İrvin Şounun incikliyi
İrvin Şou, Amerika yazıçısı. O, həm
də roman və
novella ustası olub. Yüksək ədəbiyyatı
sadə dillə qələmə alan
qələm əhlindəndir,
nadir yazıçılardan sayılır. İrvin Şounun romanları
həmişə bestseller olub,
oxucuların rəğbətini
qazanıb. Dəfələrlə nəşr edilib, ekran həllini tapıb və XX əsr ədəbiyyatının
qızıl fonduna daxil edilib.
Yazıçının əsl adı İrvin Hilbert Şamforoffdur. Fanatlarının belə uzun adı oxumağa çətinlik çəkəcəyindən,
qısaltmağa məcbur
qalaraq İrvin Şou edib. O,
ABŞ-da, Cənubi Bronksda dünyaya göz açıb. Yəhudi ailəsi Rusiyadan ora köçüb.
İrvinin doğulmasından sonra ailə Bruklində məskunlaşıb.
Gəncliyində mənəvi istiliyini,
mənəviyyat zənginliyini
Brextdən, Lorkadan, Heminqueydən alıb.
1934-cü ildə Bruklindəki kolleci bitirəndən sonra "Endi Hamp" şousu üçün,
radioseriallar üçün
ssenarilər yazıb.
1936-cı ildə "Yeni dünya" jurnalında 20 yaşlı
gəncin pyesi dərc edilib. Bu, İrvin Şounun sovet xalqı üçün tanıdıcı
reklamı olub. Həmin pyesi Amerikada səhnələşdirirlər. Müharibəyə nifrət ruhunda
yazılan pyesdə əsgər ölülər
arasından qalxıb tamaşaçılara müraciət
edir. Yazıçının tanıdılmasında "Nyu-Yorker" və "Eksvayr" jurnallarının
zəhmətini xüsusilə
qeyd etmək lazımdır. Məhz həmin
jurnalların sayəsində
İrvin Şou yaradıcılığının ilk nümunələri ortaya çıxdı, tezliklə
parladı. Onun hekayələrində
sosial problemlər, mənəvi sarsıntılar
burulğanına düşən
insanlardan söz açılır. 1940-cı
illərdən yazıçının
kino fəaliyyəti də başlanıb.
İkinci Dünya müharibəsi zamanı pasifist Şou könüllü şəkildə cəbhəyə
yollanır. Ancaq döyüşmür, hərbi müxbir kimi çətin işin qulpundan yapışır. Təcrübə ən yaxşı romanlarından olan "Gənc şirlər" əsərinin ruhuna hopur. Adı çəkilən əsər bestseller olduğundan
indi də oxucuların sevimli əsərlərindən sayılır.
Əsər İkinci Dünya
müharibəsi barədə
yazılan ən yaxşı romanların sırasında dayanır.
Hadisələrin siyası tərəfinin
təhlili, faşizmin
ifşası əsərin
qayəsini təşkil
edir. "Gənc şirlər" əsəri tərbiyəvi
xarakter daşıyır.
Adı çəkilən romanı
Amerika oxucuları çox da dərindən
anlamayıblar. Onu ancaq
faşizmdən əziyyət
çəkən, ən
azı ailəsində,
qohumlarında həlak
olanlar, meyiti gələnlər, qara xəbərin üzüntüsündən
sarsılan xalqlar duyar, iliklərinəcən
hiss edərdilər. Məhz bu
səbəbdən İrvin
Şounu ABŞ-dan daha çox, Avropada sevdilər. Yeri gəlmişkən, onun hər əsəri Avropa tərcüməçiləri
tərəfindən öz
dillərinə çevrilib.
"Gənc şirlər"
əsərində fanatizmin
kütlənin xislətində
buraxdığı iz
açıq-aydın izah
olunur. Roman 1958-ci ildə ekranlaşdırılıb.
Bundan ruhlanan İrvin 1950-ci illərdə
kinossenarilər yazmağa
başlayıb. Hər ekran əsəri
Hollivuda xeyli gəlir gətirib. Ümumiyyətlə, İrvinin əsərlərində
Amerika həyatının
alt qatı təsvir edilirdi. Nəticədə tənqidçilər onu kommunist əhvallı
yazıçıların sırasına
qatırdılar. Bir
neçə dəfə
antikommunust əsərlər
yazsa da, damğa vurulurdu: "İrvin Şou öz əsərləri ilə kommunistlərə işləyir". Sanki bir mərkəzdən siqnal verilmişdi. Bəzi jurnallar onun əsərlərinin dərcindən
imtina etdilər, tənqidçilər anti-Şou
əhvallı yazılarını
gücləndirdilər, Hollivud
onu qara siyahıya saldı. Və İrvin Şou incidi.
Əslində, Şounun əsərlərini
Amerikada çox oxuyurdular. Ancaq dərinliyi anlamırdılar,
nə demək istədiyini başa düşmürdülər, eləcə
oxuyurdular. Qara siyahıya
salınması səbəbindən
o, 1951-ci ildə ABŞ-ı tərk edib Avropaya köçdü.
Orda 25 il
yaşadı, yaradıcılığı
üçün uğurlu
məkan kimi Parisi seçdi. O, Amerika oxucularından inciməmişdi. Hər bir
yazıçının doğulduğu
məkanda onu anlamayanlar çox olur, belə hadisələrə tarix boyu rast gəlinib.
Bəli,
o, Amerikanın üst
qatında sözünü
deyənlər tərəfindən
qara siyahıya salınmasına dözməmişdi.
Sonralar İrvin Şou müsahibələrindən birində
demişdi ki, qara siyahı onun karyerasını azacıq zədələyib.
Avropa həyatı
onun yaradıcılığına
təsirsiz ötüşmədi. Qoca qitədə
yaşayarkən anladı
ki, yüksək yaradıcılıq üçün
heç də iri romanlar yazmağa
ehtiyac yoxdur. Adi hekayə və novellalarda da əsl nəsrin möhtəşəmliyini çatdırmaq
mümkündür. 1950-60-cı
illərdə İrvin
kiçik nəsr istiqamətində gözəl
əsərlər yaratdı.
Onun novellalarındakı incə
üslub, xarakterlərin
dəqiqliyi, psixoloji amillər, sosial anlayışlar digərlərindən
fərqlənir. Birinci novellalar
kitabı olan "Bremendən olan matros" da dünya ədəbiyyatına
qızıl hərflərlə
yazılan kiçik nəsr nümunələri
daxil edilib. Onlardan "Böyük şəhərə
xoş gəlmisən"
(1942), "Etimad aktı"
(1946), "Ölü jokeyə
qoyuluş" (1957), "Qaranlıq
küçədə sevgi"
(1965), "Tanrı burda
idi, ancaq tez getdi" (1973) novellalarını misal göstərmək olar. 1982-ci ildə isə
hekayələr kitabı
üşıq üzü
gördü. Avropa doğrudan
da yazıçılar
üçün ilham
mənbəyidir. Qitədə yaşadığı müddətdə
"Lyusi Kraun"
(1956), "İki həftə
başqa şəhərdə"
(1960) əsərlərini qələmə
aldı.
1940-50-ci illərdə dünyada bir-birindən maraqlı novella ustaları
meydana çıxdı. Sanki bir-biri ilə rəqabətə girmələri
nəticədə möhtəşəm
əsərlərin yaranması
ilə nəticələnirdi.
Maraqlıdır ki, əksər
novella ustalarında Ernest Heminqueydən
nəsə bir işartı duyulurdu.
İkibaşlı mətn, heç
vaxt yazılmayanları
qələmə almaq,
psixoloji nəsnələr
və sair. Heminqueyin əsərlərindəki qəhrəmanların
həyat hekayəti İrvin Şouya da güclü təsir göstərib.
Yox, onu eyniliklə yamsılamayıb. Yalnız
bir qayəni əsas götürüb:
"Çətinlik, ağrı-acı
insanı daha da mətinləşdirir".
Şounun novellalarında isə
xırda detallar üstünlük təşkil
edirdi. Bunun fəlsəfəsi ondan ibarət idi ki, böyük
hadisələr xırda
detallardan başlanır,
məsələnin kökündə
onlardır. Əgər adi,
nöqtə boyda görünən problemlər
vaxtında həllini tapmasa, sonrakı gedişatın taleyi naməlum qalacaq. Böyük Amerikada yaşayan adi amerikalının xırda
problemini yazıya alan yazıçı
Şou göstərməyə
çalışırdı ki, iri meqapolisdə
pessimizmə qapılan
insanlar da var. Belə insanların problemi həllini tapmasa, ölkənin sütunu laxlayar.
Klassik Amerika ədəbiyyatına öz
töhfəsini "Varlı,
kasıb" əsəri
də verib. Müharibə illərindən sonrakı
ailə xronikasını
əks etdirən əsərdə sadə amerikalının milli hissiyyatının güclü
olması əsas səciyyəvi amildir.
Və ictimai hadisələr fonunda bir sadə
amerikalı ailənin
nələr düşündüyü
ölkənin siyasətçiləri,
beyin mərkəzləri
üçün də
maraqlı sayıla bilərdi. İrvin Şounun əhəmiyyətli
yazıçı olmasının
əsas xüsusiyyəti
onun sorğu mərkəzləri kimi vətəndaşların nə
düşündüyünü, hansı sual qarşısında aciz qalmasını izah etməsində idi. Yəni, heç bir sorğu mərkəzinin küçələrə çıxıb
suallar verməsinə,
heç bir beyin mərkəzinin adi vətəndaşın
nə düşündüyünü
bilməsinə ehtiyac
yaranmırdı. Elə İrvin
Şounun əsərlərində
bütün suallara cavab tapılırdı.
"Varlı, kasıb"
və "Kasıb, oğru" əsərlərinin
Sovet İttifaqında
dərcindən sonra İrvin Şou xarici yazıçılar
siyahısında ön
yerlərdən birini tuturdu. Azərbaycan oxucusu da Şou yaradıcılığını
məhz həmin əsərləri ilə tanıyıb.
Yazıçı uşaq kimidir. O, kövrəkdir.
Onun qəlbini sındırmaq olmaz. İrvin Şounun Amerikada
qara siyahıya salınması onun ömürlük Avropada qalması ilə nəticələndi. Onu dəfələrlə
doğulduğu ölkəsinə
çağırsalar da,
getmədi. 1984-cü il mayın 16-da Davosda dünyasını dəyişdi. O, dünya ədəbiyyatında silinməz
iz qoyub getdi. Əsərlərindəki səmimi humanizm,
insanın həyəcan
təbili, özünə
inamı isə heç vaxt unudulmayacaq. Folkner demişkən insan
dözəcək və
çətinlikləri fəth
edəcək.
Azər Qismət
Ədəbiyyat qəzeti.- 2017.- 25
noyabr.- S.23.