Gəlin dəyər verək
Son zamanlar Azərbaycanda baş verən mühüm
olaylar canlı diskusiya predmetinə çevrilir. Hər kəsin hər
hansı məsələyə məxsusi yanaşması var. Məncə,
bu, pis deyil və əhalinin özünüdərk səviyyəsini
göstərir. Bir də normal adamların müdaxilə etdiyi
ümumi mövzular var. Bu, Qarabağın azad edilməsi,
ölkəmizin gələcək inkişafı, onun
özünümüdafiə qabiliyyətinin möhkəmlənməsi,
iqtisadi potensialın artması və əhalinin sosial
rifahının yaxşılaşdırılması ilə
bağlıdır.
Düşünürəm ki, bu yerdə mövqe
ayrılığı ola bilməz. Bəzən
də elə mövzular gündəmə gəlir ki, dayaz
düşüncəli adamlar bundan öz şəxsi məqsədləri
üçün istifadə edir. Yaxud da, ölkəmizdən
xoşu gəlməyən bəzi naqislər suyu
bulandırmağa çalışırlar. Belələrinin
arasında bizim vətəndaşları da görəndə
adamın ürəyi ağrıyır. Bizim
yazıçılar hər dəfə Naxçıvandan gələndə
Muxtar Respublikada baş verən yeniliklərdən böyük
həvəslə danışırlar. Ən əsası -
burada təmin olunmuş şəffaflıq, məktəblərdən
təmizlənmiş rüşvətxorluq təqdirəlayiq məsələlərdəndir.
Təhsil sistemini müasirləşdirməyin çətinliyini
bilirəm. Təhsil naziri Mikayıl Cabbarovun bu istiqamətdəki
təklif və təşəbbüsü ilkin olaraq
Naxçıvanda həyata keçirilmişdir. Bu, bizi
sevindirməyə bilməz. Ardı gəlsin!
Bütün respublikada yas mərasimlərinin zəngin süfrəsi ləğv
olunub. Meyvə-tərəvəz,
qoz və şirniyyat məhsullarının sərgisi yoxa
çıxıb. Ölənin yas məclisində yalnız
limonlu çay və halva ehsan verilir. Bu da həqiqətdir ki,
hər kəsin hüzrə gələn çoxsaylı
insanların qarşısında süfrə açmağa
cibi imkan vermir. Bu, hamıya aydındır və əhalinin əksəriyyəti
yeni adətlə tam razıdır. Bu yaxınlarda
Naxçıvandan bir xəbər də gəldi ki, Muxtar
Respublikanın rəhbəri Vasif Talıbov oxumaq
üçün məsləhət görülən
kitabların siyahısını dərc etdirib. Bu məqamda
ağılsız şərhlər başlandı. Bir
çoxları zarafata salıb bu qərara güldülər.
Niyə? Yoxsa hamı elə bilir ki, biz mütaliə ölkəsiyik?
Ona görəmi kitab mağazalarının sayı minimuma
endirilib? Müqayisə üçün deyim ki, Bakıda 117
kitab mağazasından cəmi 8-i qalıb. Rayonlarda isə demək
olar ki, kitab mağazası yoxdur, hətta Azərbaycanın
ikinci şəhəri Gəncədə də. Məgər bu
normaldır? Bir ölkədə ki, kitab mağazası yoxdur,
gənclər kitabı sevmir və oxumurlar, iyirmi birinci əsrdə
inkişaf edə bilməzlər.
Naxçıvan bunun çıxış
yolunu tapıb. Əvvəlcə dünya ədəbiyyatından
bir neçə kitab oxumaq məsləhət
görülür. Dərhal karikatura çəkməyə,
axmaq lətifələr yazmağa başladılar. Niyə?
İnsanları oxumağa yönəltməyin nəyi pisdir?
Kimlərinsə bu siyahıdakı kitablardan heç olmasa
bir-ikisini oxumağının nə ziyanı var? Siyahıda
beş yüz, yüz, üç yüz kitab da ola bilərdi.
Amma məhdud sayda kitabdan söhbət gedir və öncə bunları
oxumaq tövsiyə olunur.
Bu səbəbdən ağılsız
bir kampaniya başlayıb. Biri yazır ki, mənə
başqa müəlliflər lazımdır. Elədirsə,
özünə başqa müəlliflər tap, bu
kitabları da ya uşaqlarına, ya da qonşularına ver
oxusunlar. Mopassan, Drayzer sizin xoşunuza gəlmir? Balzakı,
Folkneri oxuyun. Ancaq Naxçıvandan qaynaqlanan bu
işıqlı meyli dəyərləndirin. İş o yerə
gəlib, yazırlar ki, "Dədə Qorqud" bizə
lazımdırmı, ümumiyyətlə, kitab oxumaq
lazımdırmı, axı internet var. Bir çox
ağıldan dayazlar və ölkəmizin açıq
düşmənləri məhz belə düşünürlər.
Təkrar edirəm: Azərbaycanın gələcəyi,
iqtisadiyyatı, siyasəti, təhsili, elmi, mədəniyyəti,
ordusunun vəziyyəti və Qarabağın azad edilməsi
bundan asılıdır. Müasir dünyada gəncləri
oxumaq istəməyən və oxuya bilməyən, yeniliyi
qavramayan ölkələrin inkişafından
danışmağa dəyməz.
Bəzi yazıçı və jurnalistlərin mövqeyi məni daha çox
təəccübləndirir. Məmura gülmək, onu tənqid
etmək olar. Ancaq ölkənin xeyrinə iş görən
bir adamı dəstəkləmək olmazmı?
Doğrudanmı bizdə oxucu sayının azaldığını
görmürsünüz - hələ məhdud sayda kitab
mağazalarını, az tirajı demirəm. Yoxsa siz həqiqətən
bunu normal sayırsınız?
Mən öz mövqeyimi bildirirəm. Hesab edirəm ki, Azərbaycanın
bütün bölgələrində, hər bir şəhərdə
və rayonda icra hakimiyyətinin başçısı
nümunə göstərməlidir. Kitab mağazası
açmalı, kitab almalı (dəb düşsün deyə),
məktəbə gedib uşaqlara mütaliənin əhəmiyyətindən
danışmalıdır. Tövsiyə olunan kitabların
siyahısını dərc etmək isə daha yaxşı
olardı. Bəlkə də bəzi məmurlar bu kitablardan oxuyub
öz uşaqlarına verəcəklər.
Naxçıvan gələcəyə necə
münasibət bəsləmək
baxımından, uşaqların təlim-tərbiyəsi
baxımından, insanların maariflənməsi
baxımından bütün Azərbaycana nümunə
göstərdi. Təbii ki, heç kəs xüsusi olaraq sizin bu
kitabları oxuyub-oxumadığınızı yoxlamayacaq. Bəlkə
insanlar özü bu barədə düşünsün.
Saatlarla çayxanada oturub mənasız yerə vaxt
öldürməkdənsə kitab oxumağın dəyərini
dərk etsin. Bəlkə uşaqlarımızdan on, yaxud
yüz nəfəri Vasif Talıbovun siyahısındakı
kitabları oxuyandan sonra başqa kitablar da oxuyacaq? Onda bu
gözəl nəticə verəcəkdir. Bizim xalqı yenidən
kitaba qaytarmaq lazımdır. Qurani-Kərim də müsəlmanlara
kitab şəklində verilib. Əgər başqa kitablar
oxumaqda çətinlik çəkirsinizsə Quranı oxuyun.
O zaman sizin üçün Peyğəmbərimizin hikmətləri
açılar. Bu da zəruridir. Əməli-saleh bir adama
çevrilərsiniz. Mən gənclərə həmişə
deyirəm ki, vacib deyil mənim kitablarımı
oxuyasınız, ümumiyyətlə kitab oxuyun. Və
unutmayın ki, min il ərzində onu yaradanlar heç də
ağılsız insanlar olmayıb.
Çingiz ABDULLAYEV
Rus dilindən çevirəni:
A.Savalan
Ədəbiyyat qəzeti.- 2017.- 7 oktyabr.- S.15.