Canımın içi...

 

Borçalıya Rafiq Hümmətə açıq məktub

 

Əzizim Rafiq Hümmət!

Borçalı mənə qarış-qarış, ev-ev doğmadı. Sazı-sözü, aşığı ruh kimi canımda əsir.  Sənin şeirlərini də o torpağın bir parçası kimi qəbul elədim - doğma, ağrılı, yanğılı. Duyğularımı bir parça kağıza büküb bütün yazarlarınıza ehtiramla sənə - Borçalıya ismarıc göndərirəm.

İsa İsmayılzadədən yazmaq arzusu başımda dolanırdı. O şairin gülüzlü misraları tez-tez könül evimin qapılarını döyəcləyir, dilimdə, ruhumda səslənirdi... "Ay ata, ay ana, ay doğma ocaq, siz mənə, siz mənə bir ömrü halal eləyin...",  "Mən bir termos şüşəsiyəm, çiliklənib tökülmüşəm içimə, kimin nə vecinə...", "Keçim Qarayazı düzənliyindən..." və başqa misraları bəzən içimdə zümzümə eləyir, daim narahat, axtarışda olan sevimli İsa İsmayılzadənin ruhuna dualar oxuyurdum. "Yurd yeri"nin payız nömrələrinin birini ona - üslubunu, özünü və yurdunu sevdiyim istedadlı söz adamı İsa İsmayılzadəyə həsr elədim.  Bununla, ürəyim soyumadı, möhtərəm "Ədəbiyyat qəzeti"nin səhifələrində oxucularla öz duyğularımı bölmək istəyim hələ də öz qüvvəsində qalır.  Sadəcə bu yazını bilərəkdən, ya bilməyərəkdən özüm uzadıram ki, qoy onun misralarını, onun iç dünyasını bir az da canımda çox gəzdirim...

Elə bu anlarda "Ədəbiyyat qəzeti"nin 23 sentyabr 2017-ci il sayında başqa bir Borçalı torpağının yetişdirməsi, məndən bir az da cavan, Borçalı ədəbi mühitinin ağırlığını çiyinlərində daşıyan Rafiq Hümmətin şeirlərini oxudum. O yazılar məni o qədər duyğulandırdı ki, - yəqin İsa İsmayılzadənin ruhu məni bağışlayar - onu arxa plana keçirdim.  İsa İsmayılzadənin, şəxsiyyətinə hörmət elədiyim Abbas Abdullanın nəfəsi döyünən Rafiq Hümmətin şeirləri haqqında fikirlərimi bir qədər önə çəkdim.  Qabaqcadan onu deyim ki, mən Rafiq Hümmətin ilk dəfədir ki, bu qədər şeirləri ilə tanış oluram.  Səhv etmirəmsə, bu səhifədə Rafiq Hümmət on iki şeiri çap olunub.  Yazılarının hamısı gözəldir. Ancaq onların altısı mənim ürəyimcədir:  "Tiflisdə yaz yağmuru", "Sənə nə, adam...", "Ruhum sızlar kiçik çöldə", "Yavru qurdum", "Məni bircə gün sevin" və "Canımın içi"... Mənə elə gəlir bunların adları da çox söz deyir. Ancaq adlarından başqa Rafiq Hümmətin bu şeirləri, o yazılardakı hissləri "can köynəyi"ndən keçirib, "canının içinə bələyib" o qədər özünə doğmalaşdırıb ki, deyərsən elə bunun özünün, babasının sözləridir, yazılarıdır, ancaq özünə, fərdi mülkiyyətinə aiddir. Kənarda nə bu sözlərin, nə bu düşüncənin, nə bu ifadənin, nə də bu "dilin" yaxşı mənada özündən başqa heç kimə, heç kəsə dəxli, aidiyyatı yoxdur.  Beləcə çəkilib "içinin içinə" - özünü qabağına sərib bir az ağlayır, bir az canıyla dərdləşir, içiylə bağlı sorğulara cavab verir...

...Elə soyuyub, gülüm,

qanım, qanımın içi -

sənin canın ağrıyır,

mənim canımın içi...

"Canımın içi"nin heç kimə bənzəməyən ağrısının - bıçaq sümüyə dirənən dərəcədə bədii iniltisi eşidilir. Rafiq Hümmət çağdaş sözümüzdə olan formanı götürüb, abstrakt ünvan qurub, "oynamır", "ağrımayan yaranı qaşıyıb qan çıxartmır" - dərdin ən aşağı mərtəbəsinə - "içinin içinə" enir, alt qatdan ruhu, canı silkələyir.  Forma baxımından buna gəraylı demək də olar, deməmək də... Ancaq hər halda öz formasını tapmış şeirdi. Çox sadə başlayır yazı...

İlk görüş... soyuq oda,

işləmirdi qaz peçi.

Dedim, gəl mənə sığın,

İsin, canımın içi.

İlmə-ilmə toxunur, söz-söz, bənd-bənd hörülür...

Yüz şeirimdə sordular,

- O bəxtəvər kim, nəçi?

Dedim mən ona canam,

o da canımın içi.

Bir var misrayla, bəndlə yazılan şeirlər, bir də var söz-söz, səs-səs çapılan, doğranan duyğular.  Rafiq Hümmət şeirlərindəki səsi, sözü canının içindən "yonub çıxarır".

Rafiq Hümmətin "içinin içini" ağrıdan nədir? Nədi onu Tiflisin yaz yağmurunda çöllərə salan? "Bizim dərdlərimizin ayaqları" çox uzundu.  Dərbəndə, Təbrizə, İrəvana, Borçalıya qədər uzanıb gedir. Nə dərdlərimizin ayaqlarını gödəldə bilirik, nə də ağrımızın boyunu...

Tiflisin mən bilən küçəsi ilə

Özüm-özüm ilə danışa-gülə,

adamdan, heyvandan, quşdan aralı,

bir azca bəxtiyar, bir az yaralı,

Yağmuru canıma sarıb gedirdim,

Sahibsiz dəlitək varıb gedirdim...

...Sahibsiz dəlitək varıb gedirdim... Bax, dilin bu qatı üçün ölürəm. Bu dildi Rafiq Hümmətin şeirlərini mənə sevdirən.

Köhnə gedişlərə bənzəyir "Sahibsiz dəlitək varıb getmək". Vaxtilə Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, sonra Mirzə Cəlil, Həmidə xanım, nəhayət, Tiflisdən, dostlardan bulunmaz dərdinə çarə arayan Mirzə Ələkbər Sabir... Heç biri nə özünə, nə də millətinə əlac tapa bilmədi "Tiflisin qarışıq, dar küçəsində"...

Çünki, küçələr burda başdan dar çəkilib. Bu dar küçələrlə böyük dərdləri daşımaq olmur. Nə içimizdən, canımızdan pöhrələyən çatışmazlıqları, nə də kənardan bizə təlinən soyqırımları, ərazi parçalanmalarının şırım açan yarasını bağlamaq olmur.

Gedirdim... getdiyim yollar dar idi,

Qulaqlar tıxalı, gözlər kor idi,

Vəzirə, vəkilə ağız açmağım -

Yaman çətin idi, yaman zor idi.

Tiflis o vaxtlar da canişinliyin mərkəzi idi. Güney Qafqazla bağlı əksər idarələr, mərkəzlər orda - dar küçələrdə yerləşirdi.  Böyük Mirzə Fətəli müsəlmanın başına gətirilənlərə bir az bələd idi deyə haray çəkib "Mürafiə vəkilləri"nin əlindən dad qılırdı.  "Xırs quldurbasan"ları ortaya hədəfə gətirirdi ki, bu qadasın aldığım "iki ayaqlı müsəlmanlar" ağır başını qaldırıb qovzasın. O vaxt da eləydi, indi də... İndi də Rafiq Hümmət "Vətənin qıraqda qalan yerləri"nin mənəvi ağırlığını boynunun ardına çəkərək gileylənir.

...Gedirdim gözləri dolaşa-dola,

Nə sağa baxırdım, nə də ki, sola.

Tanrı su səpirdi yanan ümidə,

Əriyən asfalta, alışan yola...

Tanrıya üz tutmaqdan başqa kiməsə gümanımız gəlirmi, şair? Ulu Səməd Vurğunun misraları yada düşür:

Allah da çox sevir, Allaha yalvar,

Onun məndən də çox kəraməti var!..

...İnsan dünyaya gələndə öz yükü ilə doğulur. Kimininki ağır olur, kimininki yüngül. Rafiq Hümmətin taleyinə cavabdehlik deyilən bir bəla yüklənib.  O, yerə, göyə cavabdehdir. Ətrafında, böyür-başında olan biganəliyə, soydaşlarının bulanlıq suda "balıq tutmasının şirinliyinə", aludəçiliyə dözə bilmir.   Adamın çox, lakin adamlığın hürr kimi göyə çəkilməsiylə barışmır. Yurddaşları oyatmaq üçün ayrı-ayrı bədii formaların köməyi ilə fikrini çatdırır.

 

Duydunmu bu məsəli, yavru qurdum?

ruzigarlar nə qədər ağır olsa belə,

qağayılar öz dənizlərini tərk etməmiş,

qartallar öz zirvələrini,

qurdlar öz meşələrini,

sərçələr öz həyətlərini -

cənnət misal yaylaqlara dəyişməzmiş...

Sözdən, misradan şairin yanğısı duyanın ruhunu odlayır, yananın bağrını. Şeirin minillik yoludur bu. Bu yolu ərənlər gedər. Bu yolun təşnələri torpağın altında belə diridir, nəinki torpağın üstündə ola.

Kişilər də belədir, yavru qurdum...

Aclığa da, səfalətə də,

Kinə də, nifrətə də.

içinə qan sızan zəhmətə də

Əqidəsinə və sevgisinə bürünüb dözər.

Ədəbiyyatla cəmiyyətin tərbiyə olunmasına ümidim çox azdır.  Ancaq onunla yanaşı sözün, bədii mətnin islah edən tərəfini daha çox sevirəm.  Ömrüm boyu bir şeyə özümü inandırmağa çalışmışam ki, nə vaxtsa insan cəmiyyətinin çox vaxt özündən qaçdığı ruhi məqama, özündə gizlənən idrak işığına dönüşü başlanacaq.  Belə olmasaydı minillik söz ağacının kökü də, budaqları da çoxdan quruyub, çürüyüb gedərdi.  Yoxsa qılınc tutanların, hökm sahiblərinin çürümüş sür-sümüklərinin üfunəti dünyanı ağzına alardı. Onda nə sözə, nə də xislətində olan naqislikləri vurub yox eləməyə, dağıtmağa çalışan, söz sahiblərinə ehtiyac belə qalmazdı.  Hökm sahibləri söz xiridarlarının külünü göyə sovurardı. Deməli, hələ sözə, onun islah gücünə bərayi ehtiyac var. Yoxsa Rafiq Hümmət özünə deməzdi ki...

Nədən üzülürsən?

                           sənə nə adam? -

kim kimi aldadır,

                        kim kimi satır;

kim kimə qoz verir,

                        kim kimə badam,

harda kim oyanır,

                        harda kim yatır.

Şairin həmcinsləri, yurdçuları, eloğluları - əksəriyyəti bu şeirdə deyilən və deyilməyənləri, bir az da göstərilənlərdən artığını eləyir, bununla da sivil dünya qanunlarından uzaq dədə-baba qaydalarının icraçısına çevrilir.  Ancaq lirik qəhrəman - şair özü bu "qoz-badam" alverindən, aldadan, satan oyunu ilə razılaşmır, bunlardan üzülür.

Otur bax beləcə - əli üzündə...

otur öz-özünə tamaşa elə.

Bu dünya başlayıb tamaşa ilə,

bu dünya bitəcək tamaşa ilə.

Tamaşa qəhrəmanlarını xatırladan, üzlərinin suyu qurumuş bu adamlar o qədər kəmrəhimdilər ki, elə bilirlər bütün bu elədiyi işləklər Tanrıdan gələn yazılmayan qaydalardır, o pir olmuşlar bilmək istəmirlər ki, iki ayaqlı, bir başlı, iki uzunqulaqlı bəndələrin əliylə, əməliylə yazılıb. Bunun qanuna, genə, millətə, onun irfani qaydalarına dəxli-zad yoxdur. Bir də o binəvalar elə bilirlər ki, bununçün günahkar onu göstərənlərdir, yazanlardır, eləyənlər yox. Sabirdi, Mirzə Cəlildir, Əbdürrəhim bəy Haqverdiyevdir, ya da Səməd Qaraçöpdü, Rafiq Hümmətdi, Abbas Abdulladı.  Yadıma qəfil düşdü dədə Abbas Abdullanın illər öncəsi harayı.

Göyə ucalıb damları,

Çiçək açıb badamları,

Mən ağlasam adamları -

Göz yaşımı silərmi ola?

Yəqin ki, bu harayına cavab olmayan ustad özünə, içinə qapıldı.  Gördü ki, səs çıxmır, ağlasa səsinə səs verən olmayacaq, başını buraxdı - şeirimizin gül xonçası olacaq özündə ulu ruhları yaşadan gülüzlü gəraylıları...

Sonra da hər şey çox rahat oldu, həmin çarx, həmin dəyirman. İndi də Rafiq Hümmət üyünür o dəyirmanda...

Nə vaxt sevgilər tən olar,

vaxt dost dosta düz gələr -

Eynimə olmaz göylərdən

Daş ələnə, ya buz gələ...

Düz gəlmir. Rafiq Hümmət, nə sevgilər tən olur, nə dost-dosta düz gəlir. Dünya aldadır, ovudur insanları. Baban Göyçəli ustad Ələsgər demişkən:

Yaxşı gözəl qismət olur yamana -

Yaxşılar yaxşıya yazılmır nəysə...

Gör nə qədər paralellər, çarpazlar gəlir bir bəndə, bir misraya. Demək bütün ucalıqlar bir məcrada birləşir.  Yaxud əksər fikirlər deyilib, qalır nəsə demək... Necə ki Rafiq deyir.

Ruhum sızlar kiçik çöldə,

Ətrim əriyər bir güldə,

Son ümidim ölhaöldə -

Əllərimə üç tuz gələr.

Baxın özünəməxsus deyim nə gözəl sonluqla bitir.

Lala dönsəm bu dünyada,

Dil qapatsam, dosta, yada,

Ya dağdan can dostum ya da

Bakıdan Nurafiz gələr.

Sözü gör necə usta eydirib - haraya gətirib çıxarır. "Sahibsiz dəli tək varıb gedirdim" - kimi.

Rafiq Hümmətin şeirlərində dil durudu, aydındı. Ən uca mətləbləri yumaq kimi açır, incələyir. Torpağından, yurdundan, canından gələn bir ruh var ki, o daim oyaqdır, ayıqdır, haradan gəlib, haraya getdiyini çox aydın dərk eləyir. Yüyənə, qantarğaya məhəl qoymayan kəhər at kimidir ruhu. Misralar, bəndlər arasında dördnala çapır belədən-belə. İnsanlara, özünəməxsus qaydada yanaşa bilir.

Giley-güzar ha etmirəm,

Hər şey öz qismətimdi.

Nifrət etməyim də zülm,

Sevməyim də çətindi.

İnsanların bir-birinə qənim kəsildiyi, heç kimin bir-birinin kitabını oxumadığı bir vaxtda Rafiq Hümmət sevgidən danışır - insanlara, iki ayaqlıya olan saf sevgidən danışır. Özə də necə sevgidən...

Sevdiyimi bürcüm kimi,

qalam kimi sevərəm.

Atam-anam, qardaş-bacım,

balam kimi sevərəm.

Sevginin ucalığına bax - bir dinli, bir ruhlu, bir yönlü, heç kəs belə sevmir. Dilucu sevgilər var, boğazdan yuxarı münasibətlər... bunlar zamanın yaratdığı münasibət sevgiləridi. Rafiq Hümmət isə ürəyi dolu, gözü tutunca sevir... Ruhu göy, çuxasının ətəyi yer süpurən kişilər kimi sevir. Bu əyilməz, dəyişilməz, qılıncların, mizraqların od saçan ağzından su içən sevgidir.  İllər, sənələr bu sevgini aşındıramaz.

Yekun olaraq, əzizim Rafiq Hümmət!

Şeirlərin mənim ruhumu silkələdi. Çap olunan yazıların içində şah misralar var ki, daim yaddaşımda istədim, istəmədim təkrarlanacaq. "Sənin canın ağrıyır, mənim canımın içi", "Sahibsiz dəlitək varıb gedirdim", "Son ümidim ölhəöldə, əllərimə üç tuz gələr", "Ya dağdan can dostum, ya da Bakıdan Nurafiz gələr" və başqa misraların tam əminəm ki, istedadlı qələm adamlarının dilinin əzbərinə çevriləcək. Deməyən də ola bilər.  Hamı odun hənirini doğma qarşılamır. Ancaq mənimçün Borçalı torpağından sevdiyim şairlərin - Abbas Abdullanın, İsa İsmayılzadənin, Səməd Qaraçöpün layiqli sırasına bir imza da əlavə olundu.  Rafiq Hümmət adıyla bağlı hər bir yazı mənimçün maraqlı olacaq.

Bundan əlavə, sənin Gürcüstan ədəbi mühiti üçün elədiklərin işlərin bəzilərindən bir qədər halıyam. Bir də halı olmayım. Bu cür duyğularla yaşayan, bu tipli ağır mövzuları öz canından, canının içindən keçirən söz adamının hansı təlatümlə yaşadığı mənə gün kimi aydındı. Onun millət sevgisi, milli yanğısı, yurd təəssübkeşliyi misralardan, sözlərin ağrısından, ağırlığından bilinir.  Hər şeyə yüngül baxan duyğu adamının misraları da özünə bənzəyir. Yaxşı ki, səndə bunlar ağırdı, ağrılıdı.  O şey gözəldir ki, onun xiridarı, qiymət verəni gözəldir.

Çox pis haldı ki, bizdə çox vaxt layiq olmayanın ön sırada adı çəkilir.   2015-ci ildə Əlabbas, İbrahimxəlil, sən və mən Tiflisdə görüşəndə yanıqlı-yanıqlı dərdlərimizi xırdalayanda, səni tanımırdım. Heç bu yazılara qədər də sənə bələd deyildim.  Şeirlərinlə tanışlıq, səni mənə bütün çalarıyla tanıtdı, bütün əzalarının nəylə nəfəs aldığı mənə gün kimi aydın oldu. Əsas bu tanışlıqdı, o birilər elə belədi.

Nə yaxşı səni belə tanıya bildim.

Oyanışı yolunda canını qoyduğun yurdunla şən ol!  O yurdun ağırlığını kürəyində daşıya bilən qələm və qol, ruh adamlarıyla var olun.

Bir də və ən əsası qələmini dərin və yüklü mövzulara daha salğarla yönəlt, daha zəngin qənimətlə qayıt söz səfərindən, ustad Nazim Hikmət demiş "Pətəkdə balın olsun, arısı gələr Bağdaddan".

Qələminə və ruhuna dərin sayğılarla Avdı Qoşqar.

 

P.S. Bu yazını oktyabr ayının ikisi-üçü səfərdə olduğum Amerikanın Kaliforniya Ştatının San-Dieqo şəhərində qələmə alıram.  Gör şeirlərin məni necə tutubsa, təzə tanış olduğum San-Dieqo boyda şəhəri görmək duyğularımı üstələdi.  Burda keçən vaxtımın bir hissəsini bu yazını yazmağa sərf elədim.  Bunu sənin yazıların məcbur elədi.  İnan ki, bəzi misraları San-Dieqonun küçələrini gəzə-gəzə bələdçim Elşən bəyə deməyi də yaddan çıxarmıram. Var ol, növbəti görüşlərədək!

 

03 oktyabr 2017-ci il

Amerika, San-Dieqo

 

Avdı Qoşqar

 

Ədəbiyyat qazeti.- 2017.- 25 noyabr.- S.28-29.