Yaraşıqlı kişi yazıçılar  

 

Bəzən oxucular əsərləri oxuyarkən müəlliflərin şəxsi xarakterlərini də görürlər. Bu görünmə sətirlər vasitəsilə baş tutur. Oxuculara elə gəlir ki, gözəl sətirləri yazan gözəl qəlbli insanlardır. Qəmgin sətirləri qələmə alanlar isə həyatı yaxşı keçməyənlərdir. Ancaq bilmirlər ki, yazıçı həm də aktyordur. O, müxtəlif cildlərə girməyi səhnədə nümayiş etdirmir. Yazıçının aktyorluğu onun sətirlərindədir. Bu gün dünyanın yaraşıqlı kişi yazıçılarından söz açacağıq. Onlar çoxdur. Reytinqdə öndə gedənlər isə aşağıdakılardır. 

 

Con Qrin

Yeniyetmələrin sevimlisi, qızların arzusu. O, 1977-ci ildə Amerika Birləşmiş Ştatlarında dünyaya göz açıb. Gənc olmasına baxmayaraq, onu psixoloq adlandırırlar. Con iliyinə qədər amerikalıdır. Məxsus olduğu ölkəsinin sakinlərinin nə düşündüyünü, hansı arzu ilə oyandığını, hansı qəmginliklə yuxuya getdiyini saç tüklərindən ayaq dırnaqlarına qədər hiss etməyi bacarır. Təsadüfü deyil ki, müasir Amerikanın yaşlı yazıçıları onu "müdrik" çağırırlar. Düzdür, Con Qrin müdrikliklə dolu əsərlər yazmır, nə də klassik yazıçılar kimi bir cümlədə beş-altı mərtəbəli məna ifadə etmir, ancaq psixoloji baxımdan detallara çox varır. Gənc yazıçı amerikalıların istədiyi mövzularda yazır. O, ölkənin müxtəlif ştatlarına səfərlər edir, məclislərdə söhbətlərə qulaq verir, hər hansı məsələ ətrafında qeydlərini aparır. Yaxud, küçələrdə mini şifahi sorğular keçirtməkdən də çəkinmir. Con Qrin gələcəkdə yazacağı əsərlərinin uğur qazanması üçün əvvəlki əsərlərində yol verdiyi səhvləri nəzərə alır. Dostlarını öyrədərk adamlar arasında mini sorğular aparır: "Mem, bağışlayın siz Con Qrinin əsərindəki hansı ştrixlərlə razı deyilsiz?" Yaraşıqlı oğlan belə sorğuların nəticələrindən yaranan səhvlərə növbəti əsərlərində yol vermir. Con Qrin həm də qadınların sevimlisidir. Jurnalistlərin araşdırmasına görə onun kitablarını daha çox qadınlar alır. O əsərlər zərif cinsin nümayəndələrinə həsr edilməyib. Sadəcə, bu, yaraşıqlı oğlana simpatiyadan irəli gəlir. Xüsusilə "Günahkar ulduzlardır" və "Kağız şəhərlər" kitablarının rekord həddə satılmasında qadın pərəstişkarlarının böyük rolu olub. Con qardaşı Xenlə həm də Youtube kanalının ilk videobloggerlərindən sayılır. Həmin kanalda kitabların reklamı da satışın ildırım sürətilə aparılmasında özünün əvəzsizliyi ilə seçilib.

Sergey Yesenin

Kənddə doğulan Sergey yaraşıqlı görkəm aldıqca qızların nəzərini cəlb edib. Adətən, yaraşıqlı oğlanlar çox da dava-dalaşa üstünlük vermirlər. Onlar günlərini eşq macəralarında keçirirlər. Sergey isə uşaq yaşlarından dalaşqanlığa meyilli olub. Məktəb illərində çıxardığı oyunlar kəndin yaşlı adamlarında narahatlıq yaradıb. O, heç vaxt nümunəvi hərəkəti ilə yadda qalmayıb. Hətta bir dəfə qiymətlərinin pis olması səbəbindən ikinci ilə qalıb, aşağı siniflərin şagirdləri ilə parta arxasında oturub. Valideynləri onu kənd müəllimi görmək istəyiblər. Yesenin isə şairliyi seçib. İlk şeirlərini də kənd qızlarına oxuyub. Onların təriflərini eşidən gənc göylərdə uçub, bu ona pozitiv hisslər bəxş edib. Hər bir yaraşıqlı kişi kimi Yesenin də sui-istifadəyə yol verib. Daha doğrusu, ona yaxınlaşan qadınları uzaqlaşdırmayıb. Yesenin hansısa qadını ələ keçirmək üçün dil tökməyib. Yaraşığına görə qadınlar özləri onunla maraqlanıblar.  Yazıçıya ilk uğur Petroqradda gəlib. Şair Blokla tanışlıqdan sonra şeirlərinə nizam gətirib, bəşəri mövzulara üstünlük verib. Bir növ kənd şairliyi formasından çıxıb. Müasirlərinin yazdığına görə Yesenin şeirlərini heç vaxt kütlə qarşısında ayıq halda səsləndirməyib. Həmişə ağzından spirtli içki qoxusu gələrmiş. Şeirlərini deyəndən sonra kütlədən kimsə söz atsaymış, həmin anda dava salarmış. Yeri gəlmişkən, qadınlarla çoxsaylı əyləncəsi onu həyatdan vaxtsız apara bilərmiş. Çünki qadınların ərləri, ya sevgililəri dəfələrlə onun arxasınca düşüb öldürməyə çalışıblar. Həyatdan vaxtsız getməsi isə öz təşəbbüsü ilə baş tutub. Yesenin intihar edib. Bu barədə ortada şübhəli fikirlər hələ də səslənməkdədir.

Cek Keruak

 1922-ci ildə ABŞ-da doğulan yazıçı özünün hündür boyu, atletik görkəmi və şəvə kimi qara saçları ilə fəxr edərmiş. Üstəlik, danışığına fransız ləhcəsini də qarışdırması qadınların ağlını başından alıb. Qalın qaşları altından görünən oğrun baxışları onun da kitablarının əsas pərəstişkarlarının qadın olduğunu söyləməyə əsas verir. Daha doğrusu, müasirlərinin yazdığına görə Cek Keruarkın oxucuları arasında qadınlar üstünlük təşkil edib. Gələcəyin yazıçısı gənclik illərində çox da yaxşı reputasiyaya malik olmayıb. Yox, avara olmayıb. Sadəcə, ilkin məşğuliyyətləri ona ciddilik obrazı verməyib. Təhsil aldığı universitetin nəzdindəki futbol komandasında oynayıb. Bu məşğuliyyətindən aldığı zədə və məşqçi ilə mübahisədən sonra ayrılıb. Hələ təhsil illərində ölüm işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunub. O, kimsəni öldürməyib. Dostu Lüsyen Karrinbin adam öldürməsini gizlədib. İkinci kursda isə ali məktəbi ataraq macəra həvəsi ilə dəniz səyahətinə çıxıb. Cek Keruak da Sergey Yesenin kimi içki düşkünü olub. Ancaq yazı masasının arxasına keçəndə sürətlə yazarmış. Bir faktı yazaq ki, "Yolda" romanını 3 həftə ərzində qələmə alıb. Şəxsi həyatı isə sevgililəri arasında keçib. Yaraşıqlı kişinin adi həyat tərzi. Çox da təəccüblənməyə dəyməz.

Frans Kafka

"Kafka sevinci öldürür". O illərdə Frans Kafka barədə belə deyərmişlər. Yox, bu ifadə qələm adamları arasında səslənməyib. Çünki Kafka ictimai fikirdən çəkinərək sağlığında əsərlərini dərc etdirməkdən çəkinib.

-Bu gün ziyafətə kim gələcək?

-Kafka.

-Onda sevincimiz öləcək.

Məlumdur ki, Kafka bir sıra sindromlardan əziyyət çəkib. Həkimlər deyərmiş ki, daha elə xəstəlik qalmadı ki, Kafka tutulmasın. Ancaq bütün bunlara baxmayaraq, Frans xarici görkəmcə qadınların nəzərini cəlb edib. O, qadınlardan aralı gəzsə , bəzi araşdırmalara əsasən ondan ötəri sino gedənlər çox olub. Arıq mütənasib bədən quruluşu, üstəlik dəbli ütülü kostyumları ilə zərif cinsin nümayəndələrində xoş təəssürat oyadıb. Lakin ondakı çəkingənlik kimsə ilə yaxınlığa imkan verməyib. Beləcə, Frans Kafka əksər yaraşıqlı yazıçılara bənzəməyib.

Alessandro Davenia

İtaliyanın gənc yazıçısı ssenaristi. Palermoda doğulub. Litseydə müəllim işləyir. Onun ilk debüt əsəri "Süd kimi , qan kimi qırmızı" romanıdır. Bu əsər İtaliyanın Strega mükafatına layiq görülüb. Ancaq yazıçı öz yaraşığından bəzi gizli sevgi macəralarında istifadə etmir. Əlbəttə, qadınların tələsinə düşmür. Onlarla ünsiyyət qurur, ancaq bu sevgi macərasına qədər gedib çıxmır. Çünki yazıçını uşaqlıqda qadına hörmət ruhunda böyüdüblər. Ona anladıblar ki, qadını sevib atmaq çox böyük günahdır. Nəzərə alaq ki, Palermo şəhəri məşhur Siciliya bölgəsinə daxildir. Uşaq vaxtlarından nəyin düz, nəyin səhv olması barədəki söhbətləri çox eşidib. Beləliklə, göygözlü, qıvrımsaçlı oğlan çox qadının sevgisinə cavab verməyib.

 

Azər Qismət

 

Ədəbiyyat qəzeti.- 2017.- 14 oktyabr.- S.24.