Günter Qrassın günahlı keçmişi
2006-cı ilin avqustunda Almaniyada Günter Qrass adı ətrafında söz-söhbət artdı. Əslində, müzakirələrə yazıçının özü yol açdı. O, etiraf etdi ki, gənclik illərində SS-in üzvü olub. Həm də bildirdi ki, "Vaffen SS" heç də cinayətkar və işğalçılıq niyyətli qoşun növü olmayıb. Bu xəbər ölkənin kütləvi informasiya vasitələrində geniş əks-səda doğurdu. Çoxsaylı zənglər, müsahibələr yazıçını zinhara gətirmişdi. Bütün bu söhbətlərə son qoymaq üçün bəyan etdi ki, "Vaffen SS" sıralarında olarkən heç bir hərbi cinayət törətməyib, heç bir güllə atmayıb.
Belə açıqlama cəmiyyətdə rezonans doğurduğundan, Qrass ömrünün həmin səhifəsi barədə 2006-cı ildə əsər yazdı. Həmin əsərin işıq üzü görməsindən sonra da yazıçı barədə müzakirələr səngimədi. Ümumiyyətlə, Günter Qrassın siyasətlə məşğul olması bəzi ölkələrin rəsmiləri tərəfindən narazılıqla qarşılanıb. Məsələ burasındadır ki, o, bəzi ölkələrin siyasətini tez-tez tənqid edirdi. Və belə ittihamlar ölkələr arasındakı münasibətlərdə soyuqluq yaradırdı. Almaniya isə dəfələrlə bəyan edirdi ki, "yazıçı Günter Qrassın bəyanatlarının ölkəmizin xarici kursu ilə heç bir bağlılığı yoxdur. Yazıçı azad və demokratik şəxsdir". Belə siyasətə qarışmaların birində isə onu persona-non-qrata elan etdilər. İsrail dövlətinin rəsmi şəxsləri Günter Qrassı nasizmə xidmət etmiş şəxs adlandırdı. Qrass qalmaqallı siyasi bəyanatları ilə daha da uzağa gedirdi. Onun "Avropanın rüsvayçılığı" şeirində Yunanıstana qarşı laqeydlik, o cümlədən adıçəkilən ölkəni borc içində çabalatmaq kimi nüanslar yer alırdı.
2013-cü ildə yazıçının yeni bəyanatı barədə xəbərlər dərc edildi. O, bildirdi ki, daha roman yazmayacaq. Çünki üstündə 5-6 il işlədiyi romanını yazmağa həm yaşının çoxluğu, həm sağlamlığı imkan vermir. Sonuncu olan "Vonne Endlichkait" əsəri özündə həm poeziyanı, həm də nəsri birləşdirir. Həmin romanı ölümündən 3 gün əvvəl bitirmişdi. Həmin günə qədərsə Günter Qrass adlı yazıçı dünyanın nəsrinə işıq saçdı.
Günter Qrass 1927-ci ildə
doğulub. Milliyyətcə almandır. Həm də heykəltəraş
və rəssam olub. 1999-cu ildə Nobel mükafatına layiq görülüb. Qrass
almandilli yazıçıların
birliyi olan "47-ci qrup"un fəal
üzvlərindən sayılıb.
Debüt
romanı "Dəmir
təbil"dən sonra
məlum oldu ki, müharibə daha bir yazıçını
meydana gətirib.
O, Günter Qrassdır. Yazıçının həyat və yaradıcılığı, eləcə
də siyasət arenasında ciddi fikirləri hələ də tədqiqatçıların
müzakirəsindədir. Onun əsərlərinin əsas
motivi doğulduğu Dantsiq və nasizm barədədir.
Nasizmin dünya bəlası barədə təfərrüatlı
əsərlər yazıb.
Almaniyanın ictimai-siyasi həyatında
fəal rol oynayan yazıçı Yaşıllar partiyasının
seçkilərində fəal
iştirakı ilə
seçilib. Nasizm barədə
çox yazmasına irad bildirən jurnalistə isə deyib ki, "mən gələcəkdə
bir də belə səhvin təkrarlanmasını istəmirəm".
Günter Qrass həmişə
atası barədə
xatirələrini bölüşərmiş. Vilhelm Qrass
protestant olub. Ərzaq məhsullarının
ticarəti ilə məşğul imiş.
Yazıçının uşaqlığı Dantsinq şəhərində
keçib. Bu şəhər siyasi inqilablar şəhəri kimi ad çıxarıb.
Bəzən tədqiqatçılar
Günter Qrassın siyasi
arenada hansısa məsələyə dair
bəyanatını da
məhz doğulduğu
şəhərlə əlaqələndirirlər.
Gələcəyin yazıçısı uşaq olarkən faşistlər hakimiyyətə
gəlmişdilər. Digərləri kimi o da gənc hitlerçi olub. Tədbirlərə gedər, yeni
ideyalar ətafında
müzakirələrə qoşularmış.
Əlbəttə, hələ anlamazdı
ki, hansı amala görə mübarizə aparır.
Günter 1943-cü ildə, 16 yaşında 3-cü Reyxin
hərbi hava qüvvələrinin zenit
batareyası xidmətində
köməkçi vəzifəsində
çalışıb. 1944-ci ildə Reyx hökumətinin Əmək
xidməti tərəfindən
6 aylıq kurs keçib. Məhz həmin il
könüllü şəkildə
vermaxtda xidmətə
yollanıb. Üçüncü Reyxin hərbi-dəniz
qüvvələrində xidmət
üçün ərizə
ilə müraciət
edib. Yazıçı xatirələrində yazırdı ki, məhz sualtı gəmidə xidmət etmək istəyirmiş.
2006-cı ilin avqustunda
Reuters İnformasiya Agentliyi reportajında
Günter Qrassın keçmişi
barədə məlumat
verərkən niyə
faşist ordusunda xidmət etməsi səbəbinə də toxunmuşdu. Günter Qrass bildirmişdi ki, evdə özünü
həbsxanadakı kimi
hiss edirmiş. Nasist təbliğatı
milyonlarla adamın beynini yuduğu kimi, onu da
həmin bataqlığa
atıb. Bilməyib ki,
vətənpərvərlik hissi imperialist və digər ölkələrin
torpaqlarının işğalı
siyasətindən başqa
bir şey deyilmiş. İnformasiya agentliyinin reportajının
alt qatdakı məramı
sanki yazıçını
müdafiə etməkdən
ibarət idi. Yəni, yazıçı günahkar
olmayıb, sadəcə
aldanıb, yanlışlığa
yol verib.
Beləliklə, hərbi-dəniz qüvvələrində
xidmət istəyi alınmayıb. Onu "Frundsberq" SS-in 10-cu tank diviziyasına
xidmətə çağırıblar.
Müharibə sona çatdıqca
canlı qüvvə sarıdan korluq çəkilib. O baxımdan
17, hətta ondan aşağı yaşlı
gəncləri də müharibəyə aparıblar.
Adətən, tank diviziyasına 17 yaşlı gəncləri
götürməzdilər. Günter ərizə yazan kimi diviziyaya
göndərilmiş, üstəlik,
ona tank idarə etmək həvalə olunub. Müharibə həm də
ölüm və şikəstlikdir. 1945-ci il aprelin 20-də Şpremberq adlı şəhər ətrafında
gedən döyüşlərdə
Günter Qrass yaralanıb.
Bu, sovet qoşunlarının
Berlini almaq istiqamətində sonuncu əməliyyatlarından sayılır.
1945-ci il mayın 8-də Çexiyanın
Marienbad (hazırkı
Mariansk-Lazna) şəhəri
ətrafında Antihitler
Koalisiyasının tərkibindəki
amerikan qoşunları
tərəfindən əsir
götürülüb. Bad-Ayblinq şəhərindəki
hərbi əsirlər
düşərgəsində 1946-cı ilin aprelin 24-nə qədər saxlanılıb.
Həmin
düşərgə ABŞ-ın nəzarəti altında idi. Amerika qoşunları öz əsirlərini həmin düşərgədə saxlayardılar.
2014-cü
ilin oktyabrından etibarən Günter Qrassın
Lyubek şəhərindəki
ev muzeyində
"Əsgər Qrass"
adlı ekspozisiya sərgilənir. Multimedia İnstalsiya vasitəsilə
Qrassın 3-cü Reyx
vaxtındakı əsgərlik
xidməti öz əksini tapıb. Məsələn, o, 10-cu tank diviziyasında xidmət edərkən tankların hərəkət
marşrutu açıq-aydın
göstərilir. Ekspozisiyada "Hərbi əsir Günter Qrassın işi" adlı guşə də var. Onun Reyxin İmperiya əmək xidmətinin formasındakı fotosu da buranı ziyarət edənlərin nəzərini cəlb edir. Bir yazılı etiraf
isə gündəliyindəndir.
Həmin
gündəlik 1963-cü ildə
yazılıb. O, alman
naşiri Klaus Vaqenbaxa
özünün sirli
keçmişi barədə
yazıbmış. Yəni, 2000-ci illərdə bütün
dünyanın eşitdiyi
etirafı hələ
ötən əsrin
60-ci illərində alman
naşiri bilirmiş.
Yaxınları düşünüb ki, Günter hərbi əsir düşərgəsindən
azad olunandan sonra özünə gəlməsi üçün
neçə il lazım gələcək. Ancaq o özünü
itirməyib, təpər
taparaq təhsil almağa qərar verib. 1947-48-ci illərdə Düsseldorfdakı
peşə məktəbində
sənət öyrənib.
Sonra
Düsseldorf Rəssamlıq Akademiyasında qrafika və heykəltəraşlıq
fakültəsində təhsil
alıb. Şəhərin mərkəzindəki Zum Çikos kafesində şveytsar işində çalışıb ki,
dolanmağa qəpik-quruşu
olsun. Tək olsaydı, çətinlik
yaranardı. O, Akademiyada
Herbert Çanqsla tanış olmuşdu,
elə birgə işləyirmişlər. Dostu sonralar
məşhur rəssam
kimi bütün dünyada ad çıxardı.
1953-56-cı illərdə
Günter Berlin İncəsənət Universitetinə daxil oldu. Məşhur heykəltəraş Karl Hartunqdan dərs aldı.
Qrass üçün 3 ölkə
çox əziz olub: Almaniya, Fransa və İçveçrə. Ömrünün müxtəlif illərini həmin ölkələrdə
yaşayıb. Yazıçının ciddiyyəti ailəsində
də öz təsirini göstərib.
1954-ci ildə evləndiyi Anna Şvarts uzun illər onunla həyat yolu keçib. Lakin Günterin əsəbiliyi
həmin qadınla birgə yaşayışı
1972-ci ilə qədər
mümkün edib.
Ayrılmağı qərara alıblar.
Ancaq hansısa səbəbdən
rəsmi ayrılıq
6 ildən sonra -
1978-ci ildə baş tutub. Bəziləri hesab edir ki, Günter həyat yoldaşı ilə barışmaq niyyətində
olub. Lakin xudbinliyi buna
imkan verməyib.
Anna isə çox
yalvarıb-yaxarmayıb. Sən demə, yazıçının
qeyri-rəsmi evliliyi də mövcud imiş. Memar və rəssam
Veronika Şryoterdən
də uşaqları dünyaya göz açıb. Yazıçının ikinci rəsmi evliliyi orqan ifaçısı Uta Qrunertlə olub. Uta yazıçı ilə
son nəfəsinə qədər
birgə qalıb.
Avtobioqrafik romanında qeyd
edir ki, onun 3 qadından 8 uşağı dünyaya
göz açıb.
Ölümünə qədər 18 nəvəsinin
olduğunu deyərmiş.
Son dəqiqələrində
uşaqları və nəvələri onu tək qoymayıb. Əsas vəsiyyətini isə sonuncu həyat yoldaşına söyləyib.
Günter Qrass 2015-ci ilin
aprelində 87 yaşında
Lyubek şəhərindəki
klinik xəstəxanasında
gözlərini əbədilik
yumdu. Lyubek teatrında vida
mərasimi keçirildi.
Mərasimdə Almaniyanın keçmiş
federal prezidenti Yoahim
Hauk da iştirak etdi. Oskar mükafatı
laueratı Con İrvinq
nitq söylədi.
Həmin
gün Almaniyanın bir sıra rəsmi
binalarında milli bayraqlar endirildi.
Günter Qrass sağlığında
deyirdi ki, heç vaxt hərbi əməliyyatlarda
iştirak etməyib, bircə güllə də atmayıb. Ancaq yaralanması
və əsir götürülməsi başqa
mətləblərdən xəbər
verir. Bəlkə də müharibə
əsgəri kimi kimisə öldürməyib.
Ancaq çoxları buna
inanmadı.
Azər QİSMƏT
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.31.