Qoca stansiya nəzarətçisi

və mavi qatar

 

Dostluq möcüzələr yaradır, deyilmi?!

 

O, köhnə dəmiryolu xəttinin meşədən keçən hissəsində stansiya nəzarətçisiydi. Bapbalaca,  isti və rahat daxması dəmiryolu xəttinin düz yanında idi. Sonuncu dəfə bu yolla nə vaxt qatar getdiyini artıq unutmuşdu. Amma qoca hər səhər yuyunur, rəngi bozarmış xidməti kostyumunu geyinir və öz nəzarət budkasına gedirdi.

Budka daxmanın cəmi bir neçə addımlığında idi. Qoca yalnız nahar fasiləsində budkadan çıxır, gəlib qarısı və pişiyi ilə nahar edirdi. Nahar, adətən, isti şorba, təndir çörəyi və bir-iki baş soğandan ibarət olurdu...

Qoca həsrətlə bu yoldan bir də qatar keçəcəyi günü gözləyirdi. Dəmir relslərin üstündə sərçələr dənlənir, dovşan-dələ qaçışırdı. Hərdən kəpənəklər də qonurdu. Rəngbərəng, naxışlı, zərif.

Və günlərin bir günü... Bum, bum, bum... Tıqqatıq, tuk, tıqqatıq, tuk... Bu, o vaxta təsadüf etmişdi ki, qoca nahar fasiləsindəydi. Şorbasını qaşıqlayır və ...Bu nədi?

- Qatar gəlir, eşitdin, qarı, qatar səsidi.

- Hə... Mənə də elə gəldi.

Qaşıq şorbanın içinə düşdü, şorba çalxalanıb pişiyin üzünə sıçradı, pişik narazı bir miyoltu çəkdi.

- Myaoooo... Gəlir gəlsin də... Şorbanı üzümə sıçratdınız... Nə qatar? Hara ilə?

Qoca qaçırdı. Qatardan daha sürətlə. Pişik də onun dalınca. O, bir göz qırpımında budkaya çatdı. Hərəkəti dayandıran yolgöstəricisini qaldırmağa macal tapdı. Qatarın səsi yavaşıdı... Tıqqatıq, tuk, tıqqatıq... Zəiflədi. Tıq... Tıq... Və dayandı...

Bu ki, qocanın gənclik illərindən dostluq etdiyi mavi qatar idi... Köhnəlmişdi. Mavisi bozarıb, bozarıb, ağa çalırdı. Qapıları taqqıldayır, pilləkənləri laxlayırdı. Amma sevinci aşıb-daşırdı. Dostunu görmüşdü. Qoca stansiya nəzarətçisini. Bir vaxtlar onu ölümdən qurtaran birini...

Mavi qatardan gənc maşinist yerə tullandı. Təəccüblə stansiya nəzarətçisinin yaşarmış gözlərinə baxdı. Və dedi:

- Hmmm... Maraqlıdır. Mən onu yeni dəmiryoluyla sürmək istədim. Bacarmadım. O, inadla bu yola döndü. Və həmişə olduğundan daha sürətlə şütüdü. Onun sürətini azalda bilmirdim...

Qoca stansiya nəzarətçisi hər şeyi anlamışdı. Mavi qatar dostunu görməyə tələsirmiş:

- Bir dəfə onun qatarlarından birində yanğın başladı. İnsanlar qışqırır, qaçışır, alov o biri qatarlara keçməyə cəhd edirdi... Mən çox çalışdım. Nəhayət, yanğını söndürdüm... Özüm əməlli-başlı yanıq xəsarəti alsam da,  mavi qatarı xilas edə bilmişdim. Sonra qarı məni meşə çiçəkləri ilə müalicə etdi. Və biz dost olduq...

Gənc maşinist dedi:

- Bu onun sonuncu səfəridir. İstismar müddəti qurtarıb. İndi bu qatar relsdən çıxarılmalıdır. O, isə buranı seçdi. Sizinlə qonşu olmaq istədi.

Qatarı relslərin üstündən qaldırdılar. Onun vaqonlarını sıra ilə stansiya nəzarətçisinin daxmasının yanına yığdılar. Gənc maşinist və yük kranında gələnlər geri qayıtdılar. Mavi qatar isə qaldı...

O vaxtdan qeyri-adi bir meşə sığınacağı haqqında söhbətlər dolaşır bu tərəflərdə. Soyuqdan donan, acından zəifləmiş, ovçu gülləsindən yaralanmış heyvanlar üzərində "Mavi qatar sığınacağı" yazılmış qapını döyür:

- Tuk... Tuk... Mənim ayağım əzilib...

- Yeməyə ehtiyacım var...

- Şaxta məni əldən salıb...

- Hərarətim var...

Döyülən qapı mavi qatarın qapısıdır. Qapını təbəssümlə açan isə qoca stansiya bələdçisi. İki dost birlikdə dünyanın ən xeyirxah işini görməyi bacarmışdılar...

 

Saqlana

 

Bu hekayənin qəhrəmanı bapbalaca bir qızdır. Adı da Saqlana. İndi yox, hekayəni oxuduqca, onun cəmi 4 yaşı olduğuna inanmaq istəməyəcəksən. Yəqin ki, onu hər gün ağlaya-ağlaya uşaq bağçasına gedən 4 yaşlı bacınla, pişikləri və itləri daşlayan qonşu oğlanla müqayisə edəcək və öz-özünə deyəcəksən:"Dörd yaşlı qızın belə qəhrəmanlıq edəcəyinə inanmıram". Amma sən inanmalısan. Əvvəlcə Saqlananın onun təxəyyülünün qəhrəmanı olmadığını söyləyən yazıçıya… Sonra da Saqlananın yazıçını heyrətə salan qəhrəmanlığına…

Saqlana uzaq tayqada, qarlar və buzlar diyarında yaşayırdı. Gözünü dünyaya açandan hər tərəfi ağappaq görmüşdü. Nənəsinin və babasının saçları kimi... Uzun qış gecələri nənəsinin nağılları ilə isinmişdi. Ayın aydınlığında işım-işım işıldayan qar yığınları arasında qaralan komalarında nənə-baba qayğısı və nəvazişilə dolu günlər keçirmişdi. Onların titrək və qırışlı əlləri Saqlananın başına sığal çəkmiş və dörd yaşlı qızcığaza yaxşılığın nə olduğunu anlatmışdı.

Valideynləri köçəri həyat yaşayırdılar. Tayqanın sərt şaxtasına və soyuğuna dözməyən mal-qaranı qışda nisbətən mülayim iqlimli ərazilərə köçürdür, aylarla balaca Saqlananı qoca nənə və babasının himayəsinə verirdilər.

Babanın gözləri görmürdü. O həmişə deyirdi ki, Saqlana babanın görən gözüdür. Dünya işığına dörd yaşlı nəvəsinin gözləri ilə baxan qoca, nəvəsini dizinin üstünə alar, ona ta qədimlərdən tayqada yaşayanların şücaətlərindən danışardı. Saqlananın verdiyi suallara həvəslə cavab verərdi. Nənə isə bir dəqiqə ayaq qatlamazdı. Sobanı odunla doldurar, həyətin qarını kürüyüb bir tərəfə yığar, maralları sağar, dadlı südlü sıyıq bişirərdi. Buğlanan sıyığın ətrinə nağıllardakı möcüzələr qarışanda gecələr daha işıqlı, daxma daha rahat olardı. Saqlana nənəsindən soruşardu:

- Nənə, bütün nənələr və babalar nəvələrinə nağıl danışırlar?

Nənəsi gözünü toxuduğu şaldan ayırıb onun gözlərinə baxar və deyərdi:

- Yox, qızım, əgər bütün nənələr və babalar nağıl danışsaydılar, dünyada müharibələr olmazdı... - Saqlana ha düşünər, tapa bilməzdi ki, nağıllarla müharibələrin nə əlaqəsi var. Qonur gözlərini nənəsinə zilləyərdi. Nənəsi o saat onun nə demək istədiyini anlayardı. - Qızım, nağıllarda xeyirxahlıq var. Hər eşitdiyin nağıldan canına hopan bir zərrə xeyirxahlıq, gələcəkdə çox böyük yaxşılıqlara yol açar. Mərhəmət nağıllarla başlayar, nağıllarda yaşayar, nağıllarla ötürülər...

Bütün bunları dinləyə-dinləyə Saqlana yuxuya gedər, yuxularında divlərə qalib gələn cəsur şahzadələr görərdi...

...Səhər yenicə açılmışdı. Axşamdan başlayan tufan qarı sovurub qalaq-qalaq təpələmişdi. Saqlana gözünü açıb, ətrafa baxdı. Daxma çox soyuq idi. Bayırda külək vıyıldayır, soyuqdan veyil-veyil gəzən qurd-quşun ulartısı küləyin səsinə qarışıb onu daha dəhşətli edirdi. Saqlana təəccüblə ətrafa göz gəzdirdi. Suallar bir-birinin ardınca onu narahat etməyə başladı: "Niyə daxma soyuqdur? Nə əcəb nənə sobanı qalamayıb? Niyə onun ayaq səsləri gəlmir? Və bir də niyə daxmanı ləzzətli sıyıq ətri bürümüyüb?"

Saqlana yerindən atıldı. Yalın ayaqlarını soyuq döşəməyə basa-basa nənənin çarpayısına tərəf qaçdı. Nənə çətin nəfəs alırdı. Saçları balışın üstünə səpələnmişdi. Baba onun əllərini ovuşdurur və astaca pıçıldayırdı:

- Dözümlü ol. Köməyə gələnimiz yoxdur... Başa düşürsən?! Heç gedib köməyə çağıranımız da...

Saqlana həyəcanlandı:

- Baba, mən gedərəm... Çobanlar yaşayan kəndi tanıyıram. Gör neçə dəfə getmişəm ora atamla?! Özümlə kibrit də götürərəm. Üşüyəndə tonqal qalayıb qızınaram. Qoy çobanların kəndindəki həkim gəlib nənəmi sağaltsın...

Saqlana üst-üstə iki gödəkcə geyinmişdi. Ona elə gəlirdi ki, onun papağı və əlcəkləri yer üzünün ən isti papağı və əlcəkləridir. Elə gödəkcəsi də. Kiminsə xizəyi qarın üstündə qoşa cığır açmışdı. Həyətlərində həmişə Saqlananın ovcundan dən yeyən iki sərçə onu müşayiət edirdilər... Başının üstü ilə uçur, hərdən cığıra qonur, dənlənirmiş kimi dimdikləri ilə qarın içinə girir və yenidən qanadlarını çırpıb havaya qalxırdılar... Saqlana tələsirdi. Qar yağıb bu qoşa cığırı örtməmiş o, çobanların kəndinə çatmalı, nənəsinin xəstələndiyini onlara deməliydi. Götürdüyü kibrit qutusunu islanmasın deyə, geyindiyi birinci gödəkcənin cibinə qoymuşdu. Külək üzünü bıçaq kimi kəsirdi. Tez-tez yıxılır, amma o saat da tələsik ayağa dururdu. Öz-özünə pıçıldayırdı:"Heç nədən qorxmuram. Ac qurdlar və ayılar köməyə tələsən balaca qızları yemirlər". Meşənin dərinliyindən səs gəlirdi:

- Uauuu... Uauuuuuuu... Uauuuuuuuu...

Saqlana qorxudan büzüşür, nəfəsini içinə çəkib ətrafa göz gəzdirir və yenidən qaçırdı. Qar kirpiklərinə yığışır, ordan hoppanıb gözlərinə dolurdu. Yarım saatdan artıq idi ki, yol gedirdi. Amma hələ də heç bir insan məskəni gözə dəymirdi. Saqlana qorxmamaq üçün nəğmə oxuyurdu:

 

Qar gör necə yağır a...

Yerə, göyə, cığıra.

Saqlana nənəsinə

Gedir həkim çağıra...

 

Ay səni Saqlana... Nə gözəl mahnı düşünmüsən?! Heç bu nəğməni eşidən qurdlar səni parçalayarmı?! Yox. Niyə? Çünki nənəyə həkim çağırmağa gedirsən... Hə-kim... ça-ğır-ma-ğa... Həəəəə-kimmm.... hə...

- Eyyy... Kimsən ordaaaa....

Gənc çoban cığırda gördüyü qaraltının əvvəl canavar olduğunu zənn etdi... Qaraltı yıxılır, durur, yenə yıxılır və sürünürdü. Yenə də, yenə də... Çoban əlini yağan qarın qarşısına tutub, bir xeyli baxdı. Qaraltının nə olduğunu anlaya bilmədi. Sonra tüfəngini çiynindən aşırdıb əlinə aldı. Atəş açmağa hazır vəziyyətdə tutub, qaraltıya doğru getdi... Gözlərinə inanmadı. Dəhşətlə pıcıldadı:

- İşə bir bax... Balaca qızdır. Bu nə gəzir meşədə bu şaxtada?  Eyyy... Köməyə gəlin...

O Saqlananı qucağına götürdü. Nəfəsi ilə isitməyə çalışdı. Saqlana üzünə dəyən hərarətdən gözlərini açdı... Qarma-qarışıq və nizamsız cümlələrlə nə isə deməyə çalışdı... Çoban onun dediklərindən yalnız bircə sozü başa düşürdü:"Nənəm..."

...Sabahı gün bütün qəzetlərin manşetini bir xəbər bəzəyirdi:"İnanılmaz qəhrəmanlıq. Tuvada yaşayan Saqlana Salçaq adlı dörd yaşlı qız xəstə nənəsinə kömək çağırmaq üçün qarlı-şaxtalı Tayqa ilə -34 dərəcə temperaturda səkkiz kilometr yol qət edib..."

 

Sevinc Nuruqızı

 

Ədəbiyyat qəzeti.- 2017.- 14 oktyabr.- S.26.