ƏDƏBİYYAT ÜZRƏ
1964-CÜ İLİN NOBEL MÜKAFATÇISI:
Jan Pol SARTR
Fransa
Fransız filosofu,
yazıçı, dramaturq, esseist, pedaqoq, ateistik
ekzistensializmin nümayəndəsi Jan-Pol Şarl Emar Sartr
1905-ci ilin 21 iyununda Parisdə anadan olub. İlk təhsilini La-Roşeli liseyində alıb, Parisdə
fəlsəfə üzrə dissertasiya müdafiə etmək
üçün ali məktəb bitirib,
Fransanın müxtəlif liseylərində və Berlində
fəlsəfə dərsi deyib. Hələ tələbə
vaxtı Simona de Bovuar ilə tanış
olub və bu tanışlaq onun həyat yolunu müyyən etməkdə
böyük rol oynayıb. Fransa müstəmləkəsində
olan Əlcəzairin azadlığı və müstəqilliyi
yolunda mübarizəyə qalxıb, xalqların
azadlığını dəstəkləyib. Bu fəaliyyətinə
görə millətçilər onun Parisdəki evini iki dəfə
partlatmağa cəhd ediblər, mllətçi-yaraqlılar
onun da çalışdığı "Yeni zaman" dərgisinin
redaksiyasını beş dəfə ələ
keçiriblər.
Sartr şöhrət zirvəsinə
bir filosof kimi qalxsa da, yazdığı ədəbi nümunələr
hər zaman maraqla qarşılanıb. Müəllifi
olduğu "Ürəkbulanma", "Söz" və s.
romanları, "Milçəklər", "Ürəkdə
ölüm", "Qəribə dostluq", "İblis və
Tanrı" pyesləri, "Divar", "Otaq",
"Herostrat", "İntim", "Ağanın
uşaqlığı" kimi hekayə və novellaları, ədəbi
tənqidi məqalələri Sartra böyük uğur qazandırıb.
Dünya şöhrətli fransız
yazıçısı 1964-cü ildə "gerçəklik
ideyası axtarışlarına sərf etdiyi böyük zəhmət
sayəsində yaradıcılığı ilə
dövrümüzə bəxş etdiyi uğurlu mənəvi
duyğulara görə" ədəbiyyat üzrə
növbəti Nobel mükafatına layiq görülüb.
Jan Pol Sartr 1980-ci ilin 15
aprelində Parisdə vəfat edib.
Divar
Hekayə
Bizi gur işıqlı otağa gətirdilər. Qaranlıqdan
işığa girdiyim üçün gözlərim
qamaşdı, gözlərimi qırpdım, handan-hana
işığa alışdım. Otaqda dörd stol vardı və hər stolun da arxasında
mülki geyimli bir zabit oturmuşdu. Oturanlar nəsə
vərəqləyir, bir-biriləri ilə nə barədəsə
pıçıldaşırdılar. Otaqda adam çox olduğundan hamı bir-birinə
qısılmışdı. Əksəriyyəti
yerlilərim olduğundan çoxunu tanıyırdım,
tanımadıqlarım isə xarici məhbuslar idi. Məndən irəlidə iki sarışın
qadın vardı, onları fransız qadınlarına bənzətdim.
Bu cansıxıcı mənzərə üç saata
qədər davam etdi, əsəblərim sözümə
baxmırdı. Özümü birtəhər, sakitləşdirməyə
çalışırdım; kamerada keçirdiyim anların əzabını,
iliyə qədər işləyən şaxtanı xatırladıqca
bu mənzərəyə şükür edir, əsəblərimi
cilovlayırdım. Otaq doğrudan da istiydi
və adamın canı rahatlanırdı.
Əsgərlər dustaqları növbə ilə zabitlərin
hüzuruna gətirirdilər, harınlaşmış zabitlər
də məhbusların adı, soyadı və peşəsi ilə
maraqlanırdılar. Çox nadir hallarda: "Sursat oğurluğunda əlin
yoxdur?" - soruşur, ya da "Ayın
onunda səhər harada olmusan?" - xəbər
alırdılar. Çox vaxt cavabı gözləmirdilər.
Məhbuslar danışanda onlar məchul bir
nöqtəni qaralayır və ya da özlərini eşitməməzliyə
vururdular. Tomdan beynəlmiləlçi
briqada vuruşduğunu soruşdular. Tom
sualdan yayınmaq istəsə də, bunun mənasız
olduğunu anladı, çünki onun bütün sənədlərini
əlindən almışdılar. Xuanı
isə, əksinə, heç dinləmirdilər. Xuan masaya yaxınlaşan kimi özünü təqdim
etdi, onlar da tələsik nəsə yazmağa
başladılar.
- Siz ki,
yaxşı bilməlisiz, - Xuan kəkələdi, - bu,
qardaşım Xozedir, Xoze… Anarxist Xoze… Onun əvəzində
özümü görürəm burda, yəni, demək istəyirəm
ki, günahım yoxdur… Siyasət məni qətiyyən
maraqlandırmır, heç bir partiyanın da üzvü
deyiləm.
Onlar sakitcə yazırdılar. Xuan isə dil-boğaza qoymurdu.
- Heç bir əməliyyatda iştirak eləməmişəm, başqasının yerinə cavab vermək istəmirəm. - Qorxudanmı, əsəbdənmi dodaqları titrəyirdi. Əsgərlər kürəyindən vurub ona susmağı əmr edərək, kənara itələdilər. Növbə mənə çatdı.
- Pablo İbbieta sənsən?
Təsdiq elədim. O, kağıza baxıb davam etdi:
- Ramon Qris harda gizlənir?
- Bilmirəm.
- Şəxsən siz, ayın altısından on doqquzuna
qədər onu harda gizlətmisiz?
- Mən
onu gizlətməmişəm.
Nəsə yazdılar, sonra məni aparmqları
üçün əsgərlərə göstəriş
verdilər. Dəhlizdə Tom ilə Xuanın iki gözətçinin
əhatəsində gözlədiyini gördüm. Mən
də onlara qoşulduqdan sonra gözətçilər bizə
getməyi əmr elədilər, gedə-gedə Tom əsgərlərin
birindən xəbər aldı:
- Nə
oldu… Sonrası necə olacaq?
- Nəyi
nəzərdə tutursunuz? - əsgərlərdən
biri xəbər aldı.
-
Sorğu-sualı deyirəm, adını nə qoyaq, istintaq,
yoxsa məhkəmə?
- Məhkəmə.
-
Aydındır. Görəsən nə qərara
gələcəklər?
Əsgər
soyuqqanlıqla:
- Kamerada
sizi həkimlə tanış edəcəklər,
- deyib, susdu.
Onların kamera dedikləri yer xəstəxana zirzəmisiydi. İçəri
çox soyuqdu və külək vıyıldayırdı.
Gecə səhərə qədər dişlərim
bir-birinə dəydi, ertəsi gün də bir dəyişiklik
olmadı. Sonrakı gün yerimizi dəyişib
bizi Orta əsrlərdən qalma bir kilsəyə apardılar,
bura o birisinə nisbətən yaxşı idi, ən
başlıcası - külək əsmirdi. Bizi orada çox saxlamadılar, yenə zirzəmiyə
qaytardılar. Bu yerdəyişmənin səbəbini
anlaya bilmədim. Xuan yaşca çox cavan
idi, qorxduğu açıq-aydın hiss olunurdu. Əvvəl dünya Tomun vecinə deyildi,
dil-boğaza qoymurdu, ispan dilində üyüdürdü
özüyçün. Birdən dayandı, sakit,
yazıq səslə dilləndi:
- Deyəsən
hər şey bitdi axı…
- Yəqin
ki… - Onunla razılaşdım.
Sonra
Xuanı göstərib: - Yəqin, uşağa toxunmazlar, -
dedim.
- Yəqin,
- Tom razılaşdı, - qardaşı vuruşur, amma onun
Xuana dəxli yoxdur.
Söhbət etdikcə Xuana göz qoyurdum, hiss edirdim ki,
sözlərimizin onun üçün mənası yoxdur. Öz aləmində
idi və heç nə eşitmirdi. Tom
danışırdı:
- Xəbərin
var, onlar Saraqosda nə oyunlardan çıxıblar? Deyirlər, guya camaatı körpüyə uzadıb
yük maşınları ilə tapdalayıblar. Bir fərari mərakeşli danışanda
eşitdim. Dediyinə görə bu
üsuldan gülləyə qənaət etmək
üçün istifadə eləyirlər.
-
Yaxşı, bəs yanacağa necə?
Tom səbrimi daraldırdı, mənə elə gəldi
ki, onun danışdıqları sadəcə, cəfəngiyatdır.
- Həm
də deyirdi ki, insan sifətini itirmiş zabitlər
damaqlarında siqaret bekarçılıqdan it
döyüşdürür, camaatın iniltisinə əhəmiyyət
vermirmişlər. Yazıq camaat da cəhənnəm
əzabı içində ölürmüş. Mərakeşlinin dediyinə görə bəziləri
ağrıdan səsini də çıxara bilmirmiş.
Dedim ki,
bizdə bu metoddan istifadə etməzlər, çünki
heç nələri də olmasa, xirtdəyəcən
güllələri var.
Otaq alaqaranlıq idi, daha doğrusu, elektrik lampası
sönmüşdü və tavandakı dörd dəlikdən
dolan işıq otağı zəif
işıqlandırırdı. Yəqin, əvvəllər
bu dəliklərdən kömür atmaq üçün
istifadə ediblər. Dəliklərdən
birinin altında qalaqlanmış kömür ovuntusunu görəndən
sonra bu qənaətə gəldim. Güman
ki, binanı qızdırarkən bu kömürdən istifadə
olunub, müharibə başlanandan sonra xəstələri
köçürüblər, kömürsə heç kəsi
maraqlandırmayıb. Dəliyin
ağzını bağlamaq heç kəsin yadına
düşmədiyindən yağış kömürü
islatmışdı. Birdən Tom əsə-əsə
dilləndi:
- Əclaflar məni döyəcəklər. Bircə bu
qalmışdı?! Yaramazlar!
Qalxıb əl-qol atmağa başladı, hərəkətləri
gülüş doğururdu. Köynəyinin yaxası
açıldıqca tüklü sinəsinin qalxıb-endiyi
aydın hiss olunurdu. Qəfildən, hərəkətləri
tamamilə anlaşılmaz oldu. Arxası
üstə uzanıb ayaqlarını çarpazlayaraq,
onları uşaq kimi oynatmağa başladı. Piyli qarnı titrəyirdi, Tomun donuza
oxşadığına əmin oldum. Əllərimi,
ayaqlarımı hiss etmirdim, amma soyuqdan deyildi, elə bil,
keyimişdim. Gözlərimlə gödəkcəmi
axtardım, handan-hana onu mənə qaytarmadıqlarını
xatırladım, gecə üşüyəcəkdim. Paltarlarımızı alıb əvəzində
burda yatan xəstələrin cır-cındırını
vermişdilər. Tom əvvəlki yerindən
qalxıb başqa yerdə oturmuşdu.
Büzüşdüyünü görüb xəbər
aldım:
- Nə
oldu, qızışmadın?
- Yox ey...
Lənət şeytana, qızışa bilmirəm.
Nəfəsim kəsilir.
Saat səkkizə yaxın kameraya faşist
partiyasının iki üzvü və komendant gəldi. Komendantın əlində
siyahı vardı. Üzünü nəzarətçiyə
tutub soruşdu:
-
Bunların soyadları?
Nəzarətçi:
- Steynbok,
İbbieta, Mirbal, - dedi.
Komendant
eynəyini gözünə keçirib siyahıya baxdı:
-
Steynbok... Steynbok... Hə, burdadır. Güllələnmə. Hökm sabah
səhər icra olunacaq.
Siyahısına
baxıb üzünü o birilərə tutdu:
- Sizi də
güllələyəcəklər.
- Bu, ədalətsizlikdir,
- Xuan etiraz etdi, - düz iş tutmursuz.
Komendant təəccüblə
ona baxıb bir də xəbər aldı:
-
Soyadın necə oldu?
- Mirbal...
Xuan Mirbal.
- Hə də,
Mirbal, düppədüz, güllələnmə.
- Axı
mənim günahım yoxdur! - Xuan yenə çərənlədi.
Komendant kefsiz idi, çiyinlərini oynadıb bizə tərəf
çevrildi.
-
Basksız?
- Yox.
- Axı mənə
deyiblər, burda üç nəfər bask var.
İşim-gücüm qurtarıb da, indi gəl onları
axtar. - Sonra nəsə fikirləşib əlavə etdi: - Yəqin
sizə keşiş lazım olmaz.
Heç birimiz cavab vermədik. O, dedi:
- İndi
yanınıza belçikalı həkim gələcək, səhərə
qədər yanınızda qalacaq, nə lazım olsa...
Son sözlərini başa düşmək olmadı,
çevrilib getdi.
- Nə
demişdim sizə? - Tom kəkələdi. - Satıblar bizi.
Sözün düzü, bu sözləri ədalət tərəfdarı
olduğum üçün deyirəm, oğlan mənə
fikir vermirdi, amma vicdanım bunu deməyi mənə diktə
edirdi. Ölümün qorxusu oğlanın arıq, çəlimsiz
sifətini tanınmaz hala salmışdı, dünənki
oğlan deyildi, elə bil bir gün ərzində
qocalmışdı. Mənə elə gəlirdi
ki, onu buraxsalar belə, bir də cavanlaşmaz. Ürəyiyumşaq deyildim, onun halına
acımırdım. Amma o,
büzüşmüşdü, sanki, əriyirdi, heç nə
danışmır, heç kəsə fikir vermirdi. Rəngi bozarıb torpaq rəngi almışdı.
Gözlərini döşəməyə zilləmişdi,
Tom onun könlünü almağa çalışsa da,
bacarmırdı.
- Əl çək ondan, - dedim, - işin olmasın. Yazığın
halına bax.
Tom mənə fikir vermirdi, Xuanı ovutmağa
çalışırdı, amma mümkün deyildi. İkisi də
mənə iyrənc görünürdü, onları
unutmağa çalışırdım. Heç
qarşıda məni gözləyən ölüm
haqqında da fikirləşmək istəmirdim.
- Qulaq as,
- sakit səslə danışan Tom üzünü mənə
tutdu, - heç onlardan gəbərtmisən?
Cavab vermədim, o isə avqustda öldürdüyü
altı nəfərdən danışdı. O, danışdıqca, bu
yolla başını qatmaq, ölüm haqqında fikirləşmək
istəmədiyi üçün belə etdiyini başa
düşürdüm, elə mən də buna
çalışırdım, amma alınmırdı. Gözlərim qarşısından güllələrin
qarnıma dolacağı mənzərə getmirdi,
açığı, həmin mənzərəni unuda
bilmirdim, bircə şeydə təskinlik tapırdım;
qarşıda uzun bir gecə vardı. Fikirdən
ayrılanda Tom susmuşdu, bilirdim ki, bu, hələ
başlanğıcdır. Gecə həmişəki
vaxtında düşdü, zirzəminin səmaya
açılan oyuqlarından son gecəsini parlayan üç
ulduzu görmək, onların parıltısını
müşahidə eləmək istədim. Bu vaxt qapı bir qədər aralandı, otağa iki
nəzarətçi ilə birlikdə belçikalı zabitlərin
geydiyi paltarda sarışın bir zabit girdi. Zabit bizimlə
bir-bir salamlaşıb dedi:
-
Əzizlərim, mən həkiməm, bu
üzüntülü gecəni sizinlə bir yerdə
keçirib, əzablarınızı bir qədər...
Ona heç kəs qulaq asmırdı, çünki onun
sözləri bizi əsəbiləşdirirdi. Səsi
mülayim idi, onun sözünü kəsib "bu nəyə
lazımdır?" - soruşdum.
Sualıma cavab vermədi.
-
Qulluğunuzdayam, son saatlarınızı bir az
sakit keçirməyinizə yardım edəcəyəm.
- Axı
niyə məhz bizim yanımıza göndərdilər səni,
burda bizdən başqa məhbus yoxdur?
- Məni
şəxsən bura göndəriblər, - deyib, tələsik
əlavə etdi, - papiros lazım olsa məndə var, hətta
ehtiyat üçün siqar də götürmüşəm.
Bizə ingilis papirosu ilə Havanna siqarı təklif
etdi. Götürmədik. Diqqətlə
baxanda onu tanıdım, o da bunu hiss etdi.
- Yəqin,
bizə yazığınız gəldiyi üçün
burda deyilsiz. Xatırladım, bizi bura gətirəndə
sizi falanqçıların arasında
görmüşdüm. Həyətdə...
Hər şeyi açıb-ağartmaq istəmədim, nədənsə,
bunun mənasız olduğunu düşündüm.
Bu xasiyyət məndə təzə əmələ
gəlmişdi, əvvəllər əlimə keçəni
rahat buraxmazdım, amma indi danışmağa belə ərinirdim.
Gözlərimi yumub özümü sakitləşdirməyə
çalışdım, gözlərimi açanda həkimin
diqqətlə mənə baxdığını
gördüm. Nəzarətçilər
skamya üstə oturub mürgüləyirdilər. Bədbəxt Pedro yatmaq üçün
başını soxmağa yer tapa bilmirdi.
- Lampa gətirim?
- Pedro soruşdu.
Belçikalı küçə hərəkəti ilə
başını yellətdi, "göründüyü qədər
mədəni deyil" - fikirləşdim, istənilən kənd
çobanı onun kimi hərəkət edə bilərdi. Bütün
bunlara baxmayaraq, çox da əzazil adama oxşamırdı,
sadəcə, bu məqamda söz tapa bilmədiyi
üçün hərəkətləri nifrət
doğururdu. Pedro kerosin lampası gətirib
skamyanın kənarına qoydu. Lampanın zəif
işığı zirzəmini birtəhər
işıqlandırdı, pis deyildi, özümçün təzə
əyləncə tapmışdım: lampanın tavanda
cızdığı işıq haləsilə
oynayırdım. Acgözlüklə
işığa baxırdım. Birdən
halə qaraldı, çaşıb qaldım. Qəfil sillə kimi bədənimi donduran hadisə
ölümün yaxınlaşdığını xəbər
verirdi. Niyə belə
düşünürdüm - bilmirəm. O an keçirdiyim hissləri heç nə ilə
müqayisə edə bilmirəm, ümumiyyətlə, həmin
hisslərin adı yox idi, bu vaxta qədər kəşf edilməmişdi.
Damarlarım gərilir, beynim ağrıdan
uğuldayırdı.
Yoldaşlarıma baxdım. Tom dirsəklənmişdi.
Xuan yenə özündə deyildi, burun pərləri
mal burnu kimi açılıb-yumulurdu. Həkim
bunu sezib ona yaxınlaşdı, əlini çiyninə qoydu.
Xuanın ölü sükutu dəyişmədi,
həkim onun damarlarını ovuşdurmağa başladı.
Fikir verdim, saata baxırdı, yəqin,
Xuanın nəbzini yoxlayırdı. Sonra
divara tərəf gedib işığa çəkildi, cib dəftərcəsini
çıxarıb nəsə yazdı.
Əclaf!
Mənə yaxınlaşsa, onu didərəm -
fikirləşdim. Amma
yaxınlaşmadı. Kənardan diqqətlə
baxaraq, heç bir reaksiya vermədi. Qalın səslə:
- Sizə
elə gəlmir ki, bura çox soyuqdur? - xəbər
aldı.
Deyəsən doğrudan da titrəyirdi, rəngi də
göyərmişdi.
- Yox, bizə
elə gəlmir, - dedim.
Gözlərini yenə də məndən çəkmədi,
baxışlarından şübhələndim, qeyri-ixtiyari əlimi
üzümə çəkdim, aydın oldu, mən qan-tər
içində üzürdüm. Hətta
saçlarım da, köynəyim də islanmışdı.
Yəqin, çoxdan tərləmiş, amma bunu
hiss etməmişdim. Deməli belə, qorxuya bax ha… Amma
onu görəndə hirs məni boğdu, özünü
normal adam kimi aparır və bununla fəxr
edirdi. Bütün normal adamlar kimi ona soyuq idi və
o, bunu hiss edirdi. Qalxıb ona bir-ikisini
çəkmək istədim, amma tərpənmədim. Dəsmalımı çıxarıb
üzümü sildim. Bədənimdən axan təri
hiss edir, xəcalət çəkirdim. Yavaş-yavaş tərim
soyumağa başladı, bir az
rahatlandım. Birdən Xuan dilləndi:
- Həkimsiniz?
- Həkiməm,
- cavab verdi.
-
Xahiş edirəm, düzünü deyin. Çox
çəkir. Çox incidir adamı…
O,
çaşdı:
- Hə… Necə? Hə?… Yox, gərək ki, çox çəkməsin.
Tez olur, çox tez.
Onda pul
almadan xəstəyə baxmayan həkim sifəti vardı..
-
Eşitdiyimə görə, çox əzab verir… Birincidən dəyməyəndə.
Başını
tərpədərək:
- Belə
olanda təzədən nişan alıb
hara lazımdırsa, ora vururlar, - dedi.
Xuanın
səsi titrədi:
- Buna da vaxt
lazım olur da.
Bilirdim
ki, Xuan ölümündən qorxmur, onu qorxudan fiziki
ağrıların dəhşəti idi və o yaşda bir adam üçün bu hissslər təbii
görünürdü. Mənsə bu hissləri
tərləməklə yaşamışdım. Qalxıb gəzişməyə başladım, Tomun
mənə nifrətlə baxdığını gördüm.
Ayaqqabılarım cırıldayırdı və
yəqin onu əsəbiləşdirən bu idi. Deyəsən mən də bozarmışdım.
Səma aydın idi. Dayandığım tərəfə
Ay işığı düşmüşdü. Ulduzların arasından Böyük ayı
bürcünü tapdım. Kilsədə
olarkən səmanı balaca bir oyuqdan gördüyüm
üçün özümü yalqız, kimsəsiz hiss
edirdim, indi isə səma gözlərimin içində idi.
Özümü ələ almağa
çalışır, köməksizliyimi unutmaq istəyirdim.
Hava bir qədər aydınlaşanda Atlantik
sahillərində keçirdiyim günləri
xatırladım. Sahildə keçirdiyim o xoş,
unudulmaz günlər, günəş üfüqdə
görünən kimi başladığımız kef məclisləri,
dostların, tanışların unudulmaz simaları… Sonra isə
yenə darıxdırıcı anlar… Amma
gözlərimi səmanın təmizliyindən ayıra
bilmirdim, göy üzünü seyr etdikcə yüngülləşirdim.
Sonra yerimə qayıdıb Tomla üz-üzə
oturdum, hər ikimiz susduq.
Bir azdan
o, asta səslə danışmağa başladı və hiss
elədim ki, susmaqdan qorxur, bu qorxunu - sükut qorxusunu -
başından eləmək üçün ağzına gələni
danışmağa hazır idi, ən qəribəsi - mənə
də baxmaqdan qorxurdu. Ona görə ki, mənim
tərləmiş, sallanmış sir-sifətimə baxmaq ona
ağır gəlirdi, başa düşmüşdü ki, bu
anlarda biz bir-birimizin güzgüsüyük.
Üzünü yana çevirib çərənləyir
və canlı bir insana - belçikalıya baxırdı. Baxır və həsəd aparırdı.
- Sən
bir şey başa düşmüsən?
Gözlərimi
döyərək, eyni tonda, alçaq səslə soruşdum:
- Nəyi
nəzərdə tutursan?
- Yəni,
- səsi titrədi, - bir azdan baş verəcək hadisəni
dərk edə bilərsən?
Ondan üfunət qoxusu, ayaqyolu iyi gəlirdi.
- Tələsmə,
bir azdan hər şeyi dərk edəcəyik.
Amma o, əvvəlki
titrək səslə davam etdi:
- Yox, bu dərkedilməzdir,
axıradək qətiyyətli olmaq istərdim, amma hər
halda, bilmək pis olmazdı. Bir şeyi bilirəm,
bir azdan bizi bayıra çıxaracaqlar, o əclaflar
önümüzdə cərgə ilə düzüləcək,
necə bilirsən, neçə nəfər olacaqlar?
- Nə
bilim, beş-altı nəfərdən çox olmazlar.
- Qoy lap
beş-altı nəfər olsun. Qışqırıb deyəcəyəm
ki, vurun! Bax onda, tüfənglərin
hamısı mənə tuşlanacaq. Divara
sıxılıb ayaq üstə durmağa
çalışacağam. Amma divar gecə
qarabasmaları kimi məni itələyəcək. Bütün bunları təsəvvür etmək
asandır, yəqin sən də bilirsən?
- Bilirəm,
- dedim, - səndən yaxşı bilirəm.
- Yəqin,
əzabı çox olacaq. Eşitdiyimə
görə onlar adamın üzünü pis günə salmaq
üçün sir-sifətini də gülləyə
tuturlar.
Səsi quduzlaşdı.
- Bilirsən,
həmin ağrıları hiss edirəm, bütün bədənim
o ağrılardan gizildəyir. O, ağrıları görmək,
onları hiss eləmək gerçək ağrılardan da
betərdir. Görəsən əsl
ağrılar necə olacaq?
Onun nə demək istədiyini bilmirdim. Mən ondan da
betər gündəydim, hətta bədənimi deşən güllələrin
yerini, ordan axan qanı da görürdüm. Bu fikirləri başımdan çıxara bilməsəm
də, o barədə düşünmək istəmirdim.
- Lap
axırda da bizi qurd-quş didişdirəcək.
Davamı
gələn sayımızda
Tərcümə edən:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.26-27.