Bu idi milli liderin ədəbiyyat xadimlərimizdən əsas umacağı və böyük fədakarlıqlar hesabına nail olduğu əsl Azərbaycan ədəbiyyatı".

Belə deyir, bu unudulmaz duyğularla söz açır X.Qoca böyük ömrün mübarizələrlə keçən günləri barədə. Deyir ki, 1990-cı ildə Heydər Əliyev barədə yazdığım məqalələr haqqında çoxsaylı oxucu məktubları alırdım. Həmin məktublarda bu dahi şəxsiyyətin siyasi təşkilat yaratmasını arzu edirdilər. Naxçıvanda Heydər Əliyevlə hər dəfə görüşərkən həmin məktubları ona təqdim edirdim. Deyirdim artıq xalq Sizdən siyasi partiya yaratmağı təklif edir. Soruşdu: "Səndə neçə belə məktub var?" Dedim ki, iki yüzdən artıq". Dedi: "Mən isə hər gün ərzində yüzlərlə belə məktub alıram, özü də Azərbaycanın bütün bölgələrindən". Qeyri-ixtiyari soruşdum: "Bəs bu təkliflərə necə baxırsınız?" Ani düşünərək "Mən fikrimi dəyişməmişəm. Heç bir siyasi fəaliyyətlə məşğul olmayacağam, heç bir partiya yaratmayacağam… Mənim bir partiyam var o da xalqa xidmətdir. Mən bu "partiyanın artıq qırx ildir ki, üzvüyəm..."

Ancaq o zaman ölkənin hər yerindən sadə vətəndaşlar bizə "Heydər Əliyev Partiyasının yaradılması sosial sifarişdir, bunu siz ziyalılar həyata keçirməlisiniz" - deyə çoxsaylı müraciətlər edirdi. Nəhayət, ölkəmizin tanınmış ziyalılarının ulu öndərə məktub yazmaları barədə yekdil qərar qəbul edildi. "Azərbaycan sizin sözünüzü gözləyir" başlıqlı məktub 15 oktyabr 1992-ci ildə "İki sahil", bir gün sonra isə "Səs" qəzetində dərc edildi. Dahi siyasətçi həmin məktubu oktyabrın 24-də müsbət cavablandırdı, bildirdi ki, sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur… Əgər belə partiya yaradılırsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram".

Beləliklə, Heydər Əliyevin təklifi ilə 1992-ci ilin 21 noyabr günündə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyev konfransda giriş nitqi ilə çıxış etdi, yeni yaranan partiyanın məqsəd və vəzifələrini açıqladı.

Və mən o zaman partiyanın Siyasi Şurasının üzvü seçildim. 25 ildi Siyasi Şuranın üzvüyəm. Sevinirəm ki, bu gün Prezident İlham Əliyev ulu öndərin siyasi dəst-xəttini uğurla davam etdirir və mənim fəaliyyətimi də həmişə yüksək dəyərləndirir.

İndi bütün bu deyilənlər tarixin unudulmazlığına qovuşub. Ancaq Xeyrəddin Qoca bitib-tükənməz bir vəfadarlıqla o unudulmaz tarixlə bağlı xatirələrlə baş-başa yaşayır.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2017.- 25 noyabr.- S.19.