Mətnlərin yuxusu

 

Mətnlərarası virtual əlaqələrdən yazdıq; məsələnin mahiyyətində belə bir cəhət durur ki, sən mətni müəllif kimi müəyyən həddə qədər qura, yarada, nümayiş etdirə bilərsən. Yəni, burda hədd var, hər şey gözün önündə sonsuzluğa açılan sonsuzluq kimi görünsə də! Valeri Tyupanın fikruncə, müəllif onsuz da maskadır, gerçəkliklə mətn arasında həmişə dəhlizlər olur, eyni mövzudan yazan nasirlər bu qaranlıq, bəzən də gur işıqdan göz-gözü seçməyən dəhlizlərə nüfuz etməklə fərqli anımları çözələyib gerçəkliyi fərqli kontekstlərdə fəhm edirlər. Mənzərə aydındır: sən bir müəllif olaraq nələrisə fəhm edib hiss etdiyin kimi müxtəlif həyat şəraitində mövcud olan mətnlər də bir- birlərini hiss edirlər. Ancaq bu təsadüfdə müəllif iştirak etmir, başqa, yad bir dünyanın adamı kimi kənarlaşdırılır, minlərlə oxucunun enerjisinin qətrə-qətrə yığılıb toplandığı mətn püskürməyə hazır , ancaq yatmış vulkan təsiri bağışlayır. Bəzən, xüsusən şeir mətnlərində hansısa mətləb müxtəlif, bəzən də eyni, yaxın dövrlərdə dövriyyəyə daxil edilir, dünyanın fərqli bucaqlarında yazıb-yaradan şairlər bu mətləbi yaradıcılıq simalarının "şüarı" kimi təkrarlamaqdan yorulmurlar. Məsələn, "sükut", "səssizlik", "yazmaq" və sair. Mən mütaliə prosesində "sükut" sözünü o qədər görmüş və eşitmişəm ki, indi qulaqlarım ağrıyır. Bir sıra şairlərin "sükutu" elə onların dilinə yatmayan sözlərin "tortası" kimi bir şeydir. Yəni, sözdən ayrılan yonqar, talaşa... Bu hadisə mətnlərin bir-birlərini hiss etməsindən çox, "döyəcləməsinə" uyğun gəlir. Qədimlərdə "sükut içində öyrənilən əlifba", yaxud dərs indi şeirlərdə deklamasiya edilir, heç kəsin də ağlına gəlmir ki, yaradıcılıqda, bədii ifadədə "sükut" elə bu sözü dəfələrlə təkrar, yaxud elan etməməkdir, onun dilində yazmaqdır. Ancaq dövr, zəmanə, sosial şərait də əksər hallarda bizi qabaqlayır və bizi mətləbi "tərsə yazmağa" məcbur edir. İman azalanda ondan yorulana qədər bəhs etmək, dəyərlər itəndə sufi, dərviş olmaq modaya çevrilir; hər şey modadır, yeni paradiqma, təfəkkür paradiqması (nümunəsi) yoxdur.

Bədii mətnlərin bir-birini hiss etməsi bəzən o qədər sinirli və ağrılı olur ki, güclü enerji daşqını nəticəsində gözləmədiyin mətləblər çıxır ortayabu da digər mətnlərə ön söz (güc-!) kimi verilir (J.Derrida), onların qabığını soymaqla mahiyyətə varmağa çalışırlar. Hadisənin mahiyyətində əslində nə durur? Divan bağlayan Orta əsrlər şairi gerçəklikdən, şübhəsiz ki, içində doğan gerçəklikdən götürdüyü fraqmenti böyüdüb dünyaya tən tutmaq istəyirdi. Bədii mətn bu şəkildə artıb genişlənir (yəni gerçəklikdən əxz etdiyi hansısa detalı onun bağlı olduğu bütün əlaqələrlə birlikdə canına çəkir, onları aktuallaşdırır) və bütün dünyanı tutur. Sonra necə deyərlər, geri sayım başlayır, şairin qəlbindəki dünyadan böyük tarix içinə aldığı aləmlə birlikdə sıxılır, bu təsadüfdə dünyanı bir ovuc içinə yerləşdirməyə cəhd edir.

Bu hadisə tərcümə mətnlərində çox qəribə şəkildə meydana çıxır. Tərcüməçinin daxili təcrübəsi, zəka və istedadı mahiyyətcə mətnə, onun daxili sirlərinə uyğun gəldikdə (şübhəsiz ki, müəyyən dərəcədə-!) misralar, sətirlər arasında artıq dünyadan köçmüş, bu dünyada hər şeyi yaxıb-yandıran sözü qalmış klassikin nəfəsinin hənirini hiss edirsən. Buna nümunə olaraq Nizami Gəncəvinin Rüstəm Əliyevin tərcüməsində "Yeddi gözəl" əsərini nümunə göstərmək olar. Nizaminin "təhkiyəsində" əşyalar aləmi var, qızıl, gümüş, su, dirhəm, ayna, daraq, Ay, qayçı... Axı bu əşyalar zaman keçdikcə, necə deyərlər, "məhv edilir və yenidən yaradılır" (o mənada ki, onlar varlıq kontekstində unikal deyillər, unikal olan yalnız şəxsiyyətdir), ancaq onlar bir-birlərinə təmas etdikcə arxalarındakı hadisələr keçmişlərin ölüm yuxusundan ayılıb canlı təmas dünyasına daxil olurlar. Məhz buna görədir ki, aşağıdakı parçada həm də yuxarıda vurğuladığımız "sükut" məsələsi öz şərhini tapır.

 

Məni hansı tərəfə qovurlarsa, o yolla gedirəm,

Odur ki, məni yatmış su adlandırırlar,

Deyirlər ki, yatan su

Qızıl bulağıdır, su bulağı deyil.

Səhv edirlər, yatmış su gümüş yatağı olar,

Buna şahid onun bağladığı buzdur.

Gümüş isə qızıl rütbəsinə çata bilərmi?

Onların arasında Ay ilə Günəş

                                     qədər fərq var.

 

Yaxud:

 

Biryolluq bütün gördüklərini unut,

Sirlərə məhrəm ol və danışma.

Ki, biləsən, sənin bildiklərin

Ya səhvdir, ya da səhv oxumusan...

 

Mətnlər bir-birini hiss etdikcə çox qəribə olaylar baş verir, deyək ki, müəyyən şəraitdə üzləşmək istəmədiyin, qaçdığın şey başına gəlir, bunu qəzavü-qədər kimi (qəzavü-qədər mətni-!) yaşamalı olursan, nəyi var gücünlə unutnaq istəyirsənsə, nə qədər qəfil olsa da, ömrün sanki ən dəqiq cihazla ölçülmüş anında qarşına çıxır və bu anda daxili səslə olsa belə, ona reaksiya verə bilmirsən, demək, sənin başına gələn, səni bu şəkildə unutduran, yaddaşın zibilliyinə atan olay başqa bir insana, başqa bir mətnə güc kimi verilə bilər. Keçən əsrin 90- cı illərində "Cahan" jurnalında çalışanda U.Folknerdən hansısa mətni vermək istədik, çünki böyük yazıçının yubileyi  yaxınlaşırdı. Mən tərəddüd etmədən gedib məşhur tərcüməçi ilə görüşdüm (Tərcümə Mərkəzində) və arzumuzu dedim. Tərcüməçi məni kompyüter otağına yolladı ki, mətni ordan götürüm. Dedi ki, bu hekayə ("Uoş") heç yerdə çap edilməyib. Burda bəlkə belə bir faktı qeyd etməyin yeri deyil, ancaq deyim, Folkner yazmağa başladığı hekayələrin əksərini sonradan böyük romana çevirirdi.Tərcüməni orijinalla tutuşduranda məyus oldum, sondan 2-3, bəlkə daha çox səhifə edilməmişdi. Birgörüşdük, ancaq heç nə alınmadı, o mənə kömək etmək hayında deyildi. Birinci görüşümüzdə olduğu kimi. O başqa bir hekayəni də verə bilərdi, ancaq niyə məhz axıra qədər eləmədiyi bu hekayəni verdi, - şübhəsiz ki, o dəmdə bu sual ağlıma gəlməzdi. Bu məqamda türk şeirindən iki misra yadıma düşür, özüölüm ayağında olan Vidadi Məmmədovun qəfil yadına düşüb dediyi ikicə misra:

 

... Elə sərxoşam ki, gözlərimin içində

Başdaşım da fırlanır...

Bu misraların kimə məxsus olduğunu unutmuşam, ancaq heç şübhəsiz ki, ölüm yatağında deyilən misraların əks-sədası, qədim dövrlərdən tutmuş dövrümüzə qədər qələmə alınan bəzi mətnlərdə mövcud olmamış deyildir. Çünki bu tipli şeirlər güclü hissetmə, başqa birisinin, onun yazdığı mətnin enerjisinə anidən qoşulma nəticəsində yazıla bilər.

Ölüm yatağında yox, qəzadan sonra xilas olan insandan "necəsən" deyə sorulduqda onun yadına bu misralar necə düşür, hardan düşür? Biz bədii mətnlərin bir-birlərini hiss etməyindən danışırıq. Birinci nümunədə hekayənin sonluğunu tərcümə eləməkdən qəzaya düşməkdən qorxan kimi qaçan insan-bədii mətn yaratmasa da, tərcümə prosesində onların dərinliklərinə baş vurandünyada, həyatda durduğu yerdə qəzaya uğramaq perspektivini hiss edərək yaşayan tərcüməçi gözləri açıq şəkildə "mətnin taleyə dönüşü" yaşayır. Qəzavü-qədər mətninin hiss edilmədən, qəfildən meydana çıxması gerçəklikdə bir qatın daha soyulmasına, işarənin dərinliyinin bir iynə ucu qədər olsa da görünməsinə doğru hərəkəti bildirir. Hər kəs bunu təsdiq eləyə bilər: iş-güclə bağlı yüzlərlə kitab oxuyuruq, amma eləsi, yaxud elələri olur, istəsək də, oxuya bilmirik, halbuki hər bir hərəkətimizlə ona doğru gedirik. Bilmirik, bilə də bilmərik ki, bu kitab fəsil-fəsil, sözbəsöz həyatımızdan keçir, yəni bizoxunuruq, əldən-ələ keçirik, köhnəlirik, üstünüzü toz da basır, kimsə, yəqin qayda, nizam sevən biri bizi kitab şkafına qoyur, ancaq yer olmadığı üçün zor tətbiq edir, müxtəlif əsrlərdə qələmə alınmış kitablar arasında sıxılırıq, bəlkə bir əsr, bəlkə on gündən sonra kimsə bizi bu hücrədən xilas edir, deyək ki, Anarın "Otel otağı" povestində olduğu kimi...

Hər bir mükəmməl əsər, istər birnəfəsə yazılsın, ya uzun zaman ərzində, boş yerdə yaranmır, müəyyən bir mətndən, yaxud mətnlərdən qopub gəlir, yazıçıya haçansa güclü təsir buraxmış adi bir əhvalat, pritça, ya şəxsən şahidi olduğu hadisə onun ruhunda gələcəkdə yazılacaq əsərin "xanalarına" nüfuz edir, orda artıb-çoxalır, müəyyən forma alır, zamanı gəlincə bu forma yazıçıya nələrisə təlqin edir. İlkin təsirlə bitmiş əsər mətnini müqayisə etdikdə deyilənlərin izini-tozunu orda tapmazsan. Məsələn, Qısakürəyin bu şeirinin "yaratdığı" əsərlər...

 

Atıyor sızıların çıplak duvarda nabzı,

Çivi yaralarında, çivi yaralarında.

Duyuluyor zamanın tahtayı kemirdiği

Tavan aralarında, tavan aralarında.

Ağlayın, aşinasız, sessiz can verenlere,

Otel odalarında, otel odalarında.

 

Povestin qəhrəmanı da oxunmadığı, sirlərin içində dustaq qaldığı üçün darıxır, özünə yer tapmır, toz-torpaq olub burdan ayrılmaq, əcaib bir cəmiyyətdə yaşayıb da aşağılanmaqdansa hamının yadından çıxmaq, unudulmaq istəyir. İndi o daha çox keçmişdə, keçmişin sevincli qüssəli günlərindən qəlbinə axışan hisslər onu bəlkə indinin saxta dəyərlərindən qoruyur, hiddətlə, qeyzlə axan çayın sularının birdən-birə, qəfil bəd xəbər eşidən adamın üzü kimi ağarması, Xocalı soyqırımı, Laçında yazın qız nəfəsinə bənzər dumanında (ani sözdən çəkilib gedəsi...) zivədən asılmış köynəklər, dayaqlı çubuqdan sallanan torbadakı süzmənin damması... Bütün bunların əsərdə quş kimi pırıltıyla uçub keçən epizodla, tarixin bir məqamında əfsanələşən əhvalatlıyla qarışması qəribə ovqat yaradır, bütün bunların keçmişin xarabazarlığında toza dönməsi, hər bir zərrənin yurdun başının üstünü almış fəlakət havasının təzyiqi altında keçmişin müxtəlif ünvanlarından bir nöqtəyə axışaraq Şopenin bəstəsinə dönməsi, səslənməsiylə ürəklərdəki qübarın minillik tarixçəsini oyatması beləliklə, ürəklərdə yuxuya getmiş mətnlərin bir-birini hiss etməsinə səbəb olur.

İnsan kimlərinsə ona nişan verdiyi ölümü yaşayır, diqqət edin, səs-küyü qulaq batıran ölkədə həyat ölüm kimi yaşanır, ölümsə həyat kimi. Başqa bir alternativin olmadığı dünyada ölüm xəttinin clzıldığl ərazidə hər şeyi olmazın həssaslıqla fəhm etməli olursan.

 

Bir sirr var, onu o nigar bilir,

Əzab var, onu ruzigar bilir.

Qönçə kimi bağrını

              qana döndərən şeyi

Mən bilirəm, bir Şəhriyar bilir...

 

Bu isə tamam başqa bir əhvalatdlr. Şeirdəki "tapmaca"dan istifadə edib yuxarıdakı həm yazılı, həm qəzavü-qədər (şifahi-!) mətnlərdə hifz olunan dönmə anını - bədii mətnin taleyə çevrilməsi məqamı haqqında danışmaq olar. Bəlkə də susmaq. Bir ömür qədər...

Yuxarıdakı şeir və onun özünə bağladığı lirika nümunələri (yazılma anından qabaq və çox-çox sonralar) təlqin və performativ xarakterlidir, bu isə öz təbiəti etibarı ilə arxaik mədəniyyətə, ovsuna, sözlə ətraf aləmə təsir etmək niyyətinə gedib çıxır. Lirikanın janr sistemini araşdırarkən bu özəllik nədənsə nəzərə alınmır. Poetik nitq hərəkətinin (jestinin-!) nəyisə təlqin etməsi haqqında N.Qumilyov yazırdı: "...Şeirdə "jest" dedikdə mən mətndə sözlərin, səsli və kar səslərin seçiminin, ritmin sürətlənib-yavaşımasının elə bir düzülüş qaydasını nəzərdə tuturam ki, istər-istəməz onu oxuyan şəxs özünü qəhrəmanın yerinə qoyur, anidən onun mimika və jestlərini təkrarlayır və bu təlqin sayəsində müəllifin hiss etdiklərini hiss edə bilir..." Hissiyyatın bu şəkildə ötürüləməsinin nümunəsini biz yüzlərlə təsadüflərdə bilmiş, tanımışıq, ancaq bu barədə danışmaq, ondan bəhs etməyi lazım bilməmişik, halbuki, məsələ ciddi sual və mətləblər doğurmağa qadirdir. Yuxarıdakı mətndən çıxan suallardan biri: niyə bəzi mətləbləri yer üzündə ancaq bəzi adamlar bilir (Qönçə kimi bağrını qana döndərən şeyi // Mən bilirəm, bir də Şəhriyar bilir...).

 

Küsmek nedir bilir misin?

Küsmek dürüstlüktür...

Çocukçadır ve ondan dolayı saftır.

Yalansızdır.

Küsmek; Seni Seviyorumdur

Vazgeçememektir.

Beni anlatır küsmek

Kızdım ama hala buradayımdır,

gitmiyorumdur, gidemiyorumdur

Küsmek; nazlanmaktır,

                        yakın bulmaktır

                benim için değerlisindir

Küsmek; sevdiğini Söyle demektir

Hadi Anla demektir

Küsmek; umuttur, acabaları

    bitirmektir, emin olmaktır

Yani, diyeceğim o ki:

Ben sana küstüm!

 

Bu şeiri oxuyanda nədənsə yadıma Əli Kərimin misraları düşür: mən bir bulaq görmüşəm, əslində görməmişəm…Başqa parçaları da nümunə gətirə bilərəm. Bircə misra bəsdir. Uşaq qəlbinə qoşulmaq, əşyalara onların gözlərilə baxa bilmək, hər şeyi, ən qəliz mətləbləri belə uşaq dililə danışdırmaq…

Dünyanın hər hansı iki şairini yaxınlaşdıran, bir nəfəsə, mətləbə qovuşduran minlərlə şərt ola bilər (buna şərtlərin maksimum həddi deyək), ancaq onları bir lad üstündə yalnız şərtlərin minimum həddi görüşdürür. Bu iki parçada olduğu kimi. Yəni, elə şeylər var, dünyada iki şair bilir və bu barədə susurlar. Və bu sirr açılmır.

Mətnlərin bir-birlərini hiss etməsi onların diktə (təlqin-!) etdikləri amplitudada gerçəkləşir. Bu mənada bəzi əsərlərin yarımçıq qalması, tamamlanmaması həmin sferada nələrinsə qırılmasının, yaxud başqa modusa, rejimə keçməsinin əlaməti ola bilər. Məsələn, Alber Kamyunun avtomobil qəzası zamanı vərəqlərinin ətrafa, mümkün qədər uzaq məsafələrə səpələnən son romanı... Burada iki məqam çox önəmlidir. Birincisi, hadisənin (qəzanın) romanın sonluğuna çevrilməsi və ikincisi, bu çevrilmənin daim təkrar olunması, susmaması, bir yerdə dayanmaması kimi. Yadımıza dərhal onun atasının ölüm səhnəsi düşür. Kamyunun hələ bir yaşı tamam olmamış, Birinci Dünya müharibəsi başlayan kimi atası hərbi xidmətə çağırılır və 11 oktyabr 1914-cü ildə ilk Marne döyüşündə aldığı yaradan dünyasını dəyişir. Uşaq ikən, Kamyunun atası haqqında öyrəndiyi yeganə şey o olur ki, bir dəfə, kütlə qarşısında icra edilən edam səhnəsində iştirak edərkən möhkəm təsirlənir və ölüm yatağına düşür. Müəllifin "Yabançı" romanında toxunduğu və "Gilyotin haqqında düşüncələr" adlı essesində bir daha xatırlatdığı bu hadisə Kamyuya dərindən təsir etmiş və ömrü boyu edam cəzasına qarşı olması ilə nəticələnmişdi. Təkcə bumu? Bu əsəb, bu ağrı... onun mətnlərinin gizli guşlərində yuvalanmış, zaman-zaman qəribə tərzdə ifadə edilmişdi.

Atası öldükdən sonra anası və böyük qardaşı Əlcəzairə köçüb burada dayısı və nənəsi ilə birgə Belkur adlı fəhlə rayonunda yaşamalı oldular. Kamyunun savadsız anası Katerinin bir qulağı kar idi və danışıq qüsuru vardı. Silah-sursat zavodunda çalışırdı və ailəyə kömək məqsədi ilə boş vaxtlarında evlərə gedib təmizlik işləri görürdü. Sonradan yazdığı, ancaq tamamlaya bilmədiyi "İlk insan" romanında Kamyu həyatının bu məşəqqətli dövrünü xatırlayır, kasıblıq və səfalət illərinin dərdini danışırdı.

"Uoş" hekayəsində yanğın var, qəhrəman əlində dəryaz yana-yana jandarmaya tərəf yürüyür, yana-yana... Tərcüməçi hekayənin bu hissəsinin tərcüməsindən qaçmışdı, yayınmışdı, ancaq "qəza mətnindən" qaçmaq olmur... Necə ki, Kamyu qaça bilməmişdi...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2017.- 14 oktyabr.- S.2-3