Yazı
yazılmayanda
Ürəyimin
altında, sol döşümdən bir az
sağa tərəf ilıq bir hənirti vardı. Bir gözəl qız görəndə, ya bir kədərli
nəğmə eşidəndə o hənirti dəbərərdi.
Heç bilmədim o doğma ağrını
haçan itirdim. İndi uralanmış
bostan kimi barsızam. Ürəyim bomboşdur.
Nə sevgiyə, nə nifrətə
çönürəm. Ha harayla. Bir də
ayıldım ki, hər şeyə biganəyəm. Daha məni heç nə
həyəcanlandırmır. Yük qatarı
kimi içim yüklüdü. Bu iskələdən o biri iskələyə
yük çəkə-çəkə keçirəm. Ağırlıqdan dünyanın quşunu,
daşını görə bilmirəm. Görəsən əvvəlki şirinlik necə
oldu? Qabaq acı sözü də şirin
söz kimi həzm edə bilirdim. İndi
şirin söz belə mənə acı gəlir.
Ya da belə!
On dörd yaşlı qız kimi həyəcanlısan. Təpəndən-dırnağına
qədər yalançısan. Dəymiş xurma kimisən,
əl vursam, budaqdan
yerə düşəcəksən. Bir az qəddar ol da. Fikrini mənə kişi kimi çatdır, görüm nə
deyirsən? İstəyirsən bir az da dərinə gedim?
Gedim? Yaxşı, gedərəm!
Onu tanıyanlar
halına acıyırdı. Atasının yasına belə
çata bilmədi. Qıza olan sevgisi onu dünyadan
çıxarmışdı.
Özünü-sözünü bilmirdi. Bu lap ağ oldu deyəsən. Nə qədər özünü
unudursan unut, atanın yasına gərək çatasan! Ən
azı həyəcandan. Və ya səninlə maraqlanacaqlar deyə.
Yadlaşmaq elə də asan iş deyil. Doğmalara yad olmaq səndən
güc tələb edir.
Əvvəllər hər şey başqa cür idi. İndi başqa cürdür. At
kimiyəm. Səhər
açılan kimi gecə düşür.
Yaşamağın dadı-tamı yoxdur. Külfətimin əsiriyəm.
Miniblər belimə. Sanki dədələrinə borcluyam. Kənara
bir addım belə ata bilmərəm? And olsun Nardaran pirinə,
bu gecə pullu arvad yanına gedəcəm. Evə qayıdanda
da çörək almayacam. Görüm neynəyəcəklər.
Nə yeyəcəklər?
Acığa belə eləyəcəm. Qoy görsünlər
ki, məni saymayanda necə olur.
Elə düşünürlər ki, daha tramvay kimi relsdən çıxan
deyiləm. Niyə çıxmıram? Qoca at arpa yemir bəyəm?
Puluna minnət. Bu gün Allaha çox şükür ki, hər
şey satılır. Sevgi də.
Sonra da pullu faişənin
evindən ailəsinə zəng vurub: "Çörəyiniz
var?" - soruşa bilər. Fikri evindədir axı. Nə qədər
cızığından çıxsa da, fikri yenə evindədir.
Nə olsun ki? Adi, evdar kiçik qəhrəmandır da!
İndi belə adam var? Tipik deyil. Absurd qəhrəmandır!
Əyalət adamıdır. Maraqlı deyil! Haçansa dəvə
kimi yükü belinə şələləyib, indi çəkə bilmir. Üsyan edib
yükü çiynindən atıb. Kimə qarşı
üsyan edib? Evinə qarşı! Uşaqlarının onun dəvə
olmasından xəbəri belə
yoxdur. Yazının maraqlı tərəfi elə budur da.
Heç kəsin onun yük daşımasından xəbəri
yoxdur. O isə özü öz aləmində üsyan edir.
Çox sentimental alındı..
Bir az da...
Hələ ki, kədərlisən. Hissin üzündədir.
Özünü gizlət! Yazıçı yazısında
görünməməlidir! Mən səni tanıdım.
Mən o qızı
ilk dəfə payızda gördüm. Üzünün cizgiləri,
saçının rəngi yadımda deyil. Gülüşü ilə yumru
dizlərini isə yaxşı xatırlayıram.
Öpüşləri də, qucağı kimi istiydi. Elə
insanlar var ki, onlar sənin ömrünə düzəlişlər
etsin deyə gəlirlər. O qız məni həmin payız
dəyişidi. İndi mən o qızın
yaratdığı adamam. Onunla
tanış olana qədər sevgiyə inanırdım.
İndi inanmıram. Bəlkə mən onda yaxşı idim.
O, qız məni adamlıqdan çıxardı ?
Nəsə var..Davam elə...
Uşağın adını nənəsi qoymuşdu.Ona görə də qocaydı.
Yaza bilməyəndə
hirsli oluram. Elə yazanda da. Son günlər
hirsliyəm. Ac qurd kimi. Görəsən qurd hirslənir? Məncə
o, heç zaman hirslənmir. Qurd həmişə hirslidir. Qəzəb
onun halıdır. Qurdun ovqatı dəyişkən deyil ki, əvvəl
hirslənə sonra soyuya. Qurd bir haldadır. Onun bir üzü
var. Və bu üz ona görə
mübarəkdir ki, birdir! Dəyişməzdir! İnsan qurda
ikiüzlü olmadığı üçün hörmət
edir. Qurd yırtıcıdır. Onun
yırtıcılığı dəyişməzdir. Qurdun
quzunu parçalamasında "yemək bəlası" ilə
yanaşı əbədi olan başqa nəsə də var. Qurd külək kimi, su kimi əbədidir.
O, həm də ölüm kimidir. Ondan qorxsan da olduğuna əminsən. Düzdür qurdu ölümdən
fərqli olaraq öldürmək olar. Qurd öləndə
yırtıcı kimi ölür. Səndən aman diləmir.
İnsan dünyada yaşayım deyən gündən aciz olub. İnsanı öldürən
nə varsa qorxulu və möhtəşəmdir. Qurd da mənim
kimi yazıq olmaq istəmir. Ölüm insanın öz
seçimi ola bilərdi. Biz
ölməyi seçə bilərdik. Buna iradəmiz
çatardı. Qorxaq olduğumuz üçün bu
seçimi Allahın ümidinə buraxdıq. Allah da bizi
yazıq edib bir-bir öldürdü. İnsan insan kimi yaşayıb qurd
kimi ölə bilməz?.. Gördün. Yenə insanın
ikili təbiəti üzə çıxdı? Qurd yaşadığı kimi
ölür. İnsan isə ən yaxşı halda bir cür
yaşayıb başqa cür ölür. Qurd
ölümünü belində
daşıyır. Ondan qorxmur. Əksinə, içindəki
hirsnən ona doğru gedir. Biz isə ölümün qorxusu
altında yaşayırıq. Onu unudub rahat olmaq istəyirik. Mən
qurd kimi ölümü tanısam da, insan kimi ondan qorxuram.
Sərsəmləmə! Bir
qurd üzü tap, onu yazında yu.
O, var idi. Sonra olmadı.
Yaşamağına yaşadı, amma sevə bilmədi.
Adamlardan seçilmədi. Əlindən bir iş gəlməsə
də, yaşadı. Adı və soyadı o qədər də vacib deyil. Ad
şərtidir. Elə insan da ədəbiyyatda şərtidir.
Yeni əxlaq onu dəyişə bilmədi. Di gəl
özü də olmadı.
Mətn insanı dəyişmir, duruldur. İçini yuyur.
Ağır və dərin mətn bu gün dəbdə deyil! Hər şeyi üzdən və
üzdə yaz. Bir az erotika. Bir az gərginlik. Bir az qonşunun
pəncərəsinə icazəsiz baxış. Səmimi ol!
İdeya olmasa, lap yaxşı olar. Dərin düşüncəyə
yer qoyma. Anlamayacaqlar. Oxucular bir yana, tənqidçilər belə
bu gün dərin mətni anlamır.
Mən belə
mətnlər yazmıram,
qardaş.
Yaxşı eləyirsən, yazma!
Amma yazmaya da bilmirəm .
Dünyanı yazı xilas etməyəcək.Yazını isə sən
xilas edə bilərsən!
Necə?
Yazmamaqla!
Onda yazı səndən xilas olacaq!
Yaxşı, daha yazmaram.
Yazmasan da səni neynirəm...
Orxan Fikrətoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 7
oktyabr.- S.13.