Doktor N. Bir metaforanın
qurbanı
Nəriman Nərimanovun XX əsr Azərbaycan
tarixinin maraqlı simvollarından biri olması qətiyyən
şübhə doğurmur. Haqqında bədii əsərlər
(M.İbrahimovun "Pərvanə", Ç.Hüseynovun
"Doktor N." romanları, N.Həsənzadənin "Nəriman"
poeması…) yazılıb, "Ulduzlar sönmür" filmi
çəkilib. Paytaxtda möhtəşəm
abidəsi qoyulub.
Bu gün də onun ictimai-siyasi fəaliyyəti, mürəkkəb,
zəngin şəxsiyyəti müzakirə obyektidir. Onu müqəddəsləşdirənlər,
faciəli taleyinə haqq qazandıranlar da var. Məsələn,
İsa Muğanna ona yüksək qiymət verirdi, hətta
SAFAĞ elminin daşıyıcısı kimi
sakrallaşdırırdı.
İsa Muğannanın mistik fəhminə isə inanmaq istəyirsən!
Məndən ötrü Nəriman Nərimanovun ömür və yazı təcrübəsi
bir konseptual metaforanın gerçəkləşməsi kimi
maraqlıdı. C.Lakoffun nəzəriyyəsinə görə,
metafora konseptual sistem sferalardan (sfera-mənbə) birinin
başqa sferaya (sfera-məqsəd) proeksiyasıdır. C.Lakoff və M.Conson "Biz
yaşadığımız metaforalar" əsərində
hesab edirlər ki, konseptual metaforalar sadəcə bir xəyal
uçuşu deyil, onun əsasında cismani (hissi) təcrübə
durur.
Bu "uçurum" metaforasıdır ki, Nərimanovun
təhtəlşüurunda çox fəaldır,
bütövlükdə onun ideoloji düşüncəsini, əsərlərin
süjet strukturunu və ideyasını müəyyənləşdirir. Bahadır Sonaya
yazdığı məktubda "uçurum dərələrin"
mövcudluğunu etiraf edir: "Mən ancaq camalınıza
aşiq olsaydım, mənim üçün şübhə
yeri qalardı. Yox, camalınızı da sevirəm,
ruhunuzu, ağlınızı daha artıq dərəcədə
sevirəm. Mən özümü sizin bir
hissəniz bilirəm. Əvvəla, necə
olar bilər ki, bizi "uçurum dərələr"
ayıra".
Bahadır vəsiyyətində də bu
"uçurumları" lənətləyir: "Təvəqqe
edirəm mənim ölməyimdə heç kimi müqəssir
etməyəsiniz. Ah, insanları bir-birindən ayıran
"uçurum dərələr!" Mən
sizi məhv etmək istərkən siz məni məhv etdiniz.
Fəqət əmin olunuz, siz axırda məhv
olunacaqsınız…"
"Bahadır və
Sona" sadəcə
bir nəsr təcrübəsi deyildi, həm də siyasi
inancının bədii sübutu idi. "Ucqarlarda inqilabımızın
tarixinə dair" adlı hesabat xarakterli məruzəsində
(surətləri İ.Stalinə, L.Trotskiyə və K.Radekə
ünvanlanmışdı) öz romanını bir daha
xatırlayır, onu xalqlar dostluğu mifinə sədaqətinin
bariz nümunəsi kimi təqdim edir: "Mən
"Bahadır və Sona" romanının müəllifiyəm. Bu romanda nəcib,
ağıllı və ismətli, oxumuş, öz
xalqını sevən erməni qızı Sona ilə eynən
onun tayı olan müsəlman tələbəsi
Bahadırın obrazı yaradılmışdır.
Bir-birini çılğın məhəbbətlə sevən
və eyni zamanda "milli hiddətdən qorxan bu iki gənc onları
bir-birindən ayıran "uçurum dərəni" yox
edib vüsala gəlməyə çalışır… Onlar arzularına yetməyib məhv olurlar, amma
inanırlar ki, xoşbəxt günlər gələcək,
bütün bu süni ənənələr, əngəllər,
uçurum dərələr yox olub gedəcək, Azərbaycan,
erməni, gürcü, rus sözləri aradan
götürüləcəkdir".
Hakimiyyət ehtirası əsl kommunistlərin çoxunu
korlamışdı. Hökumətdə təmsil olunan bəzi
qüvvələr "şəxsi mənfəətləri
üçün sovet Azərbaycanını
simasızlaşdırır və onun mənafeyini topdan və
pərakəndə satırdılar".
Onun siyasi fəaliyyəti Bakıda
da, Mərkəzdə də qısqanclıqla izlənilirdi.
Orconogidze, Stalin onu sevmirdi, Kirov və
başqaları sözünü eşitmirdi.
Ermənilər min bir hiylə və fitnə
ilə onu təkləmişdilər. "2-ci Mərkəzdə
oturmuş erməni daşnak kommunistlərinin iyrənc
işi" nəticəsində keçmiş məsləkdaşları
- "nərimanovçular" uzaqlaşmışdılar.
Müsəlman kommunistlərin ona qarşı
çıxmasına nail olmuşdular. Partiya
sıralarına soxulmuş məkrli erməni
fırıldaqçıları ifşa etməyədoktor və
yazıçı Nərimanovun gücü
çatmırdı, "bədbəxt Azərbaycanın belə
vicdansız fırıldaqların əlində oyuncağa
çevrildiyini" müşahidə etməkdən başqa
çarəsi qalmamışdı.
"Ucqarlarda inqilabımızın
tarixinə dair"
adlı sənəddə partiyadaxili ziddiyyətləri, siyasətdəki
yanlışlıqları və səhvləri bir-bir qeyd edir
və proqnostik qənaəti ilə Mərkəzi
inandırmağa çalışırdı ki, "tarix
bizim iflasa uğramağımızda kimin haqlı, kimin
günahkar olduğunu bilsin. Qabaqcadan demək olar
ki, biz uçurumun kənarındayıq".
Halbuki artıq
özü uçurumda
idi.
Çox inandığı Lenin də
onu aldatmışdı. Leninə məktubu aldadılmış (və təhqir
edilmiş) insanın son fəryadı idi: "Əziz Vladimir
İliç, məgər "Müstəqil Azərbaycan"
Sizin dilinizdən çıxmamışdımı? Axı, məhz buna inanaraq biz Musavatın qurduğu
fitnəkarlığı məhv edə bildik".
Mərkəzlə Bakı arasında uçurum aradan qalxmamışdı. Daşnakların
güclü təzyiqi və fitnə-fəsadı altında
Dağlıq Qarabağa muxtariyyət verilmişdi. Gürcüstanın, Ermənistanın mustəqilliyi
qeydsiz-şərtsiz tanındığı halda, Azərbaycanın
ərazi bütövlüyü pozulmuşdu. ("Vladimir İliç! Çoxmillətli
əhalinin hüquq və hissləri ilə belə zarafat etmək
olmaz...")
Artıq idealları məhv olmuşdu. Bütün
şüurlu, mücadilə dolu həyatını bu
idealların gerçəkləşməsinə həsr
etmişdi. Balaca Nəcəfi də buna
hazırlayacağına ümid edirdi: "Əgər
ömür vəfa qılsa, çalışacağam səni
elə hazırlayım ki, bəşəriyyət
üçün daha çox iş görəsən. Ancaq taleyin hökmüylə tezliklə əbədi
məskənə köçəsi olsam, onda səndən
xahişim bu olar ki, heç olmasa, daim özgələrin dərd-sərini
çəkən atan kimi cüzi işləri yerinə yetirəsən".
Məktub ölümündan təxminən
iki ay əvvəl
yazılmışdı.
Bu saxta ideallar, ağılsız ideyalar hətta bir vaxtlar onu
elə fanatikləşdirmişdi ki, təqaüdü ilə
oxuduğu, "millət atası" Hacı Zeynalabdin
Tağıyevlə "açıq amansız müharibəyə
başladığını" fəxrlə bəyan
etmişdi.
O, insanları bir-birindən ayıran siyasi, iqtisadi uçurumları məhv
edəcəyinə inanmışdı. Amma
özü bu uçurumların qurbanı olmuşdu.
O, millətini çox sevirdi. Bütün fəaliyyətini
millətə, bəşəriyyətə xidmət kimi qəbul
etmişdi, "ümumi xeyri nəzərdə
tutmuşdu".
Nadir şah da son nəfəsdə
gözlərini çıxartdığı oğluna bunu
etiraf edir: "Ümumi xeyir nəzərdə tutmuşam. Vətən salamat qalsın fikrində olarkən
canımı vətənin və millətin yolunda sərf
etmişəm. Oğlumun gözlərini vətənə
qurban vermişəm… Biçarə
anasını axirətədək gözü yaşlı
qoymuşam. "Pərvərdigarə! Özün
kömək et bu başsız millətə!.." ("Nadir
şah").
"Uçurum" həyat-ölüm
metaforalarından biridir. Yadınızdadırsa, Nəriman
Nərimanov kiçik bir etüddə Volqa çayında
dalğalarla çarpışan qayıqçıların təsvirini
verir: "Zorba ləpələr paraxodun hər iki tərəfindən,
şiş səslə bir-birini qovurlar. Rastlarına gələn
ufacıq qayıqları, ölüm çanaqlarını
bir neçə arşın yuxarı qaldırırlar.
Dağın başında bir uçuruma düşən
şey balıqçılar bu ölüm
çanağında daha yuxarı qalxırlar, gah birdən
quyuya bənzər iki ləpə arasına düşürlər.
Fikir edirsiniz. Budur, qayıqçılar hazır suya qərq
olacaqlar…" ("İdil kənarında")
Əslində bu metaforanı Doktor N.-nın bütün ömrünə
şamil etmək olar. Zamanın amansız fırtınası ilə
çarpışan və sonda əldən düşüb
uçuruma yuvarlanan qayıqçı onun özü idi…
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2017.- 7
oktyabr.- S.11.