“Atamın
üzü gülsə
də, ürəyi gülmədi”
“Ömrümün
keçdiyi sahildən
uzaqlaşdıqca” layihəsinin budəfəki qonağı İqtisadiyyat
üzrə fəlsəfə doktoru, professor, mərhum şair
Famil Mehdinin oğlu Şamil Mehdidir.
– Şamil bəy, atanızla
bağlı xatirələrinizə ilk günlərdən
başlamağınızı istərdim. Körpələrin yaddaşı iti olur axı…
–
Uşaqlıq yaddaşıma həkk olunan ilk xatirələr
atamın dərin hörmətə malik olması idi. Evdə
anamın, yaşadığımız ünvanda
qonşuların, iş yerində müəllim
yoldaşları və tələbələrinin, Ağdamda,
Şuşada qohum-əqrəbanın, həmyerlilərimizin sərhədsiz
hörmətini görürdüm. Bunun bir səbəbi mənsub
olduğu kökə, nəslə bağlıydısa, ikinci, əsas
səbəbi özünün alicənablığı, mədəniyyəti,
təvazökarlığı, həyat tərzi, sadəliyi ilə
bağlı idi.
Atam əmək
fəaliyyətinə “Bakı-Baku” qəzetində
başlayıb, qısa müddətdən sonra Bakı
Dövlət Universitetində (o vaxt Azərbaycan Dövlət
Universiteti) davam edib və ömrünün sonuna qədər
özü yaratdığı kafedraya rəhbərlik edib. Eyni
zamanda, 1959-cu ildən SSRİ Yazıçılar
İttifaqının üzvü idi. Universiteti də,
Yazıçılar İttifaqını da özünə
doğma məkan bilirdi. Səhər tezdən, məni və
qardaşımı məktəbə qoyub universitetə işə
gedərdi. Günorta saat 4-5-də evə gələr, gecə
saatlarına qədər kabinetində işləyərdi.
Televizora nadir hallarda baxardı, xəbərlərlə
maraqlanardı.
– Yaşınızın
üstünə yaş gəldikcə Famil Mehdini necə
tanıdınız? Nələri gördünüz, kimləri
tanıdınız atanızın ətrafında? Onunla dost ola bildinizmi?
– Yetkinlik
yaşlarında atamın yeni xüsusiyyətlərini görməyə
başladım. Şəxsən özünə ziyan olsa da
prinsipiallığını, heç vaxt yalan
danışmadığını, yaşından asılı
olmayaraq ahıla, uşağa hörmətlə
yanaşmağını və digər cəhətləri
müşahidə etdim. Tanıdı-tanımadı, müraciət
edənləri dinləməyinin, dərdlərinə qulaq
asdığının, imkanı dairəsində
yardımçı olduğunun şahidi oldum.
Sualınıza
cavab verdiyim zaman ərzində nə qədər xatırlamaq
istədimsə də, yadıma düşmədi ki, kiminsə
haqqında mənfi fikir söyləsin və ya kimlərsə
dedi-qodu eləsin. Xoşu gəlməyən şəxs haqqında
söz düşəndə danışmazdı, sadəcə,
gülümsəyib keçərdi.
– Yəqin, kiçik
yaşlarınızda atanızla səfər yoldaşı da
olmusunuz.
– Tez-tez
Qarabağda, digər bölgələrdə keçirilən
müxtəlif bədii-kütləvi tədbirlərə bizi
də aparırdı. Bu tədbirlərdə canlı klassikləri
– Mirzə İbrahimovu, Əli Vəliyevi, Bayram Bayramovu,
İsmayıl Şıxlını, Süleyman Rüstəmi,
Nəbi Xəzrini, Sabir Əhmədlini, Bəxtiyar Vahabzadəni
və digərlərini görürdüm, söhbətlərini
dinləyirdim. Yeri gəlmişkən, mənim adımı
Bayram müəllimin təklifi ilə qoyublar.
– Demək,
yaşıdlarınızdan fərqli olaraq, məşhur
yazarlarla kiçik yaşlarınızdan
görüşmüsünüz.
– Bəli.
Atamın mənsub olduğu yaradıcı nəsildən Tofiq
Bayram, Məmməd Araz, Xəlil Rza, Əli Kərim, Əlfi
Qasımov və b. ilə müxtəlif tədbirlərdə
rastlaşırdıq.
Universitetdə
çalışan Şirmməmməd Hüseynov, Nəsir
İmanquliyev, Nurəddin Babayev, Qulu Xəlilov, Tofiq Hacıyev,
Pənah Xəlilov, Mahal Məmmədov və digərləri
ilə ailəliklə münasibətlər var idi, istirahətə
birgə gedərdik. O zaman keçirilən 1 may və 7 noyabr
bayram paradlarında jurnalistika fakültəsinin müəllim
və əməkdaşları ilə birlikdə mən,
qardaşım, bacım da iştirak edərdik.
Xudu Məmmədov
və Rafiq Əliyevlə görüşləri də
yaddaqalan hadisələrdən olardı. Bu görüşlərdə
olan söhbətlər əsl həyat məktəbi sayıla
bilər. Çox sonralar, 1987-ci ildə mən Rafiq müəllimin
qızı Kəmalə ilə ailə qurdum və nişan məclisində
xeyir-duanı Xudu Məmmədov verdi, toy məclisini isə
sevimli şairimiz Şahmar Əkbərzadə idarə etdi.
O zaman gənc
şairlər – Ramiz Rövşən, Nüsrət Kəsəmənli,
Vaqif Bayatlı, Sabir Rüstəmxanlı və b. haqqında
ilk dəfə atamdan eşitmişdim. Deyirdi, yaxşı nəsil
şairlər yetişir, hamımızı üstələyəcəklər.
Səbəbini də deyirdi – çünki müstəqildirlər,
asılı deyillər.
– Qarabağ nisgilini necə
yaşadı?
– Bu suala
cavab vermək çox çətindir. Bəlkə də bu
sual belə səsləndirilməlidir: Qarabağın
işğalından sonra Famil Mehdi yaşadımı? 1987-ci
ilin sonunda başlayan Qarabağ hadisələri yüzminlərlə
insan kimi, atamın da həyatını iki hissəyə –
Qarabağ faciəsinə qədərki və sonrakı
dövrə böldü.
1988-ci
ilin fevralından ilk kütləvi xalq etirazları
başlayandan 1993-cü ilin avqust-senyabr ayınadək bir
gün belə rahatlıq tapmadı. Bir çox
ziyalıların iştirakı ilə “Nicat” cəmiyyəti təsis
etmişdi. Günlərlə, aylarla rayonlarda, kəndlərdə
olurdu, orada yaşayan əhali ilə
görüşürdü, özünümüdafiə
batalyonlarının yaradılmasına, silah-sursatla təmin
olunmalarına, yaralı və şəhid ailələrinə
yardımın təşkil edilməsinə yardım edirdi.
Məcburi
köçkün və qaçqınların yerləşdirilməsində,
məskunlaşmasında olmazın əziyyət çəkdi.
Hətta o vaxtkı daxili işlər naziri Milli Məclisin
iclasında “Famil Mehdi şəhərdə qarşıdurma, gərginlik
yaradır” bəyanatı vermişdi. Buna baxmayaraq, hər
şeyini itirmiş insanların yerləşdirilməsinə
yardım edirdi.
Qarabağda
itirilmiş ərazilərin tezliklə geri qaytarılmasının
yaxın vaxtlarda mümkün olmayacağı aydın olandan
sonra atamın üzü gülsə də, ürəyi
gülmədi.
Hamı
kimi arzusunda olduğu Arazın o tayını, Təbrizi ilk dəfə
ziyarət edəndə sevinirdi. Qardaşım Nərimanın
oğlunun doğulması, bacım Yeganənin
övladlarının dünyaya gəlməsi, böyük nəvələrinin
təhsildəki nailiyyətləri əhval-ruhiyyəsinə
müsbət təsir edirdi. Lakin bu sevinc epizodik olurdu və
Qarabağ yaralarını sağalda bilməzdi. Səhhəti
ilə bağlı həkimlərə müraciət edərkən
müayinə vaxtı yaşını soruşanda onlarda təəccüb
yaranırdı. Deyirdilər ki, olduğundan 10-15 yaş daha
yaşlı görünür.
2003-cü
ilin yayında, həyatının son aylarında 11 illik fasilədən
sonra “Dillən professor, utanma, dillən” son şeirlər
kitabını nəşr etdik. Kitabın çapı əhvalını
bir xeyli yaxşılaşdırmışdı. Bir xeyli
müddət avtoqrafların yazılması və kitabların
paylanması ilə məşğul oldu.
– Ətrafında çox
dəyərli, böyük yazarlar olub, onlarla dostluq edib,
heç olubmu ki, bədxahları bu dostluğa ləkə
salmaq istəsin və bacarsın?
– Atam epidemiya halına gələn yerlibazlıq, dəstəbazlıq
xəstəliyindən uzaq idi. İntriqalara, dəstələrə
baş qoşmazdı. Əminliklə deyə bilərəm:
elə bir adam tapılmaz ki, atamın ona qarşı ədalətsiz,
haqsız hərəkət etdiyini deyə bilsin.
İnsanlara
şəxsi keyfiyyətlərinə görə qiymət verdiyi
üçün onların haralı, kimin adamı olması və
s. bu kimi kriteriyalar onu maraqlandırmırdı. Yeri düşəndə
deyirdi ki, yerlibazlıq, dəstəbazlıq bu xalqı məhv
edəcək.
– Bəs ailə
başçısı olaraq necə idi? Sizə,
ailəyə vaxt ayıra bilirdimi?
– Atam
üçün ailə prioritet məsələ idi. Nə qədər
məşğul olsa da, ailə məsələlərinə
həmişə vaxt tapırdı. Ailənin nədənsə
korluq çəkməsinə imkan verməzdi. O dövr
üçün əmək haqqı yüksək idi – 550
manat maaş alırdı. Ondan başqa qəzet, jurnallarda
çıxan məqalə və yazıların ödənişləri
kifayət qədər yüksək idi. Demək olar ki, hər
il kitabı nəşr olunurdu və ən azı 10-12 min manat
qonorar alırdı. Ona görə də maddi tərəfdən
ailə tam təmin olunurdu.
Yay tətilində
ailəliklə SSRİ-nin gəzməli, istirahət etməli
yerlərinə – Moskvaya, Leninqrada, Kiyevə, Yessentukiyə,
Kislovodska gedərdik. Amma dərslər başlayana qədər
qalan vaxtı kənddə – Ağdamda olurduq. İmkan
düşən kimi Şuşaya, Turşsuya, Qırxqıza
qalxardıq. Kəlbəcərin İstisuyuna, Taxtasına, Dəlidağına
səfər edərdik.
Coğrafiya
dərsində adlarına rast gəldiyimiz dağ silsilələrinin,
çayların, göllərin, düzənliklərin, demək
olar ki, hamısını öz gözlərimizlə
görmüşdük. Yaşa dolduqca anlayırdım ki, atam
çalışırdı bizə Vətənin nə
olduğunu başa salsın, torpağa bağlılıq
yaratsın. Bu xüsusiyyət onun milliliyindən irəli gəlirdi.
Onda Azərbaycanın istənilən bölgəsinə
böyük məhəbbət vardı.
Bu səfərlərdə
yaddaşımda qalanlardan biri də orada yaşayan,
tanımadığı insanlarla necə rahat ünsiyyət
qurması idi. Zəhmətkeş insanlara böyük hörmətlə
yanaşırdı, qarşılığında da eyni
münasibət görürdü. Ehtiyac olub-olmamasından
asılı olmayaraq, yol qırağında vedrə ilə
meyvə-tərəvəz, giləmeyvə satanlardan (onlar da əsasən
qadın və uşaqlar olardı) qiymət danışmadan
bazarlıq edərdi. Anam alınan malların çəkisinin
çox olmasına görə etiraz edəndə deyərdi
ki, əziyyət çəkiblər, qoy könülləri
xoş olsun.
– Dövr o dövr idi ki, senzura, təqib,
təhdid, ehtiyatlı olmaq insktinkti və sair vardı. Heç təzyiqlərə məruz
qalmışdımı?
– Kənarda
baş verənləri ailəyə hiss etdirməzdi. Ən
uzağı anama nə isə bildirərdi. Ancaq
xatırlayıram ki, 70-ci illərin ortasında “İnsan
unudulmur” poemasına görə bir neçə il təzyiqə
məruz qaldı. Sonralar bu barədə xatirə-romanında
oxudum.
– Gənclərə xüsusi
qayğısı, diqqəti olub. Onlara görə olubmu ki,
kimlərləsə üz-üzə gəlsin, haqqı
nahaqqın ayağına vermədiyinə görə əl-ayağına
dolaşsınlar?
–
Atamın gəncliyi ağır keçib. Özü bu barədə
xatirələrində yazıb. Ana tərəfdən
qohumları repressiya olunub, doğma yurdlarından –
Ağdamın Əhmədavar kəndindən pərən-pərən
salınıb. Babası və iki cavan dayısı – biri 26
yaşında, diğəri 19 yaşında
dünyalarını dəyişiblər. İşğala qədər
babasının ikimərtəbəli evində 8 illik məktəb
fəaliyyət göstərirdi. Birinci sinfə də bu məktəbdə
başlamışdı. Atam deyirdi ki, müəllimlərin
hamısı mənə hörmətlə yanaşırdılar,
hətta bəziləri imkan düşəndə
qulağıma pıçıldayırdılar ki, bil ha, bura
sənin baba evindir.
Həm də
uşaqlıq, gənclik dövrü müharibə və
sonrakı ağır illərə təsadüf edib. Mənəvi
və maddi sıxıntının nə olduğunu kitablardan
yox, yaşadığı həyatdan bilirdi.
Elə buna görə də cavanlığından qohumlara,
qonşulara, tanıyana
da, tanımayana da güvənc yeri idi. Müraciət edəni ümidsiz yola salmazdı, imkan dairəsində yardım edərdi. Etdiklərinə heç vaxt
təmanna güdməzdi.
Professor Cahangir Məmmədlinin mənə
dediyi kimi, onun toyu bizim
evimizdə atam tərəfindən təşkil
olub. Rəhmətlik Alı Mustafayevin
bir neçə dəfə rədd cavabı veriləndən sonra elçiliyinə atam gedib və
məsələ həll
olunub.
– Ola bilməz ki, sizin ondan,
onun da sizdən
və başqalarından
incimədiyi anlar olmasın. Mümkünsə, bu barədə
də danışın.
– Məişət səviyyəsində
kimdənsə incidiyi
yadıma gəlmir. Olsa da, gözləntilərinin
doğrulmaması səbəbindən
ola bilərdi.
Mənimlə bağlı bir
neçə məqamda
inciklik olmuşdu.
Universitetdə tələbəykən xəbər tutdu ki, siqaret çəkirəm.
Məndən xahiş etdi
ki, tərgidim və söz verim ki, bir
daha siqaret çəkməyəcəyəm. Mən də söz verdim, amma dərhal əməl edə bilmədim, bir neçə il
keçdi. Bu müddət
ərzində hiss edirdim
ki, inciyir sözünü yerə saldığıma görə,
ancaq üzə vurmurdu.
İkinci belə məqam,
elmlər namizədi dissertasiyasının müdafiəsi ilə
bağlı idi. Məsləhət
gördü ki,
müdafiəni vaxtında edim, sonraya saxlamayım. 1991-ci il
idi, ölkədə ciddi
proseslər gedirdi, böyük
dəyişikliklər başlamışdı. Bunları əsas
gətirib, bir az
gözləmək qərarına gəldiyimi dedim.
Heç nə demədi, amma
hiss etdim ki, inciyir. Hadisələrin
sonrakı gedişatı da göstərdi
ki, nə qədər haqlıymış.
Yalnız 2008-ci ildə namizədlik dissertasiyasını
müdafiə etdim.
Söhbətləşdi:
Faiq Balabəyli
Ədəbiyyat qəzeti.- 2017.- 7
oktyabr.- S.9.