Görkəmli yazarların sirli həyatı:
Bronte bacıları
Şarlotta Bronte - Emili Bronte - Enn
Bronte
"Kabinetimiz" - deyirdi onlar. Orada hər şeyi acgözlüklə
öyrənirdilər: ingilis ədəbiyyatının
şedevrlərini, bir-birinin xasiyyətini, hətta ətrafdakı
bataqlıqların tutqun təbiətini də. Öyrəndikləri
hər şeyi söz kərpicləri ilə gələcəkdə
onları məşhurlaşdıracaq şeirlərinin,
romanlarının divarlarına hörürdülər.
Evləri
üç tərəfdən qəbiristanlıqla əhatə
olunmuşdu, son dərəcə
kədərli və soyuq görünüşü vardı.
Qonaqlardan biri həmin ev haqqında
"qaranlıq, kədərli bir evdir, sanki yağışdan
rəngi qaralan məzar daşlarından hörüblər"
- demişdi. Balaca Şarlotta, Emili və Enn evlərini sevirdilər - bu da
sizinçün onların normal ingilis şagirdi olmamaqları
ilə bağlı bir işarə.
Ataları irlandiyalı kasıb fermer idi,
ömrünün sonlarına yaxın ingilis kilsəsinin
keşişi olan Patrik Brunti soyadını dəniz
döyüşlərində qəhrəmanlığı ilə
ad çıxaran və hersoq titulu daşıyan Brontenin
soyadı ilə dəyişdi. Patrik elə hesab edirdi
ki, belə daha təmtəraqlı səslənir. Əslinə
qalsa qoca bir az ağıldan "o
söz" idi... 1821-ci ildə arvadının
ölümündən sonra isə daha da qəribə oldu. Daima öz kabinetinə çəkilib qalır, orada
işləyir və xütbələr oxuyurdu, altı
övladı isə başlı-başına
böyüyürdü.
Uşaqlara məktəb təhsili vermək
üçün yeganə cəhd faciə ilə nəticələndi. Böyük qızların
ikisini də - Mariya ilə Elizabeti - yaxınlıqdakı məktəb-pansiona
göndərdi (orada antisanitariya əlindən tərpənmək
olmurdu) və az sonra qızlar vərəmə
yoluxub öldülər. Dərd əlindən
beli bükülən cənab Bronte digər iki
qızını - Şarlotta ilə Emilini evə gətirdi.
Orada altı il yaşadılar və
müstəqil şəkildə oxuyub öyrənməyə
davam etdilər, əylənmək üçün müxtəlif
oyunlar, söhbət etmək uçun hadisələr fikirləşdilər.
Təxəyyüllərinə söz ola bilməzdi.
Üç bacı və qardaşları Brenuel
iki komandaya ayrılıb fantastik krallıqlar fikirləşirdilər.
Emili ilə Enn öz ölkələrinə -
Hondap, Şarlotta ilə Brenuel isə - Anqriya adı
vermişdi.
On il ərzində öz sehrli torpaqlarında
"gəzib-dolaşdılar", kağız və qənd
qutularının kartonundan özləri üçün
müxtəlif kitablar cildlədilər. Belə
oyunlar onlara vaxtı keçirmək və
yaradıcılıq qabiliyyətini üzə
çıxarmağa kömək etdi, çünki qızlar
hansısa bir varlının qapını kəsdirib qəlbini
və əlini onlara uzadana qədər özlərinə
yaxşı bir sənət tapmaq arzu ilə
yaşayırdılar.
Bədbəxtlikdən heç bir varlı
ortalığa çıxmadı, bu səbəbdən də
bacılar müəllimlik və tərbiyəçiliklə
məşğul oldular, özgə uşaqlara baxmağa
başladılar. Şarlotta xeyli vaxt Brüsseldə
yaşadı və orada evli bir kişiyə aşiq oldu, Emili
isə gizlində şeirlər yazdı. Bacılar
evlərində şəxsi məktəb açmaq fikrinə
düşsələr də, şagirdlər kədərli və
bataqlıq Hauorta getməkdən imtina etdilər.
Bir dəfə
hər şeyə burnunu soxan Şarlottanın ağlına
belə bir fikir gəldi: bacılar roman yazıb onu çap
etdirməyə çalışmalıdırlar. Şarlotta özü ikisini yazdı. Birincisini
- "Müəllim"i - bütün nəşriyyatlar geri
qaytardı. Amma ikinci cəhdinə - "Cen
Eyr" - o biri bacılarının yazdığı -
"Tufanlı yoxuşlar" (Emili) və "Aqnes Qrey"
(Enn) - romanlar kimi işıq üzü görmək nəsib
oldu. Naşir
bacılara kitabın üzərində müəllifi
heç kəsin tanımadığı qadın adları ilə
olan kitabın oxucuda maraq oyatmayacağını bildirəndə,
bacılar özlərinə ləqəb götürdülər
- Karrer, Ellis və Akton Bell. Tənqidçilərin və
oxucuların daha böyük diqqət və marağına səbəb
olan kitab "Ceyn Eyr" oldu.
Kədərli də olsa, qeyd etmək lazımdır ki, sən
demə bu uğurlu başlanğıc sonun əvvəli
imiş. 1848-ci ildə, roman işıq üzü görəndən
cəmi bir-neçə ay sonra Brenuel həddən çox
spirtli içki içdiyindən öldü. Emili qardaşının xatirəsini əziz tutmaq
üçün onun dəfninə ayaqyalın getməkdən
- baxmayaraq ki, bayırda tufan idi - ağıllı bir şey
fikirləşə bilmədi. O, vərəm xəstəliyinə
tutuldu. Bronte ailəsinə xas qəribəlik
ondan da yan keçməmişdi və Emili tibbi yardımdan,
yeməkdən və hətta qulluqdan da qəti şəkildə
imtina etdi. Aradan üç ay keçməmiş
o, zəifləyib əldən düşərək
öldü. Ölümündən əvvəl
dəhşətli dərəcədə
arıqlamışdı. Məzarının eni cəmi
qırx santimetr idi və yerli tabutqayıran bu vaxta qədər
böyük adam üçün belə
dar tabut düzəltməmişdi. Nəticədə
Enn də vərəmə yoluxdu. Uzun
müddət xəstəliyini gizlətməyə
çalışdı, hər şey aşkar olanda isə
müalicə olunmaq artıq çox gec idi. Bir neçə aydan sonra o da bacısının
ardınca məzara getdi.
Şarlotta tamamilə tək qaldı. O, həyatını
bacılarının romanlarının redaktəsinə həsr
etdi və vaxtaşırı onları mətbuatda dərc
etdirməyə başladı. (Şarlotta Ennin
ikinci romanını "Uayldfell-Hollu naməlum qadın"
adlandırmışdı və səhvən bacıları ədəbi
irsdən də məhrum etmişdi). Həmin ərəfədə
o, bir sıra yazarlarla tanış olmaq
imkanı əldə etmişdi, hansılar ki, aralarında
Elizabet Haskel və Uilyam Meykpis Tekkerey də vardı. Şarlotta evi nadir hallarda tərk edir, qoca və əlil
atasına baxırdı. 1854-cü ildə
atasının fikrinə zidd olaraq ərə getdi, amma bu nikah
uzun çəkmədi. Şarlotta hamilə
qaldı və övladını dünyaya gətirməyə
macal tapmadan öldü. Ölümünə
səbəb kimi yatalaq, vərəm (ailənin əbədi lənəti)
və hamiləliyinin qarşısıalınmaz öyümə
və qusmaları (hamiləlik dövründə nadir hallarda
ağırlaşan səbəb, davamlı və ağır
öyümə-qusma ilə müşahidə olunur) göstərilirdi.
Yerlilərin uydurduğu əfsanələrə
görə Şarlottanın dəfnində bataqlıq tərəfdən
hansısa büzüşüb qalan qara fiqur boylanıb
baxırmış. Əgər hər
şey doğrudan da beləydisə, o zaman bu, qaranlıq və
sirli Bronte ailəsinin sonuncu əfsanəsi idi.
ZAHİR HƏR ŞEYİ HƏLL ELƏMİR
Emili üç bacının arasında mübaliğəsiz
gözəli idi. Boyu 170 santimetr olardı, yəni
dövrünün qadını üçün nəzərəçarpacaq
dərəcədə uzun hesab olunurdu. Özünün
cəzbedici görkəmi və üzünün gözəl
cizgiləri ilə hər zaman sirr atmosferində olurdu və
kişilər bunda qəribə bir fitnəkarlıq hiss edirdilər.
Enn də görünüşcə diqqət
çəkirdi.
Di gəl bu məsələdə Şarlottanın bəxti
heç gətirməmişdi. Balaca (cəmi 147
santimetr) boyu ilə sərçəyə oxşayırdı,
uzağı yaxşı görə bilmədiyi
üçün həmişə eynəkdə gəzər və
son dərəcə sadə geyinərdi. Hələ
bu harasıdır; yadlardan heç kəs ona diqqət
ayırmırdı. "Bu axşam
xanım Bronteni gördüm. Demək istəyirəm
ki, heç olmasa çirkin görünmək
üçün o, ən azı indikindən iki dəfə
artıq gözəl olmalıdır," - Şarlotta ilə
qarşılaşan cavanlardan biri demişdi. Burada bir şeyi demək yerinə düşər; əgər
Şarlottanın zahiri görünüşü ilə
bağlı nəsə bir kompleksi vardısa da, o, bunun öhdəsindən
öz ədəbi istedadı ilə gəlirdi. Ən doğma əsərini - yöndəmsiz mürəbbiyə
Ceyn Eyri özünə həsr etmişdi.
İÇ DÜNYAYA AÇILAN PƏNCƏRƏ
Üç bacının arasında Emili qəribə
xasiyyəti ilə seçilirdi. Saatlarla pəncərə
önündə dayanıb fikirləşməyi
xoşlayardı. Nə barədə
düşünürdü? Güman ki, pərvazları,
pəncərə bəndlərini, bu kimi şeyləri... Bir dəfə Şarlotta onu pəncərə
qarşısında görəndə, əvvəlcə
bacısının bataqlığa baxdığını
güman etmişdi. Amma pəncərə bəndlərinin
bağlı olduğunu görəndə heyrətdən
çaşıb qalmışdı. Bu qəribə,
yeniyetmə qız altı saat sərasər adi, ağ pəncərə bəndlərinə
baxaraq durubmuş.
İMTİNALAR KOLLEKSİYASI
Şarlotta Bronte nəşriyyat mətbəxinə
asanlıqla girməmişdi. Onun ilk romanı -
"Müəllim" - naşirlər tərəfindən
geri qaytarılmışdı. Hər dəfə
əlyazmasını geri aldıqdan sonra onu üstündəki
imtina məktubu ilə birlikdə növbəti nəşriyyata
göndərirdi. Az sonra roman nəşiryyatların
imtina qeydləri ilə zənginləşmişdi və bu,
onun üçün heç də yaxşı reklam deyildi.
Qəribə olan odur ki, "Müəllim" yalnız
yazıçının ölümündən sonra
işıq üzü görə bildi.
BRENUEL - BACILARIN UNDULMUŞ QARDAŞI
Bronte ailəsində altı uşaq doğulmuşdu. Onlardan ikisi həddi-buluğa
çatmadan öldü. Üçü
isə ədəbiyyat ulduzu oldu. Bir də Brenuel
vardı. Ailənin dördüncü
uşağı və yeganə oğul övladı. Bəlkə də Brenuel o biri uşaqlardan da istedadlı
idi. O, üç sahədə
böyük qabiliyyət sahibiydi: poeziya, rəssamlıq və
pedaqogika (hələ şagirdlərin anaları ilə
yaşadığı eşq macəraları da bir yandan, amma
belə macəralardan biri böyük problemlə nəticələnmişdi).
Brenuelin şeirlərini Semyuel Teylor Kolridc də
bəyənirdi, bacılarının təsviri olan portretlər
isə son dərəcə canlı olurdu. Gənc
Brenuel əməlli-başlı əbədiyyət
yolçuluğuna çıxmışdı.
Bədbəxtlikdən bütün zəif cəhətləri
ilə bir yerdə alkoqola və tiryəkə - XIX yüzillikdə
bu narkotik vasitədən asılılıq bütün digər
xəstəliklərdən üstün sayılırdı -
olan asılılığı onu məhvə aparırdı. Bir işdən digərinə
keçən və alkoqol tutmalarından əziyyət çəkən Brenuel hələ
otuz yaşı tamam olmamış gün-gündən
uçurumun dibinə yuvarlanırdı. Nəticədə,
Bronte ailəsinin kabusu olan vərəmə (XIX əsrin bir
çox yazarları kimi) yoluxdu və vərəmlə
içkinin şokundan otuz bir yaşında öldü. Deyilənlərə görə sadəcə belə
də etmək olar fikrini sübuta yetirmək üçün
Brenuel çiynini divar sobasının ətəyinə
dayayaraq ölübmüş.
ROBİNSONLAR VƏ GÜRZƏ
Bronte Enn üç bacı arasında ən
yaxşı mürəbbiyə kimi (həmişə fikirli
olan Emili ümumiyyətlə bu işə yaramırdı,
ciddi xasiyyətli Şarlotta isə uşaqlara əsl qul
münasibəti göstərirdi) ad
çıxarmışdı. Onun
üstünlüyü ipə-sapa yatmayan uşaqları yola gətirmək
idi və bu bacarığı ona xeyli uğur və valideyn
sevgisi qazandırmışdı. Valideynlərdən
bir cütlük - Edmund və Lidiya Robinsonlar Ennə etibar
etdiklərindən ondan oğul övladları
üçün mürəbbiyə məsləhət etməyi
istəmişdilər. Enn yanlışlığa yol
vermiş, öz
yüngülxasiyyət və narkoman qardaşı Brenueli məsləhət
bilmişdi. Qardaşı da tezliklə xanım
Robinsonla eşqbazlıq etməyə başlamışdı
və qadın ondan on yeddi yaş böyük idi.
Aralarındakı münasibət iki il
yarım davam etmişdi. Bundan xəbər tutan qəzəbli
ər təkcə Brenueli deyil, Enni də "bu gürzəni
onların ailəsinin içinə soxduğu
üçün" qovmuşdu.
ÇİLƏKEŞ CEYN
Şarlotta Bronte öz "Ceyn Eyr"ini ləqəblə
çap etdirmişdi, amma gerçək adını gizlətmək
əsla ürəyincə deyildi. Əlyazmasını naşirlərə
göndərərkən qoşma məktubda: "Əgər
cənab Karrer Bell ilə əlaqə saxlamaq fikrinə
düşsəniz, yaxşı olar ki, xanım Bronteyə
yazasınız. Hauort, Bredford, Yorşkir qraflığı. Əgər məktubu başqa ada göndərsəniz
o, mənə gəlib çatmayacaq" - yazırdı.
Bir də bu yazışmaların xərcini
ödəməyə də imkan tapmır, markanı başqa
vaxt göndərəcəyinə söz verirdi. Təəccüblü
deyil ki, roman beş dəfə nəşriyyatdan
qayıtdıqdan sonra, axır ki, Londondakı "Cmit Elder və
Ko" nəşriyyatının diqqətini çəkmişdi.
İlkin rəylər o qədər də ürəkaçan
deyildi. Tənqidçilər "Karrer
Bell"i haradasa qadın hisslərindən uzaq düşən,
atalarımızın və babalarımızın hisslərinə
qəsd edən biri adlandırırdılar. Yazıçıya ilk dəstək verən
nüfuzlu fiqurlardan biri Uilyam Meykpis Tekkerey olmuşdu.
Şarlottanın təsirli əfsanəsi onu elə
sarsıtmışdı ki, bioqrafların dediyinə görə
o, elə öz eşikağasının yanındaca göz
yaşlarına hakim ola bilməmişdi.
Robert Şnakenberq
Tərcümə etdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2017.- 7
oktyabr.- S.19.