Bircə mən islanırdım
Hekayələr
Dolu yağırdı.
Bir it dörd
yolda, piyada zolağından axsaya-axsaya
keçirdi.
Amma küçələr,
divarlar, dilənçilər,
hətta o axsayan it belə islanmırdı.
"Yağış altında
bircə mən islanırdım... Bircə mən!"
- bu sözləri
o deyirdi!
Darıxmaq dağ başında
duran əsgərin telefon arzusuydu, darıxmaq həmin "niyə yoxsan" sözüydü!
Sıra
bizə çatanda çətirlər açılmadı!
Sıra
bizə çatanda
"Sevgi" teatrında
biletlər qurtardı!
Biz divarın bu tərəfindəydik... Yağışlı
tərəfində!
Bu şəhərdə işsizliyimiz
belə vecimizə deyildi, əllərimizi ciblərimizdə boğurduq!
Xoşbəxtlik "Gənclik" küçəsində
bağlı bir mağazaydı, qapısı
qıfıllı.
Müştərisizlikdən pəncərələrini toz
basmışdı.
Mən isə qaranlıq evdə oturub işıq pulunu ödəməkdən yorulmuşdum,
Sən demə, gecələr ulduzlar da bizim
evdən elektrik alıb yanırmış...
- Bu sözləri o deyirdi!
Həyatımız acı bağırsaq
kimi, acı... həm də uzun!
Günahımız isə bizdən neçə yaş böyüküydü. Keçilməz olmuşdu.
Lap duz-çörəyi ayaqlamış
kimi, lap ananı ağlatmış kimi, ya da atanın
üzünə ağ olmuş kimi!
Biz hələ də divarın bu tərəfindəydik... Yağışlı
tərəfində! - Başı
çiynimdə, bu sözləri o deyirdi.
Biz yox ikən, ölüm payızda gəlmişdi. Ölümün
ayaq izlərini görmüşəm deyib, and içirdi o.
Dünya bir palıd ağacıydı, baltalandı. Bu şəhərdə qapımız
tapılmadı, biz kimsəsizlikdən
öncə küçəsizlikdən
yorulmuşduq.
Mənim
əllərim, qollarım
paltar sərmək üçün zivə ola bilərdi.
Qollarım qoyun sürmək üçün
bir dəyənək,
ya da bir
qocanın qoltuğunda
çəlik ola bilərdi. Mənim qollarım təkcə qol ola bilməzdi
ki, kimsəni qucaqlaya bilsin!
Nə yazıq
ki, özümüzü
itirməyə davam edirdik. Hər gün bir parçamızı, hər
gün bir tikəmizi salıb itirirdik və sonralar öz itirdiyimiz tikələrimizi
küçələrdə yeridikcə görürdük.
Gündən-günə dilənçilərin
ovucları qədər
yaşlanırdıq!
Bilirsənmi? Biz od tutmayaq deyə, su içirik!
- Bu sözləri o deyirdi.
Avtobusda yanımda oturan qızı deyirəm!
Biz divarın bu tərəfindəydik... Yağışlı
tərəfində!
Yağış durmadan yağırdı, amma nə avtobus,
nə oturacaqları, nə küçələr,
hətta dörd yoldan axsayaraq keçən it belə islanmırdı. Yalnız o qız islanırdı, bir də mən!
Nəhayət, avtobusun son duracağında
hamı iyirmi qəpiyini ödəyib düşürdü.
Amma yalnız o qız enmədi, bir də mən!
Bütün bu sözləri deyən qız, qollarımda dünyasını
dəyişdi.
O qızın axirət evi qollarım oldu. O qız qollarımla birgə öldü!
"Görmək
alma ağacıdır"
Dedi:
- Evin hardadır? Haralısan?
- Evim göy üzünün
altında olar, - dedim!
Gülümsəyərək:
- Elə de ki, evim yoxdu da...
- Düz tapdın... Sən deyən evlərdən yoxdur məndə. İnsanların dörd divarlı, daşdan... kərpic-kərpic yalanlardan
üst-üstə düzdüyü
evlərdən... doğrudur
mənim heç
"kupça"da adım
getməz... Bizim evlərin taxçası yoxdur ki, güldan
qoyaq!
- Dediyin Göy üzünün yağışı
var, boranı var, şair... Çətirin varmı heç
olmasa?
- O başı asimana yüksələnləri görmüsənmi?
O ayaq üstə qalmaqdan bezməyənləri
deyirəm!
Fəsilləri yaradanları,
Ağacları deyirəm!
Gülümsəyərək:
- Görmüşəm, şair...
görmüşəm...
- Görməmisən, bilirəm!
Gözlərini süzdürərək "görmüşəm" - dedi.
- Bəs əlindəki baltanı niyə görmürsən?
Ağ əllərinə gözlərini
dikib "Əlimdəki
çantamdır, şair",
- dedi!
- Bu göy üzünün altında budaqlarımdır
daşıyırsan əllərində,
baxışınla yarpaqlarıma
payız gəlir. Şaxələrimdən quşlar
köçür...
- Sən yuxu görürsən,
şair, yuxu, - dedi.
- Doğrudur, görürəm!
Görmək hər dirinin peşəsi olmadı!
- Görmək nəyə deyirsən sən?
- Yağışdan sonra alma ağacını görmüsənmi? Yarpaqları
islaq... Əllərində
qırmızı alma...
- Yox, yağışdan sonra alma ağacına
fikir verməmişəm.
- "Görmək" həmin
o alma ağacıdır!
Ətrinə görə əllərinə
quşlar qonar.
- Bilmirəm, nə deyirsən, şair?..
- Şair yuxu görər həmişə!
Mən indi bir yağışdan sonra alma ağacı
ilə danışırdım!
- Mən yəni alma ağacıyam? - soruşdu.
- Çox çalışdım
görəsən, amma
görmədin! - dedim...
Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2017.- 14
oktyabr.- S.27.