Qıfılın içində
sınmış açar
Esse
"...Gözəl
şeylər belə olur, bizi tərk edir, yeri qalır,
qüssədən ölürük sonra..."
Yazının əvvəlində Şarl Bodlerin nəsrlə yazdığı "Saat" şeirini sitat verirəm. Bu mənim seçimimdir, Şarl Bodlerin poetik dünyaduyumunu səciyyələndirmək mənasında bunu xarakterik hesab edirəm...
"Çinlilər vaxtı pişiklərin gözlərindən oxuyurlar.
Bir dəfə bir missioner Nankin ətrafında gəzişərkən üzbəüz gəldiyi uşaqdan vaxtı soruşmalı olur, saatını unudub evdə qoymuşdu.
İlahi imperiyanın uşağı əvvəlcə karıxdı, ancaq az sonra özünü ələ aldı və dedi: "Bu dəqiqə!". Bir neçə saniyədən sonra qayıtdı, qolları arasında böyük bir pişik vardı, birdən gözlərini pişiyin gözlərinə dikdi: "Hardasa günortadır."
Doğrudan elə idi.
Adı özünə olduqca yaraşan Felinə baxanda, - yeri gəlmişkən deyim, göyçəklikdə tayı-bərabəri yoxdu onun, qəlbimin pənahı, ruhumun sığalıdır, - dəxli yoxdu, gündüz, ya gecə olsun, aydınlıq və ya zil qaranlıq olsun, məftunedici gözlərinin dərinliyində saatı saniyəsinəcən dəqiqliklə görə bilirəm - geniş, göylər qədər əngin, saniyə və dəqiqələrə ayrılmamış vaxtı, - divar saatlarında qeyd edilməmiş hərəkətsiz zaman, həm də ah kimi yüngül, baxış qədər becid, yandırıcı həm də...
Və birdən hansısa zəhlətökən adam varid olsa, baxışım bu gözəl sferblatın üzərində gəzən zaman o adam məni narahat eləsə, hansısa ədəbsiz adam (dahi...), hansısa şərxəta gəlib məndən soruşsa ki, "belə diqqətlə hara baxırsan? Bunun gözlərində itiyinmi itib? Orada sən ölmüş, xərclənmiş, dağılıb kül olmuş zamanı gördünmü", - tərəddüd eləmədən cavab verərdim : " Bəli, görürəm, bu - ədəbiyyətdir..."
Hara belə diqqətlə baxırsan? Orada ölmüş, yerlə bir olmuş, dağılıb kül olmuş zamanı gördünmü?
Şarl Bodlerin ilk və son kitabı -
"Şər çiçəkləri" nəşr ediləndə
ədəbi aləmdə yer-yerdən oynamışdı,
senzorlar kitabın yığışdırılıb
qadağan edilməsinə qərar vermişdilər. Fransada bu
hadisə ilk dəfə baş vermirdi. Flober də "Madam
Bovari" romanına görə məhkəməyə verilmişdi.
Hər
iksi - Flober və Şarl Bodler eyni ildə 1821-ci ildə anadan
olmuşdular.
Bodlerin yeganə kitabını oxuyandan sonra
Flober ona həyəcanlı məktub yazıb. 1857-ci il,
13 iyul tarixində Flober Bodlerə yazacaqdı: "...Əziz
dost, kitabınızı acgözlüklə oxudum, su kimi
başıma çəkdim, dodaqlarım islanmadı, yanan
sobanın içinə düşən kağızı
düşünün, indi isə, düz səkkiz
gündü onu misra-misra, sözbəsöz,
arxayınçılıqla oxuyuram, deyim ki, xoşuma gəlir,
sevinirəm. Siz romantizmin damarlarına təzə
qan vurub onu cavanlaşdırmısınız. Siz bir kimsəyə bənzəmirsiniz (bu, əsas
keyfiyyətlərin ən əsasıdır). Üslub orijinallığı konsepsiyadan irəli gəlir.
Misra bütünlüklə ideyadan hörülüb, az qalır partlasın, uçub getsin. Gözəl
şeylər belə olur, bizi tərk edir, yeri qalır,
qüssədən ölürük sonra...
Dilin incəliyi
ilə birgə sizin sərtliyinizi sevdim, bu hardasa hansısa əşyanın
üzərinə ustalıqla çəkilmiş qızıl
sədəf misalıdır...."
Hər
bir şair zamanı bir cür görür, eyni nəsnələr
bu baxış bucaqlarından keçdikcə dəyişir,
tanınmaz hala düşür, dünya bu eyni şeylərin
fərqli, tanınmaz hala düşmüş əksləriylə
dolub-daşır, adi həyati əhvalat - "hansısa əşyanın
üstünə ustalıqla çəkilmiş qızıl
sədəflər" halına düşənə qədər
lay-lay "soyulur", göz-gözü görməyən dərinlikdə
elə hadisələr baş verir ki, sonralar bunu yazan adam nə
baş verdiyini özü də izah edə bilmir. Bunun
analogiyası təqribən belə ola bilər
ki, işıqlar söndükdə, zil qaranlıqda nəyisə
yazmaq məcburiyyətində qaldıqda hərfləri
görməməyin ruhunda bəzi şeylərin heç zaman
olmadığı kimi aydınlaşmasına səbəb
olur. Yəni, yazmaq istədiklərini sən əslində
"gördüyün, inandığın yerlərdə"
- ürəyində yazırsan. Ən
doğru şey məncə məhz bu zaman yazıla bilər.
Bəlkə də... Beləcə, adi həyatda
saniyələrə, dəqiqələrə
ayırdığımız zaman, hansısa fraqmentlərə
böldüyümüz gerçəkliyi şair birləşdirir,
tamın, dünyanın dərinliyindəki
qaranlığı işıq zolaqlarına bələyib
göstərir. Olsun ki, bu, məlum
versiyalar içində ancaq biridir, həm də ən
ümidsizi. Fikir verin:
Atamın kölgəsi evimizdə imiş.
Gün
düşdü üstünə
üzünü gördüm....
Sonra:
... Adna
axşamı -
müqəddəs gecə
Anam yemək
çəkib sağına qoydu -
Sağında
atamın dizini gördüm...
Ölüləri
içinizdə dəfn edin! -
İçinizdə
baş daşı yox, qəbir yox,
İçinizdə
heç vaxt,
Heç kim itməyəcək!
Ölüləri
ruhunuza dəfn edin -
Kölgələri
mütləq evə gələcək!
Camal
Yusifzadənin şeirlərində "ovqatın
dramaturgiyası" ön plana keçir həmişə, belə
olduğu üçündür ki, mətləb, yəni
poetik sistemdə "görünən" məsələ
özündən fərqli anım və assosiasiyalar
doğurur. Camal əşyaların xarici
görünüşünü önə çəkib,
qabardıb belə demək olarsa, başqa mətləblərə
"tilov atırdı", bunlar sıralandıqca ilkin əşya
təkrir vasitəsi ilə yenidən önə
çıxırdı. Ancaq yaddaşda
qalmaq üçün deyil, sadəcə unudulmaq
üçün. Bu yolla o, həyatın
faniliyini, hər şeyin öz vaxtında çıxıb-gedəcəyini,
unudulacağını ifadə edirdi. Poetik
sistemdə təqdim olunan ilk görünüşdə xarici
aləm (əşyalar...) ancaq özüdür, başqa
heç nə yoxdur. XX əsrin fransız
modernist şairi Öjen Gilevik də şeirlərində əşyaları
bu şəkildə "sərgiləyirdi". Məsələn,
əgər o, stuldan bəhs edirdisə, təqribən belə
yaza bilərdi ki, "bu bir köhnə taxtadır / dincəlir
indi/, işi-gücü ağacı unutmaqdı..." Qəfil bir hərəkətlə onlar (əşyalar)
görünür və yoxa çıxırlar, hardasa
unudulmaq zonasında gizlənirlər. Gilevikin bir
şeirinə diqqət edin:
Görmüşdü
bir dəfə
Fəvvarənin
içində
Kölgəni
içdiyini
Qurtum-qurtum,
Qaranəfəs…
Sonra
"Gülüş" şeiri:
Gülüş
qorxdu,
Rastına
heç kəs
Çıxmayınca..
Başqa
bir şeirinə də baxın:
Yarpaq
gülə bilsəydi,
Çiçək
olardı.…
Ard-arda misal çəkməkdən məqsəd hər
iki şairdə əşyalara münasibəti qabartmaqdır. Yəni, əşyalar
(ağaclar, güllər, yarpaqlar və sair) gözümüzə
görsənsələr də, əslində başqa bir məkanda
yerləşirlər, elə bir yerdə ki, oralara
güzarımız düşmür. Onlar bizdən
çox-çox fərqli varlıq koordinatlarında yerləşirlər,
yaşayır və nəfəs alırlar, bəlkə elə
bu səbəbdəndir ki, pişiyin gözlərinə baxan
uşaq orda zamanı qırıq-qırıq, fraqmentlər
şəklində deyil, tam görür, əbədiyyət
kimi, yəni bu hardasa başqa aləmlərdən görünən
zamandır. Tədqiqatçı Jan Piyer Rişar Gilevikin
poetikası haqqında özünün "Modern poeziya
haqqında on bir araşdırma" kitabında
yazırdı: "... Real, gerçək
olanın olsa-olsa "fasadını" görürük.
Onlara baxmaq əslində maneəni görməkdir,
çünki göz istər-istəməz gördüyü
şeyə dirənib qalır...Belə çıxır ki,
bu andan etibarən əşya orda, biz isə burdayıq, ondan kənardayıq
və diqqətlə hər bir hənirtiyə diqqət kəsilirik.
Ancaq nəyi dinşəyirik, nəyin gözdən
qaçmamasına diqqət edirik? Şübhəsiz
ki, nə olur-olsun, baxışımızdan, düşüncəmizdən
qaçmağa məhkum əşyanın daxili
ölçülərini. Ancaq bu təsadüfdə
heç nə xəyallarımıza nüfuz edən hərəkətin
qabağını kəsə, bu hərəkəti
dayandıra bilmir. Qavrayış gücdən
düşdükdə, təxəyyül onun yerini alır: o,
başgicəlləndirici şəkildə zahirin (gerçəkliyin-!)
qabığını dəf edir, ondan kənara adlayıb bu
zahirin xəyalda bəslənən çəyirdəyinə
nüfuz edir. Ancaq heç nə alınmır, çünki
bu çəyirdək özü-özünü gizlədib..."
Bütün bu "əməliyyatlardan" məqsəd yəqin
ki, həyatı olduğu kimi alıb olmadığı şəkildə
təqdim etmək, elə bir sakit, təmkinli panorama yaratmaq ki,
xəyalla gerçəkliyin kəsişdiyi nöqtə
insanı, onun daxili aləmini dəqiq nişan
verə bilsin.
"Camalda nə xoşuma gəldi? Onun elmə,
savada, həyata dərin meyli. Camal
sözün yaxşı mənasında təmkinli şairdir.
Bu onun misralarını yersiz hay-küydən,
pafosdan, obraz ədasından təmizləyir. Adətən təmkinli sözü ilk baxışda
laqeydlik, quruluq, soyuqluq assosiasiyası kimi səslənir.
Mən xoşagəlimlik, necə olursa-olsun,
ürəyə yol tapmaq məqsədini güdən
yalançı davranış təmkinini yox, istiqanlı,
kövrək təmkini nəzərdə tuturam. Bax, buna
görədir ki, Camal sözləri qənaətlə xərcləyir,
hökm vermir, heç nəyi sübut eləməyə
çalışmır..
...
İndi görün, ucalıqla bizim torpaq necə
doğmalaşır, necə birləşir:
Salxım
bulud torpaq dadır,
Mavi dəniz
torpaqdadır...
Camalın bu şeirində məni ən çox sevindirən
torpaqla göyün bağlı olması hissidir."
Bu sətirlər Camal Yusifzadəyə Əli Kərimin
yazdığı "Uğurlu yol"dandır. Əli Kərim
indi bizim yazmaq istədiklərimizi çox sadə şəkildə
necə də dürüst ifadə edə bilib. Yeri gəlmişkən deyim ki, Gilevikin də
"Ucalıqlar" şeiri var.
Məkana
Yüsəkliyə
etibar etdim,
Orda yaxşıdı hər şey.
Elə mən
də
O qədər
yaxşı ki,
Yuxuda belə
qorxmuram
Yıxılmaqdan
bəs
yerin altı necə
bulaqlardan
əvvəl yuxulamaq necə? …
Camalın şeirində yerlə göyün
qovuşması qəribə, ancaq həm də çox sadə
şəkildə verilib. Məsələ bunda - yəni, qəribəlik
və sadəlikdə deyil məncə. Gerçəklik
elə yöndən və tərəfdən rəsm edilir ki,
obraz malik olduğu dinamikanı dərhal nümayiş etdirir,
göz önündən hər şey öz şəklində
və rəngində ötüb keçir. Camalın şeirində apaydın şeylər, nəsnələr
son dərəcə təbii bir görüntü
yaratdığı əsnada qəfildən hər şey
bilinməzliyə, görünməzliyə... dirənir.
Elə Gilevikin bu şeirində olduğu kimi: bəs yerin
altı necə // bulaqlardan əvvəl yuxulamaq necə... Hər şey çox gözəldir, amma niyə, nə
üçün gözəldir, bilinmir, sadəcə sənə
onu sevmək və tamaşasına durmaq qalır. Camalda obraz əşyaları konkret çərçivə
içində göstərir, zaman bu çərçivənin
(bəlkə də maneənin-!) divarlarına aramsız şəkildə
çarpan yağış kimidir. Bu yağış,
onun əllə tutulmayacaq dərəcədə yumşaq nəbzi
şeirdən-şeirə keçir, ilk an elə bilirsən
ki, şair yalnız hansısa hadisəni təsvir edib, bunun
heç nəyə, heç bir mətləbə dəxli
yoxdu, yəni, bir şəhərin ömürlük yağışa
düşməsi olsa-olsa, onun ümumi obrazını
görükdürür.
Gözümü
açanı
Meşə
görmüşəm;
Qızılı
yarpağı,
Yaşıl
talanı
Yuyulub-silinmiş
Şüşə görmüşəm.
Bu meşə
yağışa düşüb ömürlük,
Bu meşə yağışda islanıb yaman.
Gözümü
açanı
Duman görmüşəm.
Dumanı
həmişə
Daman görmüşəm.
Görmüşəm
tül kimi,
Əfsanə
kimi;
Sərilib
yuxuma,
Məhəbbətimə,
Aparıb
huşumu
Sirli aləmə.
Şeirdə əsas olan ilk baxışdan duyulmayan,
gözə sataşmayan keçidlərdir, məhz bu
keçidlərdə, yuxarıda Gileviklə bağlı ifadə
etdiyimiz kimi, əşyalar anidən peyda olur və qəfil
yoxa çıxırlar, "unudulmaq zonasında" gizlənirlər. Məqsəd bəlkə də
bu ani hərəkətlərlə əşyaların
içindəki enerjini üzə çıxarmaq, ifadə
etmək və bu enerjini məkana dağıtmaqdır, boya
dolu qabın ani hərəkətdən aşıb məkana
dağıldığı an
yaratdığı paradoksal mənzərə kimi. Hadisələr elə qəribə keçidlər
yaradır ki, onların hamısını bir hovur ovuclayıb
fəhm etməyə nəfəsimiz çatmır, bizə
tamaşa etmək qalır. Poetik inversiya - əşyaların
anidən peyda olub qəfil yoxa çıxması hardasa
aşıq poeziyasındakı "gözbağlayıcı"
effektini yada salır. Xəstə Qasımda olduğu
kimi: Ay ariflər, bir tərlanım uçubdu // Sağ əlimdən
sol əlimə alınca // Onu tutan xeyrü-bəhrin görməsin
// Mən yazığın naləsi var dalınca... Xəstə
Qasımın bu parçasında obraz daxilindəki dinamika becidliyi,
ani hərəkətliyi ifadə edir və bu bir göz
qırpımında aşiq üfüq qaşına qalxıb
buludların yerini dəyişdirir, ən çox sevdiyinin
saçlarını belə oxşayır və bu bir göz
qırpımının sonuncu damlasında yerə enib deyir:
Gümüş
kəmər bağlayıbdı belinə,
Danışdıqca
mail oldum dilinə,
Gül
uzatdım nazlı yarın əlinə,
Canım
aldı, gülü məndən alınca...
Sonuncu misrada həmin o bircə göz
qırpımında yerləri dəyişdirilən buludlar
öz yerlərinə qayıdırlar, bunu yuxuda
gördüyümüz kimi xatırlayırıq.
Camalın şeirlərini onun yetmişinci illərdən
çıxmağa başlayan kitablarından izləmişəm. Ömrünün sonuna qədər
yazdığı şeirləri (nəsr və dram əsərləri
də daxil) yan-yana düzsək, onları mahiyyət etibarilə
ayrı-ayrı kəsiklərdə yerləşdirsək, belə
bir təəssürat yaranar bəlkə də: şair
gözünün tutduğu, dərindən hiss etdiyi hər
şeyi sınaqdan keçirib, Əli Kərim demişkən,
obraz ədasına yol vermədən hər bir nəsnənin
"şüalandırdığı" duyğunun
"axırına çıxıb", yəni, şairlikdən
sıyrılaraq adi bir insan ömrü yaşamaqla bizim üçün
böyük bir sual qoyub gedib: belə bir insan olubmu,
yaşayıbmı, bilirik, bilmirik, yox, bilmirik. Əli Kərimin
"Xatirəsinə" şeirində də belə bir ovqat
var idi: O, dünyada yox imiş// Gördüyüm kəs
yuxuymuş// Nə siqaret çəkərmiş hey
sümürə-sümürə//Nə də baş qaldırarmış//Xırda
bir səs-səmirə....
Camalsa
titrək səslə deyirdi:
...Daha
heç kim,
heç
kim,
heç
kim yoxdu
Mənimlə
Allah arasında...
Titrək
səs, pıçıltı, şairliyi, ilhamı içəridə
saxlamaq, dustaq etmək, insanların üzünə gülə-gülə
keçmişdə yaşamaq, öz-özünə
danışmaq...
Son
verilişində özü deyirdi: "Keçmişi
qaytarmaq mümkün deyil, bəli, bu, fiziki baxımdan
mümkün deyil, ancaq həyat göstərir ki, insan daim
keçmişiylə yaşayır, özü-özüylə
danışır...."
Camalın
bu halını sanki ondan əvvəl dünyayada
yaşamış və köçmüş Gilevik hiss eləmişdi:
Həmişə
qorxub,
Titrəyib
qorxudan
Açar
O
qapıya düşməsin.
Ya da
Qıfılın içində sınsın
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.6-7.