Əfsanə sözüydü əfsanələrin
o tərəfində...
Dünya şeir festivallarının keçirilməsi bir də ona görə vacibdir ki, dünyanın müxtəlif ölkələrindən festivalda iştirak edən şairlər oxucu görüşlərində yalnızca təmsil etdikləri ölkələrin poetik ruhunu duyurmağa çalışmır, (əlbəttə, bu da var!) həm də bir-biri ilə tanış olur, gələcək yaradıcılıq əlaqələrinin özülünü də qoymuş olurlar. Əslində festival günləri dəyişik üslubların, tərzlərin yan-yana gəldiyi, yarışdığı, qaynayıb-qarışdığı mənəvi zaman anbarının, ya da dənizinin meydana gəlməsinə də sahiblik edir. Bunu öz təcrübəmdən deyirəm. Son illərdə dünya şeir festivallarında tez-tez iştirak etdiyim üçün dediklərimə hardasa şahid sözləri kimi də baxa bilərsiniz. Amma bütün bunlardan sonra "heyif cavanlıq çağından" nidası da içindən üsyan etməyə bilmir. Bizim nəslin cavanlığı keşməkeşli sovet dönəmində keçdi və hardasa mənim bu yöndən şikayət etməyə haqqım az olsa da (Çünki sovet illərində SSRİ Yazıçılar İttifaqının Xarici komissiyasının xətti ilə xarici ölkələrə az-çox getmək şansı olanlardan birisi də mən idim), deyə bilərəm ki, xaricdə yaşayan sənətkarlarla yaradıcılıq əməkdaşlığı qurmaq baxımından çox geridə qalası olduq. Həm də Dünya şeir festivallarında qarşımıza çıxan dil problemləri məni gənc ədəbi qüvvələrə üz tutmağa çağırır: Vaxt itirmədən ən azından bir xarici dil öyrənin ki, ədəbi münasibətlər qovşağında "dilsiz" qalmayasınız. Sovet dönəmi belə idi ki, əsasən rus dilinə önəm verilir və təbliğat maşını belə bir düşüncə yaradırdı ki, sanki bu dili bilməklə hər şeyi bilmiş olursan. Bunun belə olmadığı xarici dünyaya açılış imkanları yarandıqdan sonra ortaya çıxacaqdı ki, bu da gec olacaqdı, həm də çox gec!
Bu gün şeirlərini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etmək istədiyim alban şairi (Nə də olsa onu mənə doğmalaşdıracaq "alban" kəlməsi də öz işini görəcəkdi!) Jeton Kelmendi ilə hələ 2015-ci ildə Rumıniyanın Krayova şəhərində keçirilən Mixail Eminesku dünya şeir festivalında tanış olmuşdum. Amma bu tanışlığımız elə tanışlıq olaraq da qalacaq. Yola salmağa hazırlaşdığımız 2017-ci ildə isə iki ay ara ilə biz yenidən iki dəfə görüşəcəkdik. İyun ayında İtaliyada və sentyabrda Rumıniyada keçirilən dünya şeir festivalında daha yaxından tanış olacaqdıq.
Balkan
Albaniyası, Qafqaz Albaniyası paraleli!.. Albaniya ilə Azərbaycanı
coğrafi, tale baxımından bir çox şey birləşdirir.
Bizim Rusiya ilə İran arasındakı
sıxışıqlığımız Albaniyanın Qərbi
Avropa ilə Rusiya arasında sıxışıb
qalmağına bənzəyir. Onlar da uzun əsrlər
azadlığa can atmışlar, biz də. Onlar da bizim kimi
güclü qonşularından az çəkməmişlər.
Bütün bu tale
sıxışmışlığını Jetonun şeirlərindən
də oxumaq mümkündür. Qırx yaşına yenicə
nərdivan qoyan Jeton bu çox olmayan yaşında daha nələrə
şahidlik etməmişdir. O, Kosova müharibəsində
(1998-1999) əlində silah iki
il vətəninin azadlığı uğrunda ölüm-qalım
mübarizəsinə girişmiş bir müharibə qazisi -
veteranıdır.
Şair,
dramaturq, tərcüməçi, siyasi icmalçı,
jurnalist Jeton Kelmendi 1978-ci ildə Kosovanın Peja şəhərində
dünyaya gəlmişdir. Kelmendi soyadı adını Albaniya
ilə Makedoniyanın sərhədindəki dağ silsilələrindən
birinin adından almışdır. Bu soyun məğrur və
döyüşkən təmsilçiləri uzun əsrlər
ölkələrinin azadlığı uğrunda savaşlarda
böyük qəhrəmanlıqlar göstərmiş,
qurbanlar vermişdir. Jeton bir vətəndaş, ya da bir
yaradıcı adam kimi belə bir soyun görən gözü,
danışan dili olmaqdadır. Orta məktəbi və liseyi
öz məmləkətində bitirmiş, ali təhsilini
Priştinedə tamamlamışdır. Magistraturanı
Brüssel Universitetində (Uluslararası politika və güvənlik
sorunları) oxumuşdur. Sonra uluslararası güvənlik
politikalarında medianın rolu adlı elmi işini müdafiə
edib alimlik dərəcəsi almışdır. Uzun illərdir
ədəbiyyatla ilgilənməkdədir.
Şeirlər,
dram əsərləri, hekayə və məqalələri
dünyanın bir çox yerlərində çap
olunmaqdadır. Albaniyada və özəlliklə də beynəlxalq
qəzet və jurnallarda mədəniyyət və siyasi
mövzularda yazılar yazmaqdadır.
Jeton
Kelmendi, ədəbiyyat dünyasında 1999-cu ildə çap
etdirdiyi "Vəd çağı" adlı ilk şeir
kitabı ilə tanınmışdır. İlk uğurun
ardından bir çox kitabları çap olunmuşdur.
Şeirləri iyirmi beşdən çox dilə
çevrilmiş və uluslararası antologiyalarda yer
almışdır. Desək yanlış olmaz ki, alban şairləri arasında şeirləri
ən çox tərcümə edilən və ən
çox uluslararası mükafata layiq görülən də
yenə Jeton Kelmendidir. O, ədəbi tənqid tərəfindən
modern alban şeirinin ən
önəmli təmsilçisi kimi dəyərləndirilir.
Moskvalı şair Aleksandr Dimitrievin dediyi kimi, Jeton Kelmendinin
şeirləri modern Avropanın şeir üfüqlərində
qeyri-adi bir hadisədir. Bir çox ölkədə bilinən
bu gənc şair maddənin ruhsal dərinliklərini mənəvi
işıqla aydınladan və oxucularına "mən"inin
köklərini tapma imkanı tanıyan fərdi bir sənət
dünyası yaratmağı bacara bilmişdir. Əldən
çıxmışların xəyali əraziləri, kədərli
və şən, qəzəbli və həyəcanlı xatirələr
vətəni Albaniya Jetonun modern şeirlərinin ana xəttini
təşkil edir. Bu xətt hətta sevgi və gənclik
şeirlərinin alt qatlarında bir az aydın, ya da bir az
dumanlı bir biçimdə hiss edilməkdədir. Jetonun
şeirlərində zamaniçi yolçuluq
keçmişin, bu günün və gələcəyin vəhdəti
elə bir ustalıqla birləşdirilmişdir ki?! Az sözlə
çox fikir ifadə etmək imkanları Kelemendi şeiri zənginliyinin
önəmli fərdiliyini təşkil edir. Özgür
metaforalarla simvollardan yerli-yerində istifadə
başarısı, xəyal və gerçəkliklərin
qovuşması, ahəng və ritmlərin
düzülüşü onun sənətkar
ustalığının daha önəmli yönlərinin xəbərçisidir.
Əsərlərində şeirsəl anlatıma, mesajın
ustaca ötürülməsinə və mətnin dərinliyinə
önəm verilir. Yazarın ən sevdiyi tür; ayətlərlə,
metaforalarla və simvollarla iç-içə olan lirik
şeirlərdir. Hüznü və sevinci ayıran sərhəd
hardadır? Əsl şair zamanlardan uzaqlaşabilmə
istedadına sahibdir: uzaq, əski, çox uzaq olmayan, indiki və
gələcəkdəki xəyal edilənlər kosmopolit
oxucuya nə verə bilir? Günümüz torpaqlarının
sahibləri, sıradan adamların, zaman və məkan
bağlarını necə
bağlayacaqlarını öyrənməsini istəmirlər.
Yaşadığı və çalışdığı
hər ortamda şairin düşüncələrini və
ümidlərini daha yaxşı anlamamıza
yardımçı olmaq üçün Kelmendinin cəsur
axtarışları razılıq doğurur. Bu
düşüncələr bəlli bir ölkədə
dünyəvi olmağın mümkünlüyünü
isbatlayan düşüncələrdir.
Kelmendi,
özəlliklə ingilis, fransız, rumın və bir
çox uluslararası şeir akademiyalarının
üzvüdür, müxtəlif ədəbiyyat və
kültür jurnalları ilə davamlı əməkdaşlıq
etməkdədir...
İndiyə
qədər əllidən çox şeir, dram və tərcümə
kitabları dünyanın bir çox ölkələrində
çeşidli dillərdə yayımlanmışdır.
Əsərləri Uluslararası "Solənzara"
böyük ödülü (2010) Paris, Ulusal "Muhamməd
dini" ödülü şiir buluşması (2011)Yakova,
Doktor Honoris Causa - Ukrayna və Kafkasya Araşdırma
İnstitutu, Ukrayna Fən və Sanatlar Akademiyası (2012)
Kiyev, Uluslararası "Triumph Nikolay Gogol" ödülü
(2013) Ukrayna, Uluslararası "Böyük İskəndər"
ödülü (2013) Yunanıstan, Uluslararası "Dünya
şiiri" ödülü (2013) Bosniya və Herseqovina,
Uluslararası "Yılın tərcümanı"
ödülü (2013) Çin, Uluslararası "Ludviq
Nobel" ödülü (2014) Udmurtiya-Rusiya, Uluslararası
"Naji Naman" ödülü (2014) Livan, Ulusal "Rahibə
Tereza" ödülü, Uluslararası Albaniya ədəbiyyatı (2014)
Yakova-Kosova, Uluslararası "Mixail Eminesku"
ödülü (2016) Krayova - Rumıniya ödülləriylə
mükafatlandırılmışdır.
Məmməd İSMAYIL
Çanaqqala-Türkiyə
Ədəbiyyat qəzeti.- 2017.- 25
noyabr.- S.21.