Ustadi-kamil
Akademik,
dünya şöhrətli Azərbaycan alimi Vasim Məmmədəliyev
günlərin, ayların, illərin üstündən
adlaya-adlaya, özünün zəngin (və mükəmməl)
tərcümeyi-halını, hər səhifəsi yüksək
intellekt uğurları ilə dolu həyat tarixçəsini
yarada-yarada gəlib yetmiş beş yaşına
çatdı.
Ən azı iyirmi-iyirmi beş ildir iştirak etdiyim elə bir mötəbər məclis yadıma gəlmir ki, Vasim Məmmədəliyev həmin məclisə daxil olanda bütün diqqət dərhal ona yönəlməmiş, onun nə deyəcəyini həsrətlə gözləməmiş və onun əhval- ruhiyyəsinə köklənmək həsrətində olmamış ola… Tarixin (və taleyin!) bizə qismət etdiyi müqəddəs dinimizin (və onun Kitabının!) yalnız Azərbaycanda deyil, ümumən dünyada ən böyük bilicilərindən biri olan Vasim müəllimin intellekti, zəngin mənəvi aləmi onu tanıdığım ilk illərdən həmişə mənim üçün böyük bir məktəb olub. Və bu gün də onun çoxsaylı tələbələrindən biri kimi həmin məktəbin dərslərini almaqdan elə bir məmnunluq duyuram ki, bu barədəki düşüncələrimi əgər sözlə deyə bilməsəm, məni məzur tutun…
1996-cı il idi. Müəllimim, elmi rəhbərim Tofiq Hacıyevin altmış illik yubileyini keçirirdik. Universitetin böyük akt zalında dörd-beş saat sürən uzun rəsmi tədbiri axşam Bakının o zamankı ən gözəl restoranlarından birində davam etdirməli idik. Tofiq müəllim əvvəldən mənə demişdi ki, məclisi Vasim Məmmədəliyev aparacaq… Və mən filologiya fakültəsinin dekanı olaraq bütün təşkilatçılıq işlərini gücüm çatan səliqə-sahmanla görüb, qonaqları mövqe-mənsəblərinə uyğun yerlərdə əyləşdirəndən sonra Vasim müəllimi gözləyirdim ki, komandanlığı ona təhvil verəm.
Məclis artıq arəstə idi. Başda Universitetin rektoru Murtuz Ələsgərovla prorektor Misir Mərdanov əyləşmişdilər. "Xoş gəldiniz!" - deyib başlamaq lazım idi.
Vasim müəllim isə görünmürdü.
Tofiq müəllim çox istəyirdi ki, bu məclisi məhz Vasim müəllim aparsın, ona görə də həm Murtuz müəllimlə, həm də Misir müəllimlə söhbət edib vaxtı uzadırdı ki, Vasim müəllim gəlib çıxsın. Ancaq Vasim müəllim gəlmirdi ki, gəlmirdi… Həzin musiqi sədaları, stollara düzülmüş yeməklərin ətri, dörd-beş saat sürmüş rəsmi tədbirdən sonra təzə-təzə hiss edilən xoş aclıq…
Tofiq müəllim məni çağırıb dedi ki, Vasim müəllim deyəsən gecikir, sən məclisi aç, görək sonrası nə olur. Mikrofonu alıb təzəcə bir-iki kəlmə demişdim ki, Vasim müəllimlə Qumru xanımın təşrif buyurduqlarını görüb sevincək "ustadın özü gəldi, bundan sonra söz ancaq onundur" - dedim. Və irəli gedib mikrofonu ona uzatdım.
Vasim müəllim məni sındırmadı, mikrofonu aldı, Qumru xanımın özünə layiq olduğu yerdə əyləşdiyinə əmin olandan sonra əvvəl məclisə xoş gəldiniz elədi, sonra başladı, nə başladı.
"…Bir gün biri rəhmətə gedir, gəlib durur cənnətlə cəhənnəmə gedən yolun ayrıcında. Bu gələnə qədər də haqq-hesab olubmuş… Arxasından təbərzinlə vururlar, gedib düşür cəhənnəmin ortasına…"
Məclis elə diqqətlə qulaq asırdı ki, elə bil onların özlərini bu saat harasa (ya cənnətə, ya da cəhənnəmə) göndərəcəklər… Və bunu kimsə yox, məhz Vasim Məmmədəliyev edəcək…
"Özünüz də bilirsiz də, cəhənnəmin ortası küllükdü… Bu da bir-iki saatdan sonra özünə gəlib durur, üst- başını çırpır, deyir ki, noolub, alə, indi gəldim ki!.."
Vasim müəllim bir balaca geciksə də, məclisə elə bir ton verdi, elə söhbətlər elədi ki, hamının ağzı açıla qaldı. Onun sözləri yeyilən təamlardan daha dadlı, musiqidən də təsirli idi. Bu cür məclislərdə hakimiyyəti ələ almağa öyrəşmiş musiqiçilər də tamamilə Vasim müəllimin təsiri altında idilər. O, universal bir dirijor kimi bütün məclisi idarə edirdi… Yaxşı ki, Qumru xanım varıymış… Vasim müəllim məclisin yuxarı başına keçib Murtuz müəllimlə, Misir müəllimlə, Tofiq müəllimlə hal-əhval tutanda Qumru xanım məclisdəki xanımlarla gözəl bir rəqsə başladı…
Dünyanın mənim yadımda qalan ən tarixi günlərindən, ən gözəl məclislərindən biri idi. Vasim müəllim hamıya göz qoyur, hamı ilə zarafatlaşır, öz intəhasız, bitib-tükənməz enerjisini məclisdəkilərlə paylaşmaqdan yorulmurdu. Və sonda Qumru xanıma da borclu qalmadı…
"Qohumlardan biri toylarına çağırmışdılar. Çatan kimi xahiş elədilər ki, məclisi mən aparım. Əlacımız kəsildi… Hamı yeyib- içirdi… Mən gah Füzulidən, gah Seyid Əzimdən, gah da Səməd Mənsurdan şeir deyirdim… Qumru xanım da qohum- əqrəbalarla rəqs edirdi… Toy qurtarandan sonra Qumru xanıma dedim ki, bəyi də, gəlini də götür aparaq evə, burda bizdən çox zəhmət çəkən olmadı".
Və Tofiq müəllimin altmış illiyinin keçirildiyi bu son dərəcə səmimi məclisdən sonra mən Vasim Məmmədəliyevi yenidən kəşf etdim.
Hamımız bilirdik ki, Vasim müəllim içki içmir, ancaq hamımız üçün maraqlı idi ki, bu qədər yüksək intellekt sahibi, bu qədər mükəmməl düşüncə (və həyat) adamı necə olur ki, dünya nemətlərindən bu qədər mücərrəd nöqteyi-nəzər və ya təsəvvürlə imtina edir. Və bizim hamımızın təkidi ilə filosof dostumuz (və ağsaqqalımız) Həmid İmanov məclislərimizin birində yalnız ona məxsus ərklə:
- Vasim müəllim, siz dərin adamsız, ola bilməz ki, içməyəsiz, - deyəndə Vasim müəllim gördü ki, dostları onu sınağa çəkirlər. Tövrünü pozmadı. Adəti üzrə, heç kimin xətrinə də dəymək istəmədi.
- Həmid müəllim, düz deyirsiz, - dedi. - Ancaq bir məsələ var, indi elə ağzı bütöv kişi qalmayıb ki, onun yanında içəsən, heç kimin xəbəri olmaya…
Mən
"Tövrat"ı, "İncil"i rusca oxumuşam…
"Qurani-Kərim"i həm Kraçnovskinin tərcüməsində
rusca, həm müxtəlif tərcümələrdə
Türkiyə türkcəsində, həm də Vasim Məmmədəliyevin
tərcüməsində ana dilimizdə…
Onun ərəb
dilçiliyinin tarixinə aid monoqrafik araşdırmaları
bir yana, "Qurani- Kərim"in tərcüməsi bizim elmimizin, mənəviyyatımızın,
mədəniyyətimizin tarixi üçün, heç
şübhəsiz, misilsiz hadisədir. Tərcümənin nəşrinə
yazdığı müfəssəl "Ön söz" isə
oxucu qarşısında olduqca zəngin bir dünyanın
qapılarını taybatay açır:
"Qurani-Kərim" bir milyarddan artıq insanın etiqad etdiyi islam dininin müqəddəs kitabı, ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusudur. İlahi gözəlliyə malik olan bu əsər ulu Tanrının öz möcüzəsi kimi milyonlarla insanın qəlbinə hakim kəsilmiş, onların canına, qanına hopmuş, beyninə nüfuz etmişdir. Quranın ilahi gözəlliyini təsdiq etməyə təkcə bu kifayətdir ki, ərəb dilini bilməyənlər belə onu dinləməkdən doymur, ən müqəddəs kəlam kimi cani- dildən ona qulaq asırlar. Hər gün yeyilən çörək insanın ürəyini vurmadığı kimi, gündə bir neçə dəfə eşidilən "Qurani-Kərim" də insanı yormur, əksinə, ona mənəvi möhkəmlik, səbat və təsəlli bəxş edir, qarşısında əbədiyyətə doğru yeni, əsrarəngiz bir aləm açır"…
…Bu cür təfəkkür sahiblərinə bir vaxtlar "ustadi-kamil" deyərdilər…
Vasim müəllimdən öyrəndiyim bir dərs də var ki, o da təvazökarlıqdır… Və bunun maraqlı bir lətifəsi də var…
Vasim müəllim orta məktəbdə oxuyan oğlu Ayazı tez-tez danlayırmış ki, sən daha yaxşı oxuya bilərsən, amma tənbəllik eləyirsən, bir az da çalış… Danlanmaqdan təngə gələn ağıllı (və həssas) uşaq görür ki, atası "Qurani- Kərim"i tərcümə edərkən arabir dostlarına, xüsusilə görkəmli dilçi İsmayıl Temiroğluna zəng edib hansısa sözün, yaxud qrammatik modelin azərbaycanca necə verilməsinin daha dəqiq olduğunu soruşur. Və növbəti danlaq başlayan kimi atasına:
- Guya özün yaman bilirsən, hər şeyi İsmayıl əmidən soruşursan, - deyir.
Akademik Vasim Məmmədəliyevin zəmanəti ilə mən Azərbaycan MEA-nın həqiqi üzvü seçilmişəm. Və bu, elə bilirəm ki, ustadi-kamilin öz tələbələrindən birinə yalnız etimadı yox, həm də hər cəhətdən müqəddəs xeyir-duasıdır…
Nizami
CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.8.