Osip Mandelştam
Humanizm və
müasirlik
Esse
Tarixdə elə dövrlər olur ki, insan məhfumu ciddi qəbul edilmir, onun üçün tikmək deyil, ondan tikinti materialı - kərpic, sement kimi tikintidə istifadə etməyin daha uyğun olduğunu düşünürlər. Sosial memarlıq insan sayının miqyası ilə ölçülür. Bəzən o, insanın düşməninə çevrilir, onu təhqir etmək və alçaltmaqla öz əzəmətini artırır.
Assuriya əsirləri nəhəng çarın ayaqları altında cücə kimi eşələnir, insana düşmən olan dövlətin qüdrətini təmsil edən döyüşçülər uzun nizələrlə əli-qolu bağlı piqmeyləri öldürür, misirlilər və elə Misir inşaatçıları da insanla kütlə, ləvazimat kimi, hər hansı saya çatdırılaraq, tikinti üçün kifayət qədər yetəcək material kimi rəftar edirdilər.
Amma başqa sosial memarlıq da var, onun da miqyası, ölçüsü insandır, amma o, insandan tikinti ləvazimatı kimi istifadə etmir, insan üçün tikir, qüdrətini şəxsiyyətin alçaqlığı yolu ilə deyil, onun tələbatına uyğun olaraq ali məqsədəuyğunluqla artırır.
Hamı hərəkətdə
olan sosial memarlığın monumental formalarını hiss
edir. Dağ özü görünməmiş kölgəsini
üzərimizə salır və XIX əsri dövlət-hüquq
müstəvisində öyrənərək, cəmiyyət həyatının
monumental formalarını yadırğayaraq biz bu kölgənin
altında - onun gecəni hərəkətə gətirən
qanad və ya ayaq basmalı olduğumuz doğma şəhərin
kölgəsi olduğunu bilmədən qorxu və şübhə
ilə hərəkət edirik.
Sadə
mexaniki nəhənglik və çılpaq kəmiyyət
insana düşməndir və bizi yeni sosial piramida deyil, sosial
qotika cəzb edir: güc və qüvvələrin müstəqil
oyunları, insan cəmiyyəti, memarlıq meşəsi
(keçilməz, qalın, sıx ərazi) hər şeyin məqsədəuyğun,
individual olduğunu bəyan edir və hər bir hissə nəhəngliyə
can atır.
Sosial
memarlıq instinkti, daha doğrusu, həyatın böyük
monumental formalarda qurulması, sanki insanın ehtiyaclarıdır,
insan cəmiyyətlərinə xasdır və onu boş yerə
diktə edir. Sosial memarlıqdan imtina edilsə, hər kəs
üçün mühüm, sadə tikili olan insan evi,
insanın yuvası dağılacaq.
Zəlzələ
təhlükəsi olan ölkələrdə insanlar düz səthli
evlər tikirdilər və müstəviyə can atma,
memarlıqdan imtina fransız inqilabından başlayaraq həyəcanla
yeraltı təkanların, sosial zərbələrin gözlənildiyi
on doqquzuncu əsrin bütün hüquqi həyatından
keçirdi.
Amma zəlzələ
düz səthə malik evlərə də mərhəmət
etmir. Xaotik dünya da dağılır, ingilis home* da, alman
gemüt**-də. Xaos bizim rus sobalarında nəğmə
deyir, bizim qapaqları döyəcləyir.
İnsan
evini dəhşətli sarsıntılardan necə mühafizə
etməli? Onun divarlarını tarixin yeraltı təkanlarından
necə sığortalamalı? Kim cəsarətlə deyə
bilər ki, insan məskəni, insanın müstəqil evi Yer
kürəsində onun ən yaxşı bəzəyi kimi
olmamalıdı?
Son
dövrlərin hüquqi yaradıcılığı
yarandığı, mübarizə apardığı, səmərəsiz
filosofluq etdiyi məqsədləri mühafizə etməyi
bacarmadı.
İnsan
haqları haqqındakı heç bir qanun, heç bir prinsip
və toxunulmazlıqlar artıq insan evlərini
sığortalamır. Artıq evləri fəlakətdən
xilas etmirlər - nə inam yaratmır, nə təminat vermirlər.
İngilis
insanı şəxsiyyətin hüquqi zəmanətinin
qayğısına başqalarından daha çox qalır -
amma o unudur ki, çox əsrlər əvvəl elə onun
ölkəsində birbaşa olaraq inqilabi mənaya malik olan,
Avropada ilk sosial inqilab olaraq qəbul edilmiş home
anlayışı, bizim dövrün insanına fransız
inqilabından daha doğmadır.
Sosial
memarlığa doğru yaxınlaşan möhtəşəmlik
onun dünya təsərrüfatını insanın tələbatına
uyğun şəkildə, ev müstəqilliyini dünya sərhədlərinə
qədər genişləndirərək, individual
ocağını kainatın alovu ölçülərinə
çatdıraraq, dünya evcilliyi prinsipində təşkil
etməyə köklənib.
Gələcək
onu anlamayanlar üçün soyuq və qorxuludur, amma gələcəyin
daxili istisi, faydalılığın, məişətin və
ilahiyyatın istisidi, müasir humanist insan üçün isə
bu günün qızmar sobasının istisi kimi
aydındır.
Əgər
həqiqi humanist bəraəti gələcəyin sosial
memarlığının əsaslarına sığmırsa,
o insanı Assuriya və Vavilon kimi məhv edir.
Bu gün
humanizmin dəyərlərinin seyrəlməsi, istifadədən
uzaqlaşdırılması və əlçatmaz olması
heç də pis əlamət deyil. Humanist dəyərlər
qızıl valyuta kimi çıxıb getdi, gizləndi, amma
qızıl özü metal ehtiyat kimi müasir Avropanın
bütün ideya münasibətini təmin edir və onu itaətkarca,
hətta amiranə şəkildə idarə edir.
Qızıl
valyutaya keçid gələcəyin işidir və mədəniyyət
sahəsində də müvəqqəti ideyaların -
kağız buraxılışların - Avropa humanist irsinin
qızıl sikkəsi ilə əvəzlənməsi
lazımdır; humanizmin gözəl florinası arxeoloqun
belinin altında cingildəmir və zamanı yetişdikdə
gəzən səsli pul kimi yaşayacağı günü
görəcək, əllərdə gəzəcəkdir.
1922
* ev (ingiliscə)
** burada: tərz (almanca)
Rus dilindən tərcümə edən:
Xatirə NURGÜL
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.11.