"Yad et"
Azərbaycan
şeirində fransız “modası”
Abdulla Şaiqin "Yad et" şeirinin Azərbaycan romantik poeziyasının tarixində, eləcə də şairin yaradıcılığında ayrıca yeri var. Zaman keçdikcə şairin adı "Yad et" şeiri ilə daha çox anılır: AzTV-nin 1997-ci ildə onun xatirəsinə həsr etdiyi film "Yad et məni, Şaiqanə yad et!" adlandırılmış, şairin həyat və yaradıcılığını əks etdirən rəsmi internet səhifəsi 2009-cu ildə ictimaiyyətə "Şaiqanə yad et!" adı ilə təqdim edilmişdi; Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının ədibin anadan olmasının 135 illiyi münasibətilə 2016-cı ildə nəşr etdirdiyi biblioqrafik göstərici eyni adı daşıyır...
Vəqta
ki gələr sevimli ati,
Bir dairəyə
girər həqayiq.
Nuru
bürüyər bütün cihati,
Ulduzlar ilə
yanar məşariq.
Vəqta
ki bulud, duman görünməz,
Qalmaz daha
zülmdən nişanə,
Yerlərdə
bəşər üzü sürünməz,
Qurd-quş
sığınar bir aşiyanə,
Yad et məni,
Şaiqanə yad et!
Poeziyamızın
tarixinin təkamülünü izləmək baxımından
son dərəcə maraqlı tərcümeyi-halı olan bu
şeir 1908-ci ildə yazılmışdır. Şeirlə
bağlı akademik Kamal Talıbzadənin belə bir qeydi
var: "Şair (Abdulla Şaiq
nəzərdə tutulur - M.Osmanoğlu) avtoqraflarından birində
həmin şeirə belə qeyd vermişdir: "Ustadi-əzim
Mahmud Əkrəmə nəzirə olan bu şeirimi hənuz
1908-ci sənəyi-miladidə demişdim. Arkadaşlarımdan
Məhəmməd Hadi əfəndiyə, Səhhət əfəndiyə,
mərhum Sabir əfəndi və bir kaç başqa əhbablarıma
oxumuşdum. Arkadaşlarımın xoşuna getdiyi
üçün hər biri bir nəzirə yazmaq arzusunda
olduqlarından ricalarını qəbul etmişdim. Lahəza bəradərim
Səhhət əfəndinin nəzirəsini
"İrşad" qəzetəsinin sütunlarında hənuz
o zamanlarda oxudum. Sabir əfəndinin nəzirəsi dəxi
"Molla Nəsrəddin" jurnalında göründü.
Atəşli şairimiz Məhəmməd Hadinin nəzirəsi
isə bu haladək bir yerdə nəzərimə
çarpmamışdır. A.Şaiq". Bax: Kamal Talıbzadə.
Qeydlər // Abdulla Şaiq. Əsərləri, beş cilddə,
ikinci cild. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı,
1968, s. 571
Mirzə
Ələkbər Sabirin "Yad et" şeirinə nəzirəsi
barədə sonra bəhs olunacaq, mülahizələrimizi hələlik
iki mətn - Abdulla Şaiqin və Abbas Səhhətin "Yad
et!" şeirləri ilə əsaslandırmağa
çalışacağıq. Abdulla Şaiq şeirin
"ustadi-əzim" - böyük ustad Mahmud Əkrəmə
nəzirə olduğunu göstərmişdir. Abbas Səhhətin
də öz "Yad et" şeiri ilə bağlı
oxşar qeydinə rast gəlirik. Akademik K.Talıbzadənin
Abbas Səhhətin "Yad et" şeirinin tarixinə dair dəqiqləşdirməsinə
əsasən, bu əsər ilk dəfə
"İrşad" qəzetinin 14 fevral 1908-ci il tarixli 19-cu
nömrəsində nəşr edilmişdir: "İkinci dəfə
"Əkrəm bəy həzrətlərinə nəzirə"
adı ilə "Sınıq saz"da çıxmışdır
(səh.20). Qəzetdə şeir "Əşar" sərlövhəsilə
nəşr olunmuş və ona aşağıdakılar əlavə
edilmişdir: "Ustadi-möhtərəm Əkrəm bəy
həzrətlərinə peyrəv ola bilərmiyəm?". Bax: Kamal Talıbzadə. Qeydlər.
// Abbas Səhhət. Seçilmiş əsərləri.
Bakı: "Lider nəşriyyat", 2005, səh. 406.
Burada
söhbət Kamal Talıbzadənin də qeyd etdiyi kimi, "məşhur
türk klassiklərindən" olan Rəcaizadə Mahmud
Əkrəmdən gedir. Mahmud Əkrəm Osmanlı ədəbiyyatının
XIX əsrin sonu - XX əsrin əvvəllərində öndə
gələn şəxsiyyətlərindən biri kimi tanınır.
Orijinal əsərləri ilə yanaşı, fransız ədəbiyyatından
tərcümələri də türk ədəbiyyatı
tarixində mühüm rol oynamışdır. 1896-1901-ci illər
arasında türk ədəbi həyatında böyük iz
buraxmış "Sərvəti-fünun" və ya
"Ədəbiyyati-cədidə" ("Yeni ədəbiyyat")
cərəyanının liderlərindən idi.
Şeirlərindən
əlavə, nəsr və dram əsərləri də
populyar olmuşdur. 1881-ci ildə nəşr etdirdiyi 400 səhifəlik
"Təlimi-ədəbiyyat" - "Ədəbiyyat təlimi"
fundamental nəzəriyyə dərsliyinin müəllifidir.
Əli bəy Hüseynzadə ilə dost olmuş, "Füyuzat"
jurnalı ilə əməkdaşlıq etmişdir.
Rəcaizadə
Mahmud Əkrəmin Azərbaycan şairləri arasında
böyük populyarlıq qazanmış "Yad et!"
şeiri ilk dəfə Osmanlıda nəşr olunan
"Mizan" dərgisinin 17 mart 1887-ci il
buraxılışında çap edilmişdir:
Vakta ki
durup şu kalb-i gam-nak
Toprakta
nihan olur vücudum
Vakta ki
dolup dehanıma hak
Şevkinle
tamam olur sürurum
Tenha
gecelerde bir hayalet
Manzurun
olunca bittahayyür
Yum
çeşmini ba-kemal-i rikkat
Bedbahti-yi
aşkım et tasavvur
Yad et beni
gamlı-gamlı, yad et!
Məsələ
bundadır ki, Rəcaizadə Mahmud Əkrəmin şeiri
"Mizan" dərgisində orijinal əsər kimi deyil,
fransız şairi Alfred de
Müssenin "Rappelle-toi" ("Xatırla"/
"Yad et") şeirinin tərcüməsi kimi təqdim
edilmişdir.
"Rappelle-toi"
şeirinin müəllifi Müsse türk ədəbiyyatında
romantizm cərəyanına böyük təsiri olmuş
şairlərdən biri hesab edilir. Onun
yaradıcılığının türk ədəbiyyatına
təsirlərini araşdıran professor Ali İhsan
Kolçunun yazdığına görə, Müsse,
xüsusi olaraq "Rappelle-toi" şeiri ilə türk
şairlərinə böyük təsir göstərmiş,
türk ədəbiyyatında bir dönəm "Yad et"
modasının başlanmasına səbəb olmuş və
bu yolda çoxlu mənzumələr
yazılmışdır. Bax:
Ali İhsan Kolcu. On dokuzuncu asır türk edebiyatı. Alfred
de Musset Tercümeleri ve Tesiri. Gündoğan Yayınları,
1999.
Bu da
maraqlıdır ki, XIX əsr türk ədəbiyyatında
"Yad et!" "modası" Rəcaizadə Mahmud Əkrəmdən
əvvəl başlamışdı. 1886-cı ildə bu
şeiri türkcəyə Nigar
xanım Osmanqızı "Təxəttür et"
("Xatırla") adı ilə nəsrlə sətri tərcümə
etmişdi:
Tahattur et
o demde ki şikeste gönlüm türab-i barid altında
hab-ı ebediye dalacaktır!
Tahattur et
o demde ki medfenim üzerindeki bir tek çiçek aheste-aheste
açılacaktır.
Amma ki
sermedi olan ruhum bir hemşire-i sadıka gibi senin nezdine
gelecektir.
Geceleyin
dinle bir sadayı ki tahattur et diye inleyecektir.
Hətta
bir ehtimala görə, Rəcaizadə Mahmud Əkrəm
"Yad et!" şeirini orijinala deyil, bu tərcüməyə
nəzirə kimi yazmışdır.
Bizim
üçün məsələnin ən maraqlı tərəfi
tərcümələrdən hansının əvvəl,
hansının sonra yarandığının
aydınlaşdırılmasından daha çox, bu şeirin
Azərbaycan səyahətinin dəqiqləşdirilməsi və
Azərbaycan romantizmindəki yerinin müəyyənləşdirilməsidir.
Azərbaycan romantizminin estetik sistemini kifayət qədər
dolğun ifadə edən bu şeirin ədəbiyyatımızda
"yerləşməsi", vətəndaşlıq
qazanması romantik poeziyadakı estetik sistemin yerdəyişməsini
izləməyə kömək edir.
XX əsrin
əvvəllərində Azərbaycan ədəbiyyatında
romantizm cərəyanı bilavasitə türk ədəbiyyatı
ilə eyni kontekstdə, eyni məcra içində
yaranmışdı. İdeoloji təzyiqlər altında Azərbaycan
ədəbiyyatını uzun müddət türk ədəbiyyatından
təcrid etməyə çalışdığımıza
görə bu birliyi ya "mürtəce romantizm" kimi qiymətləndirməli
olmuş, ya da öz-özünə əmələ gəlmiş
ayrıca bir hadisə kimi götürmüşük. Azərbaycan
romantizmi əksər hallarda fövqəladə bir hadisə
kimi dəyərləndirildiyi üçün bədii fikrin təkamülü,
xüsusən də estetik sistemin yerdəyişməsi baxımından bir çox suallar
cavabsız qalmışdır. "Fransada, İngiltərədə
olduğu kimi, müəyyən bir dövrdə ədəbi həyatda,
ədəbi prosesdə üstünlük təşkil edən
güclü məktəb olmamış" (Mir Cəlal) Azərbaycan
romantizminin türk romantizmi ilə
iç-içə hadisə olması, ilk növbədə,
obyektiv qiymətləndirilməli, bunun ədəbiyyatın təkamülü
baxımından müsbət tarixi rolundan danışarkən
Azərbaycan ədəbiyyatındakı romantizmə xas poetik
sistemin tərəddüdlərinin səbəbləri də
elmi baxımdan aydınlaşdırılmalıdır.
XX əsrin
əvvəllərində Azərbaycan romantizmi birbaşa
türk ədəbiyyatı ilə bağlı olduğuna
görə Azərbaycan romantizminin qaynaqlarından
danışarkən türk ədəbiyyatında romantizmin təşəkkül
yoluna nəzər salmaq zərurəti yaranır. "Modern
türk ədəbiyyatı bir mədəniyyət
böhranı ilə başlamışdır" şərtinə
əsaslanan böyük ədəbiyyatşünas Əhməd
Həmdi Tanpınar XIX əsrdə türk ədəbiyyatında
yaranmış ədəbi cərəyanların fransız ədəbiyyatı
ilə birbaşa əlaqəli olduğunu, onu izlədiyini
göstərir: "Sırf ədəbi cərəyanlar
yönündən baxıldıqda, bu yüz il ərzində
(1860-cı illərdən 1960-cı illərə qədər
olan dövr nəzərdə tutulur - M.Osmanoğlu) türk ədəbiyyatının
Qərb ədəbiyyatında və xüsusi olaraq da
fransız ədəbiyyatında mövcud olan bütün cərəyanları
uzun və qısa fasilələrlə müntəzəm
şəkildə təqib etdiyi görünür. Yeni türk
ədəbiyyatını qurmaq üçün səy
göstərən ilk iki nəslin (1825 və 1840-cı illər
sırasında dünyaya gələnlər: Şinasi, Ziya
Paşa, Namiq Kamal) zövq və səyləri tamamilə
eynidir. Bu iki nəslin ikisi də XVII əsr fransız klassikləri
ilə bərabər, XVIII əsr fransız filosoflarını
və fransız romantiklərini oxumuşdular". Bax: Ahmet
Harndi Tanpınar. Edebiyat üzerine makeleler. İstanbul: "Dərgah"
yayınları, 1977, səh. 104. "1860-cı ildən sonra
dünyaya gələnlərin nəsli daha çox fransız
realistlərinin və hətta naturalistlərinin təsiri
altında görünür". Yenə orada, səh. 105.
Beləliklə,
XX əsrin əvvəllərində iki təsir qüvvəsi
- rus ədəbiyyatı və türk ədəbiyyatı ilə
birbaşa təmasda olan yeni Azərbaycan ədəbiyyatının
fransız ədəbiyyatı ilə də kəsişdiyini
müşahidə edirik. Bu kəsişmə iki müstəvidə
baş verir: birincisi, XIX əsrin əvvəllərində
İsmayıl bəy Qutqaşınlının "Rəşid
bəy və Səadət xanım" hekayəsi ilə
fransız dilində ədəbi fakta
malik Azərbaycanda artıq fransız ədəbiyyatını
oxuyan ziayalılar yetişmişdi; ikincisi, fransız ədəbiyyatının
nümunələri Azərbaycanla Osmanlı ədəbiyyatının
müəyyənləşdirdiyi, şəkil verdiyi bədii
sistemlə təmasa girirdi...
Bizə elə
gəlir ki, "Yad et" şeiri Azərbaycan ədəbiyyatının
fransız romantizminə reaksiyasını
aydınlaşdırmağa müəyyən qədər
yardım edə bilən maraqlı mənbədir.
Nigar
xanımla Rəcaizadə Mahmud Əkrəmin tərcümələrini
müqayisə edəndə qarşımızda maraqlı bir
mənzərə açılır. Əkrəm bəy
A.Müssenin şeirini divan ədəbiyyatının dili ilə
danışdırmışdır: şeir əruz vəznindədir,
şeirin janrı isə divan ədəbiyyatından
stilizasiyadır. Bu şeir öz formasına görə
türk ədəbiyyatının məzmunca yeniləşmiş
bir faktıdır və həmin şeirin tərcümə,
yaxud orijinal olması məsələsinin bu günə qədər
açıq qalmasının başlıca səbəblərindən
biri də şeirin formaca milli ölçüyə
salınmasıdır. Əkrəm bəyin tərcüməsini
Rəşid bəy Əfəndiyevin "Rodnoye slovo"
kitabından götürülmüş "Priqlaşenie v
şkolu" şeirini qəzəl janrında tərcümə
etməsi ilə müqayisə edə bilərik, hər iki
müəllif tərəfindən fərqli bir təfəkkür
tərzinin məhsulu olan mətnə tərcümədə
milli ədəbiyyatın paltarı geyindirilib. Əkrəm bəy
fransız poetik düşüncəsinin faktı ilə
türk divan ədəbiyyatının estetik sistemi arasında
müəyyən uyğunluq yarada bildiyinə, yeni məzmunu
divan şeirinin ölçüsünə
sığışdıra bildiyinə görə, görünür, "Yad et"
şeiri tərcümə və ya iqtibas kimi deyil, orijinal
şeir kimi qəbul olunub. Azərbaycanda bu şeirin
orijinalının xatırlanmaması, birbaşa Əkrəm bəyə
aid edilməsi də yəqin ki, bundan irəli gəlir.
Davamı gələn sayımızda
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.5.