Dmitro Çistyak
Ukraynanın tanınmış şairi Dmitro Çistyak 1987-ci ildə Kiyevdə dünyaya gəlib. Taras Şevçenko adına Kiev Milli Universitetində (fransız və ingilis ədəbiyyatı, dilçilik və tərcüməçilik) ali təhsil alıb. 2012-ci ildə M. Meterlinkin erkən dramaturgiyasında mətnlərin mifoloji linqvopoetikası üzrə namizədlik dissertasiyası müdafiə edib. Həmin universitetin tərcümə və filologiya kafedrasının dossentidir.Dünyanın çeşidli ölkələrində çap olunmuş poeziya, nəsr, tədqiqat yazıları və (əsasən fransız dilindən ya da və fransızcaya) tərcümələr olmaq üzərə 40-dan çox kitabın, 300-dən çox əsərin müəllifidir. "Raduqa" nəşriyyatının "Dünya şairləri" və "Sammit-Kniqa" nəşriyyatının (Kiyev) "Avropa Akademiyası" kitab seriysının təsisçisidir. Şeir,nəsir, tərcümə kitabları Albaniya, Belçika, Bolqarıstan, Yunanıstan, Makedoniya, Rumıniya və Fransada nəşr olunmuşdur. Çoxsaylı milli və beynəlxalq ədəbi mükafatların sahibidir. Bunların arasında ədəbi tərcümə üzərə Walloon Federasiyası Brüssel (Belçika, 2012),P.P.Negos medalı (2014, Çernoqoriya), M.Eminesku Beynəlxalq Əməkdaşlıq mükafatı (Rumıniya, 2017) göstərmək olar. Dmitro həm də bir çox milli və beynəlxalq elm və ictimai təşkilatların üzvüdür. Bunların arasında - Ukrayna Ali Təhsil Akademiyası (2014), İncəsənət və Ədəbiyyat Avropa Akademiyasının (Paris, 2016), və s göstərmək olar. D.Çistyak eyni zamanda Ukrayna Milli Yazıçılar Birliyinin Kiyev təşkilatının İdarə heyətinin üzvüdür.
Bir neçə dildə mükəmməl danışan D.Çistyakla bu ilin iyun ayında İtaliyada keçirilən şeir festivalında tanış olmuşdum. Aramızda ən gənc olmasına baxmayaraq, hamının diqqət mərkəzində idi.
Dmitro ilə bu ilin sentyabr ayında Rumıniyada təşkil olunan dünya şeir festivalında yenidən görüşəcəkdik. Və aramızda yaş fərqi olmasına baxmayaraq ikinci görüşümüz dostluğumuza da səbəb olacaqdı. Onun şair kimliyini oxucularımıza təqdim etmək üçün elə bilirəm İtaliya şeir festivalında bizimlə birlikdə olmuş köhnə dostum, çağdaş rus şeirinin öndə gələn təmsilçisi Mixail Sinelnikovun mənə göndərdiyi məktubdakı fikirlərə istinad etsəm daha doğru olacaq: "Əziz Məmməd, bildiyin kimi, festivalda bizimlə İtaliyada müxtəlif növ müəlliflər vardı, amma orada yalnız D.Cistyak mənə əsl şair kimi göründü. Ukraynanın şeir mətnlərini başa düşürəm və ümumiyyətlə, Ukrayna poeziyası haqqında fikrim yüksəkdir. Ukrayna dilinin lüğəti çox zəngin və təzədir. (Bizim rus dili artıq uzun müddətdir ədəbi forma almışdır və bir çox sözlərimiz köhnəlmişdir - biz klişelərlə mübarizə etmək, köhnə sözləri diriltmək məcburiyyətindəyik). Ölkələrimiz arasındakı hazırkı xoşagəlməz vəziyyət ədəbi münasibətlərimizə təsir etməməlidir Şeir siyasətdən üstündür."
Yeri gəlmişkən onu deyim ki, haqqında səslənən bu fikirlərdən Dmitronun hələlik xəbəri yoxdur, həm də bu fikirləri bir başqası yox, böyük ədəbiyyatın həqiqi təmsilçisi və əsla nəyinsə xatirinə kiməsə boğazdanyuxarı tərif söyləməyən M.Sinelnikov yazmış. M.Sinelnikovun D.Çistyak haqqında yuxarıdakı fikirlərinə mən də qoşuluram və inanıram ki,oxucular A.Şıxılının və mənim mütəvazi tərcümələrimizdə belə, D.Çistyakın şeirlərindən"Ukrayna şeirinin "fikir təzəliyini" yetərincə hiss edəcəklər...
Məmməd
İsmayıl
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.9.