Xəyal ilə gerçəklik arasında
variasiyalar
"Yaddaş kartı"nın ikinci kitabından bir yarpaq
Yaddaş insanın ən qiymətli sərvətidir. Yaddaşın yoxdursa, keçmişin də yoxdur, o keçmiş ki, insan məhz onun sayəsində həyatı öyrənir,
təcrübə qazanır,
kamilləşir. Yaddaş insan
ömrünü kompakt
şəkildə onun
beynində saxlayır,
insan istədiyi vaxt onu kino
lenti kimi geriyə fırladıb xatırladığı fraqmentlərə
yenidən nəzər
sala bilir. İnsanın evolyusiyası, təkamül
prosesi də keçmişin üzərində
inkişaf edir. Yaddaş həm də maddə ilə anlayış arasındakı
vəhdətdən doğan
həqiqətlər toplusudur.
Əslində heç nə
bizim yaddaşımızdakı
kimi deyil. Keçmişdə baş
vermiş hansısa bir hadisənin üzərindən zaman keçdikcə o hadisə
də köhnə şəkillər kimi saralır, rəngləri itir, təfərrüatlar
seyrəlir, sonda solğun, pozuq bir kadra çevrilir
və sən onu yüz il əvvəlin kino lenti kimi
bir az maraqla,
bir az da
həyəcanla izləyirsən.
Keçmişlə bağlı xatirələri yazıya köçürərkən hiss edirsən ki, beynin qeyri-ixtiyari hadisələri redaktə
edir. Tam səmimi
olmağa çalışırsan,
bəzən alınır,
bəzən yox.
Nələrisə təfərrüatı ilə yazmaq özünüzü öz
yumruğunuzla yerə
yıxmaq deməkdir.
Özünüzə qarşı
qəddar olursunuz, amma yenə də tam səmimi ola bilmirsiniz.
Zamanın dəyişdiyi olaylar
yenidən, bu dəfə sizin əlinizlə təhrifə
uğrayır. Yanlış anlaşılmaqdan qorxursunuz.
Beləliklə, bizim eqomuz xatirələrimizin qatı
düşməninə çevrilir.
Öz düşüncələrini dəstəkləmək
üçün uydurduqları
hekayələrin arxasında
gizlənən yazıçılar
gerçəyin üzünə
dik baxa bilmirlər. İş xatirə,
anı yazmağa gələndə mütləq
gerçək hadisələrin
onlara toxunan tərəflərini ixtisar
edirlər və ya detaldan yan
keçirlər. Halbuki hadisənin
mahiyyəti məhz o detalda gizlənir. Keçmişin insana utanc gətirən məqamları
yazmadıqca yazıçıya
iztirab verir, yazdıqda isə onun əleyhinə işləyir. Bəs nə
etməli? Keçmişi tərəfindən rahatlığı
pozulan insanların bu keçmişdən xilas olmasının yeganə yolu səmimi etiraflardır.
Bəzən hansısa hadisənin təfərrüatlarını xatırlamaqda çətinlik
çəkirdim, o anda
təxəyyülü köməyə
çağırırdım. Bu anda gerçəyin təhrif olunduğunu anlayırdım, amma gerçəyi tam ifadə
etmək mümkünsüzdürsə,
başqa yol qalmır. Bəzən bu hadisələrin
hansının gerçək,
hansının uydurma olduğunu ayırd etməkdə çətinlik
çəkirdim. Uzaq keçmişdə
qalmış hadisənin
bəzi məqamlarını
dəqiqləşdirmək üçün yaxın qohumlardan biriylə söhbət etdim, qəribədir, o, həmin
hadisəni mən xatırladığımdan tamamilə
fərqli formada xatırladı və onun dediklərinin dəqiq olduğunu əminliklə vurğuladı.
Görəsən mənim yaddaşımda
o əhvalat niyə başqa biçimdə qalıbmış? Yoxsa zaman
bizdən xəbərsiz
hadisələri kollaj
edir? Çox vaxt söhbət
əsnasında keçmişlə
bağlı əhvalatları
xatırlayanda adları,
məkanları belə
qarışıq salırıq,
hətta mübahisə
etməkdən belə
çəkinmirik. Bəlkə elə
qarşı tərəf
də hansısa məqamda yanlışa yol verir?
Hə, yaddaş olduqca mürəkkəb mexanizmdir. Kompyüter yaddaşının tutumu olduğu kimi, insan yaddaşının da ölçüsü var. Alimlər müəyyən edib ki, beynin sağ və sol yarısı quş qanadına bənzəyir. Sağ hissə məlumatı həkk edir, sol hissə isə xəyal gücü və romantik əlaqələr üçün istifadə olunur. Demək, yaddaş qutusu insan beyninin sağ yarımkürəsində yerləşir. Çox qəribədir ki, biz yaddaş qutusuna yığılan keçmişi beynin sol yarımkürəsində yerləşən xəyalın gücüylə yenidən canlandıra bilirik. Biz informasiya əsrində yaşayırıq və yaddaşımız həddən artıq yüklənmiş vəziyyətdədir. Beynimiz hər gün onlarla informasiya qəbul edir və sözsüz ki, yaddaş bu informasiyaları özündə saxlaya bilmir. Deyilənə görə Avropa alimləri müasir texnologiyaların köməyi ilə insan yaddaşının yaxşılaşmasına şərait yaradan yeni proqram hazırlayıblar. Əslində zəifləyən insan yaddaşı deyil, gün ərzində sel kimi axıb gələn informasiya axını yaddaşa təzyiq göstərməkdədir. Texnologiya nə qədər inkişaf etsə də, insanın təbii yaranışına hansısa detalı əlavə edə bilməz. Texnologiya yalnız robot yarada bilir, robotun isə yaddaşı olmur.
Bu kitab hansı zərurətdən yarandı? Söz və rəsm yaddaşı maddiləşdirən yeganə üsullardır. Biz keçmişi yalnız sözlər və rəsmlər, şəkillər, filmlər vasitəsilə "geri" qaytara bilirik. Beynimizin labirintlərində dolaşırıq, unudulmayan xatirələr bizi keçmişə doğru sürükləyir. Tək bircə görüntü keçmişin sərt qabığını parçalayır və içindən çoxdan unutduğunuz adamlar, cizgiləri itməkdə olan küçələr çıxır. Yaddaşımızın bizi keçmişə daşıyan gücü bəzən zəifləyir, hansısa hadisəylə bağlı ən vacib detalı unuduruq. Bir müddət keçəndən sonra qatarda və ya avtobusda gedərkən, yaxud sakit bir guşədə kitab oxuyarkən qəfildən həmin təfərrüatı xatırlayırsınız. Gördüyünüz bir adam, bir məkan, oxuduğunuz kitabdan hansısa söz, fikir sizə ipucu verir. Yaddaşınızın itirdiyiniz guşəsi işıqlanır və siz hər şeyi aydınlığı ilə xatırlayırsınız. Yaşı 70-80 civarında olan bir ixtiyarın yaddaşında iki-üç xatirə qalır ki, qarşısına çıxan hər kəsə o hadisələri danışır. O hadisələr o qədər təkrar danışılır ki, bayatlaşır. Qoca ağzını açanda artıq bilirsən ki, hansı hadisəni danışacaq. Mexaniki şəkildə təkrarlanan bu bir ovuc xatirə ixtiyar adamın qosqoca ömründən qalan yeganə mirasdır. Keçmişindən bir-iki boyat xatirə qalan qocalar o hadisələri təsbeh kimi bütün günü o üz-bu üzə çevirirlər. Belə insanlarla tez-tez qarşılaşırıq və hər dəfə əli həyatdan, keçmişdən üzülməkdə olan, ölümün soyuq nəfəsi üz-gözündə dolaşan ixtiyar insanları görəndə həyatın amansızlığı, etibarsızlığı, ömrün faniliyi içimi üşüdür...
Yaddaş sözlər vasitəsilə mənim yaşadığım, mənim gördüyüm tarixi fiksə edir. Təkcə mənim yox, həm də Bakının dünəni və bu gününün tarixini...
Bu gün həm də gələcəyin tarixidir, gələcək həm də keçmişə görə var olacaq. Bu günümüzə keçmişin sayəsində gəlib çıxmışıq. Həm də insanın həmişə keçmişə ehtiyacı var, o, keçmişindən heç də asanlıqla qopmur. Zaman bizi keçmişdən ayırsa da, xəyal bizi həmişə geriyə qaytarır. Fantaziyamız itirilmiş zamanı yaddaşımızda bərpa edə bilir. Yazılan kitablar da bizi keçmişə aparan "sehrli xalat" misalındadır. Bu baxımdan, yəqin ki, yazdıqlarımızda bir fayda var. Hər halda yazılan qalır.
Həyatım boyunca rastlaşdığım ən maraqlı adamlar, taleyimdə iz buraxmış insanlar, başıma gələn qəzavü-qədərin inanılmaz oyunları bu kitabda öz əksini tapıb. Bu kitab taleyimin kitabıdır.
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2017.- 7
oktyabr.- S.12.