Yalan - kateqoriya və bədii motiv kimi

 

Esse

 

Üç meymun kimi...

"Dil insana fikirlərini gizlətmək üçün verilib."

(Ş.M. de-Taleyran)

"Məkkə bir tərəfdə olsa, həqiqət başqa bir tərəfdə - mən həqiqətin yanında olmağı seçərəm" - Həzrət Əlinin sözləridir - yeri gəldikcə doğruya və yalana münasibətdə mövqeyimizi bəlli etməkçün işlədirik. Hamımız özümüzü doğrucul hesab edirik. Əslində isə kimi çox, kimi az - hamı yalan danışır, istisnasız olaraq hamı. Ən çox da "mən yalan danışa bilmirəm" - deyə sözə başlayanlar.

Bir də var bildiyini susmaq. Qızıla bərabər tutulan susmaq - yalan deyil, nəyisə nəyinsə xatirinə gizli tutmaqdır. Bu üzdən müqayisə etsək, həqiqətləri susmaq daha alicənabca bir davranışdır, nəinki yalan danışmaq. Mənbəyini xatırlamıram, uzun illər öncə "yalan eşitmək istəmirsənsə, sual vermə" fikrini oxudum və o gündən bu sözlər ağlıma həkk olundu. Odur ki, hətta ən yaxın adamlarıma belə, cavabında yalan eşidə biləcəyim ehtimalı duyduğum suallar vermirəm. Bu, eyni zamanda, kimisə etiraf etmək məcburiyyətində buraxmamaq istəyimdən irəli gəlir. Qarşımdakı gizlətdikləri ilə daha rahatdırsa, bundan münasibətlərə heç bir xələl toxunmursa, nədən mən illah da gerçəyi bilməliyəm? Kiminçünsə bu, sadəcə prinsip məsələsi ola bilər. Mənim prinsiplərimə görə isə itirməmək naminə susmaq da məqbuldur. Bəzən üç meymunun rolunu oynamaq ən ağıllı rəftardır axı - kar, kor və lal ola bilmək… Təbii, bu, hər zaman keçərli deyil və olmamalıdır. İnsan özünün və eləcə də başqalarının haqqını qorumağı bacarmadıqca, heç deyilsə, buna çalışmadıqca insan deyil. Mən bizə aidiyyəti, dəxli olmayan, tamamilə başqalarına aid, şəxsi məsələlər haqqında susmağı nəzərdə tuturam.

"Acı həqiqət dadlı yalandan şirindir" deyirlər - bu fikirlə əksərən razılaşa bilmirəm. Bəzən həqiqət acıdacaq, yaralayacaq qədər amansız və eyni zamanda, buna dəyməyəcək qədər əhəmiyyətsiz olur. İkisini tərəzinin gözünə qoyub çəkəndə yalanla da olsa, qorumaq gərəkən münasibətlərin olduğunu görürsən. Gerçəklərin məhv etdiyi münasibətlər var ki, onları yalnız dilinə qıfıl vuraraq qoruya bilərsən. Nə qədər qəribə olsa da, bəzən yalan danışmaq ən böyük alicənablığa, hətta xeyirxahlığa çevrilir.

Yayda YUĞ teatrında izlədiyim, əslində bu teatra yaraşdırmadığım "Metamarfoza" tamaşasından beynimdə qalan yalnız bircə cümlə oldu: "Narahat olma, sən gedəndən yalan danışmıram." - Anası narahat olmasın deyə, ona sürəkli yalan danışan qızı etiraf edirdi bunu. Hə, yalan əksərən qurtarıcıdır. Adətən, insanı olduğu kimi qəbullanmayanda, başqaları kimi olmadığına görə "dəli" damğası vurulanda başlayır yalanlara: yalan davranış, saxta mimikalar, qurama təbəssümlər… və beləcə baxıb görür ki, üzündə maska ilə dolaşır.

Yalan sosial bəladır, mənəvi şər daşıyıcısıdır, rəngarəng çalarları var: məsələn, aldanışla aldatmaq arasındakı fərq, yaxud simulyasiya ilə zarafat xətrinə deyilmiş yalanın fərqi... Hiylə, böhtan, tərif, riya... - məziyyətləri qabartmaq, qüsurları şişirtmək - məqsəd nə olursa-olsun, hamısının içində bu və ya digər dərəcədə yalan var.

Həqiqətin təhrifi də heç də həmişə yanlış deyil, bəzən həqiqətin özündən daha üstün olan yalandır (Bəlkə də, bu fikrimdə yalanı ideallaşdırmaq cəhdi sezə bilərsiniz, bu da sizdə sözlərin yaratdığı yalan təəssürat ola bilər). Adını "müqəddəs" qoyub sentimentallaşdırmaq istəmirəm. Həm də yalan özlüyündə mənfi çalar daşıyan bir sözdür, müqəddəsliklə uyuşmur.

Yalan həyatımızda hər yerdədir, üstəlik, sözün geniş mənasında ədəbiyyat və bütövlükdə sənət də yalandır. Lakin burada yalan yalnız vasitədir, məqsəd deyil - həqiqəti təhrif edən yox, həqiqətüstü yalandır. Yəni oxucu "yalan söz"ə aldandığı müddətcə bu, sənətdir, ədəbiyyatdır. Onun gerçəkliyini (bədii gerçək) inkar etdiyi zaman artıq söz sehrini itirir və yerini çılpaq reallıq alır. Başqa sözlə, oxuyan yalnız oxucu məntiqi ilə mətnə yanaşdığı zaman həmin sözlər bədii mətn olur, real məntiq oxucu məntiqini üstələdikdə isə o, bədiilikdən çıxır. Oxucu aldadılmağı könüllü şəkildə qəbullanmalıdır ki, mətnin gerçəyi ilə üz-üzə qalıb alternativ dünyanın zövqlərini duya bilsin. Bir oxucu mətn gerçəklərinin içində yalanlar axtarışına çıxan "həqiqətpərəst"dirsə, demək, əslində, oxucu deyil. Sənətin gerçəkliyinə inanmaq Tanrıya inanmaq kimidir. Şübhələr ürəyini didsə də, suallar beynində dolu kimi yağsa da, inanırsan...

Yalan müxtəlif çalarları ilə - riya, təhrif, manipulyasiya, simulyasiya, özünüaldatma və digər  formalarda bədii mətnlərdə mütləq iştirak edir. Məsələn, bədii ədəbiyyatda yalançılıq simvoluna çevrilmiş Baron Münhauzen (R.E.Raspe "Baron Münhauzenin sərgüzəştləri") başqalarının gözündə öz dəyərini artırmaq üçün yalan danışır. Lakin onun yalanlarının kimsəyə zərəri yoxdur, sadəcə danışdığı əhvalatlar məzəlidir, aşırı dərəcədə yalan olması ilə ətrafdakıları əyləndirir. 39 yaşlı Uinston Smit isə (C.Oruel "1984") gənc yaşlarından "həqiqət nazirliyi"ndə çalışır və davamlı olaraq statistik məlumatların saxtalaşdırılması, tarixi faktların təhrifi, əhalini bütün səviyyələrdə yanlış məlumatlandırılması ilə məşğul olur. Burada yalan artıq geniş miqyasda sosial şər daşıyıcısına çevrilir. "Aldanmış kəvakib" əsərində (M.F.Axundov) isə ən böyük "yalana uğrayan", "aldadılan" ulduzlar olur: "Kəvakibin hərgiz xəyalından xütur etməzdi ki, iranilər oları aldadacaqlar, padşahi-həqiqinin əvəzinə padşahi-məsnuu oların sədəməsinin altına salacaqlar..." Hər dəfə yalan danışanda burnu uzanan Pinokkio (Karlo Kollodi"Pinokkionun macəraları.Taxta kuklanın hekayəsi") da məşhur yalançılardandır. Pəri ona deyir ki, yalan dərhal tanınır. Çünki o, mahiyyətcə 2 cür olur: birinin ayaqları qısadır, digərinin burnu uzundur - sənin yalanın burnu uzun olandandır...

Reallıqdakı insanlar kimi əsərlərdəki obrazlar da böyük yalanlar danışanda Allahı, Peyğəmbəri, imamı, lap belə Ay işığını da şahid gətirərlər - yetər ki, məqsədlərinə nail olsunlar, yalanlarına inandıra bilsinlər. Bədii əsərlərdə ən geniş yayılanı yalanın xəyanət çalarıdır. Bir də var könüllü aldanış, aldadılmağa göz yummaq.

 

"Qoyma bilim"

"ve yalanlar kalanlara kalıyor nasılsa gidenler gerçeğin olduğu yerde."

(Yılmaz Erdoğan)

Erix Mariya Remarkın "Lissabonda bir gecə" romanının qəhrəmanı emiqrant İosif Şvarts (əslində, bu adı da yalan idi) arvadını həmişəlik itirməmək üçün onun yalanlarına göz yumur. İkisi də arada böyük bir yalan olduğunu bilirlər, lakin sözsüz razılaşmaya əsasən, nə arvadı Yelenanın ümidsiz xəstəliyi barədə danışırlar, nə də onun "özxoşuna yaşayan pişik" kimi gecə gəzintilərindən söz açırlar. 5 il ölkəsindən, ailəsindən uzaq düşmüş kişi bir gün sevdiyi qadınını görmək, özüylə aparmaq ümidi ilə böyük əzablar hesabına geri qayıdarkən ona bir çox xüsusiyyətləri ilə tanış olmayan qadınla qarşılaşır: həm doğma, həm yad. Öz evində yad kişinin fotosunu görür, hətta arvadı ondan heç nəyi gizlətmədən bu illər ərzində ona sadiq olmadığını da dilə gətirir. İosif bunları özünə dərd etmir, haqqında düşünməməyə çalışır. Çünki düşünsə, qısqanclıq qığılcımı ürəyinə düşsə, alova dönüb varlığını saracağını bilir. Buna görə cariliklə yaşayır, indi burada sevdiyi qadınla birgə ola bilmənin zövqünü çıxarmağa çalışır. 5 il ərzində hər ikisi yalnızlığını unutmaq üçün kimlərləsə ünsiyyətdə olublar, lakin bunun sevgi deyil, ötəri hisslər olması təsəllisi ilə buna fikir vermirlər. İosif arvadıyla birlikdə yaşadığı aylarda belə, ona məktublar gəldiyini görür, kamodun siyirtməsində qalaqlanmış məktubların bircəsini də açıb oxumur. Həqiqəti bilmək istəmir. Onu ovudan yalanla xoşbəxtdir. İosif təsadüfi adama başına gələnləri danışanda həyat yoldaşıyla birgə xoşbəxt günlər yaşadığını deyir. Bəlkə də bu xoşbəxtlik illüziyadır, bəlkə də özünün uydurmasıdır, amma yaşadığı anlar üçün ona sevinc, hüzur bəxş edir. Bu hissləri qorumaq naminə yalana tutunmaq, həqiqətə arxa çevirmək lazımsa, onu da edir.

Arvadı öləndən sonra ona ünvanlanmış məktub qalağını hər şeyi danışdığı yad adama verir. Çünki arvadı bu həyatda olmasa belə, gerçəyi bilmək, onlu xatirələrini kirlətmək istəmir, səadət dolu günlər yaşamış olmasının sevincini hər hansı şəkildə kölgələməkdən qaçınır. Yelena xüsusən son zamanlar tez-tez və şövqlə "səni sevirəm" - deyir ərinə, - "nə olursa-olsun, bil ki, mən məhz səni sevirəm". Şvarts bu haqda danışanda belə, bu sevgi etiraflarının yalanmı, doğrumu olduğunu bilmədiyini deyir, lakin heç vaxt araşdırmaq da istəmir. Bu, eynən  "Qoyma bilim" şeirindəki kimi könüllü aldanışdır.

 

Ağrıya qarşı instinkt

"yalanlar istiyorsan,

yalanlar söyleyeyim..."

(Özdemir Asaf)

Gözümün yaşını silirəm

məğlubam,

dərdimdən gülürəm.

Sən məni sevmirsən, bilirəm

bilirəm,

qoyma bilim!

Burada artıq yalan yoxdur, gerçəkdən qaçış, könüllü aldanış var. İlqar Kamilin şeirlərində aldanış, yalan motivi nəzərəçarpacaq dərəcədə qabarıqdır. "Bəyaz yalan" şeirinə baxaq:

...Sənə gözəlsən deyəndə

kor idim mən -

gözüm görmürdü ki mənim

Sənə ürəyim deyəndə

qəlbim vurmurdu ki mənim.

 

...Hər şey adi yalan idi

su kimi təmiz bir yalan

Acı həqiqətdən şirin

doğma

Və əziz bir yalan...

Şeirin adındakı "bəyaz" sözü dilimizdə oturuşmuş "ağ" əvəzinə işlənməklə sanki yalanlara dəyər biçir, hörmətə mindirir. Şeirdə sevdiyi üçün dağları "dəldiyini", dəryaları "ram" etdiyini dilə gətirən lirik qəhrəman nədən bu yalanlarını etiraf edir ki? Bəlkə, əslində, bu izahlarla bu gün hər şeyin fərqli olduğunu etiraf edir. Məsələn, "daha səni sevmirəm, çünki gözlərim açılıb" əvəzinə, "sənə gözəlsən deyəndə kor idim mən" - deyir. Onda - nə vaxtsa - qeyri-müəyyən zamanda, yəqin ki, vurğunluq yalanlar dedirdəcək həddə idi. Bu gün bu qədər ağır etiraflar etmək üçün ya hər şeyin bitməsinə ümid edilir, ya da "bəyaz yalanlar" bu iki sevgilini o qədər birləşdirib ki, aralarına ən acı həqiqət belə girə bilməz.

İnsan bir məsələ ilə bağlı yalanı təkrar-təkrar danışarsa, qısa bir müddətdən sonra inandırdığı adamlardan biri də özü olar. Belədə yalan obrazların həyatından epizod kimi keçmir, oturuşur həyatlarda, sonra taleyə dönür. Bu mətnlərdə yalnız xoşbəxtliyin deyil, bütövlükdə həyatın qocaman bir yalan üzərində qurulduğunu görürük.

İnanmaq istəyir insan, inanmaq:

Nə olar,

Yalan olmasın zülmət gecələrin

                        işıqlı səhər vədləri

İndi işıqlanmasa da, eybi yox, eybi yox

əsas, işıqlanacaq olsun haçansa

şirin vədlər verilsin yenə

dönə-dönə...

İnsan ömrü boyu içində şübhələr baş qaldırsa da, inandığı gerçəklərin yalan ola biləcəyi qorxusu qarşısında acizdir. Bu gerçəklər yalan olsa, ümidlərin sonu deməkdir. Kədərlidir: insan inamı, ümidləri ölməsin deyə, yalanı seçməyə hazırdır.

Sənə deməyəcəm ki, məsələn,

niyə ölür insanlar?

Sənə qovuşmaq üçün

niyə illah ki, ayrılmalıdır bədənlərdən canlar?

"Deməyəcəm ki" deyə beynində cığır açmış şübhələrin şübhə olduğu düşüncəsindən yayınmaq, hər kəsdən çox özünü aldatmaq istəyir bununla. 5 yaşlı uşağın da dilinə gələn bu suallar yüz yaşlı qocanı da narahat edirsə, bəndə sual vermək ehtiyacı duyursa, suallar özündə cavabları da saxlayırsa, bütün bunlar şübhə etmək, sual vermək iznini inkar etmir deməkdir.

Niyə var axı hər başlanğıcın bir sonu?!

Şikayət etməyəcəm,

yox!

Deməyəcəm ki, İlahi,

çox çətindi bizim üçün qurduğun

                                   bu həyat oyunu.

Bu gecə sabahacan özünü "səcdədən asacağına" vəd verənin bu sözləri həm sualdır, həm cavab; həm inkardır, həm təsdiq; içində şübhə də var, inam da; həm qorxudur, həm də ümid bəxş edir - bütün hallarda zikrdir, duadır. Bütün bunlarla yanaşı, həm də bir yalandır. Çünki şübhə etdiyini özünə belə etiraf etməyə gücü yetmir. Misradan-misraya keçid aldıqca şübhəsi böyüyən və buna görə qorxuları artan bəndənin son arzusu bağışlanma olur: "Bağışla, İlahi, məni özümə bağışla!" misrası dua kimi, üzr, tövbə kimi səslənir. İçindəki şübhənin üsyana çevrilməsindən qorxan bir səsdir bu - təbəddülatlar sualdan başlayıb üzrlə yekunlaşır...

P.S. Bəzi psixoloqlar israr edirlər ki, yalan danışmaq nəinki lazımdır, hətta vacibdir - səbəblər buna haqq verir. Cem Yılmaz isə deyir ki: "Yalancı - yalanı söyleyemeyen adama deyilir. Yalanı söyleye bilen adama yalancı deyemezsin, çünkü söyleye bilmiştir..."

 

Mətanət Vahid

 

Ədəbiyyat qəzeti.- 2017.- 14 oktyabr.- S.22.