Sahilin tənhalığı
Bizim dənizimiz uzaqda qaldı,
Coşqusu, səs-küyü, pəsi
uzaqda.
Bu sükut haradan
çökdü dənizə?
Səni səsləyənin səsi
uzaqda.
Görüb boş sahilin tənhalığını
Daha ləpələr
də sahilə gəlmir.
Nə iz var yumağa,
nə də ayaqlar...
Qumlu sahilləri
kimlər ayaqlar?
Qayalar lal-dinməz, çəpiksiz
qalıb,
balıqçı nə vaxtdır balıqsız qalıb,
dənizi gəmisiz,
qayıqsız qalıb,
Ayı gecəsində könülsüz
qalıb,
bu dəniz fikrindən görən dönübmü?
Sükutdan bu dəniz görən
çönübmü?
Balığı, dalğası, həvəsi
yoxsa,
səni səsləyəcək
nəfəsi yoxsa,
sənə yüyürəsi
ləpəsi yoxsa,
daha bu dənizin nəyi dənizdi?
Sənsiz
bu dənizin nəyi dənizdi...
Dəniz tək
Səni
dəniz təki qucaqlayaydım,
səni dəniz təki öpə biləydim.
Səni
dalğalar tək alıb qoynuma,
səni ləpələr
tək sığallayaydım.
Bizi nə Ay görə, nə günəş baxa,
(yaman utanıram
hər ikisindən).
Çəkilək dənizin dərinliyinə,
çəkilək meşənin
sərinliyinə.
Bir özgə baxış da səni görməsin,
bir özgə çağrış da sənə gəlməsin.
Gəl gedək, gəl gedək biz olan yerə,
özümü dəniz
tək göstərim
sənə...
Sən mənim qoynumda,
mən qucağında...
Yuxuma gəlmişdin,
yenə yuxuma.
Daha yuxulardı
görüş yerimiz.
Mən sənin qoynuna
girdiyim kimi,
yuxuma girmisən
yuxuma indi.
Nə yaman soyuqdur
əllərin sənin,
nə yaman soyuyub
qucağın sənin,
sönübmü içində
ocağın sənin?
Yəqin
üşüyürsən,
yerin soyuqdu.
Sənsiz
bu ürəyim
oyuq-oyuqdu.
Mən səndən soyuğam,
sən məndən soyuq.
Bizi nə qızdırar
bu aralıqda?
Həsrət qucağında,
dərd qucağında.
Evdə
yerin də boş,
yatağın da boş.
Sənsiz
xəyalımın
oylağı da boş.
Yuxusu didərgin
o kövrək atam,
boş yerə boylanır
hər gecə, axşam.
Gəl soyuq əlini
qoynuma qoyum,
üzünü-üzümə
sürtüm eləcə...
Bəlkə ruhlarımız
isinər belə,
bəlkə bu gecəmiz
isinər belə:
Sən mənim qoynumda,
mən qucağında...
Duellərin yeni forması
Bu dünya ölümlə qucaq-qucağa,
bu dünya ölümlə qol-boyun gəzir.
Bayırda müharibə, içdə
min savaş.
Mərmidən ölməyən özün
öldürür.
Hardandı insanda ölüm sevgisi.
Nə yaman dəyişdi hər şey həyatda.
Budumu düşüncə
inqilabları?
Budumu inkişaf?
Bumu tərəqqi?
Yoxsa ağılların
itibdi həddi.
Bu necə əsrdi,
necə zamandı?
Ölüm hücum çəkir insan üstünə.
Birinci səhifədə ölüm
xəbəri,
Sonuncu səhifədə
ölüm xəbəri.
Bu gün qara xəbər
meydan sulayır,
Kimi öz içində susur, ulayır.
Həqiqət yox olub, mərhəmət itib,
Nifrət baş qaldırıb, məhəbbət itib.
Qalıbdı insanlıq nadan
əlində,
Sevgisiz bu dünya namərd əlində.
* * *
Kimsə
olanların payında
deyil,
Ölən marağında, sayında
deyil.
Üstünə yüyürən, üstünə
qaçan
Qara xəbərlərin hayında
deyil...
İndi
bütün ipdə sabun qoxusu,
İndi bütün ipdə qan ləkəsi var.
Hər ip dolaqları, ip ilgəhləri,
Ölünün özü tək qorxudur məni.
Artır intiharın sayı günbəgün.
İnsan
öz-özüylə duelə
çıxır
Hamı
öz-özünə qəsd
edir daha,
Bu da duellərin
yeni forması.
Daha tapançadan güllə
açılmır,
Belə
güllələrdən heç
nə qaçılmır,
Qaçan sekundantdan, şahiddən
qaçır,
Qaçır rəzalətdən. Dözəmmir, qaçır.
Qaçır bu adamlar özündən
qaçır.
İnsanın özünə dəyəri
itib,
Dəyərlər yox olan bu
yer üzündə.
Hamı
qüssəlidi, üzdən
qəm yağan,
İçi bataqlıqlı Yer kürəsində.
Qara quş
Qar qapını tez aldı,
yaman uzandı bu qış.
Həyətdəki ağacda
nə oxuyur qara quş?
Əridi
qar, çıxdı
gün,
uç get burdan, qara quş.
Bahar üçün darıxdım,
bir az tez gəl, qaranquş.
Bu gecə məni ağlayır
Yenə
turşudub qaşını,
Əyib
buludlu başını,
Tökür gözünün yaşını,
Bu gecə yaman ağlayır.
Ay da yox kiridə
onu,
İslanıb əynində donu.
Göz yaşının
yoxmu sonu?
Bu gecə yaman ağlayır.
Xətrinəmi dəyən olub?
Yoxsa yığılıb,
dolub?
Ağlamaqdan rəngi solub.
Bu gecə yaman ağlayır.
Dərdimmi dərdinə köçüb,
Ağrımmı ağrına keçib,
Könlünmü könlümü seçib?
Bu gecə, məni
ağlayır.
O sevgi
Sən harda basdırdın ölən
sevgini?
Yolmu kənarında? Çay qırağında?
Gündüzmü, gecəmi? Bəs nə vaxt öldü?
Hər gecə
yuxuna girən o sevgi.
De harda basdırdın
ölən sevgini?
Üstünə nə yazdın?
Sonda nə dedi?
Demədi
bəs nə vaxt dirilib gələr,
təzədən doğulub,
sevinib gələr,
sənli təzə
eşqə bürünüb
gələr,
hər gecə yuxuna girən o sevgi?
Gecəni
səninlə bölən
sevginə,
səninçün hər zaman ölən sevginə,
hər gecə yuxuna girən sevginə
bəs niyə deyirsən, ölüdü,
ölü?
Kənardan baxandan, vallah, diridi.
Hər gecə
yuxuna girən o sevgi.
Gözəldən-gözələ
Hər uzaq səfərdən, yaxın səfərdən
"Sən mənə
gözəllik gətir"-
deyirsən.
Görən bundan çətin istək olarmı?
Gözələ gözəllik. Gözəldən
gözəl...
Hər təzə səfərdə,
hər təzə gündə
Gəzdim
meşələri, gəzdim
dağları,
Yaylanı, ormanı, bağça-bağları...
Gördüm, təbiətin gözəlliyinin
Hamısı səndə var,
bütöv adında,
Gözəllik adında, gözəl adında.
Səni
yaradanın bəxş
elədiyi,
Üzünə, gözünə nəqş
elədiyi -
Səndən apardığım o gözəlliyi,
Mən sənin
özünə gətirdim
yenə.
Səndən gözəlini görmədim
hələ.
Yaşayıram, varammı...
Bu dünyada tək gümandan yapışan,
gecə-gündüz xəyallarla
çarpışan,
dar cığırda
mənim ilə tapışan
nə tapmısan, itirməkdən qorxursan?!
Mən kiməm
ki, könlün belə narahat?
Sənin üçün zirvəyəmmi,
dağammı?
Elə bildim xatirəndə itmişəm.
Mən hələ
də yaşayıram,
varammı?
Məndən artıq mənə
dəyər verənim,
gümanların bir meh olub əsəcək.
Hara getsəm son ümidin göyərib
əvvəl-axır yollarımı
kəsəcək.
Daha nə qaldı
Ömrümə ömürlük xatirə
yazıb,
biryolluq unudun, unudun məni.
Girin yuxulara günahım kimi-
gözlər xatirələr
danışsın mənə.
Baxışlar keçmişlə yaşayır
hələ.
Daha nə qaldı ki, qalan ömrümə
daha nə qaldı ki, yalan ömrümə,
illərdi dinməyən
bu lal ömrümə,
ümid bağladığım
xəyal ömrümə.
Hər şey sonda dönüb xəzan olursa,
günlər illərini
belə qovursa,
anlar solğun ömrü dən-dən yolursa,
daha nələr qaldı bundan sonraya,
daha nələr qaldı, nələr, sonraya.
Sükutlu gecədə xatirə
gözlər
bilməm bundan sonra daha nə
gözlər...
Yaman dəyişmisən
Yaman dəyişmisən
o gündən bəri.
Ala gözlərinə bir həsrət qonub,
saçının tumarı
dəyişib bir az,
əllər sığalını
itirib bir az,
üzündə təbəssüm
azalıb bir az...
Yaman dəyişmisən
o gündən bəri.
Deyəsən bir az
da solan kimisən.
Bir az da, bir az da
dolan kimisən.
Gecən
bir xoş sözün səsinə möhtac,
gecən bir öpüşün közünə
möhtac,
gecən ehtiyacın
özünə möhtac.
Yaman dəyişmisən
o gündən bəri.
Yanağın allanmır, gözlərin
gülmür,
ürəyin danışmır,
ürəyin dinmir,
qısılıb içinə
bir qonaq kimi,
ağıla uduzan bir qınaq kimi...
Yaman dəyişmisən
o gündən bəri.
Gözlər gözlədiyi baxışı
istər,
əvvəlki, o ərkli
çağırışı istər,
açıb pəncərəni,
açıb qapını
közərən ümidə
boylanar yenə.
Sənin
bu halına dözməz gözlərim:
təzə baxışlarım
dəyişər səni,
üzdə naxışların
dəyişər səni,
ürək alqışların
dəyişər səni-
keçən günlərinə
qaytarar səni.
Daha dəyişərsən
bu gündən belə.
Yaman dəyişmisən, bir bax özünə...
Rəfail Tağızadə
Ədəbiyyat qəzeti.- 2017.- 14
oktyabr.- S.25.