Nəriman Qasımoğlu: “...və Qasım
müəllim necə
idisə, elə də qaldı”
- Nəriman bəy, zaman
keçdikcə insan ötənlərə boylanır, xatirələrə
dalır. Sizin də atanızla
bağlı xatirələrinizi oxucularımızla
paylaşmanızı istəyirik. Qasım Qasımzadə ilə
bağlı xatirələriniz sizə nə verir? Kədər yoxsa sevinc?
-
Sözün açığı, Qasım Qasımzadəli
xatirələrimdə qardaşım Fəxrəddinin
1984-cü ildə qəfil itkisinin, on il sonra isə Qasım
müəllimin özü ilə, daha sonra anamla cismani
ayrılığımın doğurduğu
sarsıntıların da payı var, xoş
anlarımızın, günlərimizin, illərimizin də. Ancaq zaman öz
işini görür, əlbəttə. Həmin
sarsıntıların, eləcə də şəxsən
özü ilə bağlı xatirələrin içindən
onun elə parlaq siması boylanır ki, işığı
bütün ağrıların üstünə məlhəm
çəkməyə bəs edir. Bu mənada, şəksiz,
anıldıqca sevinc gətirir Qasım müəllim,
anıldıqca pozulan əhvalımız düzəlir,
anıldıqca bir də baxıram onu tanıyanların
üzünə doğal bir təbbəssüm qonur və
inanıram ki, bu doğal təbəssümü doğuran da
Qasım müəllimin o
işığından gələn zərrələrdir. Belədə necə sevinməyəsən?! Necə ilhamlanmayasan?! Məhz bu ovqatı
keçirdiyimdəndi ki, on beş il
öncə Qasım Qasımzadə haqqında
aşağıdakı sətirləri qələmə
aldım:
Baxıram
dünyaya sənin gözünlə,
harda
işıq varsa, iz səninkidir.
Dan yerinə
od saçır baxışlarım –
zülmətə köz salan göz səninkidir.
Oldum sərnişini
nur gəmisinin,
bu da
meracıdır eşq dəlisinin,
Rəbbimin
ən gözəl təcəllisini
görürəm qarşımda üz səninkidir.
Ruhun
ucalarda şad olsun deyə
Oxu, nələr
vermiş Tanrı bəndəyə -
Mən
yerdən göylərə yüksələn ayə,
üstündən qalxdığım miz səninkidir.
Dar eylərəm
qaranlığın yerini,
zülmət dələn taleyim bir mərmimi,
sən
özün cəm eylə qəlpələrimi,
göyə ulduz-ulduz düz, səninkidir.
Mən
hicran qənimi, vüsal dəmiyəm,
içirəm ruhundan, dəmlər dəmiyəm,
tənimlə badəyəm, ruhumla meyəm,
içəlim bu meyi süz, səninkidir.
Yerişim,
duruşum, qaçışım səndə,
həvəsim, ilhamım, uçuşum səndə,
göylərin, yerlərin Rəbbi önündə
səcdəyə gedirəm, diz səninkidir.
Canın
canımdadır, qanın qanımda,
ayrılmaz ruhlarıq Tanrı yanında,
qiyamət günündə, məhşər anında
sənsən şəfaətçi, söz səninkidir.
- Çox istərdik ki, ilk günlərdən
başlayasınız, O vaxtlardan ki, rəhmətlik Qasım
müəllim sizin üçün elə təkcə ata idi,
böyüməmişdiniz, körpə idiniz. Körpələrin
yaddaşı iti olur axı...
- Körpəlik
xatirələri olduqca epizodik məqamlardır, bunlar da daha
çox o illər Riqada, Moskvada, Leninqradda keçən səyahət,
nənəmin yaşadığı Yevlaxın Kövər kəndində,
Şuşa və Göygöl sanatoriyalarında istirahət
günlərimizlə bağlıdır.
Çalışıram bəzi epizodları xatırlayım,
amma deyəsən körpəlik yaddaşımın tarixi 4
yaşımdan başlayır... Qasım müəllim
bizi Moskvada Qızıl meydana aparmışdı. İnsan axınından ibarət uzun növbədə
bir xeyli yorulandan sonra mavzoleyə girdik. Şüşə
altında Leninlə Stalin yanaşı
uzadılmışdı. Və çox qəribədir
indi də nə illah eləyirəm, ömrümün o
dördüncü ilində, yaddaşımın isə birinci
ilində nə isə başqa bir şey xatırlayım,
alınmır. Burası da mənə qəribə
gəlir ki, beynimdə ilişib qalan Lenin deyildi, məhz Stalin
idi. Olsun ki, hərbi geyimi birinci dəfə
idi görürdüm və bu paltar onun əynində idi deyə
yaddaşımda özünə yer eləyən o olmuşdu.
Bəlkə də səbəb bu idi ki, Leninin
çox sonralar bir neçə dəfə gördüyüm
mumiyalanmış cəsədi birinci dəfə
gördüyümü yaddaşımdan silib
çıxarmışdı. Tarixdən
bilirsiniz, o dövrdə ölkədə stalinsizləşdirmə
gedirdi. Ürəklərdə Stalin sevgisi,
Stalin xofu, mavzoleydə Stalin cəsədi yaşamaqda və
eyni zamanda çürüməkdə idi. Mən isə sanki satış üçün
vitrinə qoyulmuş böyük bir Stalin oyuncağına
tamaşa edirdim. Əlimi həmin oyuncağa səmt
uzadıb nə isə demək istəyirdim ki, Qasım müəllim
əlimdən tutub işarə elədi susum, içəridəki
sükutu pozmayım... Eh, Qasım müəllim sonralar sovetlərdə
bu sükuta bənzər səssizlikləri pozmağa
çalışdığıma görə məndən
ötrü o qədər nigaranlıq keçirəcəkdi
ki...
- Yaşınızın üstünə
yaş gəldi. Atanızı daha yaxından tanımağa
başladınız, nələri gördünüz, kimləri
tanıdınız atanızın ətrafında?
- Mənə
elə gəlir, Qasım müəllimlə aramızdakı
yaş fərqinə baxmayaraq çox erkən yaşımdan
dost olduq. Və görünür, bu səbəbdəndir
ki, onun haqqında söz saldığımda “atam” deyə
sözünü işlədə bilmirəm. Mənə onunla təmasda olmaq maraqlı idi, hər
təmasdan nə isə öyrənirdim. Zəhmətkeşliyini
görürdüm, doğruculluğunu görürdüm,
baxırdım saxtakarlığa qarşı necə sərtdir,
əziyyətə qatlaşmaqdan çəkinmir və
fikri-zikri ətrafdakı qohum-əqrəbadan fərqli olaraq
ictimai dərdlərlə də yüklüdür. İctimai problemlər ətrafında ikilikdə
uzun-uzadı söhbətlərimiz olurdu. Şeirlərinin
ilk oxucusuna çevrilmişdim. Oxuyurdu,
sonra fikrimi soruşur, məsələn, maraqlanırdı
filan sözün yerini sətirdə dəyişsə daha
yaxşı səslənər, ya yerində qalsa. Ara bir də oxuyandan sonra bəzi misraların
üstünə qayıdıb soruşurdu “bildinmi burada nəyi
nəzərdə tutmuşam?” Məsələn,
“Maralın öz yolu var” başlıqlı bir şeiri var, əvvəl-əvvəl
təbiətin qorunması mənasında deyir dağlara yol
çəkməyin, insan nəyi istəsə öz
ayağı ilə gedib tapacaq, yəni bundan ötrü təbiəti
korlamaq-filan lazım deyil. Ancaq həmin misraların
içində belə ifadələr də keçir: “Həyalı bulaqların
üstünə yol çəkməyin”, “Barı bura dəyməsin
naməhrəmlər ayağı”, “Çeşməmizin
gözünə tökməsinlər arağı”, “Sərxoşların
xorunda zümzümələr itməsin”, “Kabab çəkiən
yerə konservlər getməsin…”, “Dağlara yol çəkməyin,
yollara dağ çəkməyin” və s.
Deyirdi “bildin də “araq", “konserv”, “sərxoşlar”
deyəndə nə demək istəmişəm?!” İzah etməyini
xahiş edirdim, bildirirdi ki, sovetləri-gəlmələri nəzərdə
tutur, amma bu qəbildən yazılarını təbiət
şeirləri kimi senzuradan keçirə bilir. “Yollara
dağ çəkməyin”i də izah edirdi ki, yolumuzu-məsləkimizi
qorumalıyıq… Qasım müəllimin
sırf təbiət şeirləri də var ki, bütün
poetik meyarları və məzmunu baxımdan gerçəkdən
şedevrdir. “Dağlar buraxmır məni”, “Gəlmişəm”
və s. şeirlərini oxusanız, görərsiniz, misilsiz
yazılardır…
Qasım müəllimin əqidəsi məişət
davranışlarına da iz salırdı. Bu barədə
xeyli xatirələrim var. Burada sizin üçün hələlik
birini, süfrə arxasında zarafat təriqilə işlətdiyi
bir ifadəni qeyd edim. Kartofla bişən
xörəyi heç xoşlamırdı, kartofdan zəhləsi
gedirdi. Biz övladları isə, əksinə,
xoşlayırdıq, xüsusən də kartof
qızartmasını. Anam Tamara xanım
yemək masasına içində bişmiş kartof olan
boşqabı gətirəndə təbəssümlə “eh,
yenə də mənim bu sinfi düşmənim gəlib
çıxdı qabağıma” deyirdi. Biz
də gülüşürdük. Bilirdik
Qasım müəllim - sovet hakimiyyətinin ilk illərində
repressiyaya uğramış bəy nəslinin bu təmsilçisi
nəyə işarə edir. Məsələ
burasında idi ki, Sovet dövründə Lenin haqqında təbliğat
yazılarında “rəhbər”in məişətdə sadə
davranışlarından, eləcə də guya kartofu sevdiyindən
dəm vururdular. Əlbəttə, o
zamanlar ən ucuz qidalanma kartofla başa gəlirdi deyə bunu
belə qələmə verirdilər ki, kasıb “zəhmətkeşlər”də
Leninə rəğbət oyatsınlar. Arxivlər
açılandan sonra məlum oldu ki, Smolnıda, necə deyərlər,
əməlli-başlı yeyib-içirmişlər…
Yeyib-içməkdən söz düşmüşkən,
eləcə də Qasım müəllimin ətrafında kimləri
tanıdınız deyə sualınıza cavab olaraq ancaq bunu
deyim, onun tanışlıq, dostluq çevrəsi geniş
olsa da ayrıca məclis dostları olmayıb ki, günlərini
daim birgə keçirsinlər. İlk gənclik illərində
ən çox Bəxtiyar Vahabzadə və Novruz Gəncəli
ilə dostluqları olub. Sonradan dost-tanışlarının
siyahısında kimlər yox idi? Keçmiş Hüsü
Hacıyev, küçəsi,
indiki Azərbaycan prospekti 19-dakı Yazıçılar evinin
Bəxtiyar müəllim də daxil digər mehriban sakinləri,
görkəmli ədəbiyyat xadimləri Ənvər Əlibəyli,
Ələkbər Ziyatay, Zeynal Xəlil, Əhməd Cəmil,
Tələt Əyyubov, Hüseyn Arif, Mübariz və Zinyət
Əlizadələr, Kamal Talıbzadə, Mirmehdi Seyidzadə,
Əliağa Kürçaylı, İlyas Əfəndiyev,
Elçin, İsi Məlikzadə, Salam Qədirzadə, Məsud
Əlioğlu, Bayram Bayramov, Hüseyn Abbaszadə,
İsmayıl Şıxlı, Qabil, Əkbər Ağayev,
qapı qonşumuz İsa Hüseynov (Muğanna), eləcə
də həmin binaya bitişik bəstəkarlar evinin sakini,
divar və balkon qonşumuz görkəmli bəstəkar Xəyam
Mirzəzadə, məbəd kimi işə getdiyi Ədəbiyyat
İnstitunda çalışan görkəmli simalar - Məmməd
Cəfər, Mirzağa Quluzadə, Əziz Mirəhmədov,
Yaşar Qarayev, Bəkir Nəbiyev, Mirzə İbrahimov, Məmmədhüseyn
Təhmasib, Kamran Məmmədov, Mirəli Seyidov, Xəlil Rza,
Şamil Salmanov, Dilarə Əliyeva, Safura Quliyeva, Şirindil
Alışanov və b. Ayrıca olaraq Süleyman Rəhimov, Əli
Vəliyev, Rəsul Rza, Süleyman Rüstəm, Mircəlal,
İmran Qasımov, Nəbi Xəzri, Osman Sarıvəlli,
Gülhüseyn Hüseynoğlu, Abbas Zamanov, Qulu Xəlilov,
Şirməmməd Hüseynov, Qəzənfər Paşayev, o
zamankı gənclərdən Seyran Səxavət, Ramiz
Rövşən, Nüsrət Kəsəmənli, Eldar
Baxış, Vaqif Bayatlı və onlarla başqaları. Dayım, Azərbaycanda avtomatika və telemexanika
elminin banisi olmuş akademik Əsgər Abdullayevlə onu
qohumluq bağından çox dostluq bağlayırdı.
Görkəmli ədəbiyyatşünas-alim İmamverdi
Əbilovla, xatirəsini kəlbəcərlilərin əziz
tutduğu şair Şamil Əsgərovla, uzun müddət
Moskvada, indi İsraildə yaşayan görkəmli ədibimiz
Çingiz Hüseynovla da gənclik illərindən yaxın
dost idi. Çingiz müəllim hər il
doğum günümdə “əziz dostum Qasımın
yadigarı” deyə mənə sosial şəbəkə
üzərindən təbriklərini göndərir. Və gözəl idi ki, Qasım müəllimin
yuxarıda sadaladıqlarımın hər biri ilə
ayrıca, isti münasibətləri vardı.
Bayaq elə lap əvvəldən ailəmizin Fəxrəddinli
faciəsindən söz saldım. Həmin günlərdə
unudulmaz Xəlil Rza Fəxrəddinə böyük
doğmalıqla yanğılı şeirlər həsr etdi,
bu silsilə şeirləri hər cümə axşamında
oxudu. Həmin yazılar onun “Davam edir 37...”
kitabında dərc edilib. Dünyasını vaxtsız dəyişmiş
bir gənci şəxsi ağrısı kimi ağlayan
şairin nəhayətsiz insansevərliyi ilə yolunda can
qoyduğu millətin fədaisi olmaq böyüklüyü
arasında necə də məhrəm bir əlaqə vardı
və bu məhrəmlik, əlbəttə, Xəlil Rzanın
Qasım müəllimin şəxsiyyətinə,
yaradıcılığına və əqidəsinə
münasibətindən doğurdu.
- Dağlıq bir rayonda doğulan
insanın şəhərdə görəvli bir vəzifədə
işləməsi, tanınması xarakterində hər
hansı bir dəyişiklik etmişdimi, sizcə. Məsələn,
kabinet adamına, şəhər adamına çevrilə
bilmişdi, yoxsa o dağ təmizliyini, saflığını
özündə qoruyub saxlamışdı.
-Əslində
ona inanmıram ki, kiminsə xarakterində köklü dəyişiklik
mühitə görə baş versin. Mühitə
görə vərdişlər dəyişir, insanın xasiyyətində
olanlar yox. Əlbəttə, mühit də
tərbiyə edir insanı, insan özü özünü də
dəyişdirə bilir, amma mənə elə gəlir,
insanda ciddi dəyişiklik daha böyük ehtimalla hansısa
ekstremal bir sarsıntıdan, yaxud hadisədən yaranır.
İcazə verin kabinet adamını şəhər
adamı ilə eyniləşdirməyinizə də etiraz edim.
Çünki şair harada doğulmağından asılı
olmayaraq necə sırf kabinet adamı ola
bilər? Ola bilərsə, şeir yaza bilərmi?
Yazarsa da necə, yaxşı yaza bilərmi?
Qasım müəllimin bir şeiri var. Kəlbəcər
dağlarında yaşayan, oradan Bakıya imzasız böhtan
məktubları göndərən bir xəbis tipajın
obrazını verəndən sonra təbiətə təəccübünü
ifadə edir ki, addımbaşı hər dərdə, yaraya məlhəm
olan, möcüzə, hikmət göstərən təbiət
- “sarp qayalar sinəsində palıd”, “bozqırlarda gül”
bitirən bu gözəlliyin, hüsnün əlləri “niyə
qaba bir xislətə əncam çəkməyir?!”
Və Qasım müəllim necə idisə, elə də
qaldı. İstərdim onun xasiyyətinə daha yaxşı
işıq tutan sözləri unudulmaz Yaşar Qarayevin dili ilə
təqdim edim. Yaşar müəllim haqlı olaraq onun
poeziyasını şəxsiyyətinə bənzədir: “sərt
və kövrək, sakit və çılğın, təbii
və məğrur, milli və beynəlmiləl”. Sonra da yazır:
“Qasım Qasımzadə şeiri, taleyi, və şəxsiyyəti
vəhdət təşkil edən şairlər
sırasına mənsubdur… Q.Qasımzadə
şeiri həmişə və hər yerdə təbiətə,
saflığa, mərdliyə inam və etibar poeziyası olaraq
qalır. Onların hamısının əsasında
təbiətlə, tarixlə şair, yaddaşla vətəndaş
arasında ünsiyyətin ən ibrətli və mənalı
məqamları dayanır”. Ayaz Vəfalının da onun
barəsində dediyi bir ifadə burada yerinə
düşür: “ipək kimi yumşaq, ipək kimi möhkəm”.
Adama qəribə gələ bilər ki, həm
sakit, həm də çılğın, həm sərt, həm
də kövrək olmaq necə olur? Dərinə
getməyim, ancaq onu deyim ki, əlbəttə, xarakterdə
sakitlik-çılğınlıq, sərtlik-kövrəklik
impulslarının ünvanları bilinəndə bu daha
yaxşı anlaşılır.
Gəlirəm o dediyiniz vəzifə məsələsinə. Qasım müəllim ədəbi-elmi
fəaliyyəti dövründə iki vəzifədə olub:
biri “Ədəbiyyat qəzeti”nin baş
redaktoru, o biri Nizami adına Ədəbiyyat institutunda elmi
işçi, şöbə müdiri. Buradaca
elə bilirəm, yerinə düşərdi bioqrafiyasına
aid xüsusi bir nüansı qeyd edim. Sovet
imperiyası dövründə Qasım Qasımzadə bəlkə
də yeganə baş redaktor olub ki, rəhbərlik etdiyi qəzetdə
tabe olduğu orqanın rəhbərliyini tənqid edən
yazıların getməsinə şərait yaradıb. Bu da mətbuat tariximizdə unikal hadisələrdən
sayıla bilər. Onun redaktorluğu
dövründə qəzetdə gedən maraqlı ədəbi
müzakirələrə, mübahisələrə görə
“Ədəbiyyat qəzeti” Azərbaycanda ən çox oxunan mətbuat
orqanı imiş. Kabinet adamı
olsaydı, sakit və başağrısız bir yol seçib
vəzifəsində, əlbəttə, uzun müddət qala
bilərdi.
Qasım müəllimin xasiyyətində maraqlı bir
gözütoxluluq da vardı. Az təbliğ edilməsinin səbəbini
ondan soruşanda demirdi
təvazökarlıq edib özünün təbliğatı
ilə məşğul olmur. Gülə-gülə
deyirdi məsələnin kökü şəxsən onun
özündədir. Qəzetin baş
redaktoru olanda hansı materialda adını
görürmüşsə, dərhal özü silirmiş.
Redaktorluqdan çıxandan sonra isə bu işi artıq
başqaları görürmüşlər...
Ancaq ədəbi talenin də maraqlı məqamları
olur. Bu yaxınlarda gözəl yazıçımız
Aqil Abbas mənə Qasım müəllimlə bağlı
bir əhvalatı danışdı. Aqilin
mərhum xanəndəmiz Qədir Rüstəmovla yaxın
münasibəti varmış. Danışır
ki, bir gün məşhur şairlərimizdən biri Qədirə
şikayətlənirmiş niyə onun sözlərinə
yazılan mahnıları oxumur. Qədir
qayıdır ki, “siz şairlərin yazdıqlarını mən
oxumuram”. Şair deyir “bəs Qasım Qasımzadənin
sözlərinə yazılan “Olmaz, olmaz”ı oxuyursan axı!”. Qədir də “sən hələ
onun kimi yazmağı öyrən, sonra gələrsən
yanıma” deyə cavab verir. Yeri gəlmişkən,
çoxlarından soruşsan bu mahnının, eləcə də
“Eşqimin növrağı” (bəzən bunu “O körpəmin
anasıdır” kimi də təqdim edirlər)
mahnısının sözlərinin müəllifi kimdir, deməyəcəklər
“Qasım Qasımzadə”, deyəcəklər “xalq”. Çünki bunları artıq xalq havaları kimi
oxuyurlar və sanki ona vəsilə olurlar ki,
sağlığında özünü-təbliğdən,
ad-san hərisliyindən uzaq dayanan şair ruhu adsız-ünvansız
bir şöhrət yiyəsinə çevrilir. İndi Şuşa həsrətlilərimizin dilində
belə bir ifadə var: “bir şair gözəl deyib ki,
Şuşa Qarabağın zümrüd tacıdır”. Bunu hansı şair deyib, yenə də Qasım
Qasımzadənin adı çəkilməyəcək.
Səbəbini yenə də belə anlamalı
oluram ki, Tanrı onun ruhunu yəqin bu adsız-ünvansız
bir şöhrətlə mükafatlandırıbmış.
Hazırda televiziya ekranlarında ara
sıra Azərbaycanın qartala bənzər xəritəsini
və Bakını bu qartalın bərq vuran gözü kimi
göstərirlər. Az adam bilir ki, bu bənzətməni ilk
dəfə Bakıya həsr etdiyi şeirində dilə gətirən ötən
əsrin 60-cı illərinin Qasım Qasımzadəsidir:
…Kim deyər
ki, var onun
Özgə quşa bənzəri?
Dimdiyində
aparır
Elə bil ki, Xəzəri.
Bakı!
Sən bu qartalın
Yanar, parlaq gözüsən.
Bədnəzərin
gözünə
Batan oxun
özüsən!
Milyon
çıraqlı o göz
Zillənibdir uzağa.
Qartal
cürət etməzdi
Onsuz qanad
açmağa –
Milyon
çıraqlı o göz
Şəfəqlədib yolunu.
Tufanlardan
keçirmiş
Qanadını,
qolunu…
Milyon
çıraqlı o göz
Yerə,
suya səpir nur,
Ulduzlara göz vurur.
O qocaman
qartalı
Uca, nurlu
göylərə,
Bir
uğurlu səfərə
Uçurduqca
uçurur...
- Ətrafında çox dəyərli,
böyük yazarlar olub, onlarla dostluq edib, heç olubdurmu ki, bədxahları
bu dostluğa ləkə salmaq istəsin və bacarsın?
- Elə bir şeyi
xatırlamıram...
- Daha çox kimlərlə oturub
dururdu və bu yaxınlıq yeniyetməlik dövrünüzə
qədər sizdə o insanlara bir doğmalıq hissi oyada
bilirdi?
- Bayaq
qeyd elədim, sadaladıqlarım insanların hər biri ilə
xüsusi münasibəti var idi Qasım müəllimin. Xasiyyətcə bu fərqli insanların hər birinə
sevgisi vardı. Çox güman, buna
görə onu da sevirdilər. Yəqin
Qasım müəllimə görə məndə də o
şəxslərə məhrəm münasibət
yaranmışdı. Onların əksəriyyəti
indi haqq dünyasındadır. Qasım
müəllimdən sonra Hüseyn Abbaszadə, Xəyyam Mirzəzadə,
Kamal Talıbzadə ilə dostluğun davamı mənim
payıma düşdü. Kamal müəllim bir dəfə
məni az qala kövrəldəcəkdi
deyəndə ki, bilirsən, səndən ötrü bu
ahıl çağımda kimin qapısını
döyüb açmaq lazımdırsa, mən həmişə
hazır, səndən ötrü hazıram lap ölkə rəhbərinə
də müraciət edim... Dostlarımın içində
Vaqif Bayatlının xüsusi yeri var, bu dostluğu Qasım
müəllim özülləndirib, binasını da kərpic-kərpic
özümüz qoymuşuq...
- Bəs atanızı
tanıdıqdan, kimliyini bildikdən, nüfuz və istedad
sahibi olduqdan sonra sizdə nələr dəyişdi? Sinif
yoldaşları, dost-tanış, tay-tuş arasında
qürrələnmək və sair. Olubmu ki, atanızın adına söykənib şıltaqlıq edəsiniz?
- Heç zaman olmayıb. Valideyn nüfuzuna söykənib şıltaqlıq
etməklə bağlı sorğunuzu bu
günümüzün kontekstində daha çox bəzi məmur
övladlarına aid naqislik kimi təbii qəbul edib demək
istəyirəm ki, yazıçı övladları
üçün bu məndən ötrü o zaman da, indi də
olduqca qeyri-təbii görünür.
- Qasım müəllim sizin
üçün təkcə ata olmadı, həyatı,
mövqeyi və ətrafı ilə bir nümunə də ola bilib. Nələri əxz edib
nələri öyrəndiniz?
- Çox şeyi bəlkə də
öyrənmədik, sadəcə qanla, irsən qəbul etdik
ondan.
- Ailə başçısı
olaraq necə idi? Sizə, ailəyə vaxt
ayıra bilirdimi?
- Əlbəttə, ailə
başçısı kimi də əvəzsiz idi. Bizə, bəzən
də yaxınlarımıza görə
ayırdığı vaxta heyfsilənirdim, deyirdim
“yaradıcılığından qalırsan, işindən-gücündən
olursan. Biz heç, sənin
övladların, filankəslər qardaş-bacı
uşaqların, başa düşürəm ki, qayğılanırsan,
istəyirsən hər işimiz yoluna düşsün. Bəs üzünü illərlə görmədiklərinin,
bəzən də heç tanımadıqlarının hər
müraciətinə dərhal reaksiya verib qabağa
düşürsən, məsələlərini həll etməkdən
ötrü nə qədər vaxtın gedir, hələ onu
demirəm ki, aralarında naxələf çıxanlar da
var”. O da özünə belə bəraətlə cavab
verirdi ki, yaxşılığı et, at
dəryaya, balıq bilməsə də xaliq bilər... Bir
neçə il öncənin söhbətidir,
küçədə bir nəfər mənə
yaxınlaşıb salam verir, ardınca da deyir “sizin atanız
Qasım Qasımzadə mənə bir yaxşılıb
edib”. Kimliyini soruşuram, deyir, azneft tərəflərdə
mənzil-istismar idarəsinin müdiridir, bizimlə heç
qohumluğu-filan da yox. Tələbəlik
vaxtı imiş, imtahandan kəsilibmiş, İstiqlal
küçəsi ilə ovqatı təlx yol gedirmiş.
Təsadüfən qarşı səkidə Qasım
müəllimi görür. Səkini
keçib ona yaxınlaşır, üzünə salıb
sıravi bir vətəndaş kimi ona dərdini açır,
yardım istəyir. Qasım müəllim
də onu akademiyanın yanında saxladığı avtomobilinə
tərəf aparıb deyir “min gedək”. Gedirlər
BDU-ya. Qasım müəllim orada çalışan
dekana tanımadığı birisinin xahişini edir, tələbənin
kəsirini düzəldirlər... Bunu mənə
danışandan sonra gülə-gülə soruşuram
“heç olmasa çox sağ ol dedinmi
ona?” Bildirir ki, “harasa çox tələsirdi, imkan vermədi əməlli-başlı
təşəkkürümü bildirim, dedi sənin məsələni
həll etdim, maşını sürüb getdi, indi də
fürsətdir o zaman dilə gətirməyə macal
tapmadığım çox sağ olu sizə deyirəm...”
- Qonşulara münasibətdə,
dostlara münasibətdə sizin illərin o tayında qalan
müşahidələriniz bizə nəyi deyə bilər?
- Nə deyim, vallah, az
öncə dediklərimdə, məncə, bu sualın da
cavabı var.
- Bəs dövr o dövr idi ki,
senzura, təqib, təhdid, ehtiyatlı olmaq instinkti və sair. Heç təzyiqlərə məruz
qalmışdımı?
- Əlbəttə. Xüsusən də ilk gənclik ilərində. Vaxtilə Azərbaycan
Cumhuriyyəti dövründə Zəngəzur qəza rəisinin
müavini işləmiş Şahsuvar bəyin nəvəsi
olduğuna görə onu 1950-ci ildə aspiranturadan xaric
etmişdilər. Ancaq azacıq sonra o zaman
Ali Sovetin sədri Nəzər Heydərovun müdaxiləsi ilə
aspiranturaya bərpa edilmişdi. Həmin
dövrün sıxıntıları barədə özü
bir müsahibəsində bildirirdi ki, əlinə qələm
götürdüyü məqamda gözünün
qarşısında həmişə Qlavlitin (sovet senzura idarəsinin),
DTK-nın məşum fuquru boyaboy dayanıbmış. Ürəyində tutduqlarını sətiraltı,
rəmzi obrazlarda, ifadələrdə çatdırmağa
çalışırmış. O zamanlar cürətli
sayıla biləcək cüzi addımlarına görə isə
Azərbaycan kommunist partiyası mərkəzi komitəsinin
töhmətdən başlamış işdən
çıxarılmaya qədər cəza payına layiq
görülmüşdü. “Ədəbiyyat qəzeti”ndə
baş redaktor işləyəndə “Novruz bayramı” sərlövhəsinə
görə, Dərbənddə açılmasına icazə
verilən Azərbaycan dilində teatra kömək məqsədilə
material dərc etdiyinə görə mərkəzi komitədə
ona “milli həddini aşmaq” damğası vurulmuşdu, Xəlil
Rzanın bir qədər üsyankar şeirlərinin dərci
üstündə töhmət almışdı, nəhayət,
vəzifədən xaric edilmişdi. Həmin müsahibəsində
deyirdi ki, onda da, indi də bu cəzaları mükafat kimi
qarşılayır...
O
dövrü səciyyələndirən bir xatirəni mənə
Qasım müəllim də danışıb, bunu eynilə mətbuatda
Bəxtiyar Vahabzadə də səsləndirib. Deməli,
bir gün Bəxtiyar müəllimlə yol gedirmişlər və
vətən-millət-azadlıq söhbətləri
edirmişlər öz aralarında. B.Vahabzadə
bədbinliyə qapılıb deyir nə vaxtsa millətimizin
azad olacağına heç inanmağı gəlmir.
Qasım müəllim isə gənclik ehtirası ilə
nikbin-nikbin deyir millət azad olacaq, özü də kişi kimi azad olacaq. Belə
söhbət edə-edə o vaxtkı Kommunist, indiki
İstiqlal küçəsiylə enirlər
aşağı. Sabirin heykəlinə
çathaçatda yerdə kibrit qutusu görürlər.
Bəxtiyar müəllim deyir, “bax, o qutunun
içində bir salamat dənə varsa, sən deyən
olacaq, yoxdursa, mən deyən”. Götürüb
baxırlar ki, kibrit yanmamış çöplərlə
dopdoludur. Bəxtiyar müəllim kibriti
cibinə qoyub deyir “o azadlıq günü gəlsə, bu
kibritlə sənin siqaretini özüm öz əlimlə
yandıracam”. Qasım müəllim də
siqaret çəkən deyildi, nadir hallarda çəkərmiş.
Azərbaycan müstəqillik qazananda Bəxtiyar
müəllim ona bir siqaret uzadır, cibindən həmin o
kibrit qutusunu çıxardıb deyir “bax bu qutunu o gündən
indiyədək saxlamışam”. Həmin qutudan bir kibrit
çöpü çıxarır və Qasım müəllimə
verdiyi siqareti yandırır…
Qasım müəllim milli mənafe naminə yaranan hər
fürsəti də sanki özünə aid mükafat kimi
qarşılayırdı. Bu mənada Heydər
Əliyevə münasibəti haqqında danışmaq da, elə
bilirəm, yerinə düşər. 1981-ci ilin may, yaxud
iyun ayı idi. Liviyadan Bakıya məzuniyyətə
qayıtmışdım. Yazıçıların
Şüvəlan yaradıcılıq evində Heydər
Əliyevlə görüş keçirilmişdi.
Qasım müəllim bu görüşün bəzi təfərrüatlarından
danışanda açıqca biruzə verirdi ki, onun
üçün vacib məqam Heydər Əliyevin “Nə olar, qonşularımız
kimi millət yolunda siz də bir yol
cızığınızdan çıxın,
uzaqbaşı bir partiya töhmətidir alarsınız, sonra
da bu töhməti üstünüzdən silərik gedər”
sözlərilə Azərbaycan
yazıçılarını “milli qeyrətə”
çağırışları idi. Sonra Heydər
Əliyevlə şəxsi söhbətlərindən bəzi
epizodları da mənə danışdı. Azərbaycanın rayonlarına onu səfərləri
zamanı müşayiət edərkən aralarında bir
neçə dəfə maraqlı söhbətləri
olmuşdu və bu söhbətlərin başlıca
mövzusu millət məsələsi imiş. Yüksək
partiya və dövlət postunu tutan rəhbərlə bu təmaslarından
Qasım müəllim o dərəcədə təsirlənmişdi
ki, mənə deyirdi “H.Əliyevi qorumaq lazımdır, Moskvada
bizi gözügötürməyən o qədər adam var ki...” Az müddət
sonra Liviyaya qayıtdığımda Qasım müəllim mənə
göndərdiyi məktubda yazırdı: “…Buradakı hadisə
və yenilik Yazıçılar İttifaqının
qurultayı oldu. Təəssüf ki,
açılışında iştirak edə bilmədim.
İkinci gün çıxışlar
maraqlı keçdi. Məruzələr o
qədər də sanballı deyilmiş. Elçininkini
tərifləyirlər. Mənim də bir
neçə dəfə adımı çəkibmiş
(müsbət mənada). Sənin adın
da ərəbcədən yeganə tərcüməçi
kimi məruzəyə düşüb, təbrik edirəm.
Gərək bu etimadı doğruldasan. İkinci gün Heydər Əliyev bütün
günü, gecə seçki qurtaranadək qurultaydan getmədi.
Kaş onun çox böyük müdrikliklə
dediyi sözləri, replikaları eşidəydin. Dedi ki,
millətin, xalqın mənafeyi yolunda yazıçılar,
xüsusən adlı-sanlı sənətkarlar gərək fədakarlıq
göstərsinlər. Füzulinin qəbrinin İraqda
sökülüb sümüklərinin bir küncə
yığılması ilə əlaqədar çox qəzəbli
danışdı, dedi ki, orda-burda millətdən
danışırsınız, ancaq işə gələndə
fəaliyyət göztərmirsiniz (Q.Qasımzadə məktubunun
bu yerində H.Əliyevin müraciət etdiyi bir neçə
xalq şairi və yazıçısının adını
çəkir). Hamıda böyük ruh yüksəkliyi
yarandı. Başqa vacib mətləblərdən də
ehtirasla danışdı…”
Müstəqillikdən öncə yenidənqurma
dövrü senzuradan yan keçmək imkanları
baxımından Qasım müəllim üçün
göydəndüşmə olur. Bir dəfə
yaxşı xatirimdədir, “Bakı” qəzetinin əməkdaşı
Ağəddin Mansurzadə Qasım müəllimə məqalə
sifariş vermişdi. Qasım müəllim
də ona telefonda “Yazaram, amma necə və nə yazsam gərək
redaktəyə-filan məruz qalmadan dərc edəsiniz, əks
təqdirdə, yazmağımın mənası yoxdur,
razısansa yazım”. Ağəddin də söz
vermişdi: “Arxayın olun, Qasım müəllim, sizin
yazdığınıza kim əl vura bilər
ki?! Narahat olmayın...” Məqalə mənəviyyat
məsələrinə dair ciddi və sərt publisistik məzmunda
imiş. Qəzet redaktoru Nəsir
İmanquliyevlə də Qasım müəllimin xoş
münasibəti varmış. Nəsir
müəllim məqaləni bəyənir, “əla
yazıdır” deyir, həm də xahiş edir yazıda bəzi
ixtisarlar aparılsın. Ağəddin
boynuna götürmür, deyir ixtisara, düzəlişə
yol versək daha bizimlə əməkdaşlıq etməyəcək.
Nəsir müəllim müəllifi dəvət
edir redaksiyaya. Mehriban dost kimi görüşürlər.
Həmişəki kimi dərhal çay dəstgahı
düzəlir. Səmimi, şirin söhbətləri
başlayır. Sonra Nəsir müəllim
mətləbə keçib deyir, “bilirsən, sənin xətrini
nə qədər istəyirəm. Mənə hörmət
naminə gəl məqalənin bəzi sərt yerlərini
yüngülləşdirək... Qasım müəllimin
cavabı hazırmış. “Qurban olsun sizə!” deyib Nəsir
müəllimin ehtiyat etdiyi yerləri təzədən
gözdən keçirir, daha doğrusu, məqalənin sərt
yerlərini “rəndələyir”, sonra da “Ancaq gərək
redaktorun başı hərdən ağrısın, “Ədəbiyyat
qəzeti”nin redaktoru işlədiyim illərdə mənim də
başımı çox ağrıdıblar. Qəzet
çıxan gecəni isə mən demək olar ki,
yatmamışam” deyir. “Allah səni
saxlasın, sən həftədə bir qəzet buraxmısan,
bir gecə yatmamısan, onda mən gərək heç
yatmayım. Ona görə ki, qəzetin həftədə
on iki nömrəsi çıxır, altısı azərbaycan,
altısı da rus dilində. İndi özün
mənim vəziyyətimi başa düş...” deyə Nəsir
müəllim cavab verir. Bu xatirə daha
ayrıntılı olaraq Ağəddin Mansurzadənin “Nəsir
İmanquliyev məktəbi” kitabında da gedib.
Və nəhayət, bir vacib məqamı da qeyd edim. Sovet
senzurası Qasım müəllimə, ümumiyyətlə,
baha başa gəlib. Bir neçə il
əvvəl təsadüfən əlyazmaları arasında
onun dərc edilməmiş bir poemasına rast gəldim, bunu 23
yaşında qələmə alıbmış. Kosmosa, gələcəyə, keçmişə səyahət
səpkisində, elmi bədiiyyat janrında maraqlı əsərdir.
Poemada zadəgan törəmələri üç qəhrəman
var: Adil xan, İstiqbal və Azər. Sovet
dövrünün siyasi konyukturasına xeyli dərəcədə
zidd poemadır, çap oluna bilməzdi deyə arxivində
yatıb qalıb. Həm də elmi bədiiyyat
janrında dünya poeziyasında ilk nümunədir. Bu barədə geniş araşdırmam var, mətbuatda
dərc edilib. Bunu ona görə
xatırladıram ki, sovet senzurası olmasaydı, həmin
janrda ilk poeziya nümunəsinin müəllifi dünya
poeziyası tarixində də təsdiq edlmiş bir imza olaraq
yer tutardı. Qasım müəllimdən on il sonra bu janrda bir İsveç şairinin
yazdığı poema sonradan Nobel mükafatı alıb…
- Gənclərə xüsusi
qayğısı, diqqəti olub, onlara görə olubmu ki,
kimlərləsə üz-üzə gəlsin, haqqı
nahaqqın ayağına vermədiyinə görə əl-ayağına
dolaşsınlar?
- İstərdim
bu barədə vaxtilə qayğı göstərdiyi Nüsrət
Kəsəmənlinin
müsahibəsindən bir parçaya müraciət
edim. Qasım müəllimin sağlığında “Yol” qəzetində
dərc edilib: “Mənim üçün birinci amil
yaxşını görüb etiraf etməkdir, qolundan tutub
ayağa qaldırmaqdır. Elə ki,
ayağı yer tutdu, əgər istedadı varsa, “yeriməyə”
başlayacaq. “Yeriyə” bilmirsə, himayədarlıq
edib arxanca sürüməyə dəyməz. Bu mənada şəxsiyyətinə ən çox
hörmət etdiyim Qasım Qasımzadənin adını
çəkmək istəyirəm. Bu
şairin şəxsiyyəti ilə yazıları arasında
“ciddilik” deyilən bir oxşarlıq var. Buraya qətilik və
sözübütövlüyü də əlavə etsək,
şəxsiyyət tamamlanar. Şair
huşsuz, sadəlövh görünəndə, yaxud
görünmək istəyəndə yazıları nə qədər
ciddi olsa da, özü gülməli görünür. Şairin xeyirxahlığından, ağsaqqal kimi
xalq üçün gördüyü işlərindən,
şeirlərinin yüksək bədii keyfiyyətlərindən
danışarlar, ağsaqqal adamın uşaq hərəkətlərini
lətifəyə çevirib söyləməzlər. Gərək sənətkarın özü buna imkan
verməsin. Qasım Qasımzadə
sözün böyük mənasında şəxsiyyətdir.
Ramiz Rövşəni, Seyran Səxavəti, məni heç
kimin tanımadığı, redakslyalardan kor-peşman
qayıtdığımız bir vaxtda Qasım müəllim
“Uğur olsun” yazdı, bizi geniş oxucu kütləsinə
tanıtdı. Və nə yaxşı ki,
sonralar himayədarlıq etmədi. Elə
indinin özündə “mənim yetirmələrimdir” deyib
öyünmür. Hərçənd Qasım müəllimin
buna haqqı var...”
Bir dəfə olub ki, siz demiş, çalışıblar haqqı nahaqqın ayağına versinlər. Həyatdan çox erkən getmiş bir qəzəl ustası vardı – Elnarə Buzovnalı. Həqiqətən, çox istedadlı bir qız idi. Şeirlərini veribmiş Qasım müəllimə. Onun yazdıqlarını mənə göstərib dedi, bax, necədir, bəyənirsən? Oxudum, xoşuma gəlsə də fars-ərəb tərkibli ifadələrin çoxluğundan şikayətləndim, dedim yəqin müəllifi kimdirsə, Abşeronun köhnə kişilərindəndir. Dedi, indi təsəvvür elə ki, bu qəzəllərin müəllifi 19 yaşında bir qızdır, Buzovnalıdır. Açığı, çox təəccübləndim ki, bu yaşda necə belə yaza bilər. Düşündüm yəqin çox mütaliəlidir, istedadı da öz yerində. Qasım müəllim həmin qızın filologiya fakültəsinə daxil olmasına törədilən əngəllərdən, müəllimlərin rüşvət istəməsindən, atasının da imkansız birisinin olduğundan qəzəblə danışdı və nəhayət, dedi onu imtahandan kəsən vicdansızların heç onun qədər ədəbiyyat bilgisi də yoxdur. Bir neçə gündən sonra bu gənc istedad haqqında bir yazı yazıb “Ədəbiyyat qəzeti”ndə dərc etdirdi, ardınca da həmin fakültə müəllimləri ilə görüşüb onları utandıraraq vicdana dəvət etdi. Beləcə Elnarə instituta daxil oldu, qısa müddətdə məşhurlaşdı, Abşeron qəzəl məclislərinin tanınmış, sevilən üzvlərindən birinə çevrildi. Əfsus ki, ailə qurandan az sonra avtomobil qəzasında həlak oldu...
- Ümumiyyətlə, Qasım Qasımzadə xatirələrdə daha şirin, xoş, sevilən, yadda qalan idi, yoxsa həyatda?
- İnanın
ki, hər ikisində. Xatirələrdə necədirsə, həyatda
da olduğu kimi şirin və sevilən, mülayim və sərt,
ipək kimi yumşaq və ipək kimi möhkəm, zadəganlığından
da heç zaman qalmayan şair-alim Qasım Qasımzadə.
Söhbətləşdi: Faiq Bababəyli
Ədəbiyyat qəzeti.- 2017.- 14
oktyabr.- S.12-13.