Məhəmmədhüseyn Şəhriyardan yeni tərcümələr

 

Farsdilli Azərbaycan klassik ədəbiyyatından tərcümə işinin böyük tarixçəsi var. Bir çox tərcüməçilərin və şairlərin səyi nəticəsində Nizamidən, Xaqanidən başlayaraq Şəhriyara qədər şairlərimizin farsdilli şeir nümunələri dilimizə çevrilib. Lakin bu sahədə hər şey yekunlaşıb demək düzgün olmaz. Çünki hələ tərcümə olunmamış çoxsaylı poeziya nümunələri var. Bundan əlavə. əvvəlki tərcümələrin çoxu orijinalın bəhrlərində, vəznində yox, heca vəznində tərcümə olunurdu. Son illərdə isə ümumiyyətlə, bir çox poetik nümünələr filoloji tərcümə şəklində təqdim edilir. Məhz bu baxımdan müasir dövrdə əruzda yazmaq bacarığı olan gənc şairlərin klassik nümunələrin tərcüməsi işinə cəlb olunması, məncə, çox məqsədəuyğun olar. Gənc şair Məcid Əsrinin də Şəhriyarin farsdilli şeirlərindən etdiyi tərcümələr təqdirəlayiqdir. Onun əvvəl etdiyi və mətbuatda çap olunan tərcmələrində olduğu kimi, burada da orijinalın bəhri və vəzni olduğu kimi saxlanılmışdır...

Zənnimcə, bu sahənin müasir dövrdə inkişaf etdirilməsinə böyük ehtiyac var...

İlqar Fəhmi

 

Cəhan bazari içrə zar oldum,

Bu möhnətxanədən bizar oldum.

 

Görəndə yar əğyarə olub yar

Qalıb tək, həsrət ilə yar oldum.

 

Müxalif yel gülüm qapdı əlimdən,

Bu gülşəndə nəsibi-xar oldum.

 

Nə xoş röyadı gənclik sevgisi, heyf,

Bu röyadən ki, mən bidar oldum.

 

Əziz olmaqdır az qalmaq cəhanda,

Bu dünyadə qalıb çox, xar oldum.

 

Yaşım ulduz kimi axdı gözümdən,

Qucaqlaşdım gecəylə yar oldum.

 

Saçı zənciri ta boynumda rüsva,

Dolandım kuçəvü-bazar, oldum.

 

Vəfanı, Şəhriyar, əfsanə gördüm,

Cəhan seyrində çox səyyar oldum.

 

***

 

Ey cigərguşə, kimdi dəmsazin -

Ki dinib yandırır cigər sazin?

 

Sazının simi titrəyər, könlüm,

Titrədər o təranəpərdazin.

 

Mələkutun quşu, pərin mən tək,

Kim qırıbdır ki, yoxdu pərvazin.

 

 

 

Vay aşiq yarali bu quşa ki,

Yarəsiylə  edər nəva, sazin.

 

Nazəninim budur niyazim ki,

Ömr olduqca ta çəkəm nazin.

 

Şurə Fərhadi, nazə Şirini

Eylər ehya, bu şurü-şəhnazin.

 

***

 

Hicrindəyəm, ey vəslin üçün mayədi həsrət,

Həmxanədi hirman mənə, həmsayədi həsrət.

 

Sayən yox olandan bəri, ey sərv, başımdan,

Bir dəm belə kəm olmayacaq sayədi həsrət.

 

Sərmayəm idi varlığım, eşqində batırdım,

Kəsb eylədiyim hicrdə sərmayədi həsrət.

 

Çatdırdım o zülfün gecələr qissəsin Ayə,

Düzdür gecə söylərlər uca payədi həsrət.

 

Dövran anasindan dogulandan, dedilər mən

Ki qəm ətəyin nənnim edən dayədi həsrət.

 

Ya Rəb, nə peyəmbərsən olan lovhü-qələmdən

Nazil uca şənində sənin ayədi həsrət.

 

***

 

Ziyarətim nə əcəb, aşina, əda elədin,

Dedin yetər sənə biganəyəm, həya elədin.

 

Cəfavü cövrü sitəm ki, sənin şüarin idi,

Nə fikr ilə mənə bəs mehr ilə vəfa elədin.

 

Bu mən ki, cövrü cəfalər görüb vəfa elədim,

O sən ki, mehrü vəfalər görüb, cəfa elədin.

 

Gəl, ey qəmər, hami namehribanlığın ilə sən,

O xoş gəlişlə bu qəlbə səfa əta elədin.

 

Gözündə var elə məsumluq, görən sormaz,

Səbəb nə oldu ki, sən böylə macəra elədin?

 

Cəhanın işləri hərgəh deyildi kamimca,

Gəlib cəhan ara hər mətləbim rəva elədin.

 

O sərv qədd, o qəra tellərin də çəkdirərək

Qəmin mənə, belim əydin, günüm qəra elədin.

 

Bir ahu tək baxışınçün bağışladım daim

Sən ey xəti-Xütəni hər nə ki xəta elədin.

 

Gedib gedişin ilə canə yolladın min dərd,

Gəlib gəlişin ilə hamına dəva elədin.

 

Qəzəl xəzinəsinin Şəhriyarın açdın sən,

Könüldə özgə şəhi vardısa, gəda elədin.

 

***

 

Batdı bəxtim ulduzu, gəldi qəra falim mənim,

Çərx misli döndü, yüz əfsus, iqbalim mənim.

 

Açmadım öz dərdimi, gördüm gülür biganələr,

Aşina, açsam səni həm ağladar halim mənim.

 

Yoxdu kölgəmdən səva aləmdə kimsəm, qorxuram,

Ülfətim tərk eyləyə həm bu dili-lalim mənim.

 

Qaçdı əqlim, ey pəri, bir gün səni görməklə mən,

Eşq əgər məndən qaça, gör onda əhvalim mənim.

 

Bir yuvasız qumriyəm, vardım sədaqət baminə

Su ilə dən vermədin, qırma barı balim mənim.

 

Bəs ki döndərdim geri ömrün cilovun xatirəm,

Göz önümdə nəqş qıldı tifl timsalim mənim.

 

Ey gözəl, sən tifl idin, gördüm pərişan saçların,

Gəldi ta eşqin kitabində qəra falim mənim.

 

Ey səba, gördükdə o gül dəstəsin ərz eylə ki,

Xoş söküb şirazəsin dağıtdın amalim mənim.

 

Hər işi əhlinə eylərlər həvalə, Şəhriyar,

Həll edər müşkilləri əlbəttə həllalim mənim.

 

Çevirəni: Məcid Əsri (şair-tərcüməçi)

 

Ədəbiyyat qəzeti.- 2017.- 25 noyabr.- S.31.