Şair ömrü,
rəssam taleyi...
Plutarx
deyirdi: "Şəkil çəkmək səssiz
poeziyadır, poeziya isə danışan şəkildir."
Şair rəssam Bedri Rahmi Eyüboğlu isə şeiri şəkilə
dönmüş rəsm, rəsmi isə şəkillənmiş
şeir adlandırırdı. Bedri
Rahmi Eyüboğlu işığa qovuşan hər şeyi
böyük bir sevgi ilə incələyir, bu sevgini rənglər
və cizgilər vasitəsilə göstərmək istəyirdi.
Rəsm sənətini tanıdan zaman işlətdiyi ifadələr,
bizə Eyüboğlunun həm şairlik, həm də rəssamlıq
istedadını anladır. "İçərisində
işıq, günəş dadı olmayan rəsm,
naxış şah əsəri ola bilər, amma rəsm ola
bilməz",- deyən şair, rəsmdə şeir və
işığın bir-birini tamamlamasını
axtardığı kimi, şeirdə də rəsm və
işığı birlikdə görmək istəyirdi...
Anadolu
yaylığı kimi yazdı şeirlərini Bedri Rahmi, kilim
kimi toxudu. Çox sevdiyi gilasları, narları, tutları
köçürdü kağızlara… İgidliyi, mərdliyi,
eşqi, sevdanı, həsrəti həkk etdi ağ vərəqlərə.
Kainatın sirrini tək bir nar dənəsi ilə
açmağa çalışdı o. Sərbəst, rahat
bir dillə qələmə alınmış şeirlərdə
poeziyanın hər zaman yaşayacağını sübut etmək
istədi.
Türkiyə
mətbuatı onu hazırda da bu cür xarakterizə edir:
"Bəşəriyyətin hikməti, gölün səthində
əks edər kimi çatdı bizə. Bu qədər saf,
çox hamar, dərin... Xalça, kilim, yaylıq, xəttatlıq,
az da olsa miniatür, keramika onun başlıca cizgi, biçim və
rəng repertuarı oldu. Bedri Rahmi Eyüboğlu,
gücünün ən çəkici qismini divar
naxışlarında göstərdi."
"Yaxşı,
eyni zamanda
faydalıdır"
Rəssam Zeki Kocamemi Trabzonda bir liseydə rəsm dərsi keçdiyi illərdə, o dönəmə qədər atasının işi ilə əlaqədar 1911-də Giresunda başlayan həyatını Anadolunun fərqli məkanlarında davam etdirən, oraların havası, suyu ilə bəslənən Bedri Rahminin istedadını kəşf edən, ona yol göstərən ilk ustadıdır. Həmin dönəmdə Fransaya gedən Sabahattin Eyüboğlu isə Fransadan göndərdiyi rəsm kitablarıyla qardaşının Qərb sənətindən xəbərdar olmasında böyük rol oynayır.
Bedri Rahmi 1929-cu ildə İstanbul İncəsənət Akademiyasında professional rəssamlıq təhsili almağa başlayır. Ziya Güran, İbrahim Çallı, Leopold Levinin emalatxanasında yaradıcılığını inkişaf etdirməklə yanaşı Ahmet Haşimdən də estetika və mifologiya dərsləri alır.
1931-ci ildə o, Fransaya
qardaşının yanına
gedir. Fransada Pol Qogen, El Qreko,
Pol Sezan, Anri Matiss, Braque, Mark Şaqal
kimi usta rəssamların rəsmlərindən
təsirlənir və
onların əsərlərini
araşdırmaq fürsətindən
yararlanır. Həmin vaxtlar
araşdırdığı rəssamların Şərqə
aid motivlərdən və
simvollardan istifadə etməsi Bedri Rahminin diqqətini daha çox çəkən mövzu
olur. Daha sonra Lill-Müasir
İncəsənət Muzeyində
ibtidai insanlara, o dövrə aid sənətləri
araşdırmağa başlayır.
"Yaxşı, eyni zamanda faydalıdır"
fikri də bu illərdə onun sənətinə təsir edir. Parisdə bir aya qədər Andre Lhote emalatxanasında çalışan Bedri,
1936-cı ildə Ernestine Letoni
(Eren Eyüboğlu) ilə tanış
olur və onunla ailə qürur. Eren, Bedrinin gavur
qızı Mari Gerekmezyan
ilə xəyanətini
nəinki ona bağışlayır, hətta
Marinin ölümündən
sonra Bedrinin depressiyadan çıxması
və onu unutması üçün
əlindən gələni
edir. Gavur qızının ölümündən sonra
Bedrinin içkiyə
qurşanması bu sevdanın asanlıqla unudulmayacağını deyir.
Amma bu, belə davam
etmir. Bedri özünü toplayır
və 11 yaşlı oğlu ilə arvadının yanına qayıdaraq depressiyadan çıxmağı bacarır.
Kənd mənzərələri, kəndlilər, faytonlu yollar…
Tekel tütün
məmulatları şirkətində
vitrin yığan kimi işə başlayan Bedri Rahmi "Sipahi ocağı" siqaretinin
qapağındakı qaçan
nizəli atlar fiqurunu dizayn edir. Həmin vaxtlar - 1936-cı ildə İncəsənət
Akademiyasının diplom
yarışmasında rəssamın
"Hamam" adlı
əsəri birinci olur. Eyüboğlunun
bu dönəmlər çəkdiyi rəsmlər
məşhur fransız
rəssam Henri Matisseyə
olan marağını
və Şərq-Qərb
incəsənətinin sintezini
hiss etdirir.
Vətəninə qayıtdıqdan sonra-1937-ci ildə
İncəsənət Akademiyasında
rəsm müəllimi
kimi fəaliyyətə
başlayan Bedri Rahmi Cümhuriyyət Xalq Partiyasının Xalq evləri vasitəsilə təşkil
etdiyi gəzintilərə
qatılaraq 1938-ci ildə
Edirneyə gedir. Bu yurd gəzintilərinin təsiri ilə Anadolu insanını təsvir edən rəsmlər çəkməyə
başlayır. Həmin rəsmlərdə
kənd mənzərələri,
qəhvəxanaları, faytonlu
yollar, tellərinə
iydə çiçəkləri
düzmüş gəlinlər
daha çox təsvir olunur.
1940-cı illərdən sonra divar rəsmləri
çəkməyə daha
çox vaxt ayıran Eyüboğlu, bir ildən sonra yenə vətənin gözəl
şəhərlərini, kəndlərini
gəzməyə çıxır. Çoruma və
İskilipə səfər
edən rəssamın
İskilip gəzintisi
onun rəsmlərindən
yan keçmir.
Bu rəsmlərdə xan
xalçaları, halay
çəkənlər, uşaq
əmizdirən analar,
saz çalan aşıqlar kimi mövzular üstünlük
təşkil edir…
Bedri Rahmi Eyüboğlu rəsmləri ilə yanaşı şeirləri
ilə də Anadolu ellərinin sevgisini qazanıb…
Sitəm
Öndə zeytun ağacları,
arxasında yar
İl
1946
Mövsüm
Payız
Öndə zeytun ağacları
Neyləyim? Neyləyim?
Budaqları neyləyim?
Yar yoluna tökülməyən dilləri
neyləyim?
Yar, yar... Səni qarasaplı bıçaq kimi
sinəmə sapladılar,
Dəyirman kimi fırlanar başım
Gəl gör məni darmadağın,
Tel-tel sökülüb
qalmışam.
Yar, yar... Canımın dənəsində tikan,
Gözümün bəbəyində sitəm
var.
Dostların ölümü
Əvvəlcə dişlərimiz töküldü,
Sonra saçlarımız.
Sonra
da bir-bir dostlar getdi.
Bu gözəl
dünyanın ortasında
Tənhayıq, tək -tənha.
Qırılıb qolumuz-qanadımız,
Şirin canımızdan bezmişik.
Bir şübhə dolub ürəyimizə,
Ya özünü
aldadır demişik, ya bizi.
Şübhə kök atıb ciyərimizə,
Pambıq kəndir ilə bağlayıb bizi.
Düyün vurduğunu hələ demirəm.
Hərədə bir işvə,
bir minnət
Elə nazildiyi yerdən qopaydı kaş.
Bu gözəl dünyanın
tən ortasında
Heyvanlar
qədər də
bağlanmırıq bir-birimizə.
Yalanmı? Gözünü
sevdiyim qarışqalar,
Budur, bax, balıqlar sürü-sürü,
Arılar
dəstə-dəstə uçur,
Durnalar
qatar-qatar.
Bəs biz? Əşrəfi-məxluq!..
Boğazımıza qədər
öz murdar
qaranlığımıza qərq
olmuşuq.
Biz də bölük-bölük,
biz də dəstə-dəstə,
Biz də sürü-sürü
Öldürürük bir-birimizi.
Sərgidəki saz…
Xalq ozanı Aşıq Veyselin sazı ilə Bedri Rahmi Eyüboğlu arasında mənalı bir əlaqə var. Bu əlaqə Bedri Rahminin xalq ədəbiyyatını
və Anadolu mədəniyyətini çox
sevməsindən, yuxarıda
qeyd etdiyimiz kimi, əsərlərində
də bu mövzuları diqqətdə
saxlamasından qaynaqlanır.
Bir müddət
əvvəl Bedri Rahminin İzmirdə açılan retrospektiv sərgisində Aşıq
Veysəlin sazı da sərgilənir. O sazın
sərgidə yer almasının maraqlı bir hekayəsi var. Sərgidəki saz, şair rəssam Bedri Rahmi Eyüboğlunun
Aşıq Veysəl ilə olan yaxın
münasibətinin simvolu
idi.
Bedri Rahmi Aşıq Veysəlin rəsmini çəkmişdi. Həmin
rəsmdə Aşıq
Veysəl, qarşımıza
əlində saz rəng-rəng çıxır…
Sərgidəki sazı Bedri
Rahmi, Aşıq Veysəl üçün
satın almışdı.
O saz daima Bedri Rahminin evində durur, Aşıq Veysəl gəldikcə sazı çalarmış. Aşıq, özü
ilə gətirərkən
yorulmasın deyə, Bedri Rahmi Aşıq
Veysəl üçün
ayrıca bir saz satın almışdı. O saz
sərgidə sənətsevərlərin
böyük marağına
səbəb olmuşdu...
Əslində sərgilənən saz
deyil, bir sənətçinin, digər
bir sənətçiyə
- xalq ozanına verdiyi dəyər, sayğı və hörmət idi…
Bedri Rahminin emalatxanasının
qapısından asdığı
and:
Bu günə qədər rəsm sənəti dünyasında çəkilmiş
əsərləri araşdırdığım
zaman özünü bütün dünyaya qəbul etdirmişlər arasında mənə ən çox təsir edənləri ayıraraq onlara öz araşdırmalarımı
qatacağıma; basmaqəlib,
gözləri yoran, klişeləşmiş, çiynənə-çiynənə
dadı-duzu qalmamış
heç bir şeyi təkrarlamayacağıma,
əlimdən çıxan
hər naxışa, hər ləkəyə, hər rəngə öz ağlımı,öz
təcrübəmi, öz
ömrümü, həsr
edəcəyimə aldığım
hər nəfəs, içdiyim su, üstündə gəzdiyim
torpaq, gözüm, qulağım, burnum, əlim, belim, dilim, dərim üstünə əlimi basaraq and içirəm.
Andımı pozduğum gün
Buralardan gedərəm.
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2017.- 14
oktyabr.- S.18.