Güzgülər
Hekayə
Aparıcı:
- Məşhur aktyor Samir Səhər yoxa çıxıb. Bu
barədə onun hazırda çəkildiyi "Aynalar"
serialının rejissoru xəbər verib. Onun sözlərinə
görə dünən səhərdən aktyoru tapmaq
mümkün olmayıb. Hadisə ilə bağlı polisə
də məlumat verilib. Lakin DİN-in mətbuat xidməti
aktyorun ölkədən çıxmadığını deməklə
kifayətlənir. Axtarışlar davam edir. Ailəsi,
yaxın dostları onun başına bir şey gəlməyindən
şübhələnirlər. Aktyor bu gün efirə getməli
olan verilişində də iştirak etməyib. Telekanal rəhbərliyi
də aktyorlarla bağlı heç bir məlumat
olmadığını bildirib. Bu müəmma dolu itkin xəbəri
ölkənin bir nömrəli gündəminə
çevrilib. İndicə son dəqiqə xəbəri daxil
oldu: Bəli, Bakı şəhər Baş Prokurorluğu
Samir Səhərin itkin düşməsi ilə bağlı
cinayət işi açdığı barədə informasiya
yayıb. İstintaq davam edir. Hələlik bütün xəbərlər
bundan ibarətdir.
Qaynar ütü
İki il
sevgili olduq. Mən onun yanında yenidən doğuldum. O məni
özü ilə bambaşqa dünyalara apardı. Orda nə
qızların məişət söhbətləri, makiyaj,
cehiz, uşaq nağılları yoxuydu. O yer bambaşqaydı.
Bu onun dünyası idi. Sonradan düşünürdüm ki,
mən illərlə bu dünyanı arzulamışam. O zamana qədər hər şeyi
ilə adi olan bir qız idim. Onun yanında sərbəst idim.
Rahat idim. "Balam" deyirdim
ona. Doğrudan da balam idi. Bu gün səhnədə Əmir
Teymuru oynayan o nəhəng adam mənim qucağımda elə
uşaq olurdu ki. Saçlarını
qarışdırırdım, başını
küçük kimi qoynuma soxurdu. Sanki orda rahatlıq
tapmışdı. Orda rahat idi ona. Səhnədə dağ
boyda olan kişi mənim yanımda lap körpə idi. Anasını
uşaq vaxtı itirmişdi. Həmişə
düşünmüşdüm ki, anasının da qoxusunu məndən
alır. Allah günah yazmasın. Amma o cür
görürdüm. O vaxt o kim idi ki. Adi bir aktyor. Onun kimi
yüzü vardı. Biz evlənəndə təzəcə
işə düzəlmişdi. Çox
çalışırdı öz üstündə. Çox
arzusu vardı. Baş rollar oynamaq istəyirdi. Bütün
günü ya filmə baxırdı, ya da kitab oxuyurdu. Hə,
bir də, dəfələrlə məşq edirdi.
Üç dəqiqəlik rolu olsa belə, onu ən
yaxşı şəkildə oynamaq istəyərdi. Günlərlə
məşq edərdi. Axırda deyirdim ki, əzizim,
özünə niyə bu qədər əziyyət verirsən,
sən o rolu məşqsiz də oynayarsan. Deyirdi ki, yox, rol
kiçik deyil, aktyorlar kiçikdir. Bacarırdı da. Qalib gəlirdi
həmişə. O uğur üçün
yaranmışdı. Hamı deyirdi ki, bəxti gətirir. Mən
bilirdim elə deyil, düzdür, bəxti də gətirirdi.
Amma o səhnəni elə sevir və bunun üçün o qədər
çalışırdı ki. Bilirdim ki, o adam bütün bu
uğurların hamısını zəhmətlə
qazanıb. O, buna zəhmət deməzdi. Deyərdi ki, zəhmət
tikintidə daş daşıyanlarda olur. Saatlarla məşqdən
yorulmurdu. Deyirdi ki, insanın sevdiyi işlə məşğul
olmasından gözəl şey yoxdur. Özünə
çox inanırdı. Amma şöhrət azarı yox idi.
Heç zaman da olmadı. Onun istədiyi sadəcə ürəyincə
olan rollar idi. Evdə çox pinti idi. Corabları hara gəldi
atırdı. Hamamı belə yadına mən
salırdım. Yemək verməsəydim günlərlə ac
qalardı. Həmişə bunun üstündə davamız
düşərdi. Deyirdim ki, evin vəziyyəti ilə
maraqlanmırsan. İşıq puluna elə baxırdı ki.
Elə bil Mars planetindəki filankəsin işıq puludur. Ona
heç bir dəxli yoxdur. Yadına düşməzdi onu
ödəmək. Vecinə də deyildi. Adi şeylərin
üstündə savaşırdıq. Anam məni mətbəxə
qoymayıb. Mən nə bilirdim yemək bişirməyi.
Günlərlə yemək bişirmədiyim olardı. O
bişirərdi amma. İstəyəndə bişirərdi
amma. Onu da sevgiylə edərdi. İnternetə girərdi.
Reseptlər axtarardı. Yüz cür ədviyyat alıb gətirərdi.
Bu adamın sevgisiz görə biləcəyi heç bir
iş yox idi.
Mən
onu eqoist bir insan kimi tanımamışdım. Bəzən
cibindəki son manatı çıxarıb dostuna verərdi. Və
bunu elə ordaca unudardı. Neçə dəfə
sınamışdım, təmənnasızlıq məsələsi
deyildi bu. Sadəcə unudurdu, vəssalam. Bircə qəhvəsi
əskik olmasın, bir də siqareti. Onu maddi həyata
bağlayan yeganə şey qəhvə və siqaret idi. Qalan hər
şey, amma hər şey onun vecinə deyildi. Mən də
daxil olmaqla. Başa düşürsüz. Mən belə. Mən
onun üçün ev əşyası kimi bir şey idim.
Filmlərin, tamaşaların, kitabların arasında o elə
rahat idi ki. Mənim yoxluğum belə yadına düşməzdi.
Amma hər gün mütləq qucaqlayardı məni. Elə
bil telefon adaptoruyam. Telefon dolduqdan sonra bir kənara atılan
adaptor. Özümü onun həyatı üçün
ikinci dərəcəli bir şey kimi görməyə
başlayırdım.
O isə
dalbadal uğurlar qazanırdı. Böyük səhnələr,
filmlər. Pulu bol, zəhməti çox seriallar. Getdikcə məşhurlaşırdı,
maddi vəziyyətimiz də düzəlirdi, amma sanki
aramızda da uçurumlar yaranırdı. O bu
uçurumların fərqində olmadıqca bu uçurumlar
da böyüyürdü. Bu uçurumlarda bir nədir,
yüz adam boğulardı, əzilərdi, ölərdi. O
boşluqlara bir ordunu dəfn etmək olardı.
Savaşırdıq, o daim üzr istəyirdi, deyirdi ki, mənə
qarşı daha diqqətli olacaq. Bir-iki gün elə də
edirdi, sonra yenə öz havasına qayıdırdı, yenə
əvvəlki kimi olurdu. Onun yanında olanda sanki mən
qadınlığımı da itirirdim. Dönüb
baxmırdı ki, mənə. Oğlan kimi geyinirdim az qala, daim
cins şalvar, qısa saç. O başqa qadınlarla çox
maraqlanırdı, aradabir yazışmalarını tuturdum, o
qadınlarla necə sevgiylə danışırdı Allah. Hətta
bir dəfə üstlərinə çıxdım. Mən
onun bu şeylərini bağışlayırdım, sanki
oğlum idi, qonşunun şüşəsin
qırmışdı, o cür baxırdım, bir az
qışqırıb sonra sakitləşirdim, sanki belə də
olmalı idi.O da hər dəfə mən onu
bağışladıqdan sonra mənə elə
sarılıb yatırdı ki... Bu ürəkdən gələn
ən səmimi bir peşmançılıq idi lakin onun
sonrakı xəyanətinə maneə ola bilməyən bir
peşmançılıq.
Bir dəfə
mənim haqqımda bir qeydini tapmışdım, bloknotundan.
Adımı yazmamışdı, amma oxuyan kimi bildim ki, məni
deyir. Yazmışdı ki, pişiyə
yanaşdığın qədər sevgiylə, nəvazişlə
baxmırsan mənə. Eləcə bircə cümlə idi.
Mən o cümlədəki soyuqluğu gördüm.
Üşüdüm o cümlədən. Amma o bir az sonra gəlib
məni elə mehribanlıqla qucaqladı ki, utandım o
cümləni ona xatırlatmağa. O, böyük səhvlər
edən balaca bir uşaq idi. Mən uşaq
bağçasında müəllimə deyildim. Atom
fizikası oxumuş qız idim mən. Mən dünyanı
partladardım. O da dünyanın altında qalardı. Mən
uşaq bağçasında işləmirdim ki. Mən
qadın idim sadəcə. Əsəbiləşəndə
öz-özümə deyirdim ki, ay ana, bunu böyüdüb
ölərdin də. Sevgidən yetim qalıb bu.
Çatmır buna heç nə. Bütün sevgisini sənətə
verir. Mənə çatmır. Amma elə alır məndən.
Üstəlik başqalarından da. O mənim nəyim idi ki? Bilmirdim.
Uşağım, sevgilim, ərim, dostum, yoldaşım. Mənim
ilk məhəbbətim. Yox, biz hər şeyin ən pikini
yaşayırdıq. Sevginin də, ehtirasın da,
zorakılığın da. Bir dəfə üstünə
qaynar ütünü atmışdım. O da güldan
atmışdı mənə. Güldan sınmadı, amma mənim
qolumu elə pis ağrıtdı ki. Tez üstümə
atılıb qucaqladı məni. Ağladı. Mən də
bir gördüm ki, onu qucaqlayıram. Ağlayıram. Belə
bir sevgiydi bu. Və belə bir zülm. Heç cür
ayrıla bilmirdik bir-birimizdən. Bəzən o əsəbiləşib
gedirdi. Gecənin bir aləmi qayıdırdı. Üzündəki
əzabı görməli idiniz. İçəri girib
qapıdan mənə baxırdı, "çayın yoxdur
ki?" - deyirdi. Sonra özü keçib qəhvə dəmləyirdi.
Mən də stolun üstünü
yığışdırıb ona diqqətlə
baxırdım. İlk dəfə görürmüş kimi.
Qəribə və gözəl bir heyvana baxırmış
kimi. Hər şeyimiz beləydi. Bircə dəfə. Cəmi
bircə dəfə küsəndən sonra
barışmadıq. Onun bir kitabı vardı, Şekspirin lap
köhnə bir nəşri. Tələbə olanda
almışdı, Şekspirin evdə çoxlu kitabı olsa
da, ona ən əziz kitab bu idi. Daim stolunun üstündə
olardı, kitab oxunmaqdan və köhnəlikdən didik-didik
olmuşdu. Bir gün o yenə evə gəlib çay belə
içmədən bu kitabı oxumağa başladı. Mən
də dedim ki, telefonumuz kəsilib sabah ödəyərsən,
o da mənə dilucu nəsə dedi. Mən əsəbiləşdim,
qışqırdım, o da çox sakitcə "oldu" -
deyib yenidən kitabı oxumağa başladı. Mən daha
dözmədim, stolu möhkəmcə ona tərəf itələdim.
O qəfildən ayağa qalxdı, əlindəki kitab yerə
düşdü. Hələ də sakit idi və onun bu
sakitliyi məni hər şeydən çox əsəbiləşdirirdi.
Kitabı götürüb ortadan cırdım, bu an sanki o
çilik-çilik oldu. Yenə heç nə demədi,
susdu. Divana çökdü, əli ilə üzünü
tutub susurdu. Onun bu susqunluğu mənə ölümcül təsir
edirdi, amma ona yaxınlaşmağa da cürətim
çatmırdı. Beləcə, nə qədərsə
zaman keçdi. Beş dəqiqə, bir saat, yoxsa iki gün. Mən
ona tərəf getməyə qorxurdum, qorxurdum ki, məni
öldürər. O qədər qorxunc bir görkəmi
vardı. Həyatda ən əziz insanını itirmiş adam
kimiydi. O anda o hər şey etməyə qadir idi. Sakitcə
yerimdən ayağa qalxıb kitabı götürdüm,
yapışdırmaq üçün yapışqanı
axtarmağa başladım, o məni görüb
ildırım sürəti ilə kitabı məndən
aldı və onu qucaqlayıb yerinə oturdu. Sifətində dəhşətli
bir ifadə vardı, onu hətta heç bir rolda belə bu
cür görməmişdim. O anda məni vurmağını,
döyməyini, hətta öldürməyini belə istəyirdim.
Açsın ağzını təki sabaha qədər
döysün məni. O, heç nə eləmədi. Başqa
vaxtlarda etdiyi kimi, evdən də çıxıb getmədi.
Divanda o cürə də qaldı. Əllərini üzünə
tutmuşdu, kitabı isə qolları ilə bədəninə
sıxmışdı. Xalçanın üstündə
oturub ona baxdım. Dinmirdi. Danışmırdı. Sadəcə,
oturmuşdu. Özümü günahkar bilirdim. O kitabın
onun üçün nə qədər əziz olduğunu da
bilirdim. Düz etməmişdim. Amma məni bu həddə o gətirmişdi.
O məni bu yırtıcıya çevirmişdi. Kiçik mənada
günah məndəydi, amma dərindən baxanda bütün
bu olanların günahı onun üstündə idi. Bir az ona
baxıb yataq otağına keçdim. Yatağa uzandım,
hönkürdüm. Ağlamağım özümdən
asılı deyildi, amma həm də onun üçün
ağlayırdım. Mənə rəhmi gəlsin deyə. Bu
evin bütün qayğısı mənim üstümdə
idi, evi yığışdırmaqdan tutmuş işıq
pulunu verməyə qədər. O, hər şeyi unutmuşdu,
ancaq özünü fikirləşirdi. Bu qədər
şeyin içində o rahat idi. O mənim
hönkürtülərimi eşitdimi, fikri bura gəlmişdimi,
bilmirəm. Gəlmədi yanıma. Ağlayıb sakitləşdikdən
sonra yuxu məni apardı. Səhər oyanan kimi gedib ona
baxdım, divandaca yuxulamışdı. Üstünü
örtmək istəyəndə ayıldı, xeyli sakitləşsə
də, üzü hələ də qəzəbli idi. Bir azdan
oyandı, qəhvəsini içdi, mənimlə adi söhbətlər
elədi, mən axşamkı məsələdən söz
salmaq istəyəndə əli ilə sərt bir hərəkət
elədi. Ondan sonra heç zaman bu haqda danışmadı. Mən
o gedəndən sonra kitabı yapışdırıb stolun
üstünə qoysam da, o bu kitabı heç zaman əlinə
götürmədi. Deyəsən, çox
qırılmışdı. Tezliklə mən işimlə əlaqədar
xarici səfərə getdim, bütün günü mənə
sevgi mesajları yazırdı, darıxdığından
öldüyünü yazırdı, bir sözlə, o
günlərdə mənə olan sevgisi, məhəbbəti
alovlanmışdı. Mən səfərdən qayıdandan
sonra onu bambaşqa bir adam kimi gördüm. Sanki o körpə
uşaq o deyildi, qoyub getdiyim o saqqallı uşaq
böyümüşdü, mənə münasibəti də
dəyişmişdi. Hər şeyi artıq
ölçülü idi, biçili idi. Hərəkətləri
daha vulkan kimi deyildi, mənə də zaman ayırırdı,
işlərinə də. Düzdür, əvvəlki kimi
qaynar deyildi, soyuqqanlı idi. Ona nəsə olmuşdu.
Düşünürdüm ki, mən olmadığım
günlərdə o çox
düşünüb-daşınıb, böyüməyə
qərar verib sanki. Bunun bu qədər sadə
olmadığını bilirdim. Di gəl ki, dəyişmişdi.
Buz dövrü
O mənim
ömrümə elə bir anda gəldi ki, mən ona "hə",
ya da "yox" belə deyə bilmədim. Onu çoxdan
tanıyırdım, bir filminə baxmışdım.
"Mavi mələklər" adlı o bayağı filmdə
onun təbəssümü yadımda qalmışdı. Mən
o təbəssümə vurulmamışdım. Qırx
yaşım vardı, mənim təbəssümə vurulan
vaxtım deyildi axı. Amma o, bir təbəssümlə mənim
yaddaşıma yazılmışdı. Film bitdikdən sonra
titrlərdə onun adını axtarıb tapdım.
İnstagramda onu izləməyə başladım, şəkillərini
bəyənirdim sadəcə. Həyat yoldaşı ilə
olan şəkillərində necə bir doğmalıq, necə
bir yaxınlıq hiss edirdim. Düzdür, az qala hər insana
həyat yoldaşı doğmadır. Bu isə başqa bir
şey idi. Mən o zamanlarda xaricdə yaşayırdım.
Müqaviləm başa çatdıqdan sonra Bakıya
qayıtdım. Tanışlarımın çoxu Bakıda
deyildi. Olanların da başı ailə-uşağa
qarışmışdı. Ona görə də adətən
tək gəzib-dolaşırdım. İşdən
çıxıb evə getməyə həvəsim olmurdu.
Sevdyim bir kafe vardı, adətən orda axşamlar əvvəlcə
qəhvə kefimə düşəndə isə bir qədəh
rom içib kafedə qoyulan gözəl mahnılara qulaq
asır, ya jurnallara baxırdım. Bu saatlar mənim
günümün özümə ayırdığım ən
xoş saatları idi. Onunla tanış olduğum günü
isə çox yaxşı xatırlayıram. O gün cümə
günü idi, sabah işim yox idi deyə istədiyim saatda
işə gedə bilərdim. Saat birə işləyirdi.
Kafenin yeganə müştərisi də mən idim.
O qəfildən
kafeyə girdi, elə bil kimsə dalınca düşüb
onu bura qədər qovmuşdu. Birbaşa bara gedib tekila istədi.
Tez başına çəkdi, sonra ikincisini içdi.
Üçüncüsünü də içdikdən sonra
sanki bir az sakitləşdi. Ətrafına baxdı, məni
gördü. Mən ona gülümsədim. Bu "mən sizi
tanıyıram" təbəssümüydü. O sanki bu təbəssümü
heç görmədi. Ofisiantdan pivə istədi. Pivəni
alıb cibindən siqaret qutusunu çıxartdı.
Alışqan axtardı. İstədim durub siqaretini
yandıram. Ürək eləmədim. Bəlkə hansısa
filmdə bunu görsəydim edərdim. Amma filmlərdə
bunun əksini görürük həmişə. Həm də
mən "Bəyaz mələklər" filmindəki təbəssümü
onun üzərində görmürdüm ki. Elə bil,
qarını öldürmüş Raskolnikov idi. Ağır və
dramatik bir təbəssüm vardı üzündə. Sanki
indicə dünyanın ən əclaf işini görüb
bura gəlmişdi. Sanki bütün arzularını, istəklərini
dirigözlü basdırmışdı. Sanki... Nə deyim. O
halını görməli idiniz. Sözlərlə təsəvvür
edə bilmirəm. Amma anladım əslində. Evli bir kişi
tələsik bara gəlib tünd içkini belə tələsik
içirsə demək ki, evdə problem var. Bəlkə də
faciə. Uşaq deyildim ki... Yəqin mənim indi Allah bilir
hansı cəhənnəmdə olan ərim də belə
edirmiş. Düzdür, o adətən evə sərxoş gəlirdi,
davadan sonra gedib yenə içirdi.
Ona
yaxınlaşmaq istədim, amma elə əsəbi
görünürdü ki. Bir az sakitləşməsini
gözlədim. Filmlərdə necəydi?! Yadıma saldım.
Stolumdan durub bara tərəf getdim. Düz yanında kətildə
oturmadım, arada adətən birini boş qoyurlar. Guya çox
məsafə var, söhbət təsadüfən
alınır. Əlimdəki rom stəkanını
başıma çəkib barmenin qarşısına qoydum,
"doldur" - dedim. Stəkanı stola necə
çırpdımsa o diksindi. Bu düzü ssenarimdə
yoxuydu. Həyəcanımdan elədim. O məni ifadəsiz
üzü ilə süzüb yenidən öz dünyasına
qayıtdı. Normal idi bu. Söhbətə girişmək
üçün gərək hər tərəf heç
olmasa bir qədəh içsin. Mən içinə buz və
Coca-Cola atılmış romumu sakit qurtumlarla içərək
söhbətə keçmək üçün bəhanə
axtardım. Hətta bir ara istədim ki, köynəyimin bir
düyməsini də açım. Sonra bunun çox ucuz bir
nömrə olduğunu başa düşdüm. Sükut
içində düşünməyə başladım.
İçki ona indi-indi təsir etməyə
başlayırdı. Yanaqları qızarırdı. Belə
lap balaca uşağa oxşayırdı. Sifətindəki qəzəbli
ifadə də get-gedə sınırdı. Onun
yanaqlarından tutub sıxmaq istəyirdim. Bir uşaq kimi. Pivəsinin
son qurtumlarını içib stəkanı yerə qoymaq istəyəndə
bir anlıq düşündüm. Birdən indi durub gedərsə...
Sürətli planlar cızmağa başladım. Amma
ağlıma heç nə gəlmirdi. Öz halıma
gülməyə başlamışdım. Qırx
yaşlı qadın I kurs tələbəsi kimi bir
oğlanın diqqətini çəkmək üçün
nə oyunlardan çıxar, İlahi. Amma bu uşaq hərəkətlərim
belə məni ondan vazkeçdirə bilməzdi.
İçkinin təsirini də nəzərə alın
lütfən. Hə, bir də sonsuz tənhalığımın.
Üstəgəl, ona olan simpatiyam. Vallah az şey deyil
hamısı bir yerdə. Amam yenə də köynəyimin
bir düyməsini açacaq qədər ola bilməzdi. Mən
fikrimdə bu haqq-hesabı edə-edə qəfil bir söz
eşitdim. Bu sözün hardan gəldiyini əvvəlcə
anışdıra bilmədim. Ona baxdım, dodağı tərpənirdi
və mənə baxırdı o məni özünə
heyran qoyacaq təbəssümü ilə. Nə dediyini belə
eşitməmişdim, soruşdum özündən. Nəzakətlə
təkrarladı. "Siz də Kaspar Hauzer kimi tənhasınız?".
Kaspar Hauzerin kim olduğunu bilmirdim, amma görünür o da mənim
kimi aləmin kef elədiyi bir saatda tək canına bir barda
oturub içən bir insan imiş. Gülümsədim. Onun
kimi gözəl gülümsəyə bilməzdim əlbəttə
ki. "Səbinə kimi tənhayam" dedim. Yenə də
üzündə o əclaf təbəssüm. Adını
deyib əlini uzatdı. "Mən sizi tanıyıram" -
dedim. Gözləyirdim bu sözə sevinəcək, aktyorlar
şöhrətpərəst olurlar axı. O isə sanki
köks ötürüb dedi: "Məni tanımayacaq bir
insana ehtiyacım vardı əslində". Araya pərt
sükut düşdü. Bir qurtum içib dedim: "Mən əslində
sizin yalnız adınızı bilirəm". Ordan söhbət
başlandı. Sabaha qədər söhbət etdik. Yox, sizin
gözlədiyiniz kimi olmadı. Filmlərdəki kimi
olmadı. O məni ötürmədi. Mən onu qəhvə
içmək üçün evə
çağırmadım. Amma bir-birimizin olduq. Şəfəq
söküləndə biz ayrıldıq və tənha bir
insan kimi başladığım günü çox mutlu bir
insan olaraq tamamladım. Sonra daimi görüşməyə
başladıq. Hə, o sizin düşündüyünüz
şeyləri də elədik. Hamısını. Birbəbir.
Koridorda da, maşında da, hətta mənim iş yerimdə
də. Oteldə də. Hər şeyi bir yerdə
yaşadıq. Doya-doya. O hər zaman çox nəzakətli
idi. Fikir verirdim, hətta ofisiantlarla belə son dərəcə
nəzakətlə danışırdı. Bütün
parametrləri ilə özünü anlamış bir insan. Hə,
xanımından heç danışmazdı. Heç... Elə
bil o adda adam dünyada yox idi. Aradabir zarafatca nəsə
soruşanda cavab verərdi. O
cavab da nəzakət üçün idi. İşindən
çox danışardı, rollarından, sənətdən.
Çoxlu maraqlı əhvalatlar bilirdi. Məni heç kim
onun qədər güldürməmişdi. Və o məni
heç zaman ağlatmamışdı. Amma yanımda
ağlamışdı.
Bir dəfə...
O gecə
işdən çıxıb evə gəldim. Çox
yorğun idim. Yoldan aldığım hazır yeməyi yeyib
divana uzandım. Yarıyuxulu bir vəziyyətdə idim,
mürgüləyirdim. Bu anda telefonum zəng çaldı.
"Sizə gələ bilərəm" - deyə
soruşdu. "Əlbəttə", gəl, dedim. On dəqiqə
keçmədi gəlməyi. Çiynində iri çanta. Yəqin
paltarlarını da gətirmişdi. Mənimlə qalmağa
gəlmişdi? Bunu bir an beynimdən keçirsəm də,
dilimə gətirmək nədi, heç beynimdə də
saxlaya bilmədim. Əlində şərab vardı, bir də
gül. Mənə heç vaxt gül almamışdı.
Şərabı mən açdım. Bir dəfə guya
şərab açacaqdı, butulkanı sındırıb əlini
kəsmişdi. Pis görünmürdü, amma hiss olunurdu ki,
özünə gəlmək üçün çox əziyyət
çəkib. Ondan heç nə soruşmadım. Ümumiyyətlə,
ondan heç zaman heç nə soruşmurdum. O mənim
üçün o qədər fərqli bir insan idi ki...
İnanırsınızmı,
onu dostlarıma təqdim edəndə bilmirdim necə təqdim
edim. Hə, məşhur aktyor idi, onu az qala hamı
tanıyırdı. Dostlarımı isə istər-istəməz
bir sual maraqlandırırdı. "Axı o sənin nəyindi?".
Dostum, deyirdim, əslində ona, çoxları bəlkə də
inanmırdı. Bəzən öz-özümə
soruşurdum, o mənim nəyimdir. Cavab tapa bilmirdim, sonra
düşünürdüm ki, nə fərqi var ki? İllah
ki, bir söz tapmalıyamsa deyərdim ki, doğmamdır. Vəssalam.
Bu qədər sadə! Hə, o gecə televizora baxa-baxa şərab
içdik. Heç danışmadıq. Bir azdan
başını dizimə qoydu. Gözlərimin içinə
baxırdı. Yanaqları yenə qızarmışdı
şərabdan. Saçlarını qarışdırdım.
Xoşu gəlirdi bundan. Hə, bir də qıdığı.
Sonra dedi yataq. Yataqda elə möhkəm
sarılmışdı ki, mənə. Elə bil
uçurumdan düşəcəkdim, tutub saxlayırdı məni.
Bəlkə də bu həqiqətən də olmuşdu. O məni
uçurumdan saxlamışdı. İndi növbə mənim
idi. Gecə vaxtı gəlib mənimlə çox nadir
hallarda qalardı. Bu qəfil gəlişin bir səbəbi
olmalı idi. Yəqin yenə arvadı ilə savaşıb.
Bu haqda danışmağını istəyərdim.
Özü danışmaq istəsəydi.
Danışmağına heç ehtiyac da yoxuydu.
Çünki çox məsud görünürdü.
Körpə kimi yatırdı. Və məni möhkəm-möhkəm
qucaqlayan qollar sabaha qədər heç məndən
qopmadı. Səhər o oyanan kimi mən də oyandım.
Üzündən öpüb otaqdan çıxdım. Onun
üçün kükü bişirdim. Qəhvə dəmlədim.
Bir yerdə yedik. Sözlü adama oxşayırdı. Di gəl
ki, lazım olan sözü tapıb deyə bilmirdi sanki. Divanın küncündə
oturmuşdu, gəlib yerdən oturdum. Onun əllərini tutdum,
məhəbbətlə üzünə baxırdım.
Kövrəlmişdi, "mən evə qayıdıram" -
dedi. Qucaqladım onu möhkəm möhkəm. Göz
yaşları çiyninə damcılayırdı.
"Əlbəttə, canım, əlbəttə"
deyirdim, sakitləşdirirdim onu. Ayağa qalxdı, koridora
qoyduğu çantasını götürüb evdən
çıxdı. Pəncərədən ona baxırdım,
həyətdən mənə əl elədi, mən
ağlamaqdan özümü güclə saxlayırdım.
Romanlarda deyirlər e, bu bizim son görüşümüz
oldu. Yox, əslində son görüş olmadı, amma o
gündən sonra biz bir də o cür istəklə
qucaqlaşa, o cür sevgiylə sarıla bilmədik.
Görüşdük ondan sonra da, danışdıq da. Sanki
o gün, o gecə bizim aramızda olan hansısa görünməz
bir rabitəni kəsib tullamışdı. Ona olan hisslərim
əvvəlki qədər güclü və ehtiraslı idi. O
da mənə qarşı biganə deyildi, amma heç nə əvvəlki
kimi olmayacaqdı. Olmadı da. Bir neçə aylıq
münasibətimiz başladığı qədər sakit,
hay-küysüz başa çatdı. Ondan zindandan
çıxan qırmızı alovlu bir dəmir
parçasının qum üstündə soyuduğu qədər
asta-asta soyudum. İçimdəki o alov isə heç
sönmədi. Görüşlərimiz çox azaldı, bəzən
onun işi oldu, bəzən mənim. Biz artıq bir-birimizin
işi deyildik, rahatca "bu gün işim var, sonra zəngləşərik"
deməyi rəva gördük bir-birimizə. Bunu elə rahat
deyirdik ki... Elə bil gecə dəvətsiz mənim blokuma qədər
gələn o deyildi. Elə bil, "mən kafemizə gedirəm"
mesajını alıb "yarım saata ordayam" deyən mən
deyildim. Biz o biz deyildik daha. Biz ümumiyyətlə biz deyildik.
Mən idim, sən idin, onlar idik, amma biz deyildik... Bir neçə
ay sonra xaricdən gələn iş təklifini qəbul edəndən
bir neçə saat sonra yadıma düşdü o. Mənim
möhtəşəm təbəssümlü aktyorum!.. Elə
o anda münasibətlərimizin buzlağa
döndüyünü anladım. Mamontların nəsli kəsilmişdi...
Ölkəyə
dünən qayıtmışam, cənab müstəntiq. Təyyarə
təkərini yerə qoyan kimi sizdən zəng gəldi. Mənim
bildiklərim bu qədərdir. Onunla ancaq 1 həftə əvvəl
yazışmışam. Onda qeyri-adi heç nə hiss etmədim.
Yazışmamı cinayət işinə əlavə edə
bilərsiniz.
Dostoyevski anası
Yox, yox,
axı siz məni bura niyə çağırmısız? Mənim
heç bir günahım yoxdur. Mən onun heç
adını belə bilmirəm. Allah haqqı, bilmirəm.
Telefonumu haradansa tapmışdı. Zəng vurdu mənə.
Dedi görüşək. Heç adını da demədi.
Televizordan? Yox, nə televizor? O məgər televizora
çıxır ki? Şəhərdə
görüşdük, getdik. Hara getdik? O apardı, bilmirəm
öz evi idi, ya başqasının. Axı mən necə
sakit olum? Nə? Ən axırıncı mənə zəng
vurub? Allah haqqı, mən ona heç nə eləməmişəm.
İnanırsınız mənə? Hə, çox sağ
olun. Sizə kömək edərsə, danışaram əlbəttə.
Amma inanmıram necə kömək edəcək.
Danışın deyirsinizsə danışım da. Məni
tutmayacaqsız da... Neyləmişəm axı mən
yazıq. Durduğu yerdə işə düşmək də
budur e. Hə, danışıram, danışıram. Deməli,
gəldik evə. İşimizi gördük elə. Onu da
danışım? Hə, çox sağ olun. Dedi, bəlkə
qəhvə içək? Vaxtım vardı, dedim içək.
Ordan-burdan danışdım elə? Nə
danışdım?! Nə bilim vallah, bahalıqdan
danışdım. Hər şey elə bahalanıb ki?
Keçən ay 10 manata aldığım yağ indi olub 15
manat. Adam heç bilmir neyləsin? Necə dolansın. Meyvələri
demirsən hələ. Nəyə əl uzadırsan əlin
yanır. Hə, mətləbə də gəlirəm. Sonra nədən
danışdıq? Hə, dedim uşağı da məktəbə
qoymalıyam. Necə edim bilmirəm heç. Sonra, hə, dedim
ki, oğlum epilepsiyadır. O da otaqdan çıxdı, dedi
alışqan götürəcəm. Alışqan stolun
üstündə imiş, o çıxandan sonra tapdım,
çağırdım onu. Məni eşitmədi, 5-10 dəqiqə
sonra gəldi. Halı pisləşmişdi, üzü
qızarmışdı. Elə bil
ağlamışdı e. Dedim nə olub sənə, dedi
təzyiqim qalxıb narahat olma. Limon tapdım mətbəxdən,
suya sıxıb gətirdim. Alıb içdi. Ordan-burdan
danışdı. Axırda da dedi ki, bəs narahat olma sən,
Dostoyevski də epilepsiya olub. Sonra başqa adlar da yadımda
qalıb. Dostoyevskini hardan tanıyıram? Necə yəni,
yazıçıdı da. Atam həmişə onu oxuyurdu. Bizə
də oxutdurmuşdu. Bir əsəri var e,
"Alçaldılmış və təhqirolunmuşlar",
o əsəri yadımdadı. İstəyirsiz
danışım? Lazım deyil, hə, yaxşı. Hə,
onu deyirəm axı, dedi Dostoyevski də epilepsiya idi, amma
dünyanın ən böyük
yazıçısıdır. Belə çox yaxşı
adam idi e, necə deyim sizə. Dedim, mənim oğlum da elə
böyük adam olacaq, dedi əlbəttə. Kövrəldim
e. İndi də kövrəlirəm, görürsüz.
Axı mən heç vaxt belə gözəl söz eşitməmişəm.
Ərim? Onun başı batsın. Ər olan bəndə gəlib
bir gün oğlu ilə maraqlanmazmı? Elə bilirsiniz kefimdən
bu işlə məşğulam? Hə, bir az sonra getdim mən.
Çıxanda pulumu üçqat verdi. Dedim, çoxdu, dedi sənə
vermirəm, Dostoyevskiyə verirəm. Hə, elə dedi, vallah.
Dedim çox sağ ol. Məni qapıdan yola saldı. Ondan
sonra mənə heç zəng də eləmədi. Vallah
bilmirəm. Saat? Olardı hardasa 3-4. Telefonumu bayaq aldılar e,
ona baxıb deyərəm. Hə, mənə 13.36-da zəng
vurub. Deyim də. Bir saat görüşdük. Hardasa 2 saata
yaxın da bir yerdə olduq. Sonra mən getdim. Beşə
qalmış? Hə, elə olar elə. Nə olub ona? Niyə
demirsiz? Deyirsiz,
öldürüblər? Axı televizorda elə demədilər?
Heç görməmişdim onu televizorda e. Xəbəri
görəndə bildim elə, Allah haqqı. Özüm də
narahat oldum. Sizə niyə zəng eləmədim? Zəng
vurub nə deyəydim? Yox, vallah, nəsə bilsəydim deyərdim.
Mənim bir günahım yoxdu axı. Hə, oğlum gələn
ay gedəcək məktəbə. Yazıb-oxuya da bilir e. Hə...
Saya da bilir, milyona kimi. Elə ağıllı uşaqdı
ki. Onun sözü olmasın, elə bil Dostoyevskidir. Hə,
vallah! Yadımda başqa şey
qalmayıb vallah. Lap xırda bir şey? Dayanın bir az fikirləşim.
Bir dəqiqə. Hə, lap əvvəl mən çantamdan
yaş salfetka çıxartdım. Hansından? O yekələri
yoxdur? Üstündə də balaca uşaq şəkli
vardı. Hə, onu çıxardıb yanıma qoydum. O da
götürüb arxası üstə çevirdi. Dedim belə
niyə edirsən. Dedi belə yaxşıdı. Bir bu yadıma
düşür. Hə, bir də... Bir də, işimizi
qurtardıqdan sonra boynumdan öpdü. Hə... Niyə
yadımda qalıb. Axı yaddaqalan şeydi. Başqa vaxt
görməmişəm belə şey. Gündə neçə
kişi ilə görüşürəm? Nə bilim, vallah.
Çox olmur e. Camaatda pul var? Heç gündə iki adam da
olmur çox vaxt. Elə həftə olur ki, bir, uzağı
iki adam olur. Hə, belə.. Başqa yadıma nə
düşür? Başqa, vallah, heç nə. Hə,
yaxşı, nömrənizi verin, nəsə yadıma
düşsə, deyərəm vallah. İndi gedə bilərəm?
Hə, çox sağ olun. Çox sağ olun. Allah
balalarınızı saxlasın. Çox sağ olun. Sağ
olun.
Aparıcının səsi
Baş
Prokurorluğun mətbuat xidməti aktyor Samir Səhərin
itkin düşməsi ilə bağlı cinayət işi
haqqında məlumat yayıb. Məlumatda məsələ ilə
bağlı 40-dan artıq şahid dindirildiyini və zəruri
əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi
qeyd olunub. Aktyorun taleyi hələ də qaranlıq qalıb.
Qan TURALI
Ədəbiyyat qəzeti.- 2017.- 25
noyabr.- S.26-27.