Dmitro Çistyak
Qısa ömürlüdür
bütün röyalar
-
Mən sənə axşamların süsən rəngini gətirdim
(Ölmüş qohumlar tərəfindən əkilmiş onlar),
Qızılı yağışlar nikahımızı qılanda bizim
və ortaq bir röyada görəndə özümüzü,
sabit və çoxillik həyat keçid verməyəndə -
Göz yaşlarını saxlaya bilməz əski süsənlər...
***
Sükutun ilk görünüşü,
ancaq oyanmazsan, məni qanadınla qucaqlayarsan,
Nəfəsin daha sakit və zərif
yaşıl yuxulara gömülür.
Bənövşəyi göy gurultuları çox uzaqlarda,
pəncərə önündə qızılı rəngə çalan salxım,
Aşağıda nəfəs alıb-verən dəniz
və sən məni qanadınla qucaqlayırsan ...
Qısa və parlaq olacaq günlü yağış,
Sonra bənövşəyi qara gün sürəcək,
Arxasınca, sel daşqınları bürüyəcək hər yanı ...
Səhərin arxasınca gəlməyəcək gündüz
Nə qədər ki, məni qucaqlamısan…
***
Bağça payız rənginə boğuldu,
Amma bu rəng boğulanların dibə çöküşüdür,
Gün batışı üzlərimizdən silinir aramla
və ulduzlar düşür qucağımıza...
Bütün bu uçuş və ölüm illərindən sonra
Sükut və dostluq zamanı gəldi,
uzaqdan çay çağırır
və görünüşündə qu üzüntüsü.
Üzüm salxımları qucağımızda,
bir ucdan düşür ulduzlar,
sanki ilk gecə,
Röyalar dənizdən-dənizə üzərkən,
Səsini tapdı bağçadakı hər şey...
***
Qısa ömürlüdür bütün röyalar.
Uzaqlarda
yaralardan qan axır artıq,
Payız
get-gəllərindən çarəsizcə
qışqırır şüalar,
Erkən
sisdə ilan və ya quşların
siluetləridir görünən,
dəyişdirilə bilən
səslər - yaranmayan
bədəni
aldatmaqdı,,
vücud belə
deyil - üfüqün
parçalanmasında görməli
vizyon
Ona inanarsan, bu röyada
onlara nüfuz edərsən,
Sadəcə bir sürə üçün: hələ
gənçsən, hələ
əmin deyilsən
və hələ səssizliyə
inamın yox ...
Şəfqətli Sebastianın təbəssümünə
layiq deyilsən
(və Mələklər,
Virginlə, Uşaqlarla,
daşqınlarla oynayacaq)
Qan və oxlar içindən
cənnətə baxmaq
üçün,
Axı heç kim
müqəddəsin xatirinə
birliyin ipini kəsməz,
ən saf baxışları kim ayıra bilər ki Rəbdən,
mahnı dayandırıla,
şəfəq söndürülə
bilməz ...
Hələ gəncsən və
hələ geniş dənizlərdən əmin
deyilsən,
Payız
get-gəllərindən çarəsizcə
qışqırır şəfəqlər,
Sən ey soyuq yaralarım, qanayıb
yandırma məni,
Bir anlığa yenidən birləşmək üçün
başqa bir yol bildiyim yox...
Tərcümə: Məmməd İsmayıl
***
Qızılı suların üstdən
adlayıb gəlirəm
sənə doğru,
Alaqaranlığın ipək ağuşunda
Bəyaz çiçəklərlə gəlirəm.
Əski
cərəyanlar hələ
dövr edir canımda,
Gah doğur, gah alışır, gah da sönürlər
İçimdə o əski qığılcımlar,
O əski ulduzlar.
İlahi
bir qüvvə sənin sələfin kimi zöhr edir qarşımda,
Və sanki, dan yeri
də çırpınır
bir anlığa
Əksimiz canlananda gözlərimizdə.
Sənin
baxışlarında - o yanar
baxışlarında,
Və alaqaranlığın ipək
ağuşunda
Şövqlə dalıb gedəcəyəm
bəyaz çiçəklərlə
birgə
Harmoniyaya
doğru...
Sular bizi dövrəyə alan zaman
Qayıq
da axtarmayacağıq
biz...
Baxışlarımızda titrəyəcək
sadəcə
Ortaq ulduzumuz...
Bizim ulduzumuz...
***
Gecəyə doğru... boz kül ələnir üstümüzə,
Üzü dənizə durur
soyuq simalar,
Axşam
dalğası isə sənin mavi gözlərini yuyub aparır...
Barmaqlarım arasından sızıb
tökülür qum dənələri,
O soyuq üzlərdə donub qalır küllər...
Təkcə gözlərinin dərinliyində
əks olunan bənövşə
Hələ də titrəyir
zirvədə...
Birdən
bir ulduz doğur,
Uzaq sədəflərin
parıltısı kimi.
Bəyaz
yelkənli bir gəmi görünür qayalar arxasından,
Gənc
bir nəğmə qopur o qayalardan -
Şərab kimi suların daşqını,
Bir qayıdış nəğməsi...
Sahildə isə bu nəğmənin səsinə
səs verirlər
Nəvaziş və şəhvətlə...
Və bir mayak kimi
yanır baxışların
qəfildən...
Nədir
bu: təsadüfmü,
Tanrının iradəsimi,
Yoxsa qaçılmaz məhəbbətmi?..
HAYQIRTILARIMIZ GÖYƏRİR
GECƏLƏRDƏ...
Yelkənli gəmilər gözdən
itmiş,
Dodaqların ehtirasa susamış...
Aramızda göz yaşı
kimi titrəmədə
Səssiz
illərin yağmuru,
Sanki bir an sonra
bizi udacaqmış kimi gömgöy uçurum.
Bax, artıq şimşəklər
od yağdırır
göylərdən,
Qaça
bilmərik onlardan,
gizlənmək istəsək
də qısır qalacaq sevişmələrdə.
Dağlar
dənizə üz tutur,
Daş daşa dəyir,
Yara üstə yara gəlir -
Qəddar
çiçəklər baş
qaldırır bizim cütlüyümüzdən,
Və hayqırtılarımız göyərir
gecələrdə...
AXŞAMÜSTÜ...
Kəhər atlara bax,
Axşam
sularında ayaqları
bala batmış sanki...
Bal sıçrayır ətrafa
onların qaçışından,
Ulduz axını kimi...
Sənin
məbədinsə
Tutqun görünür bu gecə,
Oysa ki, hələ bu gün necə
də parlaqdı...
Gənclərə bax... şənlənirlər,
Şipşirin alma qoxuyur hər tərəf...
Kədərlidir... - sənin susqun
gözlərində
Yovşanlar çiçəkləyəcək
cünki...
Yaşıl ilğımdakı cığır
da uzanacaq
Sükutunu pozmayan axşam
bulaqlarına doğru...
Aydınlıq... özü gələcək
- səsləmə onu,
Səndənsə... xəbər yoxdur hələ də,
Susursan...
Bu yerlərdə yanğı
və həyəcan var yalnız,
Sənsə... yenə itirsən üfüqlər
arxasında,
Dövr
edirsən həmişəki
kimi...
Boz rəngli uçurtma ilanlar ağlayırlar sanki...
İtmiş kimilər solub gedən çəmənlikdə...
Təsəlli istərsənmi:
Gecə
hamını öz qoynuna alacaq,
Alatoran şərabla dolduracaq qədəhləri...
Aydınlıqsa özü gələcək
- səsləmə onu,
Və sən də dönəcəksən özgələrə...
Amma hələ... bir-birimizə
sarılmışıq
Dəniz
həsrətli dalğalarla...
***
Nə vaxt ki,
bütün yollar tərk edəcək səni,
son yarpaq düşəcək
və ilk qar yağacaq,
Dneprin üzərini alacaq qurğuşun rəngli duman
və bozumtul qığılcımlarla çaxacaq
sonuncu şimşək...
O zaman,
axşamın bütün
gözəlliyilə qoynuma
sığın,
necə ki, dənizin rəngbərəng
dalğaları sahilə
sığınır
və lərzə gəlsin cahan,
ölü diyarın
soyuq sərhədlərini,
tənha bağın
soyuq tuzaqlarını
aşıb keçsin,
nur yağsın bəyaz yelkənli gəmiyə...
Mən sənin gözlərində
sübh göyərçinin
uçuşunu görürəm...
Bizə
vəd olunan torpaqları görürük
röyalarımızda...
Tərcümə:
Afaq ŞIXLI
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.9.