Klassikimiz və müasirimiz Hüseyn Cavid
Xalq şairi Səməd Vurğunun böyük həqiqət ifadə edən maraqlı bir aforizmi var:
Böyük təbiətlər yaranır az-az,
Hər
yerdə, hər zaman inci tapılmaz!
Zaman keçdikcə daha çox inanırsan ki,
Hüseyn Cavid dünya ədəbiyyatı tarixində misilsiz
xidmətlər göstərən böyük ədiblərdən
biridir; onun əsərləri təkcə mənsub olduğu
xalqa, millətə yox, yer üzünün bütün
insanlarına məhəbbətlə, dünyanın
özünə işıqla dolu bədii söz sənəti
inciləridir - "hər yerdə hər zaman tapılmayan
inciləri!"
Adını
unutduğum bir çex müəllifinin çoxdan oxuduğum
bir yazısında şair çalğıçıya bənzədilir;
elə bir çalğıçıya ki, nədə
çaldığını, nə
çaldığını və kim
üçün çaldığını yaxşı
bilir.
Hüseyn Cavid belə bir sənətkardır. O, bədii sözün
böyük ustası - şair, dramaturq, publisist və ədəbiyyat-sənət
nəzəriyyəçisi kimi əlinə qələm
aldığı ilk vaxtlardan
yaradıcılığının bütün mərhələlərində
nə yazdığının, niyə
yazdığının və kim
üçün yazdığının fərqində
olmuşdur. Böyük sənətkar
xalqına, millətinə və qövmünə
qırılmaz məhəbbət və inam telləri ilə
bağlı böyük bir türkçü idi. Türk dünyasının tarixi şücaətlərinə
və mədəniyyətinə dərindən bələd
idi; onun bu günü və gələcəyi naminə
yazırdı. Hüseyn Cavid
yaradıcılığında ardıcıl olaraq öz bədii-poetik
ifadəsini tapmış olan türkçülük bir məfkurəvi
əsas olaraq heç bir halda məhdudiyyətdən
doğmadığı kimi məhdudiyyət də
doğurmurdu və insan sevgisi, insanda insanlıq
axtarışları, yüksək humanizm və ümumbəşəriliklə
bağlı idi. Böyük
şair-dramaturq yazanda da nəhayət etibarı ilə dinindən
və irqindən asılı olmayaraq, bütün insanlar
üçün yazırdı, məhəbbəti də,
sevgisi də bütün insanlara aid idi. Şairin gözəl
şeirlərindən birində məktəbli qız
Gülbahara: "Sənin ən çox sevdiklərin
kimdir?" - sualına
qızcığazın verdiyi cavaba, ümumiyyətlə,
bununla əlaqədar şeirdə diqqəti cəlb edən
kiçik bir parçaya nəzər salaq:
Ən
çox sevdiyim ilkin o Allah ki, yeri-göyü, insanları xəlq
eylər!
- Sonra
kimlər?
- Sonra
onun göndərdiyi elçilər!
-
Başqa sevdiklərin yoxmu?
- Kimdir
onlar?
- Anam,
babam, müəlliməm. Bir də bütün
İnsanlar!..
Bu parçada şairin bütün parlaqlığı
ilə ifadə etdiyi fikir, insana yüksək sevgi, yüksək
insan sevgisi sadəcə şairin lirik qəhrəmanı
kiçik qızcığaza məxsus deyil, böyük
şairin özünə də aiddir. Hüseyn Cavid ilk qələm
təcrübələrindən başlayaraq bütün
yaradıcılığı boyu insanda insanlıq
axtarırdı. Bu axtarışı ilə
böyük sənətkar insanlara daim insanlıqla,
doğmalıqla yanaşmağın tərənnümçüsü
idi. Cavidə görə insanlıqdan uzaq insan şər,
fəsad yuvası idi - sözün əsl mənasında iblis
idi - cümlə xəyanətlərə bais, ya hər kəsə
xain olan iblis!.."
Hüseyn Cavid insana inanaraq yazırdı, bədii və
ya publisist olsun, sözün kəsərinə və
gücünə, insanda insanlığın
varlığına inanaraq yazırdı; həmçinin
insana inamla və məhəbbətlə yazırdı. Məhəbbət Hüseyn
Cavid üçün ən böyük din idi - insanlar
arasında keçilməz uçurumlar yaradan,
ayrılıqlar, hicranlar, ələmlər törədən
din yox! - birliklər törədən,
insanları birləşdirən din! Hüseyn Cavid müasiri
olan böyük türkçü İsmayıl bəy
Qaspıralının dildə, fikirdə və işdə
birlik çağırışına qoşulan ən
böyük şair idi və yazırdı:
Səni
qurtararsa, qurtarar birlik,
Çünki birlikdədir fəqət dirilik.
Və ya:
İdeal arxasınca qoş, çırpın.
İdealsız
nicat ümidi mahal,
İttihad
iştə ən böyük ideal!
Nəhayət:
İştə
birlik, dildə, fikirdə birlik!
İş,
fikir, dil birliyi olmayınca, əvət pək çətindir
cahanda dirilik!
Hüseyn Cavid məhəbbət və gözəllik
şairidir.
"İdiot" romanında Fyodor Dostoyevskinin qəhrəmanı:
"Dünyanı gözəllik xilas edəcək,"
-deyir. Hüseyn Cavid və onun işıqlı
ideallarla yaşayan qəhrəmanları dünyanın
nicatını məhəbbət və gözəllikdə
görürlər. Bu fikir şair-dramaturqun "Afət"
pyesində personajların birinin dili ilə belə verilir:
"Bütün cahanı xilas edə biləcək iki
qüvvət var, yalnız iki böyük qüvvət var; o
da gözəllik və məhəbbətdən ibarətdir".
Sevgi və gözəllik filosof şairin
Tanrısı səviyyəsində bir mövqedə yüksək
bir zirvədə qərar tutmuşdur. Odur ki, şair
bütün səmimiyyəti ilə insana məhəbbətdən
yazır və sənətə dair baxışlarını
bir sənətkar kimi belə ifadə edirdi: "Mənim
Tanrım gözəllikdir, sevgidir". "Şeyx Sənan"
şeirində oxuyuruq: "Sən əhli eşq
üçün bir Kəbə yapdırdın məhəbbətdən
- "Şeyx Sənan" pyesi isə məhəbbətdən
ucaldılmış möhtəşəm bir abidədir.
İnsana məhəbbətin zəiflədiyi və ya
insanda məhəbbətin yoxa çıxdığı məqamlarda
şairə görə "sevdasız başlarda əqrəblər
gəzər", "Məhəbbətsiz bütün mənayi-xilqət
heçdir. Məhəbbətdir, əvət, məqsəd bu
pürəfsanə xilqətdən!"
Məhəbbət Hüseyn Cavidin sevərək qələmə
aldığı mövzu, janr və üslubca müxtəlif
olan bütün əsərlərində aydın ifadəsini
tapmış mühüm bir məsələdir. Məhəbbət
böyük şairin görüş və
baxışlarında olduqca geniş bir məna və anlam kəsb
edir. Hüseyn Cavid müəllim və publisist kimi hələ
1910-cu ildə qələmə aldığı
"Naxçıvana nə lazımdır?" məqaləsində
doğma ana dilinə olan məhəbbətini belə ifadə
edirdi: "Hər gün üç dərs rusca, bir dərs
türkcə oxunsa, o yarım-yanlış türkcədən
heç bir fayda olmaz… Dilsiz bir millət
yaşamaz, çapıq və münqəzir olur. Bir millətin lisanı mövcudiyyətinin ən
parlaq bürhanıdır". Hüseyn
Cavidə görə bu gün millətin məktəbi və ədəbiyyatı
necədirsə, gələcəyi də elə olacaqdır.
Hüseyn Cavid böyük şair, dramaturq
olduğu kimi, həm də böyük müəllim idi.
O, böyük müəllim kimi məktəbin və ədəbiyyatın
böyük məsuliyyət daşımalı olduğunu
dönə-dönə xatırladırdı. Yazırdı
ki, "Bir millətin tərəqqi və tədənnisini
bilmək üçün millətin məktəblərini,
daha doğrusu, ibtidai məktəblərini görmək kifayət
edər. Avropaya meydan oxuyan Almaniyanın,
qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün bu
tərəqqiyyati-ciddiyyətləri həp ibtidai məktəblər
sayəsindədir. Məktəbi bir millətin hər
halını tədqiq edib öyrənmək üçün
"ən doğru meyar, ən kəsdirmə yol kimi qiymətləndirən
şair rus-yapon müharibəsində yaponların ruslar üzərində
qələbəsinin səbəbini, bəzi mütəfəkkirlərin
müddəalarını xatırladaraq, yapon ibtidai məktəb
müəllimlərinin yapon vətənpərvərləri
yetişdirmə bacarığında görürdü; bu
müəllimlərin tərbiyə işini yüksək səviyyədə,
gözəl nəticələr əldə edə bilmək
istiqamətində aparmaq məharəti, öz işlərinə
böyük məhəbbət və millət naminə məsuliyyətlə
yanaşma bacarığı ilə əlaqələndirirdi.
"Həsbi-hal" adlı məqalələr silsiləsinin
ikincisində "filosofi-şəhir Herbert Spenser"dən
nümunə gətirərək göstərirdi ki: "Tərbiyənin
qayəsi bizi mükəmməl surətdə yaşamağa
hazırlamaqdır". Hüseyn Cavid bu sözləri
qələmə aldığı illərdə yaxşı
bilirdi ki, təlim-tərbiyə prosesində müəllim
mühüm rola malikdir. O, eyni zamanda yalnız məktəbdəki
şagirdləri tərbiyə etməklə kifayətlənməməli,
mümkün qədər "öz nüfuzunu -sözlərinin
əhəmiyyətini təmim və tövsiyəyə
çalışmalıdır". Çünki
şairə görə indiki halda "bizim yalnız məktəblərimiz
deyil, bütün həyati-ictimaiyyəmiz belə saf, parlaq bir
tərbiyəyə möhtacdır". Cavidə
görə, "bu yolla söyləyənə baxma, söylədiyinə
bax" düsturuna uyanlar yanılırlar. Çünki hər söz sahibinin sözü ilk
öncə onun ruhu ilə, vicdanı ilə
uzlaşmalıdır. Mütəfəkkir
qələm sahibi bir ərəb ədibindən misal gətirib
yazır ki, "qəlbdən çıxan sözlər daima
qəlbə nüfuz edə bilir. Qəlbin
xəbəri olmayıb da ağızdan fırlayı verən
sözlər dinləyənin bu qulağından girib, o birindən
çıxıb gedir.
Demək ki, sözün "təsirbəxş
olması üçün söz söyləyənin eyi bir qəlbə,
parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir məlumata
malik olması icab edir. Tərbiyə, məktəb millətin gələcəyinə
gedən yolu aydınlaşdırır, ovqatını qaydaya
salır. Bu işdə fəlsəfə və
ədəbiyyatın da rolu vardır. Böyük mütəfəkkir
və qüdrətli sənətkar kimi Hüseyn Cavid bu
gün də mövzu və problematikasının
aktuallığına görə xüsusi əhəmiyyət
kəsb edən, sovet dönəmində isə ideoloji cəhətdən
qüsurlu hesab edilərək haqqında bəhs
açmağa və çap olunmağa qadağa qoyulan
"Müharibə və ədəbiyyat" məqaləsində
böyük Lev Tolstoyun belə yarımdəli deyə tənqid
etdiyi Fridrix Nitsşenin almanların əhval-ruhiyyəsinə
təsirindən söz açır. Nəzərə
çatdırmağa müvəffəq olur ki, Nitsşe fəlsəfəsinin
daxili mənası zahirinə bənzəmir; bu fəlsəfə
daxilən daha səmimi bir mərhəmət və məhəbbət
ifadə edir ki, məhz bu cəhətinə görə
Nitsşeni nəinki almanlar, hətta ruslar, o cümlədən
"mətin üsluba, dərin düşüncəyə
malik olan Dostoyevski" - o böyük dahi və
ruhşünas da xüsusi olaraq qiymətləndirir.
Hüseyn Cavid ədəbiyyata da millətin əhval-
ruhiyyəsinin inikası kimi baxırdı. Yazırdı
ki, bu günün ədəbiyyatı mütləq gələcək
həyatın, nəsillərin necə yetişməsinə
öz təsirini göstərəcəkdir. Bundan heç cür sərf-nəzər etmək
olmaz. Ədəbiyyat ruhları əzə
də bilər, "gevşəliklər", "səfalət"
doğura da bilər. Eyni zamanda ədəbiyyat - məsələn,
türk ədəbiyyatında Namiq Kamal, Rza Tevfiq,
Əbdülhəq Hamid, Tevfiq Fikrət kimi qələm və
söz sahibləri milli ənənələrə, milli
duyğulara əsaslanaraq "köhnəlikdən, müqəllikdən
sıyrılmağa" xalqına kömək edə bilər.
Hüseyn Cavid Cəlil Məmmədquluzadənin
"Ölülər" əsərində "sənətkaranə
bir dirilik, mahiranə bir incəlik" görür və bu cəhətinə
görə "Ölülər"i yüksək qiymətləndirirdi. Ədəbiyyat
ölü bir sükutu yaymaqdan uzaq olmalıdır. Dirilik, oyadıcılıq ədəbiyyatın
görə biləcəyi ən mühüm işlərdəndir.
Hüseyn Cavid irsi bu vəzifəni bu gün də
yerinə yetirməkdədir.
Şair
"Qüruba qarşı" şeirində yazırdı:
Könüllər
qan, çiçəklər qan,
Bütün
çöllər, çəmənlər qan,
Dənizlər
qan, buludlar qan,
Hava qan,
iştə hər yer qan...
Dünya
qanlı vuruş meydanıdır...
"Dəniz tamaşası" şeirində isə
fırtınada gəmi sərnişinlərinin vahimədən
çırpındıqları halda, gəmidəkilər
arasında hamıdan öz qorxmazlığı ilə fərqlənən
qoca türkü diqqət mərkəzinə çəkir. Çöhrəsində
Turanın şanlı tarixi və keçmiş ənənəsindən
izlər əks olunan qoca türk öz son duasını edir:
Ey
böyük Tanrı! Ey böyük Yaradan!
Hər bəladan
əsirgə yurdumuzu!
Kamran eylə
şanlı ordumuzu!
Görkəmli cavidşünasların yazdıqları
kimi həyat mübarizəsi və dirilik Cavidin bütün əsərlərində
əksini tapan məsələlərdəndir.
Şair 1916-cı ildə "Hərb və fəlakət"
adlı şeirini yazıb çap etdirmişdir. "Anadolu hərbzadələrinə
yardım münasibətilə" yazılmış bu irihəcmli
şeir 1916-1917-ci illərdə müxtəlif toplularda və
dövri mətbuat orqanlarında bir neçə dəfə
çap olunmuşdur. Əsər 1918-ci ildə
"Bakı ətrafı fəhlə, qırmızı əsgər,
kəndli və matros şurasının "Əxbar" qəzetinin
17 iyun nömrəsində "Haqqını sən mübarizə
ilə alarsan, yaxud həqiqi bir insanpərvərin ümumi zəiflərə
xitabı" (Q.Məmmədli) qeydi ilə çap
olunmuşdur. Bu qeydin verilməsi təsadüfi
deyil, əsərin ifadə etdiyi mübarizə ruhunun inam
doğura biləcək gücü ilə əlaqədardır.
Üç hissədən ibarət olan
şeirin bundan əvvəlki nəşrlərdən fərqli
olaraq ikinci hissəsinin tamamilə ixtisar edilməsi, şairin
sovet dövrü nəşrində də belə naqis verilməsi
təəccüblü görünmür, lakin təəssüf
doğurur. Çünki haqqında söz
gedən hissədə "türklərin anlı-şanlı
tarixindən" bəhs olunur. Sovet dönəmində
hakim kommunist ideologiyasının hökm sürdüyü bir
şəraitdə türkün şanlı keçmişindən
söz açmaq olmazdı. Hüseyn Cavidə
isə bir sənətkar kimi belə bir söz açmağa
oxucunu öz keçmişinə qürurla baxmağa və həyat
mübarizəsinə çağırışla əlaqədar
müharibənin törətdiyi fəlakətlərdən
milli ruhun düşgünləşməsinə yol verməmək
üçün söz demək lazım idi.
Böyük sənətkar şair -dramaturq kimi, həmçinin
təfəkkür adamı-filosof, publisist kimi, yəni
yaradıcılığının bütün sahələrində,
həmçinin bütün yardıcılığı boyu
sözünü bütün kəskinliyi və
dolğunluğu ilə cəsarətlə demişdir:
Hər
qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur. -
Və ya:
Turana
qılıncdan daha kəskin, ulu qüvvət,
Mədəniyyət,
mədəniyyət, mədəniyyət! - inamı
ilə daim haqq və həqiqət, gözəllik
axtarışında olmuş, insanda insanlıq eşqi ilə
yazıb-yaratmışdır.
Hüseyn Caviddə işıqsız, hərarətsiz,
enerjisiz söz yoxdur. Onun yaratdığı obrazlar da bədiilik
baxımından güclü və zəif deyə iki yerə
bölünə bilməz. Böyük
şairin qüvvətli aforizmləri, dərin mənalı
sözləri əsas aparıcı obrazları kimi, bəzən
epizodik obrazların da dilindən deyilir. Misal
üçün, "Peyğəmbər" pyesində
verilmiş dillər əzbəri olan:
Kəssə
hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü. - misraları
baş rəisin dilindən verilmişdir.
Böyük
sənətkarların mövqeyi cəmiyyətin
fövqündə, insanlar arasında və ya insanın
daxilində, içində ola bilər.
Çap olunmuş on beş pyesin, "Telli saz", "Şəhla", "Attila", "Koroğlu" kimi hələ də tapılmamış dörd dramın, onlarla şeir və poemanın, olduqca dəyərli nəzəri və publisist məqalələrin müəllifi kimi şöhrət qazanmış Hüseyn Cavidin sənətkar mövqeyi həmişə həm cəmiyyətin fövqündə, həm insanlar arasında, həm də hər birimizin daxilində - içində olmuşdur. Bu böyük şairin yazıb-yaratdığı illərlə də belə olmuşdur, indi də belədir. Böyük Cavid bizim həm klassikimiz, həm də müasirimizdir.
Tofiq
Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.14-15.