Günəşi görənlər
Müharibələr sözləri tükətmək üçündü, ya da sözlər tükənəndə müharibələr başlayır. Sözlər ünsiyyət üçün yaranıbsa, paralel olaraq ədəbiyyat üçün də mövcuddur. Və ədəbiyyat olan yerdə sevgi hökmrandı. Ədəbiyyat müharibənin qarşısını ala bilməsə də onu ləngitməyə, ya da sonunu yaxınlaşdırmağa qadirdi.
Müharibələri gecikdirmək, yaxud sonunu tezləşdirmək üçün minlərlə əsər yazılıb. Bu əsərlərdən biri də tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin "Mən günəşi görürəm" romanıdır. Əsər 1937-ci il repressiyalarında valideynlərini itirmiş, bibisi ilə yaşayan Sosoya adlı 12 yaşlı oğlanın dilindən danışılır. Sadə kənd həyatı, mehriban insanlar, məişət problemləri əsərin qayəsini təşkil edir. Bir neçə səhifə çevirəndən sonrasa kontekst bir qədər dəyişir - müharibə, cəbhədə həlak olanlar, onların gözüyaşlı ailələri, arxa cəbhə, işçi qüvvəsi çatışmadığından bəhərsiz qalan torpaqlar, həlak olanların qara kağızlarıyla birgə arxadakıların qaralan həyatları - insan faciəsi.
Əsərin daha bir diqqətəlayiq cəhəti yeniyetmənin dilinə uyğun yazılmasıdır. Oxuduqca səhifələr də, sözlər də, müəllif də isti Qafqaz yayında ilğıma dönür və oxucunun gözü qarşısında 12 yaşında irigöz gürcü balası canlanır. Oxuduqca uşaqlaşırsan. Oxuduqca geriyə qayıdırsan. Oxuduqca keçilərin ardınca qaçırsan. Oxuduqca Supsanın soyuq sularında üzürsən. Oxuduqca həmin məşum müharibənin kölgəsini başın üzərində görürsən...
"Müharibə kənd kooperativini də viran elədi. Onun piştaxtasından yavaş-yavaş qənd, kibrit, sabun, çörək, neft yoxa çıxdı və axır bir gün satıcı Lasanın özü də mağazadan yox oldu. Sonra tarlanı alaq basmağa başladı, dəyirmanda bir çarx qaldı, çoxlarının odun ehtiyatı qurtardı və Matrona bibi məndən xahiş elədi ki, həyətindəki ağacı kəsim. Qayğıdan məhrum olmuş üzüm tənəkləri sısqalaşdı, iri anbarda un qurtardı, ələk get-gedə az dəydi gözə. Bir dəfə isə bibim ələnmiş undan mçadi bişirdi. Gecənin bir vaxtı bizi dəhşətli səs oyatdı və... müharibənin otuzuncu günü kəndimizin küçələrindən ilk qara paltarlı qadın keçdi," - Sosoya danışır...
Dumbadzenin ustalığı ən təsirli səhnələri də bir qədər qırıq səslənən sadə cümlələrlə, bər-bəzəksiz, dəqiq ifadə, bundan başqa, nəzərəçarpan digər amil humanizm, insanları qiymətləndirmə bacarığıdır. İnsana böyük məhəbbətin açıq şəkildə ortaya qoyulduğu əsərdə obrazların daxili aləmi oxucunun qarşısında kitab kimi açılır. Onların xəyali portreti cızılır. Və əksərən bu eskizlər oxucunu yanıltmır.
Nodar Dumbadzenin əsərlərində özünəməxsus incə yumor var. Ədib yazılarının birində qeyd edir:
"Tarix elə bir dövr tanımır ki, o dövrdə gülməyə heç nə tapılmasın..."
Onun yaradıcılığında gülüş geriliyə, şərə qarşı yönəlmiş silah olmaqla yanaşı, həm də şəfaverici məlhəmdir. Digər sitata nəzər salaq:
"Mən öz gülüşümlə insanı alçaltmağa çalışmıram, ancaq əksinə, ona kömək etməyə, yüksəltməyə, çalışıram".
Əsərdə mütləq şəkildə hamının vurulduğu obraz Xatiadır - gözəl, ağıllı, savadlı kor qız. Roman da öz adını Xatianın sözlərindən götürüb. O, özü də daxil olmaqla hamını inandırır ki, günəşi görür. Və Batumidəki həkimin sözlərinə görə, əgər günəşi görürsə, deməli, gözləri açıla bilər. Əsərin əsas ideyası sülhü müdafiə olsa da, alternativ kimi inamı qoymaq olar. Məhz bu inam Xatianı yaşamağa kökləyir. O, həmişə gülümsəyir, həmişə pozitivdir və həmişə nə vaxtsa bütün adamları, Sosoyanı, ağacları, səmanı, rəngləri, həyatı görə biləcəyinə inanır.
Maraq oyadacaq obrazlardan daha biri Sosoyanın bibisi, gürcü dili müəllimi olan Ketevandır. Sosonun sözlərilə desək, o, kənddəki ən savadlı, ən ağıllı və ən gözəl qadındır. 35 yaşı var və heç ərə getməyib. Bəzi gecələr, yataqlarına uzanandan sonra Soso bibisindən niyə ərə getmədiyini soruşur. Keto cavabında onu bəyənən olmadığını deyir. Bu sual-cavabların birində Soso:
"Sənə də yazığım gəlir. Axı daha böyük oğlanam, güman edirsən ki, niyə ərə getmədiyini bilmirəm? Bilirəm. Mənə görə. Hamı deyir, öz həyatını qardaşın oğluna həsr etmisən. Mənə daha bu qədər də çox lazım deyil, artıq böyümüşəm..." - deyir.
Oxucuda ikili hisslər doğuran qəhrəmansa briqadir Datikodur. Ketevana aşiq olan
Datiko cəbhədən
qaçıb onlara gəlir. Keto isə onu rədd edir. Dağlarda, meşələrdə gizlənən
fərari təsadüf
nəticəsində kənd
sakinlərinin sevimlisi,
Sosoyanın dostu Bejanı öldürür.
Bu, kəndlilərin ona nifrətini daha da artırır.
Əsərin sonlarına yaxın
Datiko selin apardığı Xatianı
xilas edir, ancaq bu da
onun günahını
yumağa bəs etmir. Və Datiko bir daha
geri dönməmək
üçün dağlara
üz tutur...
"Əgər səmada
hər şey güzgüdəki kimi əks olunsaydı, nə yaxşı olardı. Onda səmaya baxar,
bir-birimizi görərdik.
Onda hamımız bir-birimizi tanıyar, bir-birimizlə dostlaşardıq...
Bütün aləmlə
tanış olardım, yer üzündə yaşayan
bütün adamlar da məni tanıyardılar.
Əgər səma güzgü olsaydı, yaxşı olardı... Çoxlu ölkə görərdim,
bütün ölkələri.
Hamı da bizim ölkəni
görərdi. Və onda,
yəqin, daha müharibə olmazdı, çünki adamlar başa düşərdilər
ki, onlar bəzən bir-biri barədə fikirləşdikləri
qədər də pis deyillər" - düşüncəsində olan
Soso eyni zamanda əmindir ki, insanlar həmişə
yuxu görməlidirlər.
Çünki yuxu görməyəndə
yatdığımız vaxt
boşa gedir, həmin saatları yaşamırıq. Gördüyümüz yuxular bizim ikinci
həyatımızdı, gerçəkdə
bacarmadıqlarımızı yuxuda bacarır, gündüzlər yetə
bilmədiklərimizə gecələr
yetə bilirik.
Şəxsi qənaətə gəlincə,
əsər uşaqlığımdan
bir parçadı. Hər dəfə günəşə
gözüm qamaşmadan
baxanda xatırladığım,
baş qəhrəmanı
Xatiaya aşiq olduğum, Supsanın soyuq sularında üzdüyüm, Gürcüstanın
ucqar dağ kəndində qarğıdalı
yığdığım, ən yaxın dostumun qollarımda öldüyü əsər...
Və əsəri
oxuyub dünyanı, yaradılışı, hər
şeyi, hər şeyi, hər şeyi sevməmək mümkünsüzdü.
Roman boyu Xatia günəşi gördüyünü
bir neçə dəfə təkrarlayır. Həmişə günəşi axtarır,
həmişə gözünü
ona zilləyib xəyala dalır. Qənaətimə görə, əsərin
sütunlarından biri
də işıqla bağlıdır - mənəvi
işıqla. Və günəş
bu mənəvi işığın simgəsidir.
Günəşi görənlər ağrıları da görürlər, insanları
sevməyi, ağrı-acını,
yeri gələndə
son tikələrini bölüşməyi,
bir-biriləri üçün
ölümə getməyi
bacarırlar. Əgər nə
vaxtsa bütün adamlar həmin o günəşi görməyi
bacarsalar, sözlər
müharibəyə, xeyir-şərə
qalib gələr.
Və doğmalarımızı aparan
cığırlar, yollar
onları sağ-salamat
geri qaytarar.
Və bir gün gələcək, hər kəs günəşi görə
biləcək. Və hamı bir ağızdan
Xatiya qoşulacaq:
"Mən günəşi
görürəm".
Cavid Qədir
Ədəbiyyat qəzeti.- 2017.- 7
oktyabr.- S.28.