Dünya kinosunun
novatorlarından hesab
olunan Amerika rejissoru Orson Uells
həyatı və filmləri haqqında
Mənim ilk müəllimim anam olub. Anam çox nadir
gözəlliyə malik qadın idi. O, siyasətlə
maraqlanırdı. Həmçinin, tüfəngatma
üzrə bir neçə dəfə çempion olmuşdu.
Musiqi sahəsində isə istedadlı
pianoçu idi. Uşaq vaxtı mən
evimizə gələn musiqiçi qonaqlar üçün
pianinoda musiqilər çalardım. İfa
etdiyim musiqilər onların xoşlarına gəlirdisə, mən
daha coşqunluqla mahnılar ifa edb, musiqi alətlərini
parçalayırdım.
Anam rəhmətə gedəndə səkkiz
yaşım vardı. Və onun ölümündən sonra mən hər
ehtimala qarşı musiqi alətlərinə toxunmadım...
Atam incə və həssas qəlbə malik insan idi. Onun
bütün dostları atamı ürəyiaçıqlığına,
xeyirxahlığına və dözümlülüyünə
görə çox sevirdilər. O, səyahət etməyi
sevərdi. Mənim səyahət etməyə
olan sevgimi də uşaqlıqdan atam
formalaşdırmışdı.
Məktəbi
bitirməyimə lap az qalmışdı.
Bir gün o, məndən soruşdu: Məktəbi bitirdikdən
sonra nə ilə məşğul olacaqsan? - Mən rəssam
olmaq istədiyimi bildirəndə, atam bu cavabdan narazı
qalmışdı. Çünki o, mənim
Harvard Universitetinə daxil olub, oranın məzunu
olmağımı çox istəyirdi.
On beş yaşım tamam olanda rəsmlə məşğul
olmaq üçün İrlandiyaya yola düşdüm. Atam böhran zamanı müflis olub
dünyasını dəyişmişdi. Yola
çıxanda, cibimdə təxminən iki yüz dollar
vardı. Mən qürubun
ovsunlayıcı gözəlliyi ucbatından Qolueydə
düşdüm. Demək olar ki,
bütün kapitalımı xərclədim. Bir neçə gün arabanın altında gecələyərək
İrlandiyanı təsvir etməyə cəhd etdim. Dublinə çatanda cibimdə cəmi bir neçə
şillinq qalmışdı. Həmin pulları da
"Qeyt" teatrında göstəriləcək bir
tamaşanın biletinə və yaxşı şam yeməyinə
xərcləyib bitirdim. Elə ertəsi
günü teatrda işləyən adamlardan xahiş etdim ki, mənə
bir neçə tamaşada qonaq aktyor qismində iştirak etmək
üçün köməklik etsinlər. Teatrın direktoru dərhal mənə bir tamaşada
baş rolu ifa etməyi tapşırdı. "Qeyt" teatrında ilk dəfə peşəkar
aktyor kimi tamaşaçıyla rastlaşdım. Mən əxlaqsız
və pozulmuş hersoq obrazını canlandırırdım.
Debüt rolum qaydasında olmadı. Tamaşanın ən məsuliyyətli hissəsində
qılınc qına ilişdi. Mənim
acıqlı qışqırığım zalı
bürüdü. Vəziyyəti düzəltmək
üçün intihar edən adam
sayağı səhnənin aşağı taxtına aparan
pillələrin hündürlüyündən atıldım.
Heç bir xəsarət görməməyim əsl
möcüzəydi. Lakin mən sonralar
heç vaxt həmin tamaşada eşitdiyim qədər
gurultulu alqışlar eşitmədim.
Teatrda təzə-təzə çıxış etməyə
başlayanda tamaşlara da oyun kimi yanaşırdım. Heç bir
rolumu ciddi ifa etmirdim. Rolları
yaxşı və ya pis ifa edirəm fikri məni
maraqlandırmırdı. İndi isə bu
hərəkətlərim məni narahat edir. Bu gün nə
baş verirsə-versin, mən "Brodvey" və
"Uest-End" teatrlarına olan sevgimi heç nəyə dəyişmərəm...
On yeddi yaşım olanda İspaniyanın cənubunda
yerləşən Sevilya şəhərinə
köçdüm. Həftənin iki gününü detektiv
ssenari yazmaqla məşğul olurdum. Bu da
hər həftəyə üç dollar gəlir demək
idi. Bu pulla mən Sevilyada dvoryan qrandlar kimi
həyat yaşayırdım. Orada
yaşayan insanların çox hissəsi buğa
döyüşlərinə böyük ehtirasla tamaşa
edirdilər. Bir müddət sonra
buğalara qalib gəlmək ehtirası mənə də
yoluxdu. Hətta özümü bu sahədə
sınamaq qərarına da gəldim. Afişada
mənim adımın altından amerikalı matador sözləri
yazılmışdı. Lakin bir müddət sonra
anladım ki, məndən buğa ram edən çıxmaz. Və yenidən ssenarilər yazmağa
qaldığım yerdən davam etdim.
Radio həyatı...
Daha sonra radioda işləməyə başladım. Radio həyatımda
çox yüksək sürətlə fəaliyyət
göstərirdim. Ən xoşlamdığım iş
isə verilişdən qabaq olan hazırlıq məşqləri
idi. Buna görə bəhanə tapmaq
üçün xeyli baş sındırırdım. Radioda hazırladığım "Mars planeti"
verilişi mənə xeyli uğur gətirmişdi. Lakin
həmin verilişdən sonra kiminlə rastlaşırdımsa,
gülümsəyərək məndən soruşurdular: -Ey,
Orson, necəsən? Marsda nə var, nə yox?
Filmlərim...
Mənim birinci filmim "Vətəndaş Keyn"i bir
çoxları avtobioqrafik film hesab edirlər. Lakin bu
heç də belə deyil. Keyn kasıb
doğulmuşdu. Mən isə Keynin varidat
sahibi olduğu yaşda kasıblaşmışdım. Mənə elə gəlir ki, Keyn - iyrənc fiqurdur.
Ancaq bir insan kimi mən ona rəğbət bəsləyirəm.
Filmin bəzi epizodlarını vəzifəpərəst
Uilyam Rendolfa Xersta tərcümeyi-halının faktlarıyla
olan oxşarlığına görə qadağan etməyə
çalışırdılar. Mənim
adımla bağlı olan bütün xəbərlərin
Rendolf Xerstin sahib olduğu mətbu orqanlarda qadağan
olunmuşdu. Mənə deyəndə ki,
filmdə bunu etmək olmaz. Mən təəccüblə
donub qalırdım. Axı niyə?!
Filmdə iştirak edən bütün aktyorlar mənim
rəhbərlik etdiyim "Merkuri" teatrından idilər. O vaxta qədər onlardan
heç biri kinoda işləməmişdi. Ancaq
mən də köhnə kino aktyorlarıyla işləyə
bilmirdim. Mənim yeni olmağım
onları qıcıqlandırardı. Bu isə
filmi korlayardı.
"Vətəndaş Keyn" filmini montaj etmək
üçün bizə doqquz ay vaxt lazım oldu. Həftənin
altı günü bu film üzərində işləyirdim.
Hətta lazım gəlsəydi, biz bu film üzərində
indiyənə qədər də işləyə bilərdik.
Uzun planlar vardı ki, onları mən çəkmişdim.
Mən də montaj etməliydim.
Yəqin tamaşaçılar da son illər çəkdiyim
filmlərdə qısa kadrların çox olduğunu
görürlər. Bu, həm də o deməkdir ki, deməli
mənim film çəkmək üçün pulum azdır.
Uzun planlı kadrlar üçün nəhəng
miqdarda pullar lazım gəlir ki, kadra yerləşən hər
elementi nəzarət altında saxlamağı bacarasan. Bununla yanaşı mən böyük planlı
kadrların da əleyhinəyəm. Çünki
tamaşaçıya gərəkli olan azadlığı vermək
lazımdır ki, kadr ətrafında görmək istədiklərinə
nəzər yetirə bilsin.
Mənim gəlişimlə Hollivudun
çöküşü bir vaxta təsadüf edirdi. Müstəqil
kino istehsalının başlanması rejissorluq karyeramın
sonu demək idi. Əgər mən oraya beş
il əvvəlki kimi məsum və tanınmayan oğlan kimi gəlmiş
olsaydım, öz şöhrətimi özüm yaradardım.
Bir il ərzində böyük studiyalarda çəlkilən
qırxa yaxın filmin içərisində Orson Uellesin cəmi
bircə filmi yer alırdı. "Müstəqil"
prodüserlər özləri üçün işləyirdilər.
Orada mənə yer yox idi.
1946-cı ildə ekranlaşdırdığım
"Özgə" filmi sayca dördüncü filmim idi. Bu filmdə mənə
aid heç nə yoxdu. Adı titrlər də
getməsə də, ssenarini Con Xyuston yazmışdı.
Filmi çəkdim ona görə ki, adi bir
rejissor idim. Və heç kimdən də
pis deyildim. Üstəlik çəkilişləri
qoyulan vaxtdan on gün tez tamamlayıb təhvil verməyi də
bacarmışdım. Müəllifi
olduğum filmlər içərisində bu film mənim qənaətimcə
ən aşağı sıralarda dayanır.
Şekspirin əsərlərini kinoya gətirməkdə
inad etmək istəmirəm. Mən bilmirəm Şekspir və
kinonun xöşbəxt nikahı baş tutacaq, ya yox... Bizim əsrdə xeyli suallar var ki, onları misal
üçün səksən milyon insanın gözü
qarşısında müzakirə etmək olmaz. Bu səbəbdən də indiki auditoriyaya məhz
kinematoqraf kimi müraciət etmək lazımdır. Bayağılıqdan qaçmağın başqa
yolu da klassiklərə müraciət etməkdədir.
"Maqbet" filminin çəkilişlərini iyirmi
üç gün ərzində tamamladıq. Kino sahəsindən bir az başı çıxan adamlar yaxşı
bilirlər ki, bu qədər az müddətə film çəkmək
nə deməkdir. Və bu filmi çəkərkən
mən sənət əsəri yaradacağam kimi lovğa
fikirləri qarşıma məqsəd qoymamışdım.
Ancaq mənə belə gəlir ki, hər bir
rejissor sənət əsəri yaratmaq üçün cəhd
göstərməlidi. Hətta çəkdiyi
filmlər cəfəngiyat olsa belə, bunun üçün
çalışmalıdır.
"Maqbet"
filmi daha yaxşı alına bilərdi, əgər çəkiliş
vaxtını bir az da uzatmaq mümkün
olsaydı. Təəssüfləndirici əsas
məqam ondan ibarətdir ki, heç bir kino tənqidçisi
məni filmi bu qədər qısa vaxtda çəkib
bitirdiyim üçün tərifləmədi. Əksinə, onlar filmin qısa müddətdə
yekunlaşmasını qalmaqla çevirdilər. Əlbəttə, onlar haqlıydılar. Lakinmən
hər kəsə ayrı-ayrılıqda başa sala bilməzdim
ki, filmin çəkilməsi üçün lazım olan əlavə
vaxta görə heç kim mənə
bircə qəpik də pul verməmişdi.
Maqbet kral seçilənə qədər iyrəncdir. Kral
seçildikdən sonra isə o, özünü itirir. Bununla yanaşı Maqbet dahi olmağı bacarır.
O, öz arvadının və şöhrətpərəstliyinin
qurbanı olur. Şöhrətpərəstlik hər
zaman iyrəncdir. Bu zəiflikdir.
Şekspir genişmiqyaslı mövzuları əsas
götürmüşdü: qısqanclıq- "Otello",
şöhrətpərəstlik- "Maqbet".
"Otello"
filmini çəkmək üçün isə mənə
iyirmi üç gün yox, dörd il vaxt
lazım oldu. Çəkiliş müddəti,
aşağı-yuxarı, yaxşı vəziyyətdə
keçirdi. Ancaq bəzən mən
başqa yerlərdə çəkiliş etmək
üçün məkan axtarışına
çıxmalı olurdum. Belə olan halda
çəkiliş qrupunu azad buraxırdım.
Heç nəyə baxmayaraq "Otello" filmi
yaxşı alınıb, ya pis sualına belə cavab vermək
olar. Bu Şekspirlə Verdinin operası qədər
yaxınlaşmağa bənzəyir. Mənə
elə gəlir ki, Verdinin və ya Buatonun Şekspirin pyeslərinə
hansısa dəyişikliyi daxil edib yeni incəsənət
nümunəsi yaratmağa hüquqları çatır.
Əgər kino da incəsənətin əsas
formalarından biri kimi qəbul olunursa, o zaman mən də
qanunauyğun prinsipləri izləyərək klassikanın
ekranda güclü dəyişikliyini yaratmaqda azadam.
"Şanxaylı ledi" filminin çəkilmə
tarixi də çox maraqlı olub. "80 gün dünya
ətrafında" mənzərəli teatr
tamaşasını hazırlayırdım. Tamaşanın prodüseri də Mayk Todd
olmalıydı. Lakin iş elə gətirdi ki, Todd qəflətən
müflisləşdi. Premyera günü
artıq Bostondaydım. Əlimdə isə
bir qəpik də olsun pul yox idi. Hətta vəziyyət
o qədər pis idi ki, kostyumları saxlamaq üçün
lazım olan otaq pulunu da ödəyə bilmirdik. Bu səbəbdən də biz hardasa əlli min dollar
borc götürməli olduq. Bu məbləğ
olmadan premyeranı təşkil edə bilməzdik. Həmin ərəfədə mən aktrisa Rita
Xeyvortdan da ayrılmışdım. Biz
bir-birimizlə danışmırdıq. Və
onun iştirakı ilə hər hansısa film çəkmək
istəmirdim.
Mən Bostondan telefon zəngi sifariş edib Hollivudda yerləşən
"Kolambiya" firmasının keçmiş direktoru Qarri
Konla danışdım. Və ona dedim ki, hal-hazırda əlimdə sizin
üçün gözəl süjet var. Əgər siz mənə
tez bir zamanda poçt vasitəsi ilə avans kimi əlli min dollar
pul yollasanız, mən işə başlayaram. O, süjetin nədən
bəhs etdiyini soruşdu. Onunla teatr
otağından danışırdım. Telefonun
yanındakı masada cib kitabçası
kimi nəşr olunmuş balaca kitablar vardı. Onlardan birinin
üzərinə baxıb dedim: "Şanxaylı ledi"
romanı... Ona həmin romanın çəkilmə
haqlarını müəllifdən aldıqdan sonra istənilən
vaxtda filmə başlayacağımı bildirdim. Bir saatdan sonra Qarri bizə lazım olan məbləği
yolladı.
Təyyarədə mən kitabçadakı romanı
oxudum. Bu, tək kəlmə ilə dəhşət idi.
Belə olan halda özüm elə həmin dəqiqə
inanılmaz sürətlə yeni ssenari yazmağa məcbur
oldum. Altı həftəyə son dərəcə
ucuz bir film çəkmək üçün Hollivuda gəldim.
Həm də çoxlu pul qazanmaq istəyirdim
ki, teatr tamaşaları üçün lazım olan işlərimi
həll edə bilim. Kon filmə Ritanı
çəkməyimi təklif etdi. Mən
ona başa saldım ki, filmin qadın qəhrəmanı mənfi
obrazdı, qatildi. Bu, özünü təsdiq
etmiş, müəyyən tamaşaçı sevgisi qazanan
Rita üçün uğurlu seçim deyil. Rita isə bu rolu ifa etmək üçün israr
edirdi. Film çəkildi və gözlənilməz
uğur qazandı. Rita həqiqətən də gözəl
iş yaratmışdı. Film ilk
baxışdan əldə olunan üç yüz əlli min
dollardan əlavə iki milyon dollar gəlir gətirdi.
Frans Kafkanın "Məhkəmə" romanı əsasında
çox gözəl film çəkmək olardı. Bu barədə
mən özmü nəzərdə tutmuram. Ümumiyyətlə deyirəm. Bir gün mənim
yanıma bir adam gəlib dedi ki, film çəkmək
üçün lazım olan məbləği tapa bilər. Və mənim yeganə işim Fransaya gedib həmin
filmi çəkməkdən ibarət olacaq. Daha sonra o mənə
on beş romanın adı yazılmış siyahı təqdim etdi. Həmin siyahıda məni ən çox qane edən
və o birilərindən daha yaxşı əsər olan
Kafkanın "Məhkəmə" romanı oldu. Buna
görə də
mən öz ssenarim əsasında yox, Kafkanın əsəri
üzərindən film çəkməli oldum. Mən Kafkanın romandakı nöqteyi-nəzəri
ilə razı deyiləm. Təbii ki, onu
yaxşı yazıçı hesab edirəm. Lakin Kafka fövqəladə dərəcədə
dahi deyil.
Kino haqqında...
Kino incəsənətdirmi? Sualına belə cavab verərdim:
Xeyr, kino incəsənət deyil. Səssiz kino
dönəmində bəlkə də mümkün idi. Amma o zaman da sənətkarlar bunu etmədilər.
Mənim üçün kino jurnalistika və ya illüstrasiya
sənəti kimi incəsənəti özündə
çox az əks etdirir.
İyirmi ilə yaxındır ki, kinoda heç bir
inqilab baş vermir. İnqilab olmayan incəsəntdə
durğunluq başlanır. Ümid edirəm
ki, kinoya yeni rejissorlar gələcəklər. Və
onlar yeni kinematoqrafiyanı yaratmağa nail olacaqlar.
Kino
üçün beş komediya janrlı
ssenari yazmışam. Teatrda isə komik
tamaşalar daha çox səhnələşdirmişəm,
nəinki dramatik. Komediya janrına mənim
xüsusi heyranlığım var. Ancaq nədənsə bircə
dəfə də olsun prodüserləri yola gətirə bilməmişəm
ki, onlar mənə kinokomediya janrında film çəkmək
üçün şərait yaratsınlar. Çox istərdim ki, kinoda öz yumorumu, hardasa
öz "Don Kixot"umu yaradım. Ancaq
onu da deyim ki, mənim bütün filmlərimidə
ölçülü formada yumor var. Həmin yumoru ancaq bir
amerikalı duya bilər. Başqa heç bir ölkənin
tamaşaçısı bunu hiss edə bilməz.
Belə hesab edirəm ki, kino artıq ölür. Ancaq bu o demək
deyil ki, kino həmişə ölü olaraq qalacaq. Kino hardasa teatrla oxşar sənət növüdü.
Teatr da bütün zamanlarda ölür. Ancaq heç vaxt tam şəkildə yox olmur.
Bu, bir az da ilin fəsillərini
xatırladır. Bir ildə yaz, yay, payız və
qış vardır. Hal-hazırda
kinematoqrafiya payız fəslini yaşayır.
Tənqid və tənqidçilər...
Mən tənqidlərə qarşı çox diqqətliyəm. Ciddi filmlər
haqqında ciddi tənqidçilərin fikirlərini qəbul
etməyə məcburam. Başqa
çıxış yolum yoxdu. Əlbəttə,
çox istərdim ki, məni boğan və
işləməyimə mane olan mənfi fikirlər yox, həm
də yaxşı fikirlər eşidim. Məhz
öldürücü fikirlər həmişə yaddaşda
özlərinə yer edirlər...
Elə istəyərdim ki, tənqid və tənqidçilərin
təriflərinin, qeydlərinin əlindən qaçıb
canımı qutaram. Heç olmasa iki il tənqidsiz
yaşaya bilsəm, bədii yaradıcılığımda nəhəng
irəliləyiş edə bilərəm.
Ədəbiyyat...
Kitab və
mütaliə sahəsində çox acgözəm. Tarix,
memuar, fəlsəfə, antropologiya məni
maraqlandırır. Kitabı ədəbiyyata
olan sevgimdən və ya filmlər üçün hər
hansısa ideyanı mənimsəməkdən ötrü
oxumuram. Mütaliəni sırf maariflənmək
və şəxsi zövqüm naminə edirəm. Çox yaxın dostlarım var ki, onlar xeyli sayda yeni
çıxan əsərləri tapıb oxuyurlar. Ancaq mənə elə gəlir ki, onlardan heç
biri mənim kimi klassikaya bağlı olsunlar. Bir neçə müəllif var ki, təkrar-təkrar
onları mütaliə etməkdən yorulmuram. Servantes,
Fildinq, Qibbon, Qoqol, Xezlitt, Konrad, Şatobrian, Platon, Kollet,
Dikkens, Plutarx, Mark Tven və İvlin Vo. Tövrat kimi ilham vermək
üçün yox, sırf mənəvi həzz
üçün Monten hər zaman mənimlədi. Şekspir əlbəttə ki, həyatın
çörəyidi. Hərdən o qədər
də ciddi olamayan ədəbiyyata da baş vururam. Vudxauz məni sakitləşdirir və dəyişilməz
həzz hissi bəxş edir.
Təsirləndiklərim...
Hər kəs deyir ki, guya mən Frits Lanqın
"Nibelunqov" filminə həddindən çox
baxdığım üçün "Maqbet"də həmin
filmdən təsirlənməyim hiss olunur. Əslində
isə bu səhv fikirdi. Çünki mən
həmin filmi görməmişəm. Mən
ümumiyyətlə, heç bir alman istehsalı olan film izləməmişəm.
Lakin alman teatrından çox güclü təsirləndiyimi
etiraf edirəm.
Başqa bir filmdən güclü təsirlənməyə
bircə dəfə məruz qalmışam. "Vətəndaş
Keyn"in çəkilişləri zamanı Con Fordun
"Dilican" filminə qırx dəfə tamaşa etdiyimi
xatırlayıram. Con Ford mənim ilham mənbəyim,
"Dilican" filmi isə ən sevimli filmimdir. Con Fordla
yanaşı Eyzenşteynə, Qriffitə, Çaplinə də
heyran olmuşam. Bu gün isə yapon kinosu məni
valeh edir. Midzoqutinin "Yağışdan
sonra görünən Ay", Kurosavanın
"Yaşamaq" filmləri gözəldir.
Sevdiyim rejissorlar və həmkarlarım...
Hal-hazırda
Renuarı, Qriffiti, De Sikonu, Flaerti, Vaydu, eləcə də
Marsel Panolyanın ilk filmlərini çox sevirəm. Kinematoqrafiya bütünlüklə Devit Qriffitin
"Dözümsüzlük" filminə borcludu. Filmdə müəyyən səhvlər olsa da, məndə
çox güclü təəssüratlar yaradıb. Bu yaxınlarda Vittorio de Sikonun "Şuşa"
filminə baxdım. Qəfildən kamera
yoxa çıxdı, ekran itdi. Bu, həyatın
özü idi...
İtaliya heyrətləndirici aktyorlar ölkəsidi. Onlar ilk dəfə
filmə çəkiləndə hər rolu, hər şeyi
ifa etməyə qadirdilər. Ancaq
sonrakı filmlərdə artıq daha təcrübəli
aktyorlardan nüsxələməyə başlayırlar.
Fransada bunu etmək mümkün deyil.
Aleksandr Kordun qəfil ölümü İngiltərə
kinosuna ağır zərbə oldu. Mən yaxın dostumu,
kino isə dahi bir insanı itirdi.
Rober Bresson aktyorları görmək istəmir. Onları nələrisə
etməyə məcbur edir. Xeyli rejissorda
düzlük çatışmır. Bir
sözlə, Bressonun filmlərinə dözə bilmirəm.
Bressonun "Cibgir" filmi göstərilən
kinoteatrdan çıxanda hara gedəcəyimi bilmirdim.
Filmə baxandan sonra bayıra atılıb öz-özümə
dedim: "Aman Allah, bu, Bressonun filmidi!" Rossellinin filmləri məndə soyuqluq yaradır.
Və mənə heç nə vermir. Müasirlərim arasında ən istedadlı rejissor
Federiko Fellinidir. Onun filmlərində əyalət
oğlanının böyük şəhərlə
bağlı arzuları hiss olunur.
Özüm barədə...
Hamı mənim dahi olduğumu inkar edir. Ancaq məsələ
burasındadır ki, heç kim də məni
dahi adlandırmayıb. Mənim haqqımda ən
iyrənc sözlər yazılıb. Hamısı da
yalan sözlər... "Ekranın bədheybəti!",
"Dəhşət!", "Səfehlik!" və s. Məni
bədheybət hesab edirlər, çünki heybətli rollar
ifa edirəm. Prodüserlər üçün əfsanə
adlar belə yaranır, hansılar ki, çoxları bu adlardan
qorxurlar. Bütlər mövcud deyil. Mövcud olan ancaq ideyalardı.
Qrimə çox əhəmiyyət verirəm. Ona görə
ki, qrim altında gizlənməyi sevirəm. Mən özümü ekranda görməyi sevmirəm.
Ancaq filmdə işlədikdən sonra
gördüyün işə baxmağa məcbursan. Nə
qədər çox qrimlənsəm, özümü o qədər
az tanıyıram. Bu da mənə
ifa etdiyim rola obyektiv qiymət verməkdə köməklik
edir.
Servantesin "Don Kixot" romanını ekranlaşdırmaq
istəyirəm. Ancaq bir məsələ var ki, o məni hər
şeydən çox narahat edir. Don Kixot mənim
müasir dünyamda yaşayır. Ancaq mənə
elə gəlir ki, mən bizim dövrün mənəvi həqiqətlərini
dəyişdirə bilərəm. Çünki
müasir dövr Don Kixotu məhv etməyə məcburdu.
Hazırladı: Samirə Əşrəf
Ədəbiyyat qəzeti.- 2017.- 7 oktyabr.- S.22-23.