Adam Mitskeviç

onun azərbaycanlı dostu

Mirzə Cəfər Topçubaşov

 

Görkəmli polyak şairi, siyasi xadim, tərcüməçi və filosof Adam Mitskeviç dünya şöhrəti qazanmış bir sənətkardır. Onun adı dünyanın ən məşhur klassikləri ilə bir sırada durur. XIX əsrin əvvəllərində Rusiya imperiyasında meydana gələn mürəkkəb ictimai-siyasi şəraitdə Adam Mitskeviçin əsərlərində azadlıq, vətənpərvərlik, millilik, işğala qarşı mübarizə və eyni zamanda romantik poeziyanın parlaq nümunələri əks olunmuşdur. Adam Mitskeviçin həyatı, yaradıcılığı və fəaliyyəti monarxiyaya qarşı və polyakların azadlığı uğrunda mübarizə ilə sıx bağlı idi. Adam Mitskeviç Polşanın müstəqilliyi üçün bütün varlığı ilə çalışırdı. Bu məqsədlə o Vilnüs Universitetində təhsil aldığı zaman "filomatlar" və "filoretlər" polyak vətənpərvər gənclər dərnəklərinin yaradılmasında fəal iştirak edirdi.

1823-cü ilin oktyabr ayında "Filomatlar işi" ilə əlaqədar Mitskeviç Vilnüs şəhərində bir çox filomatlarla bir yerdə həbs edilir, az sonra isə Litvadan Sankt-Peterbuq şəhərinə sürgün edilir. O zaman isə Sankt-Peterburq şəhərində bir sıra görkəmli polyak alimi və yazarı yaşayıb-yaradırdı.

Bunların arasında xüsusən Aleksandr Xodzkonun adını çəkmək lazımdır. Aleksandr Xodzko ilk polyak şərqşünası idi ki, tədqiqatları, fəaliyyəti və yaradıcılığı sırf Azərbaycanla, Azərbaycanın mədəniyyəti və şifahi xalq yaradıcılığı ilə bağlı idi. Xodzko Qərb oxucusunu ilk dəfə Azərbaycan xalqının "Koroğlu" eposu və Azərbaycan əfsanələri və nağılları ilə tanış etmişdir.

Aleksandr Xodzkonun Azərbaycana və ümumiyyətlə, Şərqə xüsusi marağı Sankt-Peterburq Universitetinin şərqşünaslıq fakültəsində oxuması və görkəmli Azərbaycan şərqşünas-alimi, Sankt-Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşovun tələbəsi və yaxın dostu olması ilə bağlıdır. Mirzə Cəfər Topçubaşov nəinki Aleksandr Xodzkoda, hətta bir sıra digər polyakrus alimləri və yazarlarında (məsələn Qriboyedovda, Senkovskidə və b.) həm Azərbaycana, həm də Şərqə maraq oyatmışdır.

Adam Mitskeviçin Mirzə Cəfər Topçubaşov ilə tanışlığında da Aleksandr Xodzkonun müəyyən rolu olmuşdur. Həm Mitskeviçi, həm də Mirzə Cəfər Topçubaşovu yaxından tanıyan Xodzko bu iki mütərəqqi ideyalı şəxsi bir-biri ilə tanış edir. Mirzə Cəfər Topcubaşov isə öz növbəsində Adam Mitskeviçin simasında "ləyaqətli və müdrik bir gənc görüb onu zəmanəsinin böyük ustadı və polyak xalqının seçilmiş sənətkarı hesab edirdi".

Qeyd etmək lazımdır ki, məhz Mirzə Cəfər Topçubaşovun Mitskeviçlə dostluğu, ünsiyyəti və yaxın münasibətləri polyak şairində Şərqə və Şərq mövzusuna maraq oyatdı.

Mitskeviçin Mirzə Cəfər Topçubaşovla əlaqələri nəticəsində polyak şairi Şərq haqqında zəngin məlumat əldə etmişdir, sonralar isə Krıma səyahət edib orada məşhur əsəri olan "Krım sonetləri"ni yazmışdır.

Maraqlıdır ki, sonetlərin birində lirik qəhrəman - "Zəvvar" Mirzə ilə söhbət edir və Şərq haqqında müxtəlif suallar verir. Bəllidir ki, Mitskeviç hələ Sankt-Peterburq şəhərində yaşadığı zaman Polşadakı dostlarına ünvanladığı məktublarda Topçubaşov haqqında, onunla söhbətləri və əlaqələri barədə tez-tez yazırdı və bu məktublarda Topçubaşovu "Mirzə" adlandırırdı. "Krım sonetləri"ndə lirik qəhrəmanın (Zəvvarın) məhz Mirzə ilə söhbəti, ona Şərq haqqında müxtəlif suallar verməsi və Mirzənin bu suallara cavabları bir daha Mitskeviçin Şərq haqqında müxtəlif məlumatlar əldə etməsində Mirzə Cəfər Topçubaşovun rolu haqqında bir sübutdur.

Qeyd edək ki, Mitskeviçin "Krım sonetləri" Şərq motivləri ilə olduqca zəngindir. Şeirlərdə - Allah, div, karvan, çalma, tut, Çatırdağ və s. sözlərə tez-tez rast gəlinir.

"Krım sonetləri"ndə qəribçilik və vətən üçün darıxma hisslərinə də rast gəlmək olar. Şeirlərində Polşa, Litva, Vətən və s. kimi ifadələr də öz əksini tapmışdır.

 

Məsələn:

 

Litva! Sənin xışıldayan

                        meşələrin mənim üçün

Baydar bülbüllərindən və Salğır

qızlarından da şirin nəğmə oxuyurdu...

 

Bu hisslər də təbii ki, yurdundan didərgin düşmüş şairin qəlbində əsas yerlərdən birini tuturdu.

1826-cı ildə Sankt-Peterburqa qayıtdıqdan sonra Mitskeviç Mirzə Cəfər Topçubaşov ilə görüşüb Azərbaycan alimindən "Krım sonetləri" toplusuna ön söz yazmasını və sonetlərdən birinin ("Gözləv çöllərindən dağların görünüşü") fars dilinə tərcümə etməsini xahiş etmişdir.

Beləliklə, 1826-cı ildə Moskvada çap olunan "Krım sonetləri"nin ilk nəşrinə Mirzə Cəfər Topçubaşovun ön sözü və "Gözləv çöllərindən dağların görünüşü" sonetinin fars dilinə tərcüməsi daxil edilmişdir. Mirzə Cəfər Topçubaşov yuxarıda qeyd olunan soneti fars dilinə tərcümə edərkən, Aleksandr Xodzkonun sonetin polyak dilindən rus dilinə sətri tərcüməsindən istifadə etmişdi.

Onu  da qeyd etmək vacibdir ki, o zaman Şərq poeziyasında sonet janrı mövcud deyildi. Ona görə sonetin fars dilinə tərcüməsi də bir sıra çətinliklər yaradırdı. Amma buna baxmayaraq, Mirzə Cəfər Topçubaşov bu vəziyyətdən də məharətlə çıxmışdır. Şair soneti Şərq (fars) poeziyasında mövcudsonet janrının tələblərinə cavab verən qəzəl janrı ilə əvəz etmişdir. Mirzə Cəfər Topçubaşovun tərcüməsi sərbəst tərcümə olsa da, o zamanın tənqidçiləri və şərqşünasları tərəfindən çox yüksək qiymətləndirilmişdir. 1827-ci ildə Aleksandr Xodzko Mirzə Cəfər Topçubaşovun tərcümə etdiyi soneti yenidən polyakrus dillərinə tərcümə edib "Moskovskiy teleqraf" jurnalında çap etdirmişdir. Burada xüsusən vurğulamaq lazımdır ki, Mirzə Cəfər Topçubaşovun yuxarıda adı çəkilən sonetin fars dilinə tərcüməsi görkəmli polyak şairi Adam Mitskeviçin əsərinin ilk xarici dilə tərcüməsi idi.

Beləliklə, Adam Mitskeviçin Mirzə Cəfər Topçubaşovla dostluğu həm Mitskeviçin Şərq mövzusuna maraq göstərməsinə, həm də şairin ən gözəl əsəri olan "Krım sonetlərinin" yazılmasına səbəb oldu. Mirzə Cəfər Topşubaşov həm də Mitskeviç üçün nüfuzlu bir şəxs idi. Poylak şairi Şərq haqqında məlumatı məhz Mirzə Cəfər Topşubaşovdan alırdı. Bu da o deməkdir ki, dünyanın ən məşhur və ən parlaq əsərlərinin yazılmasında həmyerlimiz Mirzə Cəfər Topçubaşovun rolu böyük olmuşdur.

 

Samir Səttarov

AMEA Nizami adına Ədəbiyyat İnstitutu

 

Ədəbiyyat qəzeti.- 2017.- 14 oktyabr.- S.28.