ƏDƏBİYYAT ÜZRƏ
1963-CÜ İLİN NOBEL MÜKAFATÇISI
Yorqos Seferis
Yunanıstan
Yorqos Seferis 1900-cü
ilin 29 fevralında keçmiş Osmanlı imperiyasının Urla şəhərində - İzmir
yaxınlığında dünyaya
gəlib. Əsl soyadı
Seferiadisdir. Çağdaş yunan ədəbiyyatının
ən möhtəşəm
şairlərindən biri
hesab olunur. Atası universitet professoru olub, Bayronu yunan dilinə
tərcümə edib.
Y.Seferis Sarbon universitetinin hüquq fakültəsində
təhsil alıb.
1922-ci ildən - Smirnə (İzmir) türklər tərəfindən
işğal olunandan sonra bir çox
yunan köçkünləri
ilə birlikdə - Afinada məskunlaşıb.
1950-ci ildə işi ilə əlaqədar olaraq, Yunanıstanı tərk edib və bir
daha vətənə qayıtmayıb. Peşəkar diplomat kimi Yunanıstanın diplomatik nümayəndəliklərində
çalışıb. 1957-1962-ci illər ərzində Yunanıstanın
Böyük Britaniyadakı
səfiri olub.
Yunan poeziyasındakı köhnə
ənənələrdən imtina edərək, onu yeni və
müasir poeziya ilə əvəzləyib.
1963-cü ildə ədəbiyyat üzrə
növbəti Nobel mükafatına
layiq görülüb.
Seferis Henri Millerin
1941-ci ildə qələmə
aldığı "Marussiyalı
nəhəng" romanının
qəhrəmanlarından biridir. Əsərdə müəllif
1941-ci ildə Yunanıstana
səfərə çıxır
və orada Georqos Seferiadislə tanış olur. Birlikdə ölkəni gəzib-dolaşır,
ədəbiyyat və
həyat haqqında müxtəlif söhbətlər
edirlər.
Yorqos Seferis yunan ədəbiyyatı tarixində
əsasən lirik və ictimai mövzulu şeirlər müəllifi kimi xatırlansa da, onun yeganə - "Akropolda altı gecə" romanı da maraqla qarşılanıb.
Yunan ədəbiyyatının ünlü
siması, yunan ədəbiyyatına Nobel gətirən
iki yazardan biri və birincisi
olan Yorqos Seferis 1971-ci ilin 20 sentyabr tarixində vəfat edib, Afinada dəfn olunub.
İNKAR
Sən ey mavi sonsuzluq!
Sahildə qumlar ağ-ağ!
Susuzluqdan
quruyub
Yenə burda dil-dodaq.
Sahilə cızıb yazdım.
Sənin
də ağ
adını.
Külək yazını görcək
Söylədi "unut onu".
Danlaqlar,
qəbahətlər -
Belədir həyat yolu.
Bu yol çətin olsa da,
Onu dəyişmək
olmur.
SƏSİNİ BATIRDI
Səsini
batırdı bu, gecə işığı,
Şəfəqlər pərən-pərən - yox
oldu getdi.
Bilo, həyatım mənim! Gecə düşdü, bax,
Amma yoxsan, sən yoxsan - sevincim bitdi.
Cəmi
bircə dəfə
biz verdik baş-başa
-
Dünya boşalıb yenə. Tənhalıqdır bu.
Sevgimiz ölüb getdi, bardaqlar bomboş;
Nə bir qətrə şeh qalıb, nə bir qaşıq su.
Gecə
düşdü - zülmətə
qərq oldu o yer,
Bir vaxtlar ayaqların çimərdi
orda.
Harda qaldı o yerlər, hanı o sahil,
Ey mənim səadətim - sağ ol, əlvida!
***
Dənizlərin qoynunda gizlənər
təşnəlik və sevgi,
ürəyim narahatdır
-
bu boşluqda hər şey tənhalıqdan
yaranıb sanki,
amma bir ovuc içində qızınmaq yetər.
Dənizlərin qoynunda gizlənər
sevdiyimin gözləri.
Baxaram o
gözlərə,
amma tanıya bilmərəm tənhalığın
rəngini,
elə sən də məni...
AKTYORLAR
Səhnələr yaradırıq, sonra
sökürük -
Hara getsək, hər yerdə budur işimiz;
Şəhərlər ucaldırıq,
qalalar, kaşanələr,
Bilirik ki, onlardan qalmayacaq iz.
Tamaşaçı pyesə lənət yağdırır,
Günah rejissordadır, aktyorlar yazıq.
Musiqi kəsiləndə hamı
gülüşür;
Tale üz çevirib
bax, hər kəs narazı.
Qrim, kostyum, qasırğa, tufan, ildırım,
Xəyallar, düşüncələr - ruhun
kədəri.
Nəvazişli - maskalar, əzab,
bir də qan,
Kiminsə məhəbbəti, kiminsə
məkri.
(Kimsən, hardan
gəlmisən, nə
danışırsan?) -
Dünənki yuxu kimi hər
şey itəcək.
Əsəblər də sim kimi tarım çəkilib,
Tale təkəri çönüb
- bax, budur gerçək.
Tükənmək üzrəyik biz, lap unutmuşuq
(Nə vaxt doğulmuşuq biz? Ölüm çox yaxın?)
Sehrli liraların həzin nəğməsi:
"Rədd olun
göz önündən,
qəlblərdən çıxın!"
Beləcə, ürəyimiz yuxadan-yuxa,
Bu küçələr, bu üzlər - yox olub sanki.
Ölümün sarı üzü,
qurbangahda qan,
Ayırmaq olmur burda şah kim,
nökər kim.
Tərcümə etdi: Əyyub
Qiyas
Ədəbiyyat qəzeti.- 2017.- 14
oktyabr.- S.15.