Taleyinə uduzmuş qadınlar
Uşaq
evi -
Gözlərində qorxu böyüdən uşaqların
Qulaqlarından
Qadağalar sırğatək asılıb,
Tərli
pəncərədə "ana" yazılıb...
Qadınlar -
Sıraya
düzülmüş
Yolların kənarında
Dan yeri sökülür,
Günəş yaşlı müəllim
kimi
Asta-asta qalxır göyün pilləkənlərini.
Taleyinə uduzmuş qadınlar
evlərinə dönür,
Yarıyuxulu körpələrin gözləri
Güllə kimi açılır
onların üstünə
İlk eşitdikləri söz - ana...
Qocalar evi -
Əzilmiş vərəqə bənzəyən
üzlərdəki
Ümidsiz, çarəsiz təbəssüm.
Altını bulayan qadın buğlanan gözləriylə
görür ölümü.
Və yuxusunda hər səhər eşitdiyi
"ana" sözünə
qarışır
Söyüşləri sanitarın...
Dodaqların toz tutub
Gecənin qaranlığını yumaq istəyir yağış
Dünyanın işıqları sönüb
Ovcunda içini çəkə-çəkə
yanan siqaretin
gücü çatmır
qaranlığa.
Nabələdsən bu şəhərin küçələrinə,
Yadsan bu şəhərin qaranlığına,
Büdrəyirsən hər addımda.
Sərxoşluğun heç kimə tanış
olmayan
dildə danışır
yalnızlıqla,
Bir kimsənin anlaya bilmədiyi dildə susmusan...
Uşaqlıqda evinizdəki köhnə
xalçanın
saçaqlarıyla oynayarkən
Necə sakit olurdunsa eləcə kirimisən.
Dodaqlarını toz tutub,
Susmusan...
Şamın cinayəti
Yanan şamın alovuna uzanırdı
Qələmə bənzəyən barmaqların
arasındakı əzilmiş
siqaret,
Şam işığı
Titrəyərək
Boylanırdı qaranlığa.
Masa arxasında əyləşmiş
kişinin
Ahına
oynayırdı şam
işığı
Divardan asılan qadın şəkli
İzləyirdi olub-bitəni.
Tək şahid o idi
Yandırılan siqaretə
Siqareti yandırdığı üçün
titrəyən şama,
İtirdiyi xoşbəxtliyin peşmançılığını
çəkib
Ağlını itirməmək üçün
başını
boş qalmış əllərinin arasına alıb
Bərk-bərk sıxan adama...
Qalx göylərə
Çıxar xəyallarının ayağından qandalları,
İlk dəfə ayaq açan uşaq qorxusu ilə yeri.
Arzularından nərdivan düzəlt
Qalx göylərə
Ovuc dolusu ulduz yığ göylərin sinəsindən.
Hər gecə yatanda sabahı deyil,
İllər sonranı düşün...
Malik Atilay
Ədəbiyyat qəzeti.- 2017.- 7
oktyabr.- S.27.