Bertoltun uğurlu səhvi
O, ən faciəvi və
ağrılı mövzulara belə rişxənd ilə
yanaşmağı bacarırdı.
Adətən Bertolt Breştin (Brext) adı gələndə
dərhal onun sosialist düşüncələri, müharibəyə
qarşı əsərləri yada düşür. Ədəbiyyatla daha dərindən
tanış olanlar isə, yəqin ki, onun teatrda
yaratdığı yeni üslubunu xatırlayırlar ( Öykücü dram).
Birinci
Dünya müharibəsində döyüşə getmiş,
döyüşün qan donduran hadisələrindən
bezmiş, sonra İkinci Dünya müharibəsi ərəfəsində
faşizmə qarşı çıxaraq nəhayət, on səkkiz
il didərgin həyatı yaşamış şarin, dram
ustasının əsərlərinin məzmununu daha çox
döyüş və yoxsulluqla bağlı motivlər
təşkil edir.
O, dram
janrında "məsafə yaratmaq" texnikasını
qullanırdı. Yəni bacardığı qədər
oxucunun (teatr izləyicisinin) əsərdə qərq olub hisslərə
qapanmasının qarşısını almağa
çalışırdı. Həm də
hisslərə qapılmaqdan daha çox düşünməyinin
tərəfində olduğundan daima əsərlərini
düşüncə labirintləri üzərində qururdu.
Bu üsluba epik üslub da deyirlər. O, dialektika yerinə
öyküləmə (rəvayət etmə, narration) yolu ilə
əsərləri yaratmağa, oxucunu düşündürərək qərar verməyə, nəticə
çıxarmağa sövq edirdi. Yəni əsas
məqsəd hisslərin və emosiyaların düşüncəyə
müdaxiləsini cilovlamaq idi.
Hətta
onun əsərləri əsasında teatrlarda hazırlanan məşqlərdə
özü də iştirak edərək səhnənin
çevrəsini sanki hasarlayaraq onu ətraf mühitdən
ayırmağa çalışırdı. Yəni
heç bir halda izləyici gerçəklər ilə
yaradılmış uydurmanı qarışdırmamalı
idi. Bir şeyi anlamalıydı ki, teatrın öz gerçəkyili
var və izləyici dəqiq düşünərək, sərrast
qərarlar verərək baxdığı
tamaşanı həzm etməlidir. Bertolt hətta
Frankfurt məktəbinin öncülləri olan Teodor Adorno və
Maks Horkhaymerlə mübahisələrə girir və
onların yaratdığı üsluba qarşı
çıxırdı. Onun fikrincə bədii
əsərlər həqiqət söyləyicisi
estetikasında uzaqlaşmalıydı.
Xatırladım ki marksizm məktəbi incəsənətdə
estetika, dil və fərdə önəm vermədiyi
üçün, onun bətnindən çıxan Frankfurt məktəbi
bacardıqca bu üç ünsürə diqqət
ayırdı.
Maraqlıdır ki, klasssik marksizmə
bağlı olan Breşt digər həmkarlarından fərqli
olaraq tamamən fərqli bir üslubun yolunu tutmuşdu.
Sual yarana bilər ki,
niyə başqa marksist yazarlardan fərqli olaraq
o, bu gün də
dünyanın ən önəmli sənət adamları
içində parlayır? Başqa tərəfdən
bəs bu parlayışa rəğmən onun bəlkə də
fərqinə varmadığı əsas səhvi harda idi?
Frankfurt məktəbinin əsas ideoloqlarından olan
filosof Herbert Markuze düşünürdü ki, bu məktəbin
üzvləri arasında ziyalılara qarşı sərt bir
baxış və istehza mövcud idi, ona görə ki,
onları yalnız söz pəhləvanı sanırdılar. Breşt isə
mübhəm və mürəkkəb yazı tərzini bəyənmirdi.
Frankfurt məktəbində yeni
solçuların bir çoxu fəhlə təbəqəsinə
də acıqlı idi. Ona görə ki,
bu tənbəl təbəqə marksistlərin istədiyi
inqilabı etməyə belə artıq ərinirlər.
Hər halda, Frankfurt məktəbinin nüvəsində
Breştin öz yerliləri dayanırdı və
hamısı ABŞ-a
sığınmışdılar.
Britan filosofu İsaiah Berlin düşünürdü
ki, marksizm kökündən səhv təqdim olunub və bu,
bir fəlsəfi məktəb deyil, elmi-tarixi ideyaları
gerçəkləşdirən qondarma bir mexanizmdir. Çünki ideyaya, ideologiyaya fəlsəfə
donu geyindirməyin sonunu gördük. Gəlişmiş
ölkələrdə faşizm, geri qalmış ölkələrdə
diktatura yarandığının şahidi olduq. Dünyada baş verənlərin mənzərəsinə
şahidlik edən Frankfurt məktəbi özünü bu məsələnin
nədənini aramağı və marksizmə düzəliş
etməyə kökləmişdi. Hər
halda, Breşt sonuna qədər klassik bir marksist kimi öz
inancında qalmaqda davam etdi. Əslində
isə bu inadcıllığı ilə həm də səhvə
yol verirdi.
Breştin
yaşadığı çağda digər ədəbi
proses yarandı ki, onun ən qabarıq nümayəndələri
Herman Brox, Robert Musil və Stefan Sveyq idi. Hansı ki, Milan
Kunderanın dili ilə desək, onlar "düşüncə
romanı"nın üslubunu
yaratdılar. Breşt bu sahədə də qeyd
olunan üç yazara uduzurdu. Onun əsərləri
özü tərəfindən düşüncə əsəri
adlandırılsa da, özündə düşünmə tərzini
deyil, sırf siyasi problematikanı daşıyaraq elə siyasətin
özünə çevrilirdi.
Breştin yaşadığı çağda Bertran
Rassel və onun şagirdi Lüdviq Vitgenşteyn öndə
olmaqla "analitik fəlsəfə" yarandı. Bu fəlsəfənin
şineli altından da böyük yazarlar çıxdı,
amma Breşt bu axından da kənarda qaldı.
Bəs
Breşti böyük bir sənətkar kimi tanıdan nə idi?
Birinci, onun əsərləri sadə və
hamının dərk etdiyi mövzulardan bəhs edirdi. Mənzərə
sırf mətnin alt laylarına yönəlmişdi. Mətnaltı mənalar olduqca zəngin informasiya
ötürücüsü idi. Buna görə də
Breşt xırdaçılıq və hədsiz həssaslığı
ilə bəzən nə demək istədiklərini
düzgün tərcümə etməyən tərcüməçilərin
xətrinə dəyərək istədiklərini alana qədər onları incidirdi. Çox vaxt heç bir tərcüməni
bəyənməyərək inqilis dilinə olan tərcümələrini
adətən özü redaktə edərdi. Elə bu
vasvasılığına və həssaslığına
görə dünya dillərinə çevrilən əsərləri
öz doğma dilində yaratdığı əsərlər
ilə eyni energetik üstünlüyə malik olurdu. Məhz bu səbəb ona dünya şöhrəti
qazandırırdı.
İkinci məsələ, onun barmaq qoyduğu
mövzular idi.
Başda müharibə dayanmaqla yoxsullara olan
laqeydlik və kapitalizmin qəddarlığı demək olar
ki, onun bütün əsərlərində
işıqlandırırlıb. Miguel De Unamunonun diqqət çəkən
fikri məhz bu anda yadımıza düşür. O, deyirdi:
"İnsanları bir-birinə bağlayan ortaq dərdləridir".
Elə bu səbəblərin onun əsərlərində
qabardılması eynidərdliləri bir araya toplayırdı.
İndi isə dünyada baş verənlərə nəzər
salsaq başının üzərini qara bulud almamış
bir dövlət görə bilmərik. Xaotik mənzərə
sanki dünya müharibələrinin zamanında
yaranmış mənzərəni bizlərə
çatdırır. Əslində bəlkə
də özümüzün də xəbəri olmadan
Üçüncü Dünya müharibəsini
yaşamaqdayıq. O səbəbdən də, yazıçının
toxunduğu mövzular bəşəriyyətin həmişəlik
dərdi olaraq gündəmdə qalmağı bacarır. Və daima aktuallığını qoruyur.
Başqa bir məsələ, Breştin barışmaz
şəxsiyyəti məsələsidir. O, heç zaman
inancını məsləhətə qurban vermirdi. Hətta
soyuq müharibə zamanı, ABŞ-da istintaqa cəlb olunanda
belə açıq-aşkar, bir az da
istehza ilə, marksizmə olan inancından, ümidindən və
onun üstünlüklərindən danışdı. İstehza demişkən, onun əsərləri
başdan-başa ironiya ilə doludur. O, ən faciəvi
və ağrılı mövzulara belə rişxənd ilə
yanaşmağı bacarırdı. Bu isə
tamaşaçıda, oxucuda, ümumiyyətlə insanlarda
ümid yaradaraq qorxunu üsyana çevirirdi.
SONRADAN
DOĞULANLAR ÜÇÜN
Doğrudan
da boğanaq bir çağda doğulduq
Sadə
sözlər belə qorxulu,
Duyumsuzluğun
göstəricisidir qırışsız alın,
Gülənlər
sanki
Hələ pis xəbər almayıblar.
Ah, bu nə
zamandır ki,
Bunca
pisliklərdən danışmaq yerinə,
Ağaclardan söz açmaq belə suçmuş kimi
gəlir.
Sənə
ulaşa bilməyən dostların tutuqluykən,
Bunca qayğısız dolaşmaq olurmu?
Doğrudur:
Yaşamı
sürməkçün yeyib-içməyim var
Amma
inanın:
Bu sadəcə bir təsadüfdür. Başqa heç nə…
Yediyim
çörəyə dəyməz gördüyüm işlər,
Təsadüfən
ayaqdayam,
Bəxtim dönərsə, mən də batdım.
Ye,
iç deyirlər.
Nəyin
varsa sevin deyirlər .
Amma necə
yeyib-içmək olur ki,
Dişlədiyim
çörəyi bir acın əlindən qapdım
Və
başqa susuz birisi
İçdiyim
suya daha yararlı deyilmi?.
Ama yenə də yeyib-içməkdəyəm.
Bir az da uslu birisi olmaq istərəm.
Əski
kitablar usluluqla bağlı nə söylər:
- Uzaq dur
dünyanın çəlişgilərindən.
- Yaşa
qısacıq ömrü qorxusuz.
- Kobud
olaylardan qaçı ver.
-
Kötülüyə yaxşılıqla qarşılıq
ver.
- Unut
röyalarını, çin etməyə
çalışınca.
Budur
dedikləri usluluq,
Amma bacarmıram mən.
Ah, necə
də qaranlıq bir çağda doğulduq!..
II
Xaos
dönəmində,
Aclığın
fəğan qopardığı anlarda
şəhərlərə
çıxdım.
Üsyançı
xalqa qovuşub, bağırdım,
Bu
dünyada böylə keçdi,
Mənə verilən ömür.
Savaşlar ortasında çörəyi dişlədim.
Qatillər arasında uyudum.
Sevgini
önəmsəmədim,
Doğaya həvəslə baxmadım.
Bu dünyada böylə keçdi.
Mənə verilən ömür.
Öylə
bir zaman doğuldum ki,
Bütün
yollar bataqlığa çatır
Dilim məni
cəlladlara satdı,
Zorum az, amma ümidim çox:
Mənsiz,
hakimlərin daha dinc oturacağına,
Dünyada
böyləsinə keçdi,
Mənə verilən ömür.
Gücümüz,
dayanacağımız az,
Amacımız
uzaq,
Əlçatmaz
kimi gəlirdi mənə,
Uzaqdan
görünsə də hədəf
Dünyada
böyləsinə keçdi,
Mənə verilən ömür.
III
Ah, bizi boğan fırtınaların içindən
çıxacaq
insanlar,
Bizim
gücsüzlüyümüzdən danışarkən
Sizin can
qurtardığınız,
Yaşadığımız bu qaranlıq
çağı unutmayın.
Yürüşlərimizi
xatırlayın,
Dəyişdiyimiz
ölkələrin sayı,
Yırtdığımız ayaqqabılardan artıq.
Təbəqələr
savaşı ortasında ümidsiz,
Sitəmin olduğu, etirazın olmadığı dönəmdə.
Yaxşı
bilirik:
Alçalmağa
nifrət də,
Üzün cizgilərini pozur.
Sitəmə
qarşı acıq da,
Səsi kobudlaşdırır.
Ah, bizlər
dünyanı dostluqlara hazırlarkən,
Özümüz dostlaşamadıq bir türlü.
Amma
insanın insana
dayaq
olduğu günü görüncə,
Bizi yumşaqca yarğılayın, lütfən.
***
Bir
pilotdur qardaşım,
Bir şanlı gün fərman gəldi.
Çantası
hazır,
Yola düşdü güneyə doğru.
Bir
qalibdir qardaşım,
Yaşamağa yerimiz dar.
Yeni
torpaqlar qazanmaq,
Əskidən bəri düşümüz.
Qardaşımın
fəth etdiyi yer,
Guadarrama dağlarında.
Boyu bir
metr səksən,
Dərinliyi bir metr, əlli.
***
Generalım,
tankınız necə də güclü bir maşın
Bir ormanı məhv edər həmən.
Yüz
insanı didib-dağırdar bir an,
Amma
çatışmayan bir şey var -
Bir sürücü lazım.
Generalım,
qırıcınız necə də güclü,
Uçuşu fırtınadan tez, gücü fildən
çox.
Amma
çatışmayan bir şey var -
Bir usta
istər.
Ah,
generalım, insan çox yararlı,
Uçub, öldürə bilər ustacasına.
Amma
çatışmayan bir şey var -
İnsan düşünə də bilər.
Dalğa Xatınoğlu
Ədəbiyyat qazeti.-
2017.- 21 oktyabr.- S.30.