XVI əsrin Türkiyə miniatür
sənətində Azərbaycan rəssamları
Sultan Süleyman rəssam və şairlərin yeni əsərlərini
diqqətlə öyrənərək, onları ən yüksək
ölçülərlə dəyərləndirirdi. O, dini bayramlar zamanı rəssamlara,
xəttatlara və cildçilərə pul və hədiyyələr
bağışlayırdı. Deyirlər, o, Çələbinin
"Humayunnamə" adlı böyük həcmli əsərini,
ərəb hərəm xadimlərinin türk dilinə tərcümə
olunmuş, şahlar üçün klassik nəsihət
kitabı sayılan, öz kökləri ilə beş
min illik tarixə malik qədim hind
"Pançatantr"ına gedib çıxan "Kəlilə
və Dimnə" əsərini bir gecədə oxumuşdur.
O, həm də fars dilində yazılmış öz şəxsi
bioqrafiyasını - 30 min sətirlik "Süleymannamə"
əsərini də mükəmməl bir şəkildə
oxuyaraq başa çatdırmışdır.
İncəsənət xadimlərinin
mükafatlandırılması İstanbulda onların sənətkarlar
kimi də saylarının çoxaldılması
ehtiyacını yaratdı, odur ki, Osmanlı
imperiyasının hər yerindən şöhrətli paytaxta
axın başlandı. Onların bir hissəsi sənətkar
birliklərində bir araya gəldilər, bir hissəsi isə
sultanın xidmətində olan Əhli-Hirəfə
(İstedadlar Cəmiyyəti) qəbul edildilər. Əhli-Hirəf müxtəlif peşə nümayəndələrindən,
o cümlədən xəttatlardan ibarət idi. Təsvir dili və nəqqaşlıq (rəssamlıq)
Osmanlı səltənətində sürətlə
formalaşırdı və yaradılmış örnəklər
tez bir zamanda üzlük daşların naxışlarından
tutmuş saxsı məmulatlarına qədər digər incəsənət
növlərinə yayılırdı. Geometrik
üsluba və bitki ornamentlərinə əsaslanaraq bu bəzəklər
öz köklərini sultan bədii emalatxanası olan Nəqqaşxanada
yaradılmış əlyazmalara gözəllik verən
naxışlardan götürürdülər.
Nəqqaşxana və onun rəssamları
Əhli-Hirəfin bir bölümü olan "Camaati-Nəqqaşan"
(Rəssamlar Cəmiyyəti) sultan tərəfindən
sifariş edilmiş əlyazmaların tərtibatı və bəzədilməsinə
mükəlləf olan rəssamlardan ibarət idi. Onlar
sutkalıq əmək haqları alırdılar ki, bu da
üç ayda bir dəfə tərtib edilən xüsusi
jurnallarda qeyd edilirdi. Ayrıca maliyyə tələb edən xüsusi
layihələr də mütləq qaydada saray arxivlərində
qeydə alınırdı. Rəssamların
Hökmdar Cəmiyyəti zaman-zaman sarayda çalışan rəssamlar
hesabına təkmilləşirdi. Bütün bunlara əlavə
olaraq, administrasiya
üzvü olan rəssamlıq incəsənətini mənimsəmiş
yüksək aristokratiyanın bəzi nümayəndələri
səltənət manuskriptlərinin (əlyazma incəsənətinin)
yaradılmasında iştirak edirdilər.
Nəqqaşxana termini müəyyən yeri, binanı təyin
etmək üçün deyil, təşkilatı göstərmək
üçün meydana gəlmişdi. Əsas bina mərkəzi
prospektdə, sultanın hərbi parad zamanı təntənəli
nümayişi seyr etdiyi qırmızı köşkün
yaxınlığında yerləşirdi. Nəqqaşxananın işçilərinin sayı
yüzlərlə hesab olunduğu zamandan sonra bu bina
görüş və yığıncaqlar yeri kimi istifadə
edilməyə başlanmışdı. Burada
rəssamlara lazım olan kitablar - əlyazmaları tərtib
etmək üçün incəsənət nümunələri
əlyetərli idi, rəssamlar yeni layihələri təyin və
müzakirə edirdilər, eləcə də əlyazmaların
sona çatmış hissələri vahid bir manuskriptdə
komplektləşdirilirdi. Oxşayır ki,
bir sıra rəssamlar öz evlərində, yaxud da digər rəssamlarla
birlikdə şəhər emalatxanalarında işləyirdilər,
onların bir hissəsi isə Nəqqaşxana binasının
özündə çalışırdılar.
Nəqqaşxana haqqında ilkin xəbər verən mənbələr
Qanuni Süleymanın hökmdarlığı dövrünə
təsadüf edir, eləcə də 1526-1566-cı illərdə
tərtib edilmiş altı ədəd jurnal qorunub
saxlanmışdır. Həm də o dövrə aid olan, dini
bayramlar zamanı sultan və rəssamlar tərəfindən
mübadilə edilmiş hədiyyələri özündə
əks etdirən qeydlər vardır. 1526-cı
ildə Nəqqaşxana qırx bir işçidən ibarət
idi ki, onlara da Şahqulu Təbrizi başçılıq
edirdi. Dəstə Təbrizdən gəlmiş
on rəssamdan ibarət olmaqla, bəziləri özləri
tanınmış idi, bəziləri də tanınmış
rəssamların övladlarıydı. Əlavə
olaraq dəstəyə iki nəfər çərkəz, bir
nəfər alban və bir nəfər də moldovan
qoşulmuşdu. Hələ doqquz nəfər
İkinci Bəyazidin hakimiyyəti dövründə, eləcə
də, on üç nəfər Birinci Səlimin
hökmdarlığı zamanı qeydə
alınmışdı. 1545-ci ildə tərtib edilmiş
növbəti qeyd dəftərindən məlum olur ki, qırx beş
rəssamdan ibarət olan Nəqqaşxananın iki hissəyə:
Rumeli və Asiman hissələrinə bölünməsi
baş vermişdir.
Birinci dəstəyə əvvəlki kimi Şahqulu
başçılıq etmişdir. Bu dəstə qırx beş rəssamdan ibarət olmaqla özündə
dörd bosniyalını, üç avstriyalını, iki
çərkəzi, bir albanı, bir moldovanı və bir
Rumeli rəssamını birləşdirirdi.
İkinci
dəstə on beş rəssamdan təşkil
olunmuşdu; onların on nəfəri Təbrizdən, bir nəfəri
isə İsfahandan idi. Göründüyü
kimi, Asiman dəstəsini sırf Təbriz rəssamları təşkil
etdiyi halda Rumeli dəstəsi kitab əlyazması
ustalarının digər üzvlərini özündə birləşdirirdi.
Rumeli və Asiman dəstələri kimi bölünmələr
1557-58-ci illərdə də baş vermişdir. Rumeli dəstəsi
Qara Məminin başçılığı altında iyirmi
altı rəssamdan ibarət olduğu halda, Asiman dəstəsində
on üç rəssam vardı. Birinci dəstə
bir neçə nəfər bosniyalıdan, bir albandan, bir
moldovandan və bir gürcüdən təşkil
olunmuşdu. İkinci dəstə isə əsasən
Təbriz rəssamlarından, eləcə də, bir neçə
nəfər macardan, İsfahandan olan iranlılardan və bir nəfər
də Qərbi Avropa mənşəli rəssamdan ibarət
idi.
1556-cı
il sənədlərində yenə də
emalatxananın ikiyə bölünməsindən bəhs
edilir. Qarışıq tərkibdən ibarət olan Rumeli dəstəsinə
Mehmet Sinan başçılıq edirdi, Asiman dəstəsi isə
bir avropalını və aralarında 1557-58-ci illərdə
Rumeli dəstəsinə başçılıq etmiş
Mühəmməd şah da olmaqla beş nəfər
Təbriz rəssamını öz ətrafında birləşdirirdi.
Bizə əlyetərli olan mənbələrdən
aldığımız informasiyaya görə Nəqqaşxananın
ilk rəhbəri Həsən Çələbi kimi məşhur
olan Həsən ibn Abdulcəlil olmuşdur. O, mənbələrdə
daha çox 1510-cu ildə nəqqaşbaşı işləməsi
ilə xatırlanır və bu postu 1540-cı ilə qədər
əldə saxladığı bildirilir. 1526-cı ildə siyahıda bir
nömrəli olan Şahqulu 1545-ci ildən Rumeli dəstəsinə
başçılıq edirdi. 1557-58-ci illərdə
digər rəssam Mühəmməd şah dəstənin
başında dayanırdı, amma o dönəmdə dəstədə
nəqqaşbaşı Qara Məmi idi.
Həsən
ibn Abdulcəlil Təbrizli rəssamın oğlu idi və
İkinci Bəyazidin hakimiyyəti dövründə, güman
ki, 1500-cü il ərəfəsində, Nəqqaşxanada
xidmətə girmişdi. Onun maaşı 1510-cu
ildən sonra gün ərzində, o illərdə ən
yüksək olan 25 akçadan (gümüş pul) 35
akçaya qədər artmışdı. Bununla belə
o, Şahqulunun 1526-cı ildə qazandığından az gəlir əldə etmişdi. Doğrudur, o
1545-ci il qeyd siyahısında
xatırlanmasa da, sultanla 1555-ci ilə qədər hədiyyə
mübadiləsi etməsi məlumdur.
Şahqulu Bağdadi kimi tanınan Şahqulu,
görünür, Bağdadda doğulmuşdur. Mənbələr həm də
göstərir ki, 1501-ci il civarında
Şah İsmayıl hakimiyyətə gəldiyi zaman, ehtimal
ki, o, Təbrizdən qovulmuşdur. Əvvəlcə
o Amasiyada yaşamışdır, sonra İstanbula
köçmüş, təxminən 1520-ci ilin dekabrı ilə
1521-ci ilin yanvarı arasında Rəssamların Hökmdar Cəmiyyətinə
qəbul olunmuşdur. O, 1526-cı ildə yüksək vəzifəyə
gəlmiş, 1545-ci ildə başçı olmuş və
sultandan hədiyyə almağa az bir
müddət qalarkən vəfat etməsi haqda 1555-1556-cı
il sənədlərində xatırlanmışdır.
Bizim
ehtimalımıza görə, Şahqulu çətin ola bilsin ki, imzalı bir iş qoyub getmişdir,
osmanlı üslubu olan "Saz"ın
yaradılmasını və inkişafını onun adına
çıxırlar.
"Xətai" naxışlarından (çiçəkləmiş
budaqların toxunmuş çeşidli variantları) və rəsmlərdə
yer almış burulmuş qırçınlı yarpaqlardan tərtib
olunmuş əsərlərdə peşəkarların
fırçasıyla bu üslubdan istifadə edilmişdir. Bu, əjdahaların,
dördayaqlı qanadlı varlıqların, şirlərin və
pərilərin məskunlaşdığı
inanılmaz bir aləm idi.
"Saz" üslubunda işlənmiş əksər rəsmlər
ya heyvanların döyüş səhnəsini əks etdirir,
ya pəriləri, ya da "Xətai"
naxışlarını və yarpaqları. Uçan pəri təsvir
edilmiş, altında "Şahqulunun işi"
yazılmış bir rəsm əsəri var ki, hər ehtimala
qarşı onun həqiqi
nüsxə olduğu örnək kimi götürülür.
Digər bir örnək üstünə sultan
möhürü vurulmuş əjdaha təsviri olan bir rəsm
əsəridir ki, onun da üzərinə sonralar "Usta
Şahqulu Ruminin işi" yazılmışdır.
Şahqulu həm də 1545-ci il sənədlərində
xatırlanır və bu sənədlərdən onun sultana pəri
təsvir olunmuş rəsm əsəri
bağışladığı məlum olur. Mustafa Alinin
"Rəssamların bioqrafiyası" adlı əsərində
Şahqulunun Təbrizdə usta Ağa Mirəyin
yanında təhsil alması, onun həmkarları ilə
münaqişəyə gətirib
çıxardığı pis xasiyyəti olması da qeyd
olunur.
Əlimizdə digər nəqqaşbaşı Qara Məmi
haqqında xeyli informasiya vardır. Mustafa Ali təsdiq edir
ki, o, Şahqulunun ən yaxşı şagirdlərindən və
Qanuni Süleyman nəqqaşxanasının ən
yaxşı ustalarından biri olmuşdur, müəllif həm
də onu müzəhhib adlandırır.
Siyahıda xatırlanan rəssamlardan biri də işinə
görə haqqında fikir yürütməyin mümkün
olduğu, 1523-24-cü illərdə Abdulla b. İlyas tərəfindən
üzü köçürülmüş və Sultan
Süleymana hədiyyə edilmiş Quranı
naxışlamış Bayram ibn Dərvişdir. Siyahıda
göstərildiyinə görə Bayram emalatxanaya İkinci Bəyazidin
hakimiyyəti dövründə, 1526-cı ildə qəbul
edilmişdir.
Yuxarıda
adı çəkilən sənəd şəhadət verir ki, nəqqaşxana
artıq İkinci Bəyazidin sultanlığı
dövründə yaradılmış və Birinci Səlimin
Təbrizdən gətirdiyi rəssamlar hesabına komplektləşdirilmişdi.
Təxminən 1540-cı ildə nəqqaşxana iki hissəyə
bölünmüşdü: Rumeli dəstəsi birinci olmaqla tərkibinə
Anadoludan və imperiyanın şimal əyalətlərindən
olan rəssamlar daxil idi, ikinci - Asiman dəstəsi isə əsas
etibarı ilə İran rəssamlarından təşkil olunmuşdu.
Şübhəsiz
ki, 1560-cı ildə də saxlanılan bu bölgüyə
İmperiyanın Qərbindən olan
bəzi rəssamların Asiman dəstəsində, təbrizlilərin
isə, məsələn, Mehmet Şahın Rumeli dəstəsində
çalışmaq imkanı əldə etdikləri vaxta qədər
əməl olunmuşdu.
Bölünmənin önəmi. Dəstələrə
bölünmənin qaçılmaz olduğunu dərk etmək
gərəkdir və ola bilsin ki, bu sayaq
qruplara ayrılmanın sırf administrativ əhəmiyyəti
vardı.
İerarxiya eynən nəqqaşxananın əmək
haqları kimi dəyişkən idi. Məsələn,
Şahqulunun 1526-cı ildəki maaşı ondan rütbədə
aşağı olan Məlik Əhmədinkindən
aşağı, amma emalatxananın rəhbəri Həsən
ibn Abdulcəlilinkindən yuxarı idi. Olsun
ki, bəzi siyahılar fərdi layihələr
üçün tərtib edilmişdi və onları həyata
keçirən rəssamlar həm xaraktercə, həm də həcminə
görə çeşidli tapşırıqları yerinə
yetirirdilər, elə bu baxımdan da müxtəlif miqdarda əmək
haqqı alırdılar.
1520-ci ildən
1560-cı ilə qədər bir qayda olaraq rəssamlar ya təbrizlilərdən
ya da onların şagirdlərindən olurdu, amma bununla belə
İmperiyanın müxtəlif guşələrindən bu
işə cəlb edilənlər vardı. Təbriz
rəssamları ya könüllü olaraq İstanbula
köçüb gəlmişdilər, ya da 1514-cü ildə
Təbrizin tutulması zamanı hərbi qənimət kimi
buraya gətirilmişdilər. Birinci Səlimin
paytaxta min nəfərə qədər rəssam, sənətkar,
alim və şair gətirməsi ehtimal edilsə də, qeyd
siyahısı sənədində yalnız on üç rəssam
xatırlanır ki, onlar da bu sultanın
hökmdarlığı dövründə emalatxanaya qəbul
edilmişdilər.
Qeyd etmək lazımdır ki, Birinci Səlim 1517-ci ildə
məmlüklər üzərində qələbədən
sonra İstanbula həm də suriyalı və misirli rəssamları
da gətirmişdi. O zamanlar məmlüklər Qahirədə manuskriptlərə
Təbrizdə və Şirazda təhsil alması ehtimal edilən
rəssamlar tərəfindən illüstrasiyalar çəkilməsini
maliyyələşdirirdilər.
"Xətai" naxışlarından (çiçəkləmiş
budaqların toxunmuş çeşidli variantları) və
burulmuş qırçınlı yarpaqlardan ibarət olan
"Saz" üslubu XVIII əsrin axırlarında
özünün coşqun çiçəklənmə
dövrünü yaşamış, hətta 1900-cü ilə
qədər tətbiq edilmişdir. Çiçəkləmiş meyvə
ağacları və kolları, tülpanlar, qərənfillər,
qızılgüllər, sünbülçiçəkləri,
zambaqlar kimi
özünəməxsus motivləri olan bu natural
üslub o dövrdə digərlərindən fərqli
olduğu üçün XIX əsr incəsənətində
öz izlərini qoymuşdur.
Firdovsinin
türk dilinə tərcümə olunmuş "Şahnamə"
əsərinə çəkilmiş olduğu kimi Birinci Səlimin
fars dilində yazmış olduğu
"Divani-Səlim" adlı poemasına da saray
emalatxanasında illüstrasiyalar çəkilmişdir.
Bu illüstrasiyaların üslubu müxtəlif ənənələrin
qarışığıyla səciyyələndirilir və Təbriz,
Herat, Şiraz, İstanbul məktəblərinin sənət
cizgiləri, hətta, Qahirə məktəbinin də bəzi əlamətlərini
özündə birləşdirir. Qeyd siyahısı sənədində
göstərildiyi kimi Təbrizdə təhsil almış və
ya Təbrizdən keçməklə Heratdan gətirilmiş
rəssamlar 1520-40-cı illərdə yaradılmış əlyazmaların
üslubuna güclü təsir göstərmişlər.
Qeyd etmək lazımdı ki, XVI əsrin ilk iyirmi beş ilində Herat məktəbi ənənələri
Təbriz məktəbi ənənələri tərəfindən
kölgələndiyinə görə nəqqaşxananın
o dönəmki işinə daha çox hansı məktəbin
təsir göstərdiyini söyləmək çətinlik
törədir.
Herat üslubu ilkin işlərdə, məsələn,
Əbdürrəhman Caminin və Əlişir Nəvainin
"Divan"larına çəkilmiş illüstrasiyalarda
özünü büruzə verir. Təbriz üslubu isə
bir sıra əlyazmalarda, o cümlədən, Firdovsinin
"Şahnamə"sində və Nizaminin "Xəmsə"sində
özünü göstərir. Bir sıra
əlyazmalarda bu təsir yerli xarakterə malik ünsürləri
əks etdirmək üçün yerli türk rəssamlarının
işləyib hazırladığı üslublarla eyniləşir,
poemaların qəhrəmanlarına müasir paltarlar və
baş geyimləri geyindirməklə səciyyələnir.
Belə uyarlılıq 1530-31-ci illərdə Əlişir Nəvainin
"Divan"ına
və 1530-cu ildə "Tərcümeyi-Şahnamə"
əsərinə çəkilmiş illüstrasiyalarda
aydın şəkildə izlənilir.
Qahirə üslubunun təsir problemi hələ müəyyən
edilməmişdir. məmlüklərin sarayında
işləmiş rəssamlar Təbrizdə və Şirazda
formalaşmış üslublara istinad etməkdə
israrlıydılar.
Tarixi manuskriptlərin illüstrasiyaya alınması. Məhz tarixi əl
işlərinin illüstrasiyaya alınması sayəsində
Osmanlı miniatür rəssamlığı üslubu
formalaşmışdır. Osmanlı
sülaləsinin tarixinə, ayrı-ayrı sultanların
bioqrafiyalarına, bayram hadisələrin təsvirinə və
yaxud yürüşlərə həsr olunmuş cildlərin
illüstrasiyaya alınması 1560-cı ildən sonra nəqqaşxanaların
əsas vəzifələrinə çevrilmişdi.
Şahidlər tərəfindən yazılmış və
illüstrasiyaya alınmış bu hadisələri əks
etdirən əsərlər zəngin sənədli mənbəyə
çevrilirdilər. Onlar Osmanlı imperiyasının o
dönəminin xüsusiyyətləri və gerçəklikləri,
eləcə də, mərasim və təntənələri haqda təsəvvür
yaradırlar.
Baxmayaraq ki, tarixi əl işlərini illüstrasiyaya
almaq ənənəsi yalnız onlara aid deyildir, amma tarixi
miniatür janrında dörd əsrlik tarixi mövcudluq
baxımından Osmanlı rəssamlarının məhsuldarlığı
misilsizdir. Erkən
vaxtlarda olduğu kimi müasir Osmanlı rəssamlarının
tarixi əl işlərini illüstrasiyaya alma
ənənələri qapalı və xaotik xarakter
daşımışdır. Təbəri və Rəşidəddinin
tarixinin, eləcə də, Teymur, Babur, Əkbər kimi
ayrı-ayrı görkəmli hökmdarların
bioqrafiyalarının illüstrasiyaya alınması buna
örnək ola bilər. Sülalənin və
onun hökmdarlarının mədh olunması osmanlı
ənənəsinin əsas məziyyəti idi və bu prosesdə
əsasən İmperiyanın ən istedadlı ustaları
iştirak edirdilər.
Əvvəldən
axıra kimi əlyazmalar
üzərində gedən iş prosesi şəxsən
Sultanın və yüksək çinli saray xadimlərinin nəzarəti
altında olurdu, sonra bu işlər qəbul edilərək
qayğı və diqqətlə Sultan kitabxanasında
saxlanılırdı. Onlar sırf Sultan ailəsinin üzvləri
üçün yaradılırdı.
Maraqlıdır bu əsərlər işdə əldə rəhbər
tutulmaq üçün yaradılırdı, yoxsa görkəmli
sələflərin
uğurlarına sayğıyla yanaşmağı
təlqin etdiyi və ibrətamiz xarakter
daşıdığı üçünmü. Sultanlar dünya tarixində öz rollarını dərk
edirdilər, öz əsil-kökləri ilə
öyünürdülər, onların nəhəng
İmperiyanın hakimiyyətinə bağlılıqları
həmin tarixi əl işlərindən aydın
görünür.
Osmanlı tarixi mənbəşünaslıq elmi
İmperiyanın erkən illərində meydana gəlmişdir. Sülaləlinin adətən
"Tarixi-əl- Osman" (Osmanlı sülaləsinin tarixi)
adlanan ümumi tarixi XlV və XV əsrlərdə Əhmədi
( 1412-ci ildə ölmüşdür) və
Amilpaşazadə də daxil olmaqla bir neçə müəllif
tərəfindən yaradılmışdır. Tarixçi mənbəşünaslıq
elmi Qanuni Süleymanın uzun sürən hakimiyyəti illərində
çiçəklənmişdi; bu dönəmdə Kamal
paşa, Daşköprülüzadə Əhməd, Aşiq
Çələbi, Xoca Səadətdin, Əhməd Firidun,
Mustafa Ali (Gelibolulu) və Lütfi kimi bir sıra məşhur
alimlərdən tarixi salnaməçilər yetişmişdi.
Bu qrupa Matrakçı Nasuh kimi tanınan
şöhrətli tarixçi Nəsrulla Sipahi əl-Matrakini və
digərlərini də aid etmək olar. Onlar
haqqında sonra söhbət açılacaq.
İllüstrasiyaya alınmış tarixi əl işləri
1500-cü ildən görünməyə
başlamışdır. Bu janrın
özülü kimi İkinci Bəyazidin hakimiyyəti
dövrünü təsvir etmiş məşhur tarixçi Məlik
Ümmün "Şahnamə"sini hesab etmək olar.
Növbəti əsər isə türk dilində
şeir formasında yazılmış, 1525-ci ildə
Süleymana hədiyyə edilmiş Şükri Bitlisinin
"Səlimnamə"sidir.
Növbəti qrup əsərlər də türk dilində,
nəsrlə yazılmışdır və mahiyyətcə
inqilabi xarakterə malikdir. Həmin işlərin
müəllifi və illüstrasiyaçısı olan
Matrakçı Nasuh osmanlılar tərəfindən fəth
edilmiş şəhərləri, limanları təsvir edir və
bunları kifayət qədər dəqiqliklə yerinə
yetirir. "Bəlki
Menazali səfər İraqeyn" manuskriptində
Süleymanın 1534-36-cı illərdə İraqa və
İrana etdiyi yürüşlər təsvir olunmuşdur.
Əlyazma üzərindəki iş 1537-ci ildə
yekunlaşmış, onun tərkibində ordunun düşərgə
üçün dayandığı şəhərləri və
regionları təsvir edən 128 illüstrasiya vardır. Matrakçı Nasuhun orijinal baxışları və
üslubu uzun bir zaman kəsimində nəqqaşxanaların
işinə təsir etmişdir.
Nasuh digər iki kitab da yazmış və
illüstrasiyalarla bəzəmişdir. Onlardan biri
1540-45-ci illərdə yazdığı "Tarixi Sultan Bəyazid"dir.
Bu kitabda onun və qardaşı Cəmin başına gələn
hadisələr təsvir edilmişdir. Əsərdə
qalaları və limanları təsvir edən on illüstrasiya
yer almışdır. Onun digər əsəri isə
"Tarixi Fəxri Siklos, Esterqon və Estonibelqrad"dır
(bu əsər həm də "Süleymannamə" adı
altında məşhurdur - 1545-1550-ci illər). Bu kitabda 1543-cü ildə Süleymanın Macarıstana,
eləcə də Xeyrəddin paşanın Fransanın
Aralıq dənizi sahilləri boyunca yerləşən ərazilərinə
yürüşü təsvir edilmişdir. Haqqında bəhs edilən əlyazmada quruda və dənizdəki
qalaları, eləcə də müxtəlif şəhərləri
özündə əks etdirən 32 illüstrasiya yer
almışdır.
Təhsilinin əsasları və üslubu Nasuhla eynilik təşkil
edən rəssam, imperator dəniz donanmasının
kapitanı kimi tanınan Piri Rəisdir. O, özünün
1513-cü ildə Birinci Səlimə
bağışladığı Amerika xəritəsinə
görə məşhurdur. 1521-ci ildə onun korrektə etdiyi
bu kitab Aralıq dənizi limanları üzrə yol göstəricisidir. Bu əsərin qorunub saxlanılmış otuz surətindən
ən erkəni 1525-26-cı illərə aiddir. Limanları təsvir edən həmin surət 215 xəritədən
ibarət olmaqla Süleymana hədiyyə edilmişdir. İllüstrasiyalar müəllifin özü tərəfindən
çəkilmişdir. Piri Rəis təqribən
1465-ci ildə doğulmuşdur. O, məşhur kapitan
Kamalın yaxın qohumu olduğu üçün onun
yanında - Aralıq dənizi donanmasında xidmət edirdi.
Fars körfəzində portuqaliyalılarla uğursuz
qarşıdurmadan sonra o, rüşvət almaqda təqsirli
bilinmiş, nəticədə Hörmüzün mühasirəsi
götürülmüş, ona görə də 1554-cü
ildə edam edilmişdir.
Onun həmkarı
- dəniz
komandiri Haydar Rəis öz rəsmlərini
Nigari təxəllüsü ilə işləmişdir. Piri Rəis kimi o da Əhli-Hirəfin işçisi
deyildi, amma mərkəzi administrasiyaya tabe idi. Onun tərəfindən ayrı-ayrı vərəqlərdə
çəkilmiş Süleymanın, İkinci Səlimin, Xeyrəddin
paşanın rəsmləri naturadan işlənmişdir.
Nigari Piri Rəisin və Nasuhun yaratmış olduğu
tipoqrafik və portupan janrı ilə bərabər portret
janrının populyarlaşmasında da mühüm rol
oynadı ki, bu da Osmanlı rəssamlığında tarixi janrın inkişaf etməsində
böyük əhəmiyyət kəsb etdi. Yüksək
təhsilli olmaqla yanaşı Nigari həm də rəssam,
şair və tarixçi idi. Onun
İstanbulun Qalata rayonundakı evi alimlərin və şairlərin
toplaşdığı bir məkana çevrilmişdi. Nigarinin Süleyman
və onun oğlu İkinci Səlim dövründə sarayda
xidmət etdiyi, 1572-ci ildə səksən
yaşında öldüyü hesab olunur.
1547-ci ildə
Şirvandan İstanbula köçmüş, beş cildlik "Şahnameyi
Ali Osman" əsərini yazmış Arifi haqqında müfəssəl
məlumat aşağıda veriləcəkdir. Əsərin
beşinci cildi olan "Süleymannamə" 1520-ci ildən
1555-ci ilə qədər olan hadisələri özündə
əks etdirir. Əsərlərinə
illüstrasiyalar çəkilmiş Arifi sultanların ilk rəsmi
şahnaməçisi olmuşdur. 1561-62-ci illərə təsadüf
edən ölümündən sonra onu Şirvandan olan
başqa bir həmkarı, Əflatun əvəz etmişdir. Onun tərəfindən hansısa bir tarixi əsərin
yaradıldığı haqda məlumat yoxdur. Əflatunun ölümündən sonra 1569-cu ildə
onun yerini bütün şahnaməçilər içərisində
ən məhsuldarı olan Loğman tutdu. Bu
postda isə Loğmanı 1590-1600-cü illərdə Talikzadə
əvəz etmişdir. Sultanların
bioqraflarının sonuncusu Nadiri olmuşdur ki, o da XVll əsrin
birinci yarısında işləmişdir.
Süleymanın Siqezvara son yürüşü Əhməd
Firidun tərəfindən "Nüzhət əl-Əsrar əl-Əxbar
der xabari Siqezvar" əsərində təsvir olunmuşdur. Osman tərəfindən
illüstrasiyaya alınan bu əsər 1568-69-cu illərdə
başa çatmışdır. Yerinə yetirilən bu
işdə istifadə olunan Osmanın bu üslubu 1560-cı
illərdə meydana gəlmişdi və şahlara aid tarixi əsərlərin
yaradılmasında XVll əsrin birinci onilliyinə qədər
öz üstünlüyünü saxlamışdır. Osman
və onun həmkarları əsasən şahnaməçi
postunda 25 il ərzində fəaliyyət
göstərmiş Loğman ilə işləyirdilər. Onların
ilk birgə işi olan "Tarixi Sultan Süleyman" əsərinin
üzü Qasım əl-Hüseyni əl-Aridi əl-Qəzvini
tərəfindən
köçürülmüşdür. Bu əsər
"Süleymannamə"nin sonuncu fəsli
hesab olunur. Əsərdə 1566-cı ildə
ölümü də daxil olmaqla Süleymanın
ömrünün sonları ilə bağlı hadisələr
əks olunmuşdur. Bu cild klassik osmanlı
rəssamlığının inkişafını
bütünlüklə nümayiş etdirən 32 miniatürlə
süslənmişdir.
Loğman
həm də növbəti sultanların bioqrafiyalarının
müəllifidir: İkinci Səlim haqqında
yazdığı "Şahnameyi Səlim xan" manuskriptinin
biri 1575-ci ildə, digəri isə 1581-ci ildə
köçürülən iki surəti, eləcə də,
Üçüncü Murad haqda 1581-ci ildə
tamamlanmış "Şahənşahnamə" adlı
ikicildlik əsəri günümüzəcən gəlib
çatmışdır. Onun tərəfindən
yazılmış birinci hissəsi Osmanlıların tarixini əks
etdirən "Hünərnamə" adlı ikicildlik əsər
1584-85-ci illəri göstərən tarixlə
imzalanmış, ikinci cild isə Süleymanın
bioqrafiyasına həsr olunmuş və 1588-ci ildə
tamamlandığı göstərilmişdir.
Bu
görkəmli şahnaməçi fars və
doğma türk dilində şeirlər yazmışdır.
O, həm də 1579-cu ildə "Qiyafət əl-İnsaniyə
fi Şemali Osmaniyə" adlı, bir neçə
illüstrasiyalarla süslənmiş dahi Osmanlı sülaləsini
əks etdirən əsərini yazmışdır. Buna qədər isə o, ümumi tarixi əks etdirən
"Zübdət ət-Təvarix" əsərini
yaratmış, həmin əsərlərin üç surəti
günümüzəcən qorunub
saxlanılmışdır. O, həm də
Üçüncü Muradın oğlunun sünnət mərasiminin
bayram təntənəsini əks etdirən geniş həcmli
"Surnamə" əsərinin də müəllifidir. Bu illüstrasiyaların nümunələri tipik
klassik Osmanlı üslubundadır.
Sonda onu da qeyd eləyək ki, nəqqaşlar cəmiyyəti adətən ailə müəssisələrindən ibarət olurdu, burada əsasən atalar və oğullar çalışırdılar. Əksər rəssamların oxşar ad və soyadları olduğu üçün onların nəsil tarixini izləmək çətinlik törədir.
Qeyd: Ola bilər ki rəssamlar arasında "təbrizlilər"
kimi tanınanların içində Teymurilər
imperiyasının süqutundan sonra Təbrizə gətirilmiş
heratlı ustalar da var idi. Cəlalzadə Qoca
Nişançı Mustafa (1558-ci ildə
ölmüşdür) öz "Səlimnamə" əsərində
xatırladır ki, 13 sentyabr 1514-cü ildə Heratın
sonuncu teymuri sultanı Badi üz-Zaman Təbrizdən
qovulmuşdu. Oradan o, rəssamlar və alimlər də daxil
olmaqla, öz məiyyətləri ilə birlikdə İstanbula köçüb gəlmişdi.
Badi üz-Zamanın rəssamları Osmanlı rəssamlığına
güclü təsir göstərmişdir.
Tahir Çelikbağ
Türkiyəli rəssam-araşdırmaçı
Azərbaycan dilinə
uyğunlaşdırdı:
Zahid Sarıtorpaq
Ədəbiyyat qəzeti.- 2017.- 7
oktyabr.- S.30-31.