Tanrı oturacaqları...

 

Romandan parça

 

Yazı ocağı

 

Yazı Ocağı dediyim tapınaq Balatəpənin güneyinə sığınmış bir quyu ağzıdı. Şura hökuməti buranın altını-üstünü öyrənmişdi, gələn kimi quyunun ağzına iri bir daş qoydu... mən gözümü açandan belə gördüm, üstündə daş, ağzı bağlı...

Deyilənlərə görə yalnız bir dəfə uşaq vaxtı xəstələndiyimə görə quyunun ağzını açıb məni quyuya sallayıblar... Nənəm Hürü Hasan qızıyla ağbilənlərdən Mayqa ana... neçənci Mayqa olduğunu demək çətindi

Quyuya salındığımdan yadımda heç nə qalmayıb. Bir o yadımdadı ki, daş açılınca quyunun ağzından sürüylə həşaratlar, yarasalar, quşlar, indinin özündə də görmədiyim, adını belə eşitmədiyim canlılar uçuşdu, bulud topası kimi uçub havaya qarışdılar, başqa heç nə yadımda deyil...

Bir dəfə də kənd müəllimləri yığışıb quyuya enmək istədilər, obanın  demək olar ki, bütün yaşlı adamları başda da Ağbilənoğlu, qarşı durdular:

-Yox, - dedilər, - açmaq olmaz...

-Niyə, bir vaxtlar işıqsızdıq, çox dərinə enə bilmirdik. İndi işıq götürüb enərik... niyə olmaz?!

Yaşlı adamlar yenə bir ağızdan:

-Olmaz - dedilər. - Hökümət Yazı Ocağını sevmir, innən belə də heç sevməz... daşı qaldırıb keçmişləri yada salmayın, Şura hökuməti dovşanı arabaynan tutur, qurdalamayın... buranın öz yiyələri-əyyələri var, məsləhət onlarındı... bu da Tapınağın sirridi ki, özünü unutdura bildi, qeybə çəkildi.  Altınnan heç kəsin xəbəri yoxdu. Siz təzədən yada salmayın.

Bir kərə də biz,- ali məktəb tələbələri cəhd elədik, sözü bir yerə qoyduq ki, bu yay kəndə yığışan kimi Ocağın üstünü açaq, görək altında nə var...

-Olmaz, - dedilər yenə. - İstiyirsiz ermənilər xəbər tutsun, rus hökuməti onnardan yaxşıdı, uçurdub-dağıtdı, çəkilib də getdi. Amma erməni, goreşəndi, bütün dəlmə-deşiyi eşib mənimdi deyəcək. Quyruqlu xaçını da tikəcək üstünə.

On doqquzuncu yüzilliyin sonu, iyirminci yüzilliyin əvvəlləriydi, artıq erməniləri gətirib yerləşdirmişdilər... ermənilər də həmişəki kimi yalançı tarixlərini asmağa yer axtarırdılar...

 

*  *  *

 

Yazı ocağında qalan ağbilənləri barmaqla saymaq olardı, çoxu qaçıb dağılmışdı. Amma el-oba belə demirdi, "gözümüz görə-görə yoxa çıxdılar, qeybə çəkildilər" , deyirdi. Bir az keçəndən sonra "qeyb" sözünü də yığışdırdılar. Çünki Borçalıdan köçüb gələnləri rayona aparmışdılar ki, deməli siz "ağbilənlər qeybə çəkildilər" deməklə Şura hökumətini qoyub qeybə inanırsınız... İndi dərsinizi verərik, bir də inanmazsınz... Beləliklə çoxu o dərsdən çıxa bilmədi.

Yazı ocağını qorumağa gələnlər də birdən gəldilər, daha doğrusu, peyda oldular.Bu doğrudu, onlar peyda olmuşdular... Səhər yoxdular, bir nəfər də gözə dəymirdi. Malakan rusun rəhbərlik etdiyi Sura döyüşçüləri,-inqilabçı qüvvələr başlarını qaldırdılar ki, Yazı ocağının dörd yanını bürüyüblər. Malakan öz qərargahından baxıb:

-Hardan çıxdı bunnar?! - tələsik atına doğru getdi. - Çapıq... Komissar Çapıgı çağırın yanıma!

Azalıb az qalmış ağbilənlərin bir neçəsi dəmirçiydi, araba düzəldirdilər, biri Yazı ocağında dəyirmançılıq eləyirdi, araba işlədən vardı, əkən- səpən vardı. Amma uzağa getməzdilər, hamısı Yazı ocağının dörd yanındaydı, elə bil hamısını quyunun ağzındakı daşa bağlamışdılar; eyni uzaqlıqda aralanır, təzədən daşların dibinə qayıdırdılar... Gecə düşən kimi öz işlərindəydilər. Öz işləri də nəydi, heç kəs bilmirdi...amma diqqət eliyən olsaydı səhərə kimi ara-sıraYazı ocağının qaranlıq dibləriylə zəif işıq közərtilərini görərdi...

Günlərin birində dünyanın irəlisini-gerisini görən, anlayan bir dəstə adam Yazı ocağının sonuncu görücüsü Ağbilən Xallının hüzuruna getdilər...

Bu o vaxtdı ki, artıq yazılı abidə dağıdılmışdı, quyu ağzından yeraltı keçidlərə, hücrələrə enən yollar bağlanmışdı...Yazı ocağı uğrunda döyüşlərdə çox sayda adam ölmüşdü, görənlərin diliylə desək, Qırmızı Ordu qırdığını qırdı, qalanlar da Yazı ocağına çəkilib bolşeviklərin gözü görə-görə yox oldular. Ara səngiyəndən sonra Xallı Ağbilən bir neçə qaraca damın həyətində təzəkdən    hörülmüş kərmə qalağından çıxdı, camaata ilk sözü də:

-Şura hökumətini tanıyın, - oldu. Özü  də əlini sinəsinə qoyub əyildi.- Bağır basın, hökumətə xoş gəldin... deyin, baş əyin, ölümə getməyin, Şura adamlarına qarışıb yaşayın.

Şura hökumətinin hər yerdə qulağı vardı, bu dediklərinə görə onu bağışladı. Qaraca damında, öz diliylə desək, torpaq xebisində uzun ömür sürdü... Amma Şura hökuməti bilmədi ki, onun öz günləri var; yaradılışdan Xallı Ağbilənə ayrılmış günlər...  o günlərdə elə bil güclü bir əl harda olur-olsun Xallını götürüb üzü divara qoyur, ayılana kimi divarla üz-üzə qalır, nə olacaqsa, başlarına nə gələcəksə ona göstərirlər...

Onda da üzü divaraydı, divarla nəfəs-nəfəsə...Yazı ocağından azca aralı adamların yavaş-yavaş yığıldığını gördü:

-Bizə gəlirlər, - elə bil öz-özünə dedi.

Nəvəsi Mayqa qapının ağzındaydı, neçənci Mayqa olduğunu indi heç kəs bilməz, heç Xallı da deyə bilməz...

-Kimlərdi, aayyam?

-Qapı-bacanı yığışdır. Qorxma hökumətdən deyillər...

Çoxlarının yadındadı, o zaman Ağbilənoğlu ayrı şeyləri dedi:

-Vaxt hamını aldı apardı.  Yazı ocağısa vaxtdan qaldı, - dedi.- İnnən belə quyunun ağzı xeyirə açılmayacaq, göz görə-görə haram halaldan, yalan gerçəkdən yuxarı olacaq. Günah, suç tutacaq hər yeri...Yanındakı adamlara baxıb başını aşağı saldı, bir neçə anlığa susdu,- quyunun ağzını günaha açmayın...!

 

*  *  *

 

Dedyim kimi yazıdan, daha doğrusu, "Yazı ocağı"ndan  ayrılmağımın bir səbəbi də Ayca xanımdı. Adı Ayca deyil, yazdığım məqamda televiziya verilişlərinin birində səsləndi...kimisə Türkiyədən  çağırırdılar: -Ayca!

Həə, bu ad ona yaraşır,  daha uyğundu, adını dəyişirəm, Ayca... həm də ona görə ki, kimdən yazdığım bilinməsin. Öz adı indi qiyafəsi kimi gəlir mənə, yəni geyinib köhnəltdiyi pal-paltarı kimi. Özü ağappaq, yaraşıqlıdı, ona görə həmişə işıq içində  görükür...Ay içində... Dediyim kimi birdən yadıma düşür ki,  Ayca da işarəliydi, alası-bulası vardı...

Ermənikənddə bir kasıb erməni evindəyik; ağlığından bərq vurur, çıl-çılpaq, ağappaq, indi də gözümün önünə gəlir...

Pulumuz olan kimi az qala yüyürə- yüyürə gəlirik bura. Pəncərədən pulu uzadan kimi qapı elə bil öz-özünə açılır... elə bil bizi qovurmuşlar, özümüzə gəlmişik... Mən ona fikir vermədən tələsə-tələsə, titrəyə-titrəyə əynimi soyunuram, onun nə vaxt soyunduğunu da görəmmədim. Başımı qaldırdım ki, çıl-çılpaqdı... soluxub rəngi getmiş divardan seçilməyən kirayəşin taxtına uzanıb gülümsəyir:

-Gəl-deyir,-gəl, gör, xalım böyüyübmü...

Mən taxtın yanında diz çöküb canımı ona sarı uzatdım, əlimi qasığından köbəyinəcən uzanmış xalının üstünə qoydum:

-Bu da gözəldi,-dedim,-  xalın da gözəldi... gendən baxanda xəritəyə oxşayır.

- Ölç, sənin barmaqlarınla bir çərəkdi, gör, böyüməyib ki?

Elə bil dəniz qırağındayam, suyla oynayıram elə bil, onu o qədər də yaxşı eşitmirəm. Əlim-ayağım hardadı bilmirəm... O, heç nə eləmir, eləcə gülümsəyir, gülüşü bütün otağa dağılmış kimidi, künc-bucaqdan işarır.

-Bu qədər günəşlə, işıqla dolusan, soyuqsan, amma sərin... niyə!? Dikəl, cana gəl, gör neçə vaxtdı görüşmürük.

-Düz deyirsən, mən sevdiklərindən çox uzaqlarda olan qadınam, mən gərək bütün günü səninlə olam ki, səni istəmək yadıma düşsün, bütün günü beləcə mənimlə oynayasan ki, uzaqlardan sənə qayıdam... səni yanımda hiss eliyəm, hələ gecəni də gərək mənimlə qalasan... qadınınkı gecədi, düzdü, gündüz olanlar da işdi, amma  elə belə işıqla oynamağa oxşayır bir az,-deyib öz təbəssümü, gülüşü içində yanı üstə döndü.-Əllərimnən tut...

Mən onun dediklərinə az qala bayılıram, əllərini gül dəstəsi kimi götürüb üzümü örtdüm, elə ovuclarına:

-Amma indi ada kimisən,-dedim,- üzən ada, günəşlə dolu, işıqlı... yavaş-yavaş da üzüb uzaqlaşırsan mənnən... xəbərin yoxdu.

-Həkim dedi, xalın böyüsə, xəbər elə... mənə elə gəlir böyüyüb.

Barmaqlarımı xalının üstünə sürüşdürdüm, ölçüb:

-Həmişəki kimi bir çərəkdi,-dedim.

Gözləmədiyim halda:

-Bilirsən nə var,-dedi,- bizim boyumuz tutmur, yoxsa heç nəyə baxmayıb, nə səninkinə, nə mənimkinə, sənə ərə gedərdim...

Başımı qaldırmadan yenə ovuclarının içinə:

-Mən səni çox istəyirəm,-dedim, pıçıltıyla.

-Bilirəm!..

 

*  *  *

 

O vaxtdan otuz ildən çox keçib, otuz ildən sonra yas yerində gördüm...

Fəxri xiyabanın girəcəyində xeyli adam var, amma o, otuz il qabaq olduğu kimi yenə adamların arasıyla  elə gəlir, elə bil heç kəs yoxdu... ya da hardansa göndəriblər ki, Fəxri xiyabanda adamlar düzgün dayanmayıb, get  nizam-intizam yarat... otuz il bundan qabaq da beləydi, görürdün küçəylə bir olub gəlir... bir dəfə sən adaya oxşayırsan dedim, mənim görüşümə də  ada kimi gəlirsən həmişə, günəşlə dolu, işıqlı ada kimi,  yeriyə-yeriyə yox, üzə-üzə... sənin yerişin üzməyə oxşayır. həmişə də sol yanına baxırsan, bilirəm sol yanındakı xala baxırsan.

Bu cür bənzətmələrdən xoşu gəlir, ona görə belə danışıram, alındı, alınmadı... sevinir, yüngülləşir, başlayır gülümsəməyə...

Fəxri xiyabanın girəcəyində adamlar bölük-bölükdü, yəqin məzarlıqdı deyən yön, səmt yoxdu, yolun, mənzilin  sonu olduğundandı, hamı hər tərəfə baxır. O, məni gördüyünün üstünü vurmur, adamların arasından ağacların arasından keçirmiş kimi keçib aralıda dayanır. Bir az da ətə-qana gəlib, indi adaya daha çox oxşayır. Geyimi düşünülmüş deyil, nə gəldidi; başlıcası, parlaqlığı, işığı xeyli azalıb.

-Salam...-Yenə nəsə deyirəm, deyəsən, amma özüm öz səsimi eşitmirəm

Üzündə-gözündə heç bir ifadə yoxdu, bir anlığa elə bil nəfəs də almır, sonra  dodaqlarının bir qırağında  daha çox söyüşü xatırladan gülüş yaranır. Söyüş kimi də anlayıb qəbul eləyirəm... gendən-genə gözlərimi xalı olan yerə dikib barmaqlarımı oynadıram,  çərəyimi göstərib, sakitcə, ancaq özümün eşidəcəyim səslə deyirəm:

-Aradan çox keçdi, yəqin indi  bir çərəkdən böyük olar...

Bilmirəm məni anladı-anlamadı, amma gülümsəyir... həə, bu  onun öz gülüşüdü... öz gülüşü bir anlığa üz-gözünü bürüyür. Heç nə demədən bütün tərpənişləriylə məndən uzaqlaşdığını bildirə-bildirə dönüb gedir, arxadan lap kədərli görünür, hec deməzsən indicə gülümsəyən adamdı; yerişi üzməyə bənzəmir artıq, iri kişi addımlarıyla əllərində ağır yük varmış kimi aralanıb yas adamlarına qarışır...

 

*  *  *

 

-Bilirsənmi, - deyir, - bizim bağ gözətçimizin də xalı var. - Əlini öz xalının üstünə qoyub yaxasını açmaq istəyir. - Çoxdandı görmürsən... göstəri-im?!

-Neynirsən,-deyirəm,-küçənin ortasında. Baxırlar, axı!

Əlini yaxasından çəkib mənə sığınır:

-Xəbərin yoxdu, xalım aradabir elə sızıldayır, titriyirəm, titrətmə tutur məni

Mən Qala kəndindəki qala gözətçisi Aydəmir kişidən bir də soruşdum:

-Ala adam nədi, ala-bula... bu nə söhbətdi eləyirlər? Qara adam olur, ağ olur, sarı... hətta qırmızı adamlar da olur. Amma ala adam olmur.

-Mənim yerimi sənə kim deyib?

-Pirşağı qayalarının üstündə dedilər...

Kişi Mərdəkan qala divarlarına söykənib üzügünəşə dayanmışdı, amma gözləyənə yox, yola salana oxşayırdı...heç yanımdakı tələbə yoldaşıma da fikir vermədi...

Mən elə gendən-genə:

-Keçən dəfə yarımçıq qaldı... hamısını yaza bilmədim. - dedim, əlimdəki dəftər-qələmi göstərdim.

-O dəfə tək gəlmişdin, məni danışdırmaq istəyirsən, yanıma tək gəl...

Tələbə yoldaşım qolumdan yapışıb sakitcə dedi:

-Mən qayıdım, sən əl çəkmə, öyrən hər şeyi...

Deyən kimi də Qala divarlarının kölgəliyinə qarışıb yox oldu

Mən kişiyə tərəf tək getdim...

-Bu uzun söhbətdi,-dedi kişi,-bizlik deyil, sənnik də olmasın.

Pirşağı qayalıqlarının üstündəki binanın nə vaxt tikildiyi bəlli deyil, kimin tikdiyi də bilinmir, bilinənlər də ucundan-qulağındandı, yəni, Sovet dönəmində başlanıb, hələ deyilənlərə görə minillərdən qalma mağaranın üstündə tikilib... mağara da yonulmuş, biçilmiş sal qayalardı, adına da yerli camaat Tanrı daşları deyirmiş... altından min kilometrlərlə bitib-tükənməyən yollar gedir, hara gedir, hardan gəlir, bilinməz.

Xəzər dənizinin sahilində sulardan çox-çox hündürdə, dalğaların belə çatmadığı ucalıqdadı.

Beləcə, oturanlar qalxır, üz-üzə, göz-gözə dururlar, yaddaşlarında, düşüncələrində yapışıb qalmış yurdlarından-obalarından silkinib xırdaçılıqdan çıxırlar...

İndi doğulduğum yurdda olmasam da,  yazmaq istədiyim adamlarla ruhən biri- birimizi tapmışıq...Görünür, yazacaqlarım dünəndən, bu gündən, sırağagündən, minilliklərdən keçdikləri üçündü ki, hamı, hər şey alaqaranlıq içindədi, ola bilər, ona görə də düşüncəmdə hiss elədiyim  bu kölgəlikləri adamlar qarışıq burulğana oxşadıram, burulğana bənzər hərəkətə... bu burulğanı- hərəkəti də içimdə bilib, yenidən yaşayıb, işığa, gücə döndərməliyəm, başqa yolumun olmadığını bəri başdan anlamışam...

...üz-üzə qaldığım kompyüter səhifəsinin də içimdəki minilliklər kimi sirli şəkildə dərinləşə-dərinləşə açılıb-yığılması bunun gerçək  olduğunu bir daha göstərir... ona görə də düşüncəmdə yarananlara,-yazmaq istədiklərimə qarışıb o aranı yenidən yaşamaq istəyirəm.

Doğulduğum yurd yoxdu, daha doğrusu, yurdda biz yoxuq. Yox olmaq budu, yox olmaq belə olur... Ona görə də özümüzün xəbərimiz olmasa da, üzümüz-gözümüz qorxu içindədi, bütün oynaqlarımız yerindən çıxıb... Babamın yaramaz-yarıtmaz oğullara belə bir qarğışı vardı: "yurdda qalmayın sizi". Biz yurdda qalmadıq, qala bilmədik. Bu haqda hələlik başqa bir söz deməyim, onsuz da alınmayacaq. Alınmır... çünki yurdun döyüşsüz, savaşsız itirilməyi anlaşılan, onun üçün də bağışlanan deyil. Ona görə ki, bu da gördüyüm dolaşıq yuxular kimidi, ifadəsi yoxdu hələ...

İndi deyəcəklərimi əslində bütün ömrüm boyu demək istəmişəm, yetmiş illik ömrüm boyu... amma belə çıxır ki, bu çağacan nə demişəmsə,  ancaq gördüklərimi demişəm, duyduqlarımı yox...bu yazıda duyduqlarım deyiləcək. Bu da daha çox uzaq keçmişlər olsa da, mənimçün gələcək anlayışındadı...

 

*  *  *

 

O günün, - yəni yetmiş il bundan qabaq xatırladığım o günün işıqsız, kölgəli olduğu yadımdadı, bir də obanın gendən baxanda qapı-bacası bilinməyən qaraca damları. Çöldə-bayırda olsalar da, niyəsə adamlar iti- pişiyi, qoyunu, quzusuyla bir yerdə deyillər; mal-heyvan  gözə dəymir.

Nənəm əlimdən tutub məni deyinə-deyinə iki dağın arasındakı ziyarətə aparır. Qarşıda gicitikanlıqdı...

...bir dəfə yuxudan ayılmadığıma görə, gicitikanla dalayıblar məni, əlim-ayağım, üzüm-gözüm şişib, kötük kimi olmuşam, ona görə də gicitikanlıq elə bil səs-səsə verib; gendən-genə səslərini, sızıltılarını canımda hiss eləyirəm. Neçə yaşda olduğumu bilmirəm, elə indi də fikirləşən kimi heç nəyi yox, yuxuda gördüyüm rəngli axını-burulğanı xatırlayıram, yaşımı, balaca olmağımı itirirəm, daha doğrusu, bu günüm, indim unudulur,  yox olur, yan-yörəmə suya, havaya qarışıram, dağa-daşa hopuram... Nənəm də belə olanda çiyinlərimdən yapışıb silkələyir:

-Özünə gəl, a yetim, cana doydum mən, ay atası-anası ölmüş, ağlını başına yığ!

Atam-anam doğrudan da ölüb... Bəs, nənəm niyə bir də ölsünlər deyir?! Nənəmin əlindən, yoldan, daşdan, dəmirdən, ağacdan, sudan sürüşüb yerə uzanıram. Bilmirəm başım hansı tərəfdədi.

-Ay camaat, ay qonşu, ay el, uşaq əldən gedir... - Nənəmin səsidi, çır-çır çığırır.

Bir zamanlar yuxumdakı bu hava burulğanını indi, yəni altımış il sonra kosmik çəkilişlərlə telekanallarda görürəm. Ən doğru olanı bu çəkilişlərdi, mənim yuxuda gördüyüm mənzərənin eynisi... Ona görə də birinci kərə görəndə uzun bir ara özümə gələ bilmədim...

Yuxuda gördüklərimi ad tapıb yazıya gətirə bilmirəm... yəqin ona görə ki, düşüncəmizdə də izi-tozu yoxdu. Yuxuda gördüyümü, özü də dönə-dönə gördüyümü mən yuxudan başqa harda görə bilərəm... ona görə də o mənzərəyə baxanda ürəyim yerindən oynayır, elə bilirəm ovcumdadı, çarəsizlikdən axın- burulğan adlandırıram, bu darıxdırır məni. Çox şeyləri sözlə ifadə  edə bilmədiyimi anlayıb kədərlənirəm. Darıldığımdan yuxudakı kimi harasa çıxıb getmək, yox olmaq istəyirəm... hər halda yuxuda gördüklərimin gələcək olsa da, heç vaxt gəlməyəcəyini indi-indi anlayıram... hamının yox, hamı balacadı,- indiki elmimizin də hələlik əlinin çatmadığı, anlamadığı böyük gələcək. Hərdən mənə elə gəlir ki, o gələcəyə çatanda biz də gözə görünməyəcəyik... doğulmaq, yenidən yaranmaq kimidi.

Bu hissi "Köç" romanının əvvəlində də yazmağa çalışmışam, ordakı İmir mənim özüməm... daha doğrusu, orda da özümü yazmaq istəmişəm, orda da istədiyim kimi alınmayıb, həmişə də yazmışam, amma yuxularda yaşadığım dərinliklərə enmək mümkün olmayıb. Onu da fikirləşmişəm ki, yəqin bu gördüyüm yuxular yer üzünün işi deyil, ona görə alınmır, ona görə yazıya gətirə bilmirəm, sözlə ifadəsi yoxdu... Amma ömrüm boyu bu burulğanı, bu hərəkəti içimdə hiss etmişəm, düşünmüşəm ki, bəlkə də yuxularımı sahmana salmaq, başıma gələnləri öncədən görmək üçün işarələrmiş hamısı...

Nənəm əlimdən tutub az qala sürüyə-sürüyə aparır; əlimdən yanıqlıdı, tez-tez:

-Qaradabansan, - deyir, - dünyaya gələn kimi atan da, anan da dünyadan getdi...

Həə... bunları üzümə deyir, yəqin elə bilir, anlamıram, ya da yadımda qalmaz... Mənim də heç bilmirəm səsim çıxır, çıxmır, ağrıyan yerlərim varmı, yoxmu...

Elə indi də yazdıqca orda-burda  qaraltılar görünür. Heç nəyi, heç kəsi tanıya bilmirəm...

-Gecələr yatmır,-deyir, nənəm, tez-tez qaraltıların yanında ayaq saxlayır. Niyəsə belə deyəndə həmişə də başını qaldırıb göyə baxır.-Yuxulu-yuxulu çıxıb gedir evdən...güclə saxlayırıq. Bütün gecəni ayağıma bağlamışam, neyniyim, yatıb qalaram, itər-batar-deyir.

Mən nənəmin səsini necə eşidirəm, hardan eşidirəm, bilə bilmirəm...

Gecə gördüyüm yuxunu bir də gördüm, bəlkə də nənəmim dizləri üstə təzədən hüş aparıbmış məni; yenə burulğana düşmüşdüm, yuxuda, ürəyi, içi yuyula-yuyula fırlanırdım...sonra burulğanın içindən çox iri bir əl çıxıb məni ovcuna aldı.

Nənəm halımın yenə birdən-birə dəyişdiyini hiss edib:

-Bax, görürsən,-dedi,-yenə özünnən getdi. Görürsüz?!- Əllərini qaraltılara doğru uzadıb dizlərinə çırpdı.

Hıçqıra-hıçqıra oyanıb nənəmin ətəyinə büküldüm...

Yetmiş illik keçmişin bu uzaqlığında elə o şəkildəcə özümü gördüm, nənəmin ətəyinə bükülü...

Yəqin ucalıq, dağlıq olduğundandı, hər şeyi havadan asılı kimi görürəm, ya da  yuxudan ayılmamışam hələ, yer ayağımın altından qaçır elə bil.

Qaraltıların arasından kimsə:

-Yazıyamı aparırsan?-dedi.

-Hanı, yazı qalıb?!-dedi, nənəm, Balatəpənin üstündə yoxuş küləyinə, sazağına sərin-sərin tozlanan xarabalığa baxdı.

Ordakı dəvəbeli abidəni təzəcə dağıtmışdılar...abidənin günəqarşı üzü indiyəcən heç kəsin oxuya bilmədiyi yazıyla örtülüydü. Ona görə də o yerin adına "Yazı" deyirdilər, Yazı ocağı-ziyarəti.  Neçə illərdi, söküb dağıdıblar, bir daşı da qalmayıb... o vaxtdan hamı barmaqları dodaqlarında:

-Dinmə, sus, hökümət sökdürüb,-deyirdi, bir-birinə.-Danışma, əlli-ayaqlı gedərsən.

Doğrudan da "əlli-ayaqlı" gedənlər vardı, yəni səsiz-küysüz. Səhər qalxırdın ki, qonşu yoxdu.

-Bəs, deməzsənmi, dünən yolnan getdiyi yerdə dönüb Yazı xarabalığına baxıb, əlini üzünə çəkib, salavat çevirib.

-Biri də deyib:-oxuya bilməsək də o yazı bizim duamız idi...

-Yanındakı da,- elə, indi də duamızdı, deyib, sonra da əlavə eləyib, - nolsun sökdülər, qədərə yazılanlar sökülməklə pozulmur ki...-deyiblər.

Beləcə, hamısını bir-bir rayona aparıblar ki, dindirsinlər, söylətsinlər ki, dediklərini niyə demisən. Neçə vaxtdı, gediblər, amma hələ heç biri qayıtmayıb...

Nənə dediyim Qarakəllə gəlini də qorxusundan məni ocağa tərəf deyinə-deyinə aparırdı...

İki dağın arası yastanadı, dar yastana, eni bir at mənzili də deyil. Balatəpə səmtdən, yəni Yazı Ocağından dağın sinəsiylə araba yolu enir, yol Yazı Ocağı kimi yaranışdan deyil, sonraların işidi. Baxan kimi bilinir, araba cığırı üzüaşağı birdən enmir, dağa söykənə-söykənə, daha doğrusu, ayağına yer eləyə-eləyə gəlir...

-Quyuyamı salmaq istəyirsən?- Yavaş-yavaş bizə yaxınlaşan qaraltılardan biri dedi.-Amma bilmirəm quyunun ağzı açıqdımı.

-Ağbilənöyünnən gələcəklər indi, axşamnan xəbər göndərmişəm.- dedi Yekə Hürü,- Mayqa ana gələcək.- təzədən əlimnən yapışıb darta-darta quyu ağzına sarı getdi...

Getdik. Arxadan içi qorxuyla dolu boğuq səs gəldi:

-Ay Hürü, rayona çatdırallar, axırı pis olar, bu xalqın içində o qədər öləsi var ki. Bə niyə belə iş tutursan, bilmirsənmi, çuğullayacaqlar?!

-Neyniyim, çarəm yoxdu,-çiynimdən tutub silkələyə-silkələyə,-əldən gedir yetim,-dedi, nənəm, Yekə hürü...-Öləsinin elə biri sən. Xəbər verən olsa elə birinci sən çatdıracaqsan.

Boğuq səs Yekə Hürünün bu sözündən sonra heç qaraltı kimi də görünmədi, yox oldu...

-Soruşan olsa, de ki, Yazıya yox, gicitikanlığa gətirmişdim.-bunu da başqa bir qaraltı dedi...

-Yaxşı.

İndi mən bu yazını yazdığım vaxt, yəni yetmiş ildən sonra  xəyalımda qatarlaşıb əkinə- səpinə gedən, ayrı-ayrılıqda o qədər də yaxşı tanıya bilmədiyim bu qaraltıları vaxtın özü hesab edirəm... vaxtın daşıyıcıları, vaxt kimi yaşayan, həm də Vaxt kimi hiss olunmadan ilğım kimi çəkilib gedən kölgələr. Vaxtı da tanımaq mümkün deyil, Vaxt da o qaraltılar, kölgələr kimidi, hamıya ancaq tanış gələ bilir; ayaq saxlayıb tanımaq, anlamaq istəyərsən, başını qaldırarsan ki, yoxdular, keçib gediblər...hər şey ötüb, keçib gedib.

Mən nənəmin  əlində az qala sallana-sallana dönüb arxaya baxıram, gördüklərimi ilğım içində görürəm, bütün hərəkətlər getməyə yox, çırpınmağa, can qurtarmağa oxşayır.

Biz nənəmlə quynun ağzındakı qapaq daşın üstə oturduq.

Ağbilən evindən bir boyun ulaq,-boyunduruğa qoşulmuş bir cüt öküz çıxdı. Öküzlərin yanında heç kəs yoxdu, amma səliqə-sahmanla düz biz oturduğumuz yerə,-quyu üstünə gəlirlər... Quyu üstünün öküzləridi, neçə illərdi boyunduruğa qoşulan kimi hara olur-olsun özlərini quyu üstünə salırlar... doğrudan da başqa yolları qalmayıb...çal-göyümsov, bəslənmiş öküzlərdi, Yazı ocağının öküzləri olduğu üçün ac saxlamaq, vurmaq, başını qaytarmaq heç kəsin ağlına gəlməz...

 

Ardı var

 

Mövlud Süleymanlı

 

Ədəbiyyat qəzeti.- 2017.- 21 oktyabr.- S.2-3.