Vladimir Mayakovskinin

ilham pərisi - Lilya Brik

 

Rusiya incəsənət və ədəbiyyat mühitində ona qarşı heç də birmənalı yanaşılmırdı. Kimsə onu yaşadığı sevgi macəralarına görə qınayır, kimsə (məsələn, Çili şairi və Nobel mükafatı laureatı olmuş Pablo Neruda onu rus avanqard janrının ilham pərisi adlandırmışdır) ona heyranlığını bildirirdi. Bütövlükdə tam olaraq ziddiyyətli bir ömür yaşayan bu cazibədar qadın istər ədəbiyyat, istərsə də incəsənət dünyasında hər zaman parlaq obrazı ilə diqqət mərkəzində qalmağa müvəffəq olmuşdur.

Rus Sovet ədəbiyyatçısı, aktrisası Lilya Yuryevna Briki həm də Vladimir Mayakovskinin ilham pərisi kimi tanıyırlar. Mayakovski demək olar ki, bütün əsərlərini məhz ona həsr etmişdi. Şairin Lilya Brikə olan sevgisinin əzabları arasında ədəbi şedevrlər yaranırdı. Onun həyat obrazı və yaşam tərzi əksər insanları ilhama gətirir və sözün əsl mənasında heyrətləndirirdi. Məhz Brikin səyləri nəticəsində Mayakovskinin yaradıcı irsi qorunub saxlanmış, adı ölümündən sonra da populyarlığını itirməmişdir.

 

Uşaqlıq və gənclik

 

Lilya Brik 11 noyabr 1891-ci ildə doğulmuşdur. Atası Uriy Kaqan yəhudi haqları uğrunda mübarizənin aktiv iştirakçısı idi. Bundan başqa ədəbiyyatla maraqlanmış, hətta qızını da İ.Hötenin arvadının şərəfinə Lilya adlandırmışdı. Lilyanın anası incəsənətlə məşğul olur, fortepianoda çalır, şeirlər yazır, tez-tez musiqi gecələri təşkil edirdi.

Valideynləri qızlarının təhsil almasının qayğısına qalırdı. Lilya hələ uşaq yaşlarından baletlə məşğul olmuş, royalda çalmış, xarici dillərə yiyələnmiş, riyazi elmlər üzrə yüksək mövqeli qadın kurslarında, Moskva İnşaat Universitetində təhsil almış və hətta Şveqreldəki Münhen studiyasında heykəltəraşlıq təcrübəsi keçmişdir. Bundan başqa o, hər zaman kübar mövzularda söhbət edə bilirdi. Bütün bunlar ona öz yolunu axtarıb tapmaq imkanı vermiş, özünə hörmət hissi aşılamışdır.

 

Sevgi macəraları

 

Brikin tərcümeyi-halı sevgi macəraları ilə kifayət qədər zəngin idi. Gənclik illərində həqiqi magik cazibəyə malik olduğu üçün tanış olduğu şəxslər tez bir zamanda onun təsiri altına düşürdülər. Fyodr Şalyapin, Qriqori Rasputin, Vladimir Mayakovski və digərləri Lilyanın cazibəsindən qurtula bilməmişdir.

 

Mayakovski ilə tanışlıq

 

Şairin Briklər ailəsi ilə (V.Mayakovski Lilyaya aşiq olduğu zaman o, artıq Osip Briklə evli idi) ilk tanışlığı Lilyanın bacısı, sonralar məşhur şairə olmuş Elza Triope vasitəsilə baş tutmuşdu. Elə Mayakovskinin Elza ilə münasibəti də məhz Lilya ilə olan məşum görüşdən sonra yarımçıq qalmışdı. 1915-ci ilin iyulunda Elza Mayakovskini valideynləri ilə tanış etmək qərarına gəlmiş və evlərinə dəvət etmişdi. Təsadüfən valideynlərinə baş çəkməyə gələn gözəl naməlum qadını - Lilyanı  görən şair ilk baxışdan aşiq olmuş və hətta hələ dərc olunmamış "Şalvarlı buludlar" poemasını da onun üçün oxumuşdur. Ardınca isə poemanı Lilyaya həsr etmək üçün qadından izn istəmiş və arzusuna nail olmuşdur. Onu da demək lazımdır ki, hadisələrin bu cür cərəyan etməsinə baxmayaraq, Elza Vladimirlə ömrünün sonuna kimi dostluq münasibəti saxlamışdır.

Briklə Mayakovskinin macərası ildırım sürətilə davam edirdi. Şair bu mədəni və təhsilli qıza heyran qalırdı. Elə həmin zamanlar Lilyanın əri ilə münasibətlərində böhran yaranmışdı. Onlar artıq gündəlik baş tutan görüşləri sayəsində tamamilə ayrılmaz vəziyyətə gəlmişdilər. Hətta Mayakovski sevgili qadına yaxın olmaq üçün Nadejdin küçəsinə köçmüşdü... Amma dəlisov şairdən fərqli olaraq Lilya hər zaman məsafə saxlamağı bacarmış, Vladimirə "siz" deyə müraciət etmiş və görüşləri barədə kimsəyə bəhs etməməsi haqqında qadağa qoymuşdu.

 

Şairin ilham pərisi

 

"Şalvarlı buludlar" poemasının müqəddiməsində Mayakovski qısa, amma çoxmənalı mədh yazmışdı: "Sənə, Lilya". Əsərlərinin toplusunda isə "mayakovskisayağı" "L.Y.B." hərf üçlüyünü qeyd etmişdi. Bu üç hərf şairin sevgili qadına yadigar verdiyi üzükdə həkk olunmuş yazıya işarə idi. 1928-ci ildə isə Mayakovski onların tanışlığına qədər yazdığı bütün əsərləri Lilyaya həsr edir.

1916-cı ildə dərc olunan "Fleyta-Onurğa" adlı poema və "Liliçka" adlı şeir Brikə olan dərin hisslərlə yazılmışdı. İki il sonra onlar şairlə birgə "Filmlə dondurulmuş" filmində çəkilmişlər, amma kinolent yanmış və tarixə ancaq bir neçə fotoşəkil və böyük plakat qalmışdır. Şair 1922-ci ildə yazıb bitirdiyi "Sevirəm" poemasında sevgiliyə qarşı bütün hisslərini təsvir etmişdir.

Mayakovskinin ölümündən sonra Brik onun əsərlərinin çapının davamına müvəffəq oldu. Deyilənlərə görə o, hətta Stalinlə əlaqə yarada bilmiş və onu nəhəng şairin unudulmasının yolverilməz olduğuna inandıra bilmişdir. Baş katib qadının xahişlərini yerinə yetirmiş, bundan başqa Mayakovskinin muzeyinin yaradılmasına da göstəriş vermişdir.

 

Yaradıcılıq fəaliyyəti

 

Brikin həyatında Mayakovski peyda olduqdan sonra o, mədəni aləmin bir çox nümayəndələri ilə tanış ola bilmişdi. Bunlar arasında Maksim Qorkinin, Boris Pasternakın, Velimir Xlebnikovun, David Burlyukun adlarını xüsusi qeyd etmək lazımdır.

20-ci illərin sonunda Lilya Yuryevna kinematoqrafiyaya müraciət edir, "Yəhudi və ilan" filminin çəkilişləri zamanı assistent olaraq çalışır, "Şüşə göz" filminin ssenari yazılışında həmmüəlliflərdən biri olur. Bundan başqa alman müəlliflərindən tərcümələr edir və Mayakovskinin nəşr işləri ilə məşğul olur. Brik bir neçə ədəbi nəzəriyyələrin müəllifidir, bunlardan F.Dostoyevskinin yaradıcılığı haqqındakı məqaləni misal göstərmək olar. Heykəltəraşlıq həvəsi V.Mayakovskiyə, O.Brikə həsr olunan həvəskar əsərlərin yaranmasına səbəb olur.

60-cı illərdə onun Kutuzovskidəki mənzili mədəni həyatın mərkəzi kimi məşhur idi. Onun tanışları arasında Maya Plisetskaya, Rodion Şedrin, Leonid Utesov, Faina Ranevskaya, Rina Zelyonaya, Lyubov Orlova, Andrey Mironov və başqaları da yer almışdı.

 

Şəxsi həyatı

 

Lilya Brikin çoxsaylı macəraları olmasına baxmayaraq, əsasən üç rəsmi nikahı olmuşdur. Mayakovskinin ölümündən az sonra Lilya Osip Briklə ayrılmış, vətəndaş müharibəsi illərində komandir olmuş və 1937-ci ildə digər hərbçilərlə bərabər güllələnmiş Vitali Primakova ərə getmişdir. Onun sonuncu həyat yoldaşı isə ədəbiyyatçı, yazıçı, V.Mayakovskinin ədəbi irsinin naşir və bioqrafı K.Vasili olub. Amma Lilya özü böyük şairi də həyat yoldaşı hesab edirdi. Bir dəfə yazmışdı: "Mən ancaq bir nəfəri sevmişəm - bir Osyanı, bir Volodyanı, bir Vitalini, bir Vasyanı". Osip Brik 1947-ci ildə vəfat etmişdir. Onun ölümünü kədərlə qarşılayan Lilya etiraf edirdi: "Mən Osyanı sevmişəm, indi də sevirəm və həmişə sevəcəyəm, bu sevgi qardaş, ər, oğul sevgisindən daha böyükdür. O, mənim ayrılmaz hissəmdir". Faina Ranevskaya yada salır: "Dünən Lilya Brikin evində idim. O, mənə Mayakovskinin kitabını və həvəskar şəkildə çəkilmiş fotosunu göstərdi. Amma mərhum Brikə olan sevgisindən danışırdı. Və deyirdi ki, Osyanı itirməmək üçün həyatındakı hər şeydən imtina etməyə hazırdı. Mən "Mayakovskidən imtina edərdin?" deyə soruşdum. O, düşünmədən cavab verdi: - Bəli, Mayakovskidən imtina edərdim, mən ancaq Osya ilə qalmaq istərdim".

Onu da qeyd etmək lazımdır ki, Brik heç zaman övlad arzusunda olmamışdı, Osipdən, Vladimirdən... Sonralar danışırdı ki, uşağının öz yaşadığı əzabları çəkməsini istəmirdi. Amma özgə uşaqlarına qarşı olduqca həssas yanaşırdı.

 

Faciəli son

 

1978-ci ildə Lilya Brik yaşına görə ağır travma alır - 86 yaşlı ahıl qadın yıxılaraq çanaq sümüyünü sındırır, nəticədə yatağa düşür. Ərinə yük olmamaq üçün o qəti qərara gəlir yüksək dozada yuxu dərmanı içərək intihar edir...

Ölümündən bir neçə gün öncə Lilya etiraf edir ki, Mayakovskinin vəfatından sonra yuxuda onu intihar etdiyi üçün danladığını görmüşdür. O isə cavabında tapançanı qadına uzadaraq "Sən bu cür edəcəksən" - demişdi. Göründüyü kimi, həmin yuxu müəyyən mənada çin çıxmışdır. Lilya Brik 4 avqust 1978-ci ildə Peredelkinoda bağ evində vəfat etmişdir. Vəsiyyətinə əsasən ölümündən sonra cəsədi yandırılmış, külü isə Zveniqorod yaxınlığında havaya səpilmişdir. Mayakovskinin ilham pərisi kimlərinsə onun məzarını açmaq istəyəcəyindən ehtiyat edirdi. Amma o, yanılırdı: Brikin pərəstişkarları onun xatirəsini əbədiləşdirmək üçün yaxınlıqdakı meşənin kənarında  L.Y.B. inisiallarının qeyd olunduğu qəbirüstü abidə qoymuşlar.

Beləliklə, bu qədər ziddiyyətli tale yaşayan qadın yenə öz düşüncələrinə sadiq qalmış, hətta ölümdən sonrakı taleyini özü təyin etmişdir...

 

Xatirə Nurgül

 

Ədəbiyyat qəzeti.- 2017.- 7 oktyabr.- S.8.