İstehsalat romanı lazımdırmı?

 

Sovet dövründə "istehsalat romanı" deyilən bir ədəbi fenomen vardı. Adından da göründüyü kimi, bu mövzu yalnız roman janrında gerçəkləşirdi. Yüksək səviyyələrdə təriflənsə, dəstək verilsə də, bir çox hallarda tənqidin biganəliyi ilə də üzləşirdi, yəni fəhlə sinfindən, istehsalat prosesindən nə yazmaq olar ki?

Mehdi Hüseynin vaxtilə dünyanın otuza yaxın dilinə tərcümə olunmuş istehsalat romanlarını ("Abşeron" və "Qara daşlar") yenidən oxudum. Desəm ki, o günlərin nostaljisini yaşadım, səmimiyyətimə inanın.

Tahirin kənddən Bakıya gəlməsi, neft mədənlərində işə düzəlməsi, qocaman neftçi usta Ramazanın atalıq qayğısı Lətifəyə sevgisi, onda məndə romantik duyğular oyatmışdı. Hələ romanda istehsalat - ailə intriqasını "qızışdıranların" (Mollayev, Dilman, Xəlilov) obrazlarını demirəm. Mehdi Hüseynin ustalığı göz qabağındadır.

İnsafən, neftçi obrazları bizdə yaxşı alınır. S.Vəliyevin "Düyünlər" romanı da bu qəbildəndir. Qəhrəmanın (geoloq Vasif Həsənzadə) mənəvi təkamülü inandırıcı, realist boyalarla təsvir edilir.

Nümunələrin sayını artırmaq da olar.

Fikrimcə, bu mövzuya dəfələrlə müraciət etmiş SSRİ xalq rəssamı Tahir Salahov bunun səbəbini daha dürüst əsaslandırır. "Bakı neftçi əməyinin romantikasıdır… Bakı zəhmətkeş şəhərdir, əmək onun canına hopub. Onu başqa cür təsvir etmək də olmaz, məsələn, "Abşeron qadınları" əsəri ana və bacıların öz fəhlə oğullarına görə keçirdiyi həyəcanı ifadə edir. Neftçi ailəsi daim gözləyir, daim narahatdır, axı onların əməyi əsl qəhrəmanlıqdır…"

Əlbəttə, deyəcəklər ki, indi bu romanların vaxtı keçibdir.

Bəlkə zaman başqa idi, bəlkə sosrealizmin ilğımına aldanmışıq?

İstehsalat romanında personajın yox, məhz qəhrəmanın mənəvi təkamülünü görmək mümkündür. Təəssüf ki, hələlik yeni Azərbaycan nəsrin personaj yaratmağa meyl edir.

Bəli, bu tipli romanlarda sosrealizmin müəyyən ədəbi klişelərindən, ideoloji trafaretlərdən istifadə olunurdu. Olsun. Amma bu romanlar oxunurdu.  İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" da istehsalat romanıdır - "nağılı"dır. Tikintiyə material daşıyan sürücü Valehlə krançı qız Sarıköynəyin münasibətləri ilə elə gənclik ehtirası təsvir olunur ki, Allahın tikinti meydançası bir romantik məkan kimi sevilmişdi.

H.Seyidbəylinin "Tərsanə" romanını bu günoxumaq mümkündür, ona film də çəkmək olar.

Bu gün zavod sexlərinin səs-küyü, kimya laboratoriyalarının mistik atmosferi nəsrimizin diqqətini çəkmir. Müasir nəsr sahibkarların, adamlarının, ofis əməkdaşlarının gündəlik qayğılarını qələmə almağa daha çox həvəs göstərir. Burda qeyri-adi heçyoxdur. Ofislər də bir məkanıdır, orda da istehsalata bənzər nəsə baş verir; gözəl qızlar gözlərini kompyüterlərdə həm rəsmi sənədlər yazırlar, həm də sosial şəbəkəni izləməyə, "layklamağa", öz səhifəsində nəsə yazmağa,  musiqi dinləməyə, kofe içməyə də vaxt tapırlar. Lazer printerin səsi ofisə musiqi ahəngi gətirir. Ofis romantikası fonunda katibə qızla "xozeynin" sevgi oyunu süjetə mütləq əlavə edilir.

Bu gün dünyada "istehsalat" romanına bir qayıdış da hiss olunur. Təkcə bir nümunə gətirməklə kifayətlənirəm. Artur Xeylinin istehsalat romanı janrında yaratdığı betsellər ("Otel", "Aeroport", "Təkər" s.) ona dünya söhrəti qazandırdı. Səhv etmirəmsə, "Aeroport" romanı dilimizə tərcümə olundu. Onun hər bir romanında müxtəlif maliyyə əməliyyatlarının təfərrüatlarına istehsal proseslərinin, texniki detalların geniş təsvirinə rast gəlinir. Oxucu qəhrəmanların arasında dramatik, gərgin münasibətləri özləməklə yanaşı, həmin sahə ilə bağlı ətraflı bilgi əldə edir.   

Hardasa oxumuşam ki, Rusiyada B.Akunın, D.Bıkov kimi populyar yazıçılar da istehsalat romanı yazacaqlarını bəyan ediblər.

Maraqlıdır: kömür şaxtaları rus istehsalat romanlarının sevimli mövzusudur. Yeraltı dünyanın təsviri rus yazıçısını özünə həmişə çəkibdir. Bu əsərlərdə şaxta yalnız istehsalat sahəsi deyil, həm qara, infernal enerjinin yığıldığı mərkəzdir. Görünür, şaxta rusların "magik realizmi" üçün ən əlverişli məkandır.

Son illər "Drujba narodov" jurnalında çap olunmuş əsərlər arasında Daniil Orlovun "Şaxtaçı günü", Mixail Balbacanın "Saxta" povestlərini qeyd etmək istərdim. qəribədir ki, bu əsərlərdə bütün hadisələr sovet dövründə baş verir.

Povestlərin birində qəhrəman şaxtada həlak olmuş Şubinin kabusu ilə rastlaşır. Kabus onu bir şərtlə geriyə, yerin üstünə qaytarır ki, şaxtaçılar qəsəbəsində yaşayan bəzi xoşagəlməz adamlara "mənəvi dərs" vermək üçün onları şaxtaya atmalıdır.

Bu gün bizdə istehsalat  romanları, demək olar ki, yazılmır. Artıq "Şamaxı batan kimi batıbdır". Sovet nəsri, sosrealizmin mənasız mətnləri kimi tarixin arxivinə atmışıq. Amma istehsalat mövzusunun müasir Azərbaycan nəsrinin maraq zonasına qayıda biləcəyinə nədənsə ümidliyəm...

Bu əsərlər sayca az da ola bilər.

İndi romanlarda şahları ideallaşdırmaq zamanıdır. Hətta Ağa Məhəmməd şah Qacarı Azərbaycanın bütövlüyü uğrunda mücadilə aparan qəhrəman kimi təqdim etməkdən çəkinmirlər.

İndi Tahir kimi gənclər kənddən şəhərə işləməyə, paytaxtı "fəth etməyə" gəlmir. İndi onları tamam başqa qayğılar sosial  problemlər düşündürür.

Bu günün yazıçısı da gördüyümüz qədər istehsalat təcrübəsini, dəbdə olan terminlə desək, ekzistensial - bədii  təcrübəyə çevirmək arzusunda deyil. "Həyatı, istehsalatı  öyrənmək" yazıçı üçün mənasız, vaxt aparan bir işdir. İsmayıl Şıxlı "Dağlar səslənir" (Daşkəsən filiz yataqları haqqında) povestini yazarkən ilk "təcrübə müddətini" belə xatırlayırdı: "Qoşqar" çayının sağ sol sahilində kəşfiyyat işləri aparılırdı. Tez-tez partlayışlar edilir, dəmir yataqlarının üstü açılır, saflaşdırıcı fabrikin yeri hamarlanır, filizi daşımaq üçün hava yolları çəkilir, dərin dərələri birləşdirən, sıldırım qayalardan keçən yollar salınır, körpülər tikilirdi. Daşkəsənin sakinləri əsasən cavanlar idi. Əksəriyyəti 1927-ci ildə anadan olmuşdu. Buraya hərbi səfərbərlik qaydası ilə gəlmişdilər. Çox pak, hətta mən deyərdim ki, həddindən artıq sadəlövh gənclər idilər. Onların maraqlı həyatı vardı. İlk günlər heç öyrənə bilmirdim. Məni görən kimi rəsmiləşir, bütün sualları anket cavabları verirdilər. Sonra yeraltı lağımlara getmək üçün xüsusi paltar aldım, karbit fanarı götürdüm onlara qaynayıb qarışdım. Bir neçə gündən sonra mənim kim olduğumu unutdular..."

Mən kimisə qətiyyən istehsalat romanı yazmağa çağırmıram.

"Günəşli", "Çıraqlı" neft yataqlarında, holdinqlərdə, yeni iqtisadi zonalarda çalışan insanımızın obrazını yaratmaq doğrudan da aktuallığını itirib? Yeni istehsalat münasibətlərinin yeni personajlar yaratmaq resursları doğrudan tükənibdir?

Bəlkə sadəlövhcəsinə düşünürəm: bu tipli romanların psixoterapevtik funksiyasını (mahiyyətini) bərpa etməklə cəmiyyətin "aşağı" təbəqələrinə qarşı biganəlik, yadlaşma buzunu əritmiş olarıq...

Amma bilmək olar: bir gördün ki, bir cavan yazıçı yaradıcılıq ezamiyyəti götürüb metroda işə düzəldi Bakı metrosundan maraqlı roman yazdı

 

Rüstəm KAMAL

 

Ədəbiyyat qəzeti.- 2017.- 14 oktyabr.- S.29.