"Xosrov
və Şirin"
Nizami əsərlərində karma qanunu - kişi və qadın münasibətləri
Nizami Gəncəvi əsərlərinə, onun qoyduğu fundamental mövzulara, şairin həmin mövzulara olan baxış bucağına əsrlər keçsə də, dövrə, zamana uyğun olaraq fərqli-fərqli rakurslardan baxmaq, fikir yürütmək mümkündür. Yazılarımın birində belə söyləmişdim: "N.Gəncəvi əsərlərinin üzərinə elə qalın müdriklik örtüyü çəkir ki, sanki nurani şəxs tərəfindən söylənilmiş deyimlərin cazibəsindən qurtula bilmədiyinçün əsərin iç qatlarına enə bilmirsən". Bəlkə də elə bu səbəbdən ona dahi deyərək əsərlərinə arxeoloji ekspedisiya təşkil edə bilmirik. Və yaxud bir neçə tədqiqatçının söylədiyi fikirlərlə razılaşıb öz fikirlərimizi deyilmişlər qarşısında təslim edirik.
Adətən Nizami yaradıcılığı haqqında elmilik, sətraltı mənalar, əsərin bir neçə qat strukturundan ibarət olması və s. dilə gətirilir. Əlbəttə, ədibin dünya şöhrəti qazanmasının ən böyük səbəbi elə budur. Əslində qatlarda özünə yer tapmış fəlsəfi açıqlamalar, din, mifologiya, siyasət, psixologiya, elm və.s. Avropa ədiblərini sözün yaxşı mənasında təəccübləndirirdi. İndi də təəccübləndirir. Həm də ədibin yazı priyomları, taktikası, əsərdaxili manevretmə bacarığı öyrənilərək Avropada dərin mütəfəkkirlərin, Nizamiyə bənzərlərin yaranmasına və onların da eyni şöhrət qazanmasına gətirib çıxarmışdı. Məsələn, biz Gəncəvinin gətirdiyi mövzuların sonradan Avropada yenidən doğuluşunu görmüşük. Bu da təsadüfi deyildi. Çünki ədəbiyyata Nizami əsərlərinin modeli artıq tanış idi. İndi həmin modeli yenidən işləmək, şəxslərin yaşam tərzlərinin ab-havasına uyğunlaşdırmaq və onu daha da mükəmməllləşdirmək lazım idi. Elə bu da sonradan Avropada dərin, populyar, fərqli cərəyanların yaranmasına səbəb oldu. Əlbəttə, cərəyanların yaranmasının əsas səbəbkarı təkcə Nizami deyildi. Amma o, fikir bazasını, nəql etmənin özünəməxsusluğunu, mövzudan-mövzuya keçid texnikasını yaradanlardan biri idi həm də. Ədəbiyyata o zamanlar müxtəlif ədiblərin yazı manerası məlum idi. Amma Nizami dövrünə görə fərqli üslub yarada bildi. Sonralar isə etalona çevrilərək ardıyca öz kopyalarını (surətlərini) ədəbiyyatda miras qoydu. Həm də ədəbiyyata gətirdiyi hazır mövzu külçəsi ilə bir çoxlarını zinətləndirdi. Demək istədiyim budur ki, eyni üslub Şərq aləmindən Qərbə keçid edərək növbəti həyatını yaşamış oldu. Bununla da ölməzlik qazandı.
Düşüncələrimizi əsərin ("Xosrov və Şirin") bizə təqdim etdiyi əfsanələrdən, müdrik deyimlərdən, nəsihətlərdən, strukturdan tamamilə təmizləsək, gerçək atmosferin şahidi olacayıq. Real atmosfer ab-havasının yaradılmasından sonra Nizami Gəncəvi bizə Freyd qədər psixoanalitik töhfələrini bəxs edirmiş kimi görünəcək, amma Freyddən fərqli olaraq "qadınlar nə istəyir?" sualına açıq və tərəddüd etmədən cavab verəcək. Həm də kişi və qadın münasibətlərini, onların həyata fərqli baxışını, qadınların nə istəməsini, kişilərin gözləntilərini və reallığın nədən ibarət olmasını özünəməxsus şəkildə izah edəcək.
Nizami Gəncəvi həm də tərəzinin gözünə qoyduğu hər iki fərd haqqında, iki fərqli dünya haqqında fikirlərini tərəfkeşlik etmədən yarada bilib. Həm də bəşəriyyətin sütununu təşkil edən iki qütbün fərqli düşüncəsini, fərqli dünya görüşünü insanlığa və bütün dövrlərə, bütün zamanlara, öz aktuallığını qoruyan mövzu olaraq işləyə bilib.
Məncə, nağıl söyləyən rəvayətpərəstlər kimi biz də yuxarıda deyilənləri müvəqqəti olaraq bir kənara qoyub digər maraqlı anlayış haqqında danışa bilərik. Məsələn, Karma qanunauyğunluğu bu əsərin daxilində ürək kimi döyünür.
Dahi Nizami Xosrovun və Şirinin atəşpərəstlik etiqadına baş əydiklərini dəfələrlə oxucusuna xatırladır. Məsələn, Şirinin qayıtma xəbərini eşidən Məhin Banu Atəşgaha hədiyyələr göndərir. Əslində bu ritual sonralar İslam etiqadında da nəzir-niyaz adına əbədi məskən qura bilir. Bütpərəstlik ehkamları, qurbankəsmə ayinləri, nəzir paylamalar, səcdəgahlara olan inam, pir anlayışı məişətdə insanların qavradıqları İslam dini atributikasına çevrilməyi bacarır.
Məsələdən uzaqlaşmadan söyləmək istəyirəm ki, Karma qanunauyğunluğu daha çox özünü Buddizmdə (İnduizm) göstərir. Bəlkə də anlayış olaraq Karma adına termin olaraq bu fəlsəfi kontekstdə rast gəlirik. Amma karma mənəviyyat baxımından deyimlərimizdə indiyənə qədər dolaşmaqdadır. "Nə tökərsən aşına, o da çıxar qarşına" və.s. kimi deyimlər daima "yaxşılıq et, yaxşılıq gör" kimi həyat fəlsəfəsini şüuraltı beynimizdə dolandırmaqdadır. Əslində elə bu qarşıdurma, qaranlıq və işığın mübarizəsi Nizami yaradıcılığının özülünü təşkil edir.
Fərhadın ölümünə, belə deyək onu intihar dərəcəsinə gətirməsinə səbəb olan Xosrov sonradan etdiyi işə görə peşman olur və onun bu əməli şair tərəfindən lirik təsvirlə cavablandırılır.
Şah öz etdiyindən çox peşman oldu,
Əməlinin dərdi qəlbinə doldu.
Qəlbi rahatsızdı, əhvalı xarab,
Necə verəcəkdi bu zülmə cavab?
Yamanlıq eyləsə özgəyə hər kəs,
Çıxar qabağına, hədərə getməz.
Əsərdə iki intihar hadisəsi - suitsid
göstərilir. Onlardan biri
fitnə nəticəsində Şirinin yalan ölüm xəbərini
alan Fərhadın
özünü öldürməsi, ikinci isə Xosrovun
ölümündən sonra öz ölümünə fərman verən Şirindir. Qəribəsi budur
ki, İslamı alqışlayan Nizami, bir ərəb
atında Xosrovun yuxusuna
gəlmiş Hz. Məhəmmədin gətirdiyi
dini ucalardan uca sayan ədib Şirinin özünəqəsdini nədənsə
alqışlayır və bunu sadiqlik rəmzi olaraq qələmə
verir. Əslində ikinci
intihar hadisəsi bir başqa mətləbin də üzərinə
işıq salır. Haradasa biz qədim adətlərin
işartısını məhz bu anda görə bilərik. Qədimlərdə
mövcud olmuş və
xüsusilə İnduizmdə yaxın əsrə qədər
qorunub saxlanılmış bir adətin təsviri ola
bilər bu hərəkət. Yəni bir zamanlar qadınlar həyat
yoldaşlarının ölümündən sonra
könüllü olaraq
suitsidə əl atırdılar. Ərləriylə birgə tonqalda yanırdılar. Bu
isə müqəddəs akt hesab edilirdi. Hər halda, atəşpərəstliyin mövcud olduğu bir məmləkətdə bu,
çox normal
qarşılanırdı. Nizami Şirinin etdiyi bu hərəkəti İslam
kontekstindən uzaqlaşaraq
alqışlaya bilir. Bunu
günah hesab etmir. Adı sadiqlik olsa belə... buna haqq qazandırır. İstənilən halda, məsələyə tamamən fərqli
yanaşa bilərdi. Məsələn, Şirin Xosrovun səltənətini nankor
oğulun əlindən rahatlıqla ala bilərdi. Və yeni
şahlıqda yeni qanunlar
yaradaraq Xosrovun həyatda
olmamasına baxmayaraq, səltənətinin
davamını qura bilərdi. Əlbəttə,
edə bilərdi. Qələm onun əlində
idi və inanıram ki,
məhz bu yerdə dahi
Nizami bir neçə
vərəq dəyişməli olub. Son anda isə məhz
bu cür sonluğun olmasını məqbul hesab edib.
Sizcə, Nizami nəyə görə məhz bu cür sonluğu
qurur? Səbəbin daxilində yenə də cəzalandırmaq, Karma qanunu var. Bəli, bumeranq işə düşməli idi. Xosrovun əməlləri bir-bir onun qarşısına çıxmalı idi. Hansı əməllər? Fərhadmı? Xeyr, bir hökmdar
çoxlarının ölümünə
çox rahatlıqla fərman verə bilərdi. Eynilə göylər səltənətinin
hökmdarı kimi.
Zaman yetişəndə şəxslərin
ölümünə fərman
verən, cənab Əzrayılı insanın
yanına göndərən
Yaradan kimi. Şair isə bir çox
anlarda dünyanın faniliyini sətirbəsətir
təkrarlayır. Ölüm qarşısında
aciz qalan insanın halına acıyır.Yox, Fərhad
bu cəzalandırmanın
özülündə dayanmır.
Əsərin sonunda şair səbəbi aydınlaşdırır. Oxucunu intizarda
qoymur. Həm də o zamanların
ruhuna uyğun elə bir səbəb
gətirir ki, Xosrovun ölümünə
göz yaşı tökən oxucu (Hökmdar və dövrün digər şairləri) küfr gətirməməkçün susurlar.
Yəni əsərin sonunda məlum olur ki, Xosrovun yuxusuna
gələn peyğəmbər
hökmdarı İslama
dəvət edir. O isə
bununla razılaşmır.
Və gələn yeni dinə baş əymədiyi üçün
əsrlərdir qurulmuş
səltənət yerlə-yeksan
olur. Eynilə Nəmrudun möhtəşəm
səltənəti kimi
hər şey inanclarla bağlanılır.
Necə ki, bəzi insanlar
sovetlərin yıxılmasında
səbəb kimi Allahsızlığı, ateizmi
göstərirdi.
Növbəti nüans - Atəşpərəst
Xosrov adətlərə
uyğun olaraq atəşdə yandırılmır. Amma Şirinin
onun yarasını müəyyən etmə səhnəsində onun kəfəndə olmaması
da aydın sezilir.
Növbəti maraqlı məqam. Həmid
Araslı Fərhad obrazı haqqında belə deyir: "Nizami əməkçi insanlar içindən seçdiyi qəhrəmanı
şaha qarşı qoyaraq əməyin, sənətin şahlıqdan
üstünlüyü kimi
öz dövrünə
görə çox cəsarətli bir fikir irəli sürür". Doğrudur, bunu
cəsarətli fikir adlandırmaq olar, amma Nizami istənilən
halda həmin əməkçi obrazını
sona qədər yaşatmır və əsərin daxilindən apar-topar rədd edir. Məsələn, Şirinin ölüm
xəbərini eşidən
Fərhad elə Qeys kimi məzar
üzərinə də
gedə bilərdi.
O isə düşünmədən
ölümə əl
atır. Bununla sənətkar maneəni
Xosrovun yolundan, kobud dillə ifadə etsək, rədd edir.
Biz Xosrov və Şirin arasında əsər boyunca üç maneə görürük. Birinci Məhin Banu
faktoru idi. O, Şirinə söylədiyi
öyüdlə onun ağlını özünə
qaytarır və Şirin söz verir ki, kəbinsiz
olaraq Xosrovun evinə getməyəcək.
İkinci maneə, buna
yüngül ədəbi
priyom da deyə bilərik, necə ki, Nizami
çox maraqlı bir fikrə eyham vurur, "Bir şeyə olanda iki müştəri,
Əlbəttə, o şeyin
artar dəyəri"
- söyləyir və
Fərhadı nə üçün əsərə
gətirdiyini sanki bizə aydınlaşdırmaq
istəyir.
Üçüncü maneə isə xarakterdir. İki real şəxs əsərdən
getdikdən sonra üçüncü maneə,
halbuki bu, elə əvvəldən də şəxslərin arasında mövcud idi, əsas faktor Xosrovun bəsit dünya görüşü və
şəhvətpərəst olması olur ki, bu da
dəfələrlə Şirinin
ayaqlarına düşməsinə
baxmayaraq, rədd edilməsi ilə nəticələnir. Yəni, iki
şəxsin qovuşmasına
mane olan əsas faktor Xosrovun xarakteri olur.
Şərq qadını...
Nizami Gəncəvinin Şərq
qadınını ismətli,
əxlaqlı və
s. kimi təsvirlərləri
reallıq idi əslində. O, gerçəkliyi
olduğu kimi qələmə almışdı.
Şair Şirinin dilindən xanımın qəlb çırpıntılarını, cəmiyyətin onun hərəkətlərinə hansı
qiyməti verəcəyini
dəfələrlə təkrarlayırdı.
Şirinin Xosrovdan istədikləri
ilə Xosrovun Şirindən umduqları
arasında uçurum
olduğu üçün
əsər onları qovuşdurana qədər uzanır. Əlbəttə, bu istəklər
Şirinin tələblərinin
yerinə yetirliməsi
ilə nəticələnir.
Ya da Xosrov sevdiyinə
qovuşmaq üçün
başqa alternativ tapa bilmədiyindən onunla razılaşmalı
olur.
Əslində bu təsvir yalnız Şərq qadınının dünya
görüşü deyildi.
Daha azad görünən Qərb cəmiyyətinin qadınının
da təxtəlşüurunda
ocaq, ev
ənənəsi vardır
ki, bu, əsas
prioritet məqsəd kimi qadınların şüurunda dolaşır.
Amma bir fərq var. Fərq ondadır ki, Qərb qadını praktik olaraq bunu həyatından
keçirə-keçirə sevgi axtarışına çıxır və nəhayətində istədiyi
kişi ilə rastlaşa bilir. Şərq qadını isə bu məsələyə həssaslıqla, ehtiyatla yanaşır. Və özünüqoruma,
müdafiəetmə mövqeyində
dayanır.
Şirin dəfələrlə ismətli olduğunu təkrarlasa da, Xosrovun növbəti kəniz ardıcıllığına çevrilməsini arzulamadığını söyləsə də, əyləncə olmadığını dönə-dönə desə də, kəbinli surətdə Xosrovun evinə getməsini dilə gətirsə də, əslində tərsliyinin əsas səbəbinin bu olmasına eyham vursa da, nədənsə Xosrov daha çox bilməzlikdən gələrək, sevgilisini ram etmə, tora salma metodikasına üstünlük verir və qəzəbindən ard-arda sevmədiyi qadınları öz həyatına daxil edərək sonda onu öldürəcək, taxtdan salacaq Şiruyyə adlı oğul ilə mükafatlanır. Və həmin mükafat Karma qanunuyla Xosrovun bəlasına çevrilir. Əlahəzrət şah sui-qəsd nəticəsində sevdiyi xanımın yanında öldürülür.
Söylədiklərim cəmiyyət, sosium müstəvisindən əsərə
baxış idi. Çox
rahatlıqla sufizm rakursundan,
astronomik, mistik rakursdan da əsərə baxmaq mümkündür. Məsələn, həmin
baxış bucağında səs, şəkil, söz anlayışlarını əlimizdə
bayraq edərək əsərin başqa bir
açılışını vermək olar.
Elə bil açılış ki, tamamən ayrı həqiqətləri
üzə çıxara bilər. Bu isə
qəzetdə yayımlanacaq növbəti materialın mövzusu olsun.
Günel Eyvazlı
Ardı var...
Ədəbiyyat qəzeti.- 2017.- 7
oktyabr.- S.29.