Portret

 

Hekayə

 

– Rəsmlər? – cənab Biqqer dedi – demək rəsmlərə baxmaq istəyirsiniz. İndi muzeyimizdə müasir fransız və ingilis rəssamlarının əsərlərindən ibarət maraqlı, rəngarəng sərgi var.

Müştəri başını tərpədərək – Yox, müasir rəsmlər istəmirəm, – yumşaq şimali İngiltərə ləhcəsiylə dedi. – Mənə Rembrandtın, Reynoldsun əsərləri kimi qədim və əsl rəsmlər lazımdır.

– Olsun. Bizdə qədim əsərlər də var.

– Məsələ bundadı ki, bu yaxınlarda malikanə almışam.

   Cənab Biqqer gülümsədi. Saf görünüşlü bu adamda insana təsir edən səmimiyyət var idi. Qəfildən ağlının ucundan onun necə bir var-dövlətə sahib olduğunu keçirdi. “Malikanə”. İlk görüşdən bunu deməsi çox yaxşıydı. Qarşısındakı adam cəmiyyətin alt təbəqəsindən malikanə sahibliyinə, piramidanın alt qatından zirvəsinə qədər qalxmışdı. Onun həyat hekayəsi, sosial siniflərin tarixi xüsusi vurğu ilə dediyi “malikanə” sözündə gizlənmişdi.

   Müştərinin səsi cənab Biqqeri düşüncələrindən ayırdı.

– Belə bir evə sahib olduğum üçün gərək bir neçə tablom da olsun. Qədim rəssamların əsərləri həm də.

– Şübhəsiz. Köhnə rəsmlər sosial üstünlüyün göstəricisidi.

– Doğrudu. Ürəyimdən xəbər verdiniz.

   Cənab Biqqer gülümsədi. Kinayəli sözləri ciddiyə alan bir adamla qarşı-qarşıya dayanmışdı.

– O cür rəsmləri qonaq otağının divarlarından asmaq lazımdı. Yataq otağı münasib deyil, – müştəri dedi.

– Düz deyirsiniz.

– Mənim qızım da arada çəkir və rəsmləri çox gözəldi. Bəzi rəsmlərini yataq otağından asmaq üçün çərçivəyə saldırıram. Ailədə rəssam olması çox yaxşıdı, tablolara pul xərcləməkdən xilas olursan. Ancaq bu o demək deyil ki, qonaq otağının divarlarında qədim rəsmlər olmamalıdı.

– Düşünürəm ki, istədiyiniz rəsm əsəri bizdə var, – cənab Biqqer dedi. Ayağa qalxaraq zəngi basdı. Müştərinin “qızım da arada çəkir” dediyini xatırladı və gözünün önündə tombul, sarışın, bar piştaxtasının arxasında içki servis edən, otuz bir yaşlı evdə qalmış qız canlandı. Cənab Biqqerin köməkçisi qapıda göründü.

– Xanım Pratt, zəhmət olmasa arxa otaqdakı Venesiya portretini gətirərdiniz.

   Müştəri – Qalereyanız gözəldi, – dedi, – yəqin yaxşı qazanırsınız.

   Cənab Biqqer içini çəkdi. – Bir az durğunluq var və bu da bizim kimi sənətlə maraqlanan adamlara təsir edir. – dedi.

– Düzdü. Mən həmişə böhranı əvvəlcədən hiss etmişəm. Adamlar elə bilir ki, gözəl günlər həmişə davam edəcək. Axmaqlar! Mən o zaman məzənnə yüksək olanda hər şeyimi satdım və ona görə də indi tablo almağa pulum var.

   Cənab Biqqer gülürdü. Bütün qalereyaçıların arzu etdiyi müştəri idi bu adam. – Kaş ki mən də o vaxt nəsə sata biləydim, – dedi.

   Malikanə sahibi gözləri yaşaranacan güldü. Xanım Pratt içəri girəndə o hələ də gülürdü. Xanım Pratt əlindəki tablonu qalxan kimi tutmuşdu.

– Xanım Pratt, onu molbertə qoyun, – dedi cənab Biqqer. Sonra da malikanə sahibinə tərəf döndü:

– Tablo haqqında nə düşünürsünüz?

   Tabloda tombul üzlü, bənizli, mavi geyimi böyük döşlərini qarmalamış, on səkkizinci əsrin italyan xanımı təsvir edilmişdi. Dodaqlarında özündən razı təbəssüm vardı. Əlində maskaradlarda taxılan qara maska tutmuşdu.

– Çox gözəldi, – malikanə sahibi dedi. – Deyəsən Rembrandta bənzəmir, – şübhəylə əlavə elədi. – Açıq rəngli və parlaqdı. Amma köhnə rəssamlar bu cür çəkmirdilər, onların əsərləri qaranlıq və dumanlıdı.

– Haqlısınız. Lakin klassik rəssamların hamısı Rembrandt kimi deyil.

– Hər halda elədi.

– Bu rəsm on səkkizinci əsr italyan rəsm məktəbinə aiddir. O dövrün rəsmləri isə işıqlıdı. Rəsmin müəllifi gənc yaşda vəfat edən Qianqolinidi. Çəkdiyi tablolardan altısı çox məşhurdu və bu onlardan biridi.

   Müştəri təsdiq məqsədilə başını salladı. Bununla nadir sənət əsərlərindən başı çıxdığını göstərməyə çalışırdı.

– Lonqinin üslubu açıq-aşkar hiss edilir, xanımın üz ifadəsində isə Rosalbanın üslubu var, – cənab Biqqer özündənrazı halda dedi.

   Malikanə sahibi cənab Biqqerə və tabloya baxa-baxa qalmışdı. Sizdən daha məlumatlı birinin nəsə haqqında sizlə danışmasından rahatsız edici heç nə ola bilməz. Cənab Biqqer rəsm sahəsindəki üstünlüyünü davam etdirirdi:

– Tabloda Tiepolonun üslubunun olmaması maraqlıdı. Sizcə də elə deyilmi?

   Malikanə sahibi bu dəfə də təsdiq məqsədilə başını tərpətdi. Üzünə qaranlıq çökmüşdü, elə bil ağlayacaqdı.

– Rəsm sənətindən başı çıxan biriylə söhbət etmək əla hissdi, çünki çox az adam bu haqda bilir, – cənab Biqqer dilləndi.

   Malikanə sahibi təvazökarlıqla:

– Əslində bu məsələdə o qədər də məlumatlı deyiləm. Mən ancaq bəyəndiyim şeylərdən danışa bilərəm.

   Üzü yenidən aydınlanmağa başlamışdı.

– Təbii instinkdi. Bunu hələ siz qalereyaya girəndə başa düşmüşdüm, – cənab Biqqer dedi.

   Müştəri sevincək: – Həqiqətən də elədi, – dedi. Özünü daha yaxşı və vacib biri kimi hiss edirdi. Tənqid edəcəkmiş kimi başını yana əyərək dedi: – Gözəl tablodu.  Lakin mən tarixi əsər nəzərdə tutmuşam. Başa sala bilirəmmi? Mənə tarixi şəxsiyyətlərlə bağlı tablo lazımdı. Məsələn, Anna Boleyn, Nell Qvin və ya Vellinqton Dükü kimi tarixdə özünə yer etmiş birinin portreti olsun.

– Sizə göstərdiyim bu tablonun da maraqlı hekayəsi var.

– Doğrudan?

   Cənab Biqqer kresloya yayxanaraq sözə başladı:

– Bu rəsmdə gördüyünüz qadın Hertmoranın dördüncü qrafının xanımı olub. Bu gün o ailədən sağ qalan yoxdur. Doqquzuncu qraf keçən il vəfat etdi. Mən bu tablonu onun evi satışa çıxarılanda almışam. Bir ailənin ocağının söndüyünü görmək adamı kədərləndirir.

   Cənab Biqqer içini çəkdi. Malikanə sahibi sanki kilsədəymiş kimi ciddi dayanmışdı. Cənab Biqqer davam edirdi:

– İndiyə qədər gördüyüm bütün portetlərində qraf Dördüncü Hertmora uzun sifəti və ölü baxışlarıyla mənə qaragüruh adam təsiri bağışlayıb. Onu yaddaşınızda heç vaxt gənc təsəvvür edə bilməzsiniz. Sanki həmişə əlli yaşında olub. Musiqi dinləmək və qədim Romadan qalma antik əşyalar toplamaq onun hobbisi idi. Hobbilərinə görə ömrünün ən azı yarısı İtaliyanı gəzməkdə keçmişdi. Əlli beş yaşında evlənməyə qərar vermişdi. Seçdiyi xanım isə budu. Pulu və cəmiyyətdəki mövqeyi qocalığını ört-basdır edirdi. Xarici görünüşünə görə heç kim deyə bilməzdi ki, o, antik əşyalar kolleksiyaçısıdı. Geyimlər, elitar yığıncaqlar və qumar onun sevdiyi şeylər idi. Qısası, vaxtını əyləncəli keçirməyi xoşlayırdı. Yeni evlənmiş bu cütlüyün bir-birlərini yaxşı başa düşdüyünü heç kim deyə bilməzdi. Amma yola getmədiklərini də büruzə vermirdilər. Nikahdan bir il sonra qraf yenə İtaliyaya səhayət etməyə qərar verdi. Payızın əvvəlində Venesiyaya gəldilər. Venesiyanın qraf üçün xüsusi yeri var idi. O, burda Qaluppinin musiqilərini dinləyir, kilsələrdə verilən konsertlərə gedirdi. Venesiya səfərində qraf xanımının portretini çəkdirmək qərarına gəldi. Bu işdə ona gənc rəssam Qianqolini məsləhət gördülər. Rəssam gənc və yaraşıqlı idi. Rəssamlıqda olduğu qədər xanımlara özünü sevdirməkdə də mahir idi. Onun cazibəsinə qapılmamaq qrafın xanımının əlində deyildi. Necə olsa, o da insandı.

– Biz də o gənc rəssam kimiyik, elə deyil? – malikanə sahibi barmağıyla cənab Biqqeri dürtərək gülə-gülə dedi.

    Cənab Biqqer nəzakət xətrinə müştərinin gülüşünə qoşuldu. Sonra sözünə davam etdi:

– Axırda qrafın xanımıyla rəssam qaçmaq qərarına gəldilər. Sərhədi keçib Vyanaya gedəcək və Hertmora ailəsinin qızıllarıyla yaşayacaqdılar. Qrafinyanın xüsusilə seçib çamadanına qoyduğu zinət əşyalarının dəyəri iyirmi mindən artıq idi. Bu qədər pulla Mariya Terezanın şəhərində bolluq içində yaşamaq olardı.

   Hər şey asanlıqla yoluna düşdü. Qianqolinin dostu onlar üçün zəruri şeyləri hazırlamışdı. Saxta adla sənəd düzəltmiş, onları aparacaq araba üçün atları kirayələmiş, hətta öz arabasını da hazırlamışdı. Qaçış üçün rəsmin bitəcəyi günü seçdilər. Həmin gün qraf xanımını at arabasıyla rəssamın emalatxanasına gətirdi. Onu poza verdiyi, hündür arxalıqlı, kresloya bənzər oturacaqda otuzdurub Qaluppinin konsertinə yola düşdü. Karnaval idi. Günün günorta çağı belə adamlar üzlərində maskayla gəzirdilər. Qrafinyanın da qara ipəkdən maskası vardı – tabloda gördüyünüz həmin bu maska. Qrafın karnavallardan xoşu gəlməsə də, hər kəs kimi geyinir, onlar kimi hərəkət edirdi. Əgər etməsəydi, başqalarından seçilərdi, bu da ən qorxduğu şey idi.

   Karnaval günlərində bütün Venesiyalı kişilər uzun qara arxalıq və üçkünc qara şapka geyinir, kartondan hazırlanan uzunburun maska taxırdılar.  Qraf da başqalarından seçilməmək üçün bu qiyafəyə bürünürdü.

   Qraf kirayələdiyi faytonla xanımını emalatxanaya aparırdı. Qrafinya geniş ətəkli donunun qırçınları arasındakı sandıqda Hertmora ailəsinin qızıllarını gizlətmişdi. Dar və qaranlıq faytonla hündür evlərin, sarayların önündən keçirdilər. Kilsənin önündən keçərkən qrafın səsi eşidildi:

– Hörmətli Martini ata sabah axşam yeməyinə bizə gələcək. Musiqi tarixini ondan yaxşı bilən adam tapılmaz. Onu hörmət və nəzakətlə qarşılamaq üçün əlinizdən gələni etməyi sizdən xahiş edirəm.

   Qrafinya içində baş qaldıran gülüşü boğaraq dedi:

– Əlimdən gələni edəcəyimə arxayın ola bilərsiz.

   Qrafinya ürəyində başqa şey düşünürdü. Sabah gecə sevgilisiylə birlikdə Vyanaya yola düşəcəkdi. Ərini tərk edəcəyi üçün qətiyyən vicdan əzabı çəkmirdi. Musiqi və qırıq mərmər parçaları onu təsəlli edərdi.

   Qrafinya ətəyində gizlətdiyi qutunu əliylə yoxlayıb bərk-bərk sıxdı. Gizlətdiyi sirrin başgicəlləndirici ləzzətini hiss edirdi.

 Cənab Biqqer əllərini sinəsində çarpazladı. Gördüyü işdən ləzzət alırdı. Malikanə sahibi diqqətlə cənab Biqqerə baxırdı. O, əllərini dizlərinə qoyub əhvalata davam etdi:

– Fayton rəssamın emalatxanasının önündə dayandı. Qraf xanımın faytondan düşməsinə kömək edərək onu rəssamın ikinci mərtəbədəki otağına qədər ötürdü. Həmişəki nəzakətlə xanımını rəssama əmanət edib geri qayıtdı. Konsertə gedirdi. Gizli sevgililərin qaçmaq üçün son hazırlıqları görməsinə ən azı iki saat vardı.

Qraf gedən kimi rəssamın xeyirxah dostu gəlib çıxdı. O da karnavala qatılan digər venesiyalılar kimi maska və arxalıq geyinmişdi. Seniclə qucaqlaşıb görüşdülər. Hər şey planlaşdırıldığı kimi gedirdi, şübhə doğuracaq heç nə yox idi. Qrafinya gizlətdiyi qızılla dolu qutunu çıxarıb açanda ətrafı italyanlara məxsus sevinc qışqırıqları bürüdü. Brilyantlar, mirvarilər, qızıl boyunbağılar, bilərziklər, sırğalar maraqla qarışdırılır və qiymətləri hesablanırdı. Xeyirxah dostun təxmininə görə bunların dəyəri əlli min Venesiya qızılı olardı. Sevgililər xoşbəxtcəsinə bir-birlərini qucaqladılar.

Xeyirxah dost sevinmək üçün hələ tez olduğunu dedi. Polisə gedib bir neçə kağız imzalamalı və sənədlərini götürməliydilər, görüləcək iş çox idi. Asan iş olsa da, uzaqlara getmək üçün vacib idi. Xeyirxah dost isə qrafın qızıllarından birini satacaqdı, pul səfərə xərclənəcəkdi.

Cənab Biqqer siqaret yandırmaq üçün fasilə verdi. Dərin bir qullab alıb davam etdi:

  Karnaval geyimində evdən çıxdılar. Sevgililər başqa, xeyirxah dost başqa tərəfə getdi. Ah, Venesiyada sevgi necə də gözəldi. Siz heç Venesiyada aşiq olmusunuz?deyərək cənab Biqqer içini çəkdi.

– Depdən başqa heç yerə getməmişəm bu günə qədər, – malikanə sahibi cavab verdi.

– Deməli həyatın ən vacib təcrübəsini hələ yaşamamısınız. Siz qrafinyayla rəssamın maska altından baxışa-baxışa kanal kənarıyla gedərkən nələr hiss etdiklərini anlaya bilməzsiniz. Bəlkə arada ayaq saxlayıb öpüşüblər də. Hər halda maskanı çıxarmadan mümkün deyildi, həm də kimsə onları tanıya bilərdi. Mənim fikrimcə isə, baxışmaq onlara kifayət edirdi. Onsuz da Venesiyada kanalların kənarı ilə gəzən insan təkcə bununla da xoşbəxt ola bilərdi.

   Cənab Biqqer əlini yelləyib susdu. Siqaretindən bir-iki qullab alıb əhvalatı davam etdirdi:

– Onlar gedəndən yarım saat sonra rəssamın evinə bir fayton yaxınlaşdı. Faytonun maskalı müştərisi rəssamın otağına qalxdı. Otaqda heç kim yox idi. Molbertdəki portret şirin-şirin gülümsəyirdi. Lakin otaqda nə rəssam var idi, nə də model. Uzunburun maska key-key ətrafına baxırdı. Baxışları masada ilişib qaldı. Sevgililərin içini boşaldıb bir kənara atdığı qutu masanın üstündəydi. Təlxək maskasının  arxasındakı adam qutuya baxa-baxa qalmışdı. Nəsə fikirləşirdi.

   Bir neçə dəqiqə sonra pilləkənlərdə ayaq səsləri və iki nəfərin qəhqəhəsi eşidildi. Qraf arxası qapıya dayanıb pəncərədən baxmağa başladı. Qapı açıldı və sevgidən sərxoş olan sevgililər gülə-gülə otağa girdilər.

– Sən burdaydın, sevgili dostum? –gənc rəssam dedi. – Qızıllara nə qədər pul verdilər?

   Pəncərədən çölə baxan maskalı adam yerindən tərpənmədi. Sevgililərin işi yaxşı getmişdi. Polis idarəsində onlardan heç nə soruşmamışdılar, imzalarını çəkib sənədlərini almışdılar. Qrafinya özünü çox saxlaya bilməyib gülməyə başladı.

– Nə oldu? – rəssam soruşdu, o da gülməyə başladı.

– Onu xatırladım, – qrafinya gülməkdən nəfəsi kəsilə-kəsilə dedi. İndi konsertdə oturub sadəlövhcəsinə musiqi dinləyir.

   Qrafinya güldükcə gözləri yaşarırdı. Pəncərədən çölə baxan maskalı adam onlara tərəf çevrildi:

– Xanım, təəssüflər olsun ki, müğənni səhhətinə görə konsertə gələ bilməmişdi. – Qraf maskasını çıxardı. – Ona görə mən də tez qayıtdım.

   Qraf solğun və əsəbi sifətlə onlara baxırdı.

   Sevgililər də səssizcə ona baxırdılar. Qrafinya əlini sinəsinə qoydu. Ürəyindən və mədəsindən sanki daş sallanırdı. Yazıq rəssamın üzü maskası kimi ağappaq olmuşdu. Əsilzadə xanımların yanında ərlərinin icazəsiylə gənc oğlanların mühafizəçi kimi gəzməsinə baxmayaraq qısqanclığa qapılıb xanımını öldürən kişilər çox idi o dövrlərdə. Qraf silahsız idi. Amma geniş arxalığının altında hansı silahı gizlətdiyini yalnız Tanrı bilirdi. Lakin qraf kobudluq etmədi. Hər zamankı ciddi tərziylə masaya yaxınlaşıb qutunu götürdü. Qapağını bağlayıb cibinə qoydu.

– Səhv etmirəmsə, bu qutu mənimdi, – deyib otaqdan çıxdı. Sevgililər çaşqınlıq içində bir-birlərinə baxırdılar.

   Hər tərəf sükuta qərd oldu.

– Bəs sonra? – malikanə sahibi heyrətlə soruşdu.

– Əsl faciə elə sonra başlayır, – cənab Biqqer kədər içində başını yellədi. Qianqolini mütləq qaçmalı olduqlarını dedi. Amma qrafinya bir az düşündükdən sonra bu hərəkətin, ümumiyyətlə, onların sevgili olmalarının düzgün olmadığına qərar verdi. Bir xanımın yeri onun evidi – ailəsinə aid cəvahiratla birlikdə. Lakin qraf onu geri qəbul edəcəkdimi? Əsas məsələ bu idi; onu qorxudan, içni yeyən məsələ. Qrafinya geri qayıdaraq hər şeyi öz gözləri ilə görmək istədi.

   Düz yemək vaxtı qayıtdı evə. Qulluqçu onu “Zati-aliləri yemək otağında sizi gözləyir” deyərək qarşıladı. Qarşısında açılan əzəmətli qapılardan keçərkən başını dik tutsa da, ürəyi qorxudan çırpınırdı. Qraf buxarının yanında dayanmışdı. Xanımını qarşılamaq üçün ona tərəf addımladı.

– Sizi gözləyirdim, – dedi və onu masadakı yerinə qədər ötürdü.

   O hadisə ilə bağlı dediyi tək kinayəli cümlə bu oldu. Günortadan sonra portreti gətirməsi üçün xidmətçilərdən birini rəssamın yanına göndərdi. Bir ay sonra İngiltərəyə qayıdanda portreti də özləriylə apardılar. Beləliklə, portretlə bərabər onun hekayəsi də nəsildən-nəslə dolaşdı. Mən də keçən il o ailənin yaxın bir dostundan aldım portreti.

 Cənab Biqqer siqareti külqabıya basıb söndürdü. Bu qədər gözəl hekayə anlatdığı üçün ürəyində özünə təriflər yağdırırdı.

– Çox maraqlıdı, – malikanə sahibi dedi. – Həqiqətən, çox maraqlıdı. Tarixdən bir parça, elə deyilmi? Hadisənin qəhrəmanları Nell Qvin və Anna Boleyn olsaydı belə bu qədər maraqlı olmazdı. Sizcə də elə deyilmi?

   Cənab Biqqer gülümsədi. Venesiyanı düşünürdü. Eyni pansionatda qaldığı rus qrafinyanı, yataq otağıyla üzbəüz qotazlı ağacı, qrafinyanın ağır qoxulu ətrini, Lindodakı dənizi və faytonları düşünürdü. Qaranlıq göyüzünə uzanan kilsə qübbələri eynən Qvardinin rəsmlərində olduğu kimiydi. İndi bütün bunlar o qədər uzaq idi ki… O vaxtlar dəliqanlı bir yeniyetməydi və ilk uzunmüddətli səyahətinə çıxmışdı. Anidən xəyallarından ayrıldı.

   Malikanə sahibi nəsə soruşurdu:

– Bu tabloya görə nə qədər pul istəyirsiniz? – Sanki tablonun hekayəsini unutmuşdu.

   Cənab Biqqer rus qrafinyanın və iyirmi beş illik cənnət Venesiyanın xatirələrindən könülsüz ayrılaraq:

– Sizin üçün yeddi yüz əlli.

   Malikanə sahibi fit çaldı:

– Yeddi yüz əlli? Çox bahadı.

– Cənab, Rembrandtın əsəri üçün nə qədər xərcləmiş olacağınızı təsəvvür edin. Ən azı iyirmi min. Bu tablo üçünsə yeddi yüz əlli çox deyil, əksinə onun hekayəsi qarşısında olduqca azdı. Bilirəm ki, yaxşıyla pisi seçəcək qədər dünyagörüşünüz var.

– Orası elədi, – malikanə sahibi dedi. Dediklərinizlə razıyam. Amma yeddi yüz əlli çoxdu. Yaxşı ki, qızım rəsmlə maraqlanır, yoxsa təsəvvür edirsiniz, mən yataq otaqlarını tablolarla doldurmaq üçün nə qədər pul xərcləməli olardım? 

   Güldü.

   Cənab Biqqer də gülümsədi:

– Amma unutmayın ki, çox yaxşı investisiya yatırmış olacaqsınız. Venesiyalı rəssamların əsərləri getdikcə bahalaşır. Əgər özümdə pulu olsaydı… – Qapı açıldı və xanım Prattın sarı qıvrım saçları göründü:

– Cənab Biqqer, cənab Krouli sizinlə görüşmək istəyir.

   Cənab Biqqerin üz ifadəsi dəyişdi: – Deyin gözləsin.

   Sonra öskürdü və malikanə sahibinə tərəf döndü: – Bəli, əgər pulum olsaydı, bütün Venesiyalı rəssamların əsərlərini alardım.

   Axırda malikanə sahibi altı yüz səksənlik bir çek yazdı. Papağını taxa-taxa:

– Xahiş etsəm, tablonun hekayəsinin çap maşınında yazılmış formasını da verə bilərsinizmi? Yeməyə dəvət etdiyim qonaqlara maraqlı bir hekayə danışmaq yaxşı olardı.

– Əlbəttə olar, – cənab Biqqer dedi.

   Sonra da bu kök adamı qapıya qədər ötürdü.

    Qapının ağzında uzun boylu, qalın bakenbardlı bir gənc dayanmışdı. Gözlərindən kədər yağırdı. Adamın yazığı gəlirdi. Gənc rəssam Krouliydi.

– Üzrlü say, gözlətdim səni, – cənab Biqqer dedi. Məni nə üçün görmək istəyirdin?

   Cənab Krouli narahat görünürdü. Etməyə  məcbur olduğu bu işdən necədə zəhləsi gedirdi. Nəhayət, dilləndi:

– Bir az pul sıxıntım var. Keçən həftə sizin üçün çəkdiyim rəsmə görə mənə pul verə bilərsinizmi? Buna görə narahat etdiyimə görə üzrlü sayın.

– Yox, heç bir narahatlıq yoxdu. Neçəyə almışdıq rəsmi?

– Deyəsən, iyirmi sterlinq.

   Cənab Biqqer pulqabını çıxardıb, – İyirmi beş edək bunu, – dedi.

– Yox, bu qədər götürə bilmərəm. – Cənab Krouli utandığından qız uşağı kimi qızarmışdı. Cənab Biqqerin səmimiyyətindən cəsarətlənərək, – Çəkdiyim mənzərə rəsmlərindən bəzilərini görmək istərdinizmi?deyə soruşdu.

– Yox, yox. Sənin rəsmlərinə yox, çünki modern əsərlərdə pul yoxdu. Lakin sənin köhnə rəssamları təqlid edərək çəkdiyin rəsmlərin hamısını ala bilərəm.

   Barmaqlarını tablo üzərində, qrafinyanın çiyinlərində gəzdirdi.

  Venesiya üslubunda çəkməyə davam elə. Bu tablo çox uğurlu oldu.

 

Oldos Haksli

 

Türkiyə türkcəsindən uyğunlaşdıran:

Taleh Eminoğlu

 

Ədəbiyyat qəzeti.- 2017.- 14 oktyabr.- S.30-31.