Səlim Babullaoğlu: Bizdə postmodernizm

başqa çalarlarla diqqət çəkməli idi

 

ART müsahibə

 

Müsahibimiz şair Səlim Babulloğludur

 

Səlim Babullaoğluya müsahibə barədə zəng edəndə axşam saat 6 idi. Təbii ki, müsahibəni iki gün sonraya planlaşdırmaq niyyətində idim. Hətta ondan adəti müsahiblər kimi söhbətimizin bir az da ertələmək təklifini gözləyirdim. Amma əksinə oldu.

 - Sərdar, gəl, elə indi görüşək. Yağış yağır. Çay içək, söhbətləşək.

Çox sevindim.

Müsahibəyə keçmədən öncə son tərcümələrindən olan Suçevyanunun bir bəndini asta səslə oxuyurdu. Səlim Babullaoğlunun şeir qiraəti tamam başqadı. Bu bəndi onun ifasında dinlədiyinizi təsəvvür edin:

Tramvayın səsini batırdığı

Əski payız romansıtək qəmliyəm.

Ovuclarım dopdolu qəm bardağı,

Kənarından aşıb-daşır, birdənəm...

 

- Səlim müəllim, elə bu şeirdən, hazırda əlinizdə olan işlərdən başlayaq.

- Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin ilin sonuna qədər bitirməyi planlaşdırdığı iş "Dünya ədəbiyyatı" dərgisinin "Moldova ədəbiyyatı" xüsusi sayının hazırlanmasıdır.

Eyni zamanda iki moldovan, rumın şairinin kitabını hazırlayırıq. Onlardan biri görkəmli moldov şairi Arkadie Suçevyanunun "Qağayı ilə göndərilən məktub" - bilinqva (həm Azərbaycan, həm rumın dilində) kitabıdır. Şeirləri dilimizə Qismət Rüstəmov və mən çevirmişəm. Bir də İqor Volnitskinin "Mənə ölməyi öyrət" romanını çap edirik. Romanı Azad Yaşar çevirib. Hər iki kitab nəşriyyat prosesindədir. Bu ilin may ayında mən Kişinyovda oldum, orada imzaladığımız memoranduma əsasən Moldovada da Azərbaycan ədəbiyyatı nəşr olunacaq. Məlumata görə orada da iş yekunlaşmaq üzrədir. 32 azərbaycanlı ədibin hekayələri çapa hazırlanır. Bir də xalq yazıçısı Anarın "Ağ qoç, qara qoç" romanı Moldovada tərcümə edilir. İşlər yekunlaşandan sonra həm Bakıda, həm də Kişinyovda bu nəşrlərin təqdimat mərasimlərini keçirəcəyik. Daha bir işimiz isə Tomas Sternz Eliotun "Bəhrəsiz torpaq" adlı şeir və məqalələr toplusudur. Artıq nəşr etdirdiyimiz bu kitabın tərcüməçisi Cavanşir Yusiflidir. Yaxın 2-3 ay üçün gördüyümüz və görməli olduğumuz işlər bunlardır.

- İş fəaliyyətiniz fərdi yaradıcılığınıza mənfi təsir etmir?

- Edir. Çox yüklənirəm. Hər gün nəsə redaktə etmək, nəsə oxumaq rahat deyil. Cavan vaxtı adam bunu hiss etmir. Məsələn, sən 3 gecə yatmaya bilərsən. Amma yaşlaşdıqca bu 1 gecəyə, yarım gecəyə enir.

Bir də mənə yazmaq üçün çox şey lazım deyil. Yazmaq üçün başqa iş görməməyim, başqa şey düşünməməyim bəs edir. Çünki başqa şey düşünmədiyim andan mənim üçün yaradıcılıq başlayır. Ancaq başqa şey düşünməməyə vaxtım yoxdur.

Mən ümumiyyətlə məhsuldar adam deyiləm. Yəni, qarşıma heç vaxt məqsəd qoymamışam ki, günə bir cümlə yazım, yaxud aya bir şeir yazım. Onsuz da yazıçı, şair təbiəti bizi hər gün müşahidə etməyə çağırır.

Nə qədər nitq var, o qədər də şeir var. Keçən dəfə maraqlı bir hal baş verdi, kompüterdə yazırdım, bir hərfi yazmağı unutdum, nəticədə başqa bir söz alındı. Baxdım ki, həm qafiyədi, həm də bu bir essenin mövzusudur. Təsəvvür edin ki, biz bəzən bir hərfi yazmadıqda qarşımızda yeni bir mövzu, mətləb açıla bilər. Heç düşünmədiyin halda, sənin qarşına qəribə bir alternativ çıxa bilər.

- Bu fikriniz Lars Von Trierin "Nimfomanka" filmindəki bir səhnəni xatırlatdı...

Qadın həyatı boyu etdiyi günahlarını etiraf edərkən qarşısındakına deyir ki, mən elə bir iş tutmuşam ki, bu əməlim mənim qatil olduğumun sübutudur. Mən bir adamın üstünə  içində güllə olan tapançanın tətiyini çəkmişəm. Amma açılmayıb. Nə olsun ki, açılmayıb, axı mən şüurlu şəkildə tətiyi çəkmişdim, bu o deməkdir ki, mən o adamı öldürmüşəm, qatiləm.

Qarşısındakı şəxs qadından atəşin açılmamasının səbəbini soruşduqda, qadın deyir ki, "silahı üstayağa" gətirməyi unutmuşdum, yəni tapancanın üstünü çəkib, gülləni yatağa gətirmədiyimi unutmuşdum.

Qarşısındakı şəxs isə ona çox qəribə şəkildə haqq qazandırır. Deyir, sən axı dəfələrlə filmlərdə silahın atəşdən öncə hazır vəziyyətə gətirildiyini görmüşdün, o an sən silahı hazır vəziyyətə gətirməyi unutmusansa, demək sənin şüuraltın səni qatillikdən xilas edib. Şüurun səninki olduğu kimi, şüuraltın da sənindir və sən qatil deyilsən.

Siz də bəlkə həmin hərfi səhv yazmaqla elə şüuraltı olaraq yeni mətləblərə yolu özünüz açırsınız.

- İstisna deyil. Trier çox maraqlı rejissordur. Silahın hazır vəziyyətə gətirilməməsinin səbəbini niyyət, əməl və s. məqamlarla əlaqələndirmək də olardı. Trier bunu şüuraltı ilə yekunlaşdırıb.

- Səlim müəllim...

- Üzr istəyirəm, bu fikrimi də deyim, sonra növbəti suala keçək.

- Buyurun.       

- 2 gün əvvəl daha bir qəribə an yaşadım. Küçə adamlarla dolu idi. Bu adamlar, əşyalar hər biri sözdü. Biz və onlar danışmayanadək onlar sükunət halında olan sözlərdir. Amma yetər ki, sən bir kəlmə deyəsən, onlar hərəkətə gəlməyə başlar, danışan sözlərlə əvəzlənər. Bax, bunları yazmasan, ani olaraq keçəcək. Və beləliklə, sən gündə yüzlərlə belə məqam düşünürsən.

- Səlim müəllim, inanın, sizə verəcəyim sual da elə bu məqamla bağlı idi. Bu günə qədər heç bir müsahibəmdə istifadə etmədiyim bir sual yazmışdım. Baxın, dəftərimdə də durur. Hələ ki, yazmadığınız, beyninizdə dolaşan bir şeirinizi, bədii informasiyanı bölüşməyinizi istəyəcəkdim. Halbuki özünüz elə bundan danışdınız. Deyəsən, metafizik nələrsə olmaqdadır.

Ədəbiyyat mübadiləsi, ədəbi əlaqələr zamanı yəqin ki, bəzi reallıqlar sizə aydın olur. Hansı ölkədə Azərbaycan ədəbiyyatına marağın, gözləntinin daha artıq olduğunu müşahidə etmisiniz? Təbii ki, müqayisədə.

- Məsələn, "İngilis ədəbiyyatı" adlı bir kateqoriya mövcuddur. Götürək, Rusiyada onminlərlə oxucu bu ədəbiyyatın çağdaş bədii nümunələrinin rus dilinə tərcüməsini gözləyir.

Azərbaycan ədəbiyyatını gözləyən hansısa ölkə oxucusu, toplumun olduğunu güman etmirəm. Amma bu qətiyyən o demək deyil ki, bizdə ərsəyə gələn bədii mətnlərin səviyyəsi aşağıdır. Sadəcə böyük dövlətlər həm iqtisadiyyatlarını, həm də sənətlərini bir kateqoriya halına gətirməyi bacarıblar. Biz hələ ki, bunu bacarmamışıq. Biz, eyni zamanda, Azərbaycan avtomobilini də yarada bilməmişik ki, hansısa ölkədə bizim avtomobilmizi gözləyən insanlar olsun, həmçinin futbol və s. Məşhur bir düstur var: "Sənətin, sənətkarın taleyini çox vaxt ölkənin taleyi həll edir". Böyük dövlətlər isə bu sahədə irəlidədir. Bununla yanaşı mən Ukraynada və digər MDB ölkələrində zövqünə inandığımız insanlar tərəfindən Azərbaycan ədəbiyyatının, şeirinin, kinosunun təqdirlə qarşılandığını görmüşəm. Hətta bəzilərinin "bizdə bu cür filmlər çəkilmir", "bizdə təəssüf ki, belə şeirlər yazılmır", - dediklərini də eşitmişəm. Hətta mən həm fərdi, həm az əvvəl qeyd elədiyimiz fəaliyyət çərçivəsində dəfələrlə həm klassik, həm də çağdaş yazıçılarımızın, şairlərimizin mətnlərini yolladığım xarici ünvanlardan müsbət rəylər almışam.

Amma ölkə ədəbiyyatının dünyaya çıxması çox ağır mexanizmdir və ağır məsələdir. Bu, bir az da siyasi məsələdir.

- Dünya, Qərb ədəbiyyatına həm işinizə, həm də fərdi fəaliyyətinizə görə çox yaxınsız. Xarici ədəbiyyatla tanışlıq zamanı orada baş verən, amma bizim ədəbiyyatımızdan yan keçən hər hansı prosesə görə təəssüf etmisinizmi?

- Mən hansısa cərəyanın Azərbaycana gəlməsinin və gəlməməsinin təəssüfünün, təəssübünün ağrısını hiss etməmişəm. Düşünürəm ki, "izm"lər, cərəyanlar, üsullar, üslublar "kitabdan oxudum və təqlid elədim" yolu ilə ədəbiyyatımıza gələ bilməz. Çünki bu cərəyanlar səbəbsiz yaranmayıb. Məsələn, niyə sürrealizm yarandı? Niyə XX yüzillikdə Fransada, İspaniyada və digər Avropa ölkələrində sürreal şeir pərvəriş tapdı? Eyni zamanda rəssamlıqda və kinematoqrafiyada sürreal elementlər görünməyə başladı?.. Avropa niyə fövqəl reallığa, üst reallığa, yəni sürrealizmə can atdı? Demək o cəmiyyətin həyatında, ictimai münasibətlərdə yaranan mənəvi ab-hava artıq onları qane eləmirdi. Onlar nədənsə narazı idilər və çıxış yolu axtarırdılar.

Ekzistensializm niyə Birinci və İkinci Cahan savaşları dövründə meydana gəldi? İkinci Dünya müharibəsi adi fakt deyildi. İkinci dünya müharibəsi insanın mənəvi aşınması demək idi. Əks halda insan insanı öldürməzdi. Demək, insan insanı öldürürsə, o ekzistensial duruma düşməli idi. O, yaşamamalı, amma olmalı idi. Yəni ağrı hiss etməməli idi, məsələn, yarpaq kimi mövcud olmalı idi. Ekzistensial hala düşməli idi. Demək, bu cərəyanlar, "izm"lər həmin ölkələrə səbəbsiz gəlmir, bu estetikalar həmin cəmiyyətlərin diaqnozlarıdır. Bu cərəyanlar incəsənətin, ədəbiyyatın həmin cəmiyyətlərə qoyduğu diaqnozlardır. İndi biz özümüzə aid olmayan diqnozu niyə qoymalıyıq? Axı bizim dominant problemlərimiz, bəlalarımız başqadı. Biz özgəsinin xəstəliyinin diaqnozunu özümüzə qoymaqla, əslində öz dərdimizi unutmuş, saxtakarlıq və riyakarlıq etmiş oluruq.

Mən istəyirəm bu hissə müsahibədə qalsın, az öncə sosial şəbəkədə tanımadığım bir gəncin şeiri çıxdı qarşıma. Bələd olmadan, birbaşa oxudum. Yanımızda oturan Elşən Mehdi dedi ki, bu şeir deyil, repdir. Tamamilə doğrudu. Bu şeirin ritmi repdir. Bunu yazan adam öz aləmində ciddi mətləbdən söz açdığını düşünür. Rep ritmi ilə ciddi mətləbdən danışmaq olar? Majorun major ritmi, minorun minor ritmi olmalıdır.

Təəssüf ki, əksər yazarlarımız o cərəyanların zahiri, kosmetik bir anlayış olduğunu düşünürlər. Halbuki, bu estetik axınlar qayəsi özündən əvvəlki fəlsəfəyə, cərəyanlara ironiyaya olan bir diaqnozdur. O cəmiyyətlər illər əvvəl əldə etdikləri nəticəyə, qənaətə gülərək yeni müstəviyə keçir. Biz bunu götürməklə nə edirik? Nəyə gülürük? Demək, bizdə postmodernizm başqa çalarlarla diqqət çəkməli idi. "Sekond hand" deyirlər. Varmı? Qoy buna ədəbiyyatçılar cavab versin.

"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ifadəsini tez-tez deyirlər. Bu ifadəni demədən öncə onun prinsipləri işlənməlidir. Əgər bu, bir fenomendirsə, onun prinsipləri nədir? Biz "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" dedikdə nəyi düşünürük? Xronologiyanımı, yoxsa, "müstəqil" anlayışının özünümü? Bu prinsiplər işlənmədən bu ifadə altında hazırlanan hər hansı təsnifləndirmə əsassız olacaq.

- Səlim müəllim, bu söhbətdən sonra öz müstəvimizə qayıtmasaq, yad estetikalardan danışsaq, düzgün olmaz. Sizcə, modern hissləri, çağdaş yaşantıları əruzda ifadə etmək mümkündürmü? Hərçənd əruz da bizim deyil, amma əxlaqımıza çox yaxındır.

- Kim əruzda yaşaya bilirsə, yəqin ifadə edə bilər. Şübhəsiz ki, bu dodaq qaçırdacaq. Əruzda yazmaq, bəhrin tələblərinə cavab vermək asan məsələ deyil. Bu xüsusi baqaj, baza tələb edir. Əruzda peşəkarlıqla yazan adamlar təbii ki, hörmətə layiqdir.

Amma əruzda yaşamaq deyilən bir anlayış da var. Mən düşünürəm ki, bu gün əruzda yazanların əksəriyyəti əruzda yaşamır. Əruz ciddi daxili nizam-intizam tələb edir. Düşünmürəm ki, tanıdığım əruz yazanların əksəriyyəti bu nizam-intizamda yaşayır. Sadəcə texnikaya sahibdirlər. 2-3 yaşlı uşağa da mobil telefon versən, bir həftə sonra artıq ondan baş çıxarmağa başlayır.

Bir də iztirabın, şeirə gələ biləcək hər şeyin öz ritmi var. Onun kardioqramması yoxdur. Bəli, əruzda çox maraqlı nümunələr olub, yenə olacaq.  Bu günün şeiri verlibrdir. Adından da göründüyü kimi azad şeir. Bu şeirin sayagəlməz qədər imkanları var.

- Əruzda yazılan bir şeir xarici oxucu üçün maraqlı olarmı?

- Əvvəla, əruzu çevirmək mümkün deyil. Məsələn, bir fransıza əruzu necə çatdıra bilərsiz? Ona o şeirin yalnız mənasını çatdırmaq olar. Bəli, ola bilər ki, şeir çox dərin olsun, onun məzmununu anlayan bir fransız, ingilis, ispan vəcdə gəlsin, başını tutsun. Amma poeziya təkcə məna müstəvisində dəyərli deyil, həm də nəğmədi, melodiyadı. Əruzu çevirsən, melodiyası itəcək.

Əruz daha çox ərəb dilinin faktıdır. Çağdaş ərəb poeziyasından xəbəri olanlar bilir ki, bu gün ərəblər də daha çox verlibr yazırlar.

Sabir cəmiyyətin problemlərinin bir çoxunu əruzla deyib. Həmin nümunələrin bir çoxu bu gün də aktualdır. Mən düşünmürəm ki, bu gün yenidən Sabir olmağa ehtiyac var. Cəmiyyətin problemlərini demək istəyirsənsə, de, amma başqa formada. Axı ədəbiyyat həm də estetik məsələdir, formalar tarixidir. Ədəbiyyat məzmun tarixi olsaydı, Homerdən sonra Avropada şeir yazılmalı deyildi. Təsnifinə görə elə problem yoxdur ki, Homer onu yazmasın. Böyük epik əsərlərdə demək olar ki, bütün təməl mövzular işlənib. Onda gərək Homerdən sonra heç nə yazılmayaydı. Ədəbiyyatın bir əsas mühərriki də var ki, onun adı estetikadır, formadır.

Son olaraq onu deyim ki, cins şalvarla sərbəst şeir oxumaq daha yaxşıdı.

Biz Füzuli ilə eyni duyğunu yaşaya bilərik, amma eyni formada düşünməyə məcbur deyilik ki. Yüz cür sevgi var, yüz cür göz yaşı var, yüz cür xəstəlik var. Hər kəs özününkünü yazmalıdır. Amma dünyada nə baş verdiyini bilməyin də vacibdir ki, sən yenidən velosipedi kəşf etməyəsən.

Onun təbiri ilə desək, az öncə "sanki kimsə isladılmış cunanı bərkdən çırpır" kimi yağan yağış kəsmişdi. Nizami metrostansiyasından üzüaşağı, "Qış parkı"na tərəf enirik. Az sonra hələ də Kafka kimi doğulub, Kafka kimi yazıb, Kafka kimi layiqli diqqət çəkməyib ölməyin mümkünlüyündən, qəribə yağışlardan və hər günkü eyniliyinə rəğmən insanlardakı günəş özləntisindən söhbət edəcəkdik. Hələ ki, susmuşuq. Daha doğrusu "sözlərin sükunət halı"ndayıq.

 

Söhbətləşdi: Sərdar Amin

 

Ədəbiyyat qəzeti.- 2017.- 25 noyabr.- S.24-25.