Bilirsənmi, ayrılığın

Dahası, sonrası olmur...

Beş günlük acısı olur,

Bir ömürlük yası olmur...

ən müqəddəs sevdalar da

Unudulur xəyal kimi...

...ən zülmlü ayrılıqlar

Bəzən çəkir xoşbəxtliyə

Bir iz kimi... bir yol kimi...

saçlarında bir vaxt itən

Əllərim tək itirmişəm...

İtirmişəm səni, qadın,

Külək-külək itirmişəm...

Unutdum səni...

Bağışla...

İçimdəki dəli atəş

külə döndü

Bircə anlıq yağışla...

 

Dünyanın

 

Taleh Mansura

 

İçəndə sağlığına içirik,

Ölümünə içiləsi dünyanın...

Qardaş, elə biz dalınca qaçırıq

Yaxasından qaçılası dünyanın...

 

Dərd bir deyil , iki deyil, üç deyil,

Bəlkə düşdü...Bəlkə elə düş deyil...

Ölüm belə bu dünyadan köç deyil...

Əsiriyik köçüləsi dünyanın...

 

Hər həvəsi fikir etdik, dərd etdik...

Dar qapıda göydəkini yad etdik...

Körpüsündə yuva qurduq, yurd etdik

Körpüsündən keçiləsi dünyanın...

 

Məhəmməd Turan

 

Ədəbiyyat qəzeti.- 2017.- 14 oktyabr.- S.5.