İlk qurban
HEKAYƏ
Nu-An səhərin ilk şəfəqləri ipək pərdələrdən
süzülüb otağı aydınlatmamış
oyandı. Gözləri
qaranlığa öyrəşənədək
yatağından qalxmadı. Ömründə
birinci dəfə idi ki, bu qədər rahat yatmışdı
və bunu mümkün olduqca uzatmaq istəyirdi. Axır ki, qarşıda onu gözləyən mərasimi
yadına salıb dikəldi. Həmin andaca
otağın qaranlıq künclərindən
yarıçılpaq, ancaq məhrəm yerlərini
örtmüş qullar çıxdı. Nu-Anı
ehtiyatla qaldırıb cəld qızıl ləyənin
yanına gətirdilər. Üstü zərif
işləməli kuzədən ilıq süd töküb
birinci ayaqlarını, sonra isə bütün bədənini
yudular. Təzə südün ətri
Nu-Anı iştaha gətirsə də, bir söz demədi.
Qulların yumşaq məhrəba ilə bədənini
qurulayıb, zərif parçadan tikilmiş, qızılı
və gümüşü saplarla işlənmiş libası
əyninə keçirmələrinə icazə verdi. Bir göz qırpımında
qızıl ləyəni gümüş sini əvəzlədi.
Süfrədə Nu-Anın arzulaya biləcəyi hər
cür nemət var idi: ocaqda bişmiş quş əti,
qurudulmuş və şirin meyvələrlə qovrulmuş
keçi əti, təzə qaymaq, giləmeyvə, bal,
adamın ağzını sulandıran, ləzzətli buğ
çıxan qarğıdalı çörəyi,
bütöv bişirilmiş balıq və daha nələr...
Nu-An isə nəfsinə hakim oldu. Çörəkdən bir tikə kəsib
gümüş qədəhdəki süddə islatdı.
Yumşaq çörəyi
ağır-ağır ağzında gəvələdi.
Yarım qədəh sərin su içib,
süfrədən qalxdı. Qullar cəld
süfrəni yığışdırdılar. Nu-Anı qızıl işləməli döşəkçədə
oturdub, bədənini ətirli yağlarla ovmağa
başladılar. Otağın isti və
insana rahatlıq verən havası, dərisinin hər məsaməsinə
diqqətlə yeridilən ətirli yağlar onu
xumarlandırmağa başladı.
Gözlərini açanda günəşin
şüaları bəbəklərinə sancıldı. Ağrıdan
üzünü qırışdırıb, gözlərini
möhkəmcə yumdu. Əlini sipər
edib üzünü yenidən turşutdu. Birdən
nə üçün burada olduğunu xatırlayıb cəld
ayağa qalxdı. Yox, gecikə bilməzdi.
Onu gözləyirdilər. Özü
də illərdir bunu gözləyirdi. Adi
adamlara nadir halda verilən bu şərəfi əldən
qaçıra bilməzdi. Yox, axı, o, nə
sərkərdə idi, nə də qalabəyi. Heç evinin sütunları qızıldan olan tacir
də deyildi. Nəinki özünə və
ailəsinə, bütün şəhər əhalisinə
şərəf və uğur gətirəcək mərasimə
gecikə bilməzdi. Gözlərindən
yaş axa-axa günəşə baxdı. Sürətlə döyünən ürəyi birdən
yavaşladı, bədənini rahatlıq hissi
çuğladı. Günəş təpədə
deyildi - hələ vaxt var idi.
Pərdələri açan qullar bir anda gözdən
itdilər. Əvəzinə Nu-Anın çılpaq bədəninə
zərif parçadan tikilmiş əba geyindirən başqa
qullar gəldi. Digərlərindən fərqli
olaraq onlar paltar geyinmişdilər. Hərəsi
Nu-Anın bir qolundan tutub özləri ilə apardılar.
Məbəd uzaqda deyildi. Çadırdan
çıxan kimi məbədin ilk pillələri ilə
rastlaşdı. Ayağını ilk pilləyə qoyan
kimi sürətini artırmağa çalışdı -
Günəş hər an təpədə ola
bilərdi. Qollarından yapışmış
qullar onun sürətini yavaşlatdılar. Üzlərində heç bir ifadə yox idi, amma
Nu-An anladı ki, tələsmirlər və onun tələsməyini
də istəmirlər. İtaətkarlıqla
boyun əydi və addımlarını onların sürətinə
uyğunlaşdırdı. Hər
addımda daha yavaş hərəkət edirdilər. Nu-An çox keçmədən bunun səbəbini
anladı.
İnsanlar. Məbədin dörd tərəfi insan izdihamı ilə
çevrili idi və daha qabağa gəlib Nu-Ana yaxından
baxmağa can atırdılar. Nu-An
çevrilmədən ailəsini, ya da tanıdığı
kimisə görmək ümidilə gözucu izdihamı
süzdü. Tanış üzə rast gəlmədi.
Həyəcandan və yüksəklikdən
gözü qaralmağa başlayırdı. Budur, artıq sonuncu pillədədir. Bir an kahinin işıldayan qızıl dəbilqəsi
gözünə sataşdı. Ürəyi fərəh
və qürurla doldu. Son ana qədər
qorxurdu ki, kahinlər səhv etdiklərini, onun lazımi ulduzun
altında doğulmadığını, əvəzinə
başqasını seçdiklərini elan edərlər.
Amma burdadır və günəş az
qala zenitdədir...
Kahinlə qarşılaşdıqda bütün
gücünü dodaqlarının qaçmaması
üçün sərf etdi. Hər iki yanında
bürüncdən tökülmüş heykəllər kimi
ifadəsiz və dimdik dayanan qulları təqlid etməyə
çalışdı. Çiyinlərini arxaya verdi, başını qaldırdı və
kahinin tünd qırmızı boya ilə sürmələnmiş
gözlərinə baxdı. Kahin də öz
növbəsində başını razılıqla yelləyib,
biləyindən tutub əlini qaldırdı. Məbədin
ətrafında az qala bir-birinin
üstünə çıxan camaata göstərib, ancaq
özünə və səmalara aydın olan dildə bir
neçə söz dedi. İzdihamdan
anlaşılmaz gurultu yüksəldi. Nu-An kimin nə
dediyini eşitmirdi, amma ümumi sevinc ab-havasını duyurdu. Çadırdan
çıxandan bəri ilk dəfə özünə
gülümsəməyə icazə verdi
- hər kəsin son ümidi olmaq xoşuna gəlmişdi.
Qulların onu qızılı taxta tərəf
dartmasıyla özünə gəldi. Bu dəfə
də itaətkarlıqla onları izlədi, amma təəccüblə
yerimək əvəzinə ayaqlarını
sürüdüyünün fərqinə vardı. Ürəyində heç kəsin bunu görməməsi
üçün dua etdi. Necə böyük utanc
olardı! Ailəsi, xələfləri hansı
üzlə camaat arasına çıxardı, məclislərdə
iştirak edərdi?! Yox, buna imkan verə
bilməzdi. Az qala qulların əllərindən
dartınaraq çıxıb taxta uzandı. Qulların
üzündə ilk dəfə gördüyü
narazılıqdan düzgün eləmədiyini anladı, amma
dodağının altında nəsə mızıldanan kahin
heç nəyin fərqinə varmamışdı. Bir qul ayaqlarından, digəri də əllərindən
yapışıb onu qızıldan taxta pərçimlədilər.
Əlini, ayağını elə bərk
sıxırdılar ki, elə bil durub qaçacaqdı. Yox, bunu əsla etməzdi. Bu gün dəyərsiz
həyatındakı ən şərəfli gün idi...
Gözləri qeyri-iradi başının üstündə
şəfəq saçan günəşə
sancıldı. Aylardır oradaydı və heç getmək
niyyətində deyildi. Onun ucbatından
Nu-An, ailəsi, bütün şəhər böyük
aclıq çəkirdi. Kahin, qızıl
kasadakı qırmızı maye ilə çılpaq sinəsinə
simvollar çəkən zaman, onun ürəyi günəşə
qarşı olan nifrətlə dolub-daşırdı. Qarnına, sinəsinə çəkilən simvollar
elə həmin andaca qızmar günəşin şuaları
altında buxarlaşmağa, Nu-Ana narahatlıq verməyə
başladı. Ax, o, Günəşə necə də
nifrət edirdi! Həm nifrət edir, həm də qorxurdu...
Kahin,
qızıldan dəstəyə kobud iplərlə
bağlanmış, üstündə qırmızı ləkələr
olan daşdan ibarət baltasını havaya qaldıranda Nu-An nifrət etdiyi şeyin günəş yox,
bu adət olduğunu anladı. Və qorxduğu... Artıq heç nə
- ailə şərəfi, aclıqdan qırılan şəhər
əhalisi, nə də səma vecinə deyildi. Yerində qurcuxmağa, qulların dəmirdən
möhkəm pəncələrindən qurtulmağa
çalışdı. İllərdir buna
öyrəncəli qulların üzündə tük də tərpənmədi.
Baltanın havada şığıyıb kəlləsinə
enənə qədər keçən qısa müddətdə
bircə şeyi fikirləşməyə vaxt tapdı: ölmək
istəmirdi.
Yaxından
baxılanda bayram libaslarının altından sümüyü
çıxmış qolları, gözlərinin ətrafı
qara halqalarla dairələnmiş arıq üzləri
görünən camaatdan bu ölüvay hallarına
yaraşmayan güclü sevinc nidası qopdu...
Kahin qanlı baltanı başı üzərinə
qaldırıb zəfər ədası ilə
bağırdı. Onun səsinə yerdəki izdiham daha böyük
uğultuyla cavab verdi. Qullar
Nu-Anın cansız bədənini taxtdan
yığışdıranda insanlar bir-bir evlərinə
dağılışmağa başladılar. Budur, artıq mümkün olan hər şey
edilmişdi. Kasıb evlərinə,
acından tərpənə bilməyən
uşaqlarının yanına rahat, fərəhlə qayıda
bilərdilər. Onlar hər şeyi etdilər, artıq
səmanın mərhəmətinə ümid etmək
qalır...
Kahin qulların köməkliyi ilə məbədin
yaxınlığındakı evinə qayıtdı. Baltanı
ehtiramla evinin ən gözəl güşəsindəki yerinə
yerləşdirib, qulların əvvəlcədən
hazırladıqları süfrəyə əyləşdi.
Qullar cəld ləyənlə su gətirib
kahinin qanlı əllərini və qan
sıçramış üzünü yudular. Artıq təmiz olmasına baxmayaraq, təzə
qanın iyi burnundan getmirdi. Bunun səbəbi
hələ də üstündə qurumamış bir-iki damla
qan süzülən balta olduğunu bilirdi. Birinci dəfə
deyildi, buna öyrəşmişdi, amma yenə də iş
bitəndən - səmaların istəyini yerinə gətirəndən
sonra baltaya baxmamağa çalışırdı. Baltanın üzərindəki qan əsla tam
qurumağa fürsət tapmırdı. Kahin bala
batırılmış isti qarğıdalı çörəyini
ağzında gəvələyə-gəvələyə
baltanın tökdüyü ilk qanın izinin gedib-getmədiyini
düşündü... O, bir neçə saniyə sonra ocaqda
bişmiş quşu əli ilə parçalayırdı.
* * *
Didilmiş
kürkü bədəninin çox az hissəsini
örtən adam boynunda müxtəlif heyvanların
sümükləri asılan iri gövdənin
qızardılmış çöl siçovulunu gəmirməyinə
acgözlüklə tamaşa edirdi. Aylardır
yağış yağmırdı, otlar qurumuşdu və
heyvanların hamısı daha yaşıl otların olduğu
yerlərə köç eləmişdi. Meyvə
ağacları yarpaqlarını bükmüş, giləmeyvə
kollarının demək olar, hamısı qurumuşdu. Quraq və bəhərsiz torpaqda yaşamağa davam
edən canlılardan ikisi də bu mağaranın sakinləri
idilər və sakinlərdən biri günlərdən bəri
ovladıqları yeganə siçovulu ləzzətlə mədəsinə
ötürürdü. Yarıçılpaq adam daha baxmaq istəməyib başını
çevirdi. Amma ağız
marçıltısına qulağını bağlaya bilmədi.
Gözücu həmin adama, əlindəki tikəyə
və yanındakı yarı-gəmirilmiş sümüklərə
baxdı. Ağlından keçən
fikrin dəhşəti ilə özü də diksindi. Yox, qorxmurdu. Ən azından
fınxırıb, tikəni parçalamağa
çalışdıqca boynundakı sümükləri
şaqqıldayan adamdan və onun ayaqlarının dibində
yatan, ağac budağına kol-kosla bağlanmış
daşdan ibarət baltasından qorxmurdu. Qorxduğu
şey elə həmin adamın boynundakı sümüklər
idi - bu işarə idi. Ancaq səma ilə danışan
adamların boynundan sümük asılırdı və bu an heyvanları, bitkiləri - bütün yeməklərini
alovlu şuaları ilə qaçıran dəhşətli
günəşlə, qorxudan bağrı yarılmadan
danışan adamdan qorxmaq lazım idi. Bunu bilirdi, amma heyvani
qorxusuna ondan daha güclü hiss qalib gəlirdi: aclıq.
Özü də bilmədi nə vaxt sürünə-sürünə
göylərlə danışan adama yaxınlaşdı. Cəld hərəkətlə
üstündə ət qalmış sümüklərdən
birini qapıb götürüldü. Elə həmin andaca
buna peşman olmuşdu. Qaçırdı,
var gücü ilə qaçırdı. Artıq
itirəcək heç nəyi qalmadığını,
qayıdacaq yuvası olmadığını bildiyi
üçün hara gəldi qaçırdı. Arxasınca gələn vəhşi
çığırtılar yaxınlaşırdı. Aclıq və təpədə olan günəşin
haldan saldığı bədəni sürətini saxlaya
bilmirdi. Dili ağzından
çıxmış, ürəyi dəli kimi
döyünürdü. Qaça bilməyəcəyini
başa düşəndə sümüyü sinəsinə
sıxıb olan-qalan gücü ilə irəli
sıçradı. Özünü quruyub cadar-cadar
olmuş torpağın üstünə atıb bir az yumalandı. Çığırtılar
yaxınlaşdı, başına
yığışmışdılar. Göylərlə
danışan adam qarnından təpiklə
vurdu. Əyilib əlindən sümüyü
dartıb çıxarmağa çalışdı. O,
buraxmaq istəmirdi. Göylərlə danışan adam var gücü ilə çəkişdirsə
də, sümüyü ala bilmədi. Buna qəzəblənib
bərkdən qıyya çəkdi və əlindəki
baltanı havaya qaldırdı. Bu vaxt
gözlərini qamaşdıran günəşin üzərini
qara buludlar örtdü və üzərinə
şığıyan baltanı görə bilmədi.
Sümüyü sinəsinə bərk-bərk sıxdı...
Göylərlə
danışan adam cansız bədənin əlindən
sümüyü dartıb çıxardı. Qanlı
baltasını göyə qaldırıb qıyya çəkdi.
Onun və ölünün başına
yığışan səfillərə qəzəbli
baxışlarıyla meydan oxudu. Hər kəs
baxışlarını qaçırdı. Bu təslimiyyəti qəbul etdi, baltasını bir
də göyə qaldırıb çığırdı.
Bir damla qan baltadan yerə süzülüb
torpağı islatdı. Ardınca biri də və biri də...
Hamı yerindəcə donub göydən yerə
yağan damlalara, göy otlara, üstü şirəli meyvələrlə
dolu budaqlara, qarıldayan quşlara, bol otdan yeyib kökələn,
nəşəylə ətrafda qaçışan heyvan
sürülərinə baxırdı. Səfillər sevinclə
çığrışıb, atılıb-düşməyə
başlayanda göylərlə danışan adam
özünə gəldi. Hə,
yağış yağırdı. Xilas
olmuşdular. O, qəbiləni xilas etmişdi.
Baltasını
göyə qaldırdı, ancaq özünə və səmalara
aydın olan dildə qıyya çəkdi...
Cəmilə Məmmədli
Ədəbiyyat qəzeti.- 2017.- 7
oktyabr.- S.20.